“Valideynlər uşaqların yaradıcılığına mane olmasınlar”

cemile_x_esas“Hər bir uşaq istedadını özünəməxsus şəkildə göstərir, bunu kəşf etmək valideynin üzərinə düşür”.

Bu sözləri Bagcam.az-a “İndigo” Nərimanov uşaq bağçasının meneceri Cəmilə Kərimova incəsənətin uşaqlara təsiri ilə bağlı müsahibəsində deyib. O deyir ki, uşaqlar incəsənət vasitəsilə öz hisslərini, fikirlərini bildirirlər:

“Hər bir valideyn övladında bacarığı, istedadı görüb onu düzgün istiqamətləndirməlidir. Erkən yaşlarından valideyn övladına imkan verməlidir ki, bu bacarıqlarını göstərə bilsin. Düzgün təlim-tərbiyə, təxəyyülün gücü uşaq  fəaliyyətində mühüm rol oynayır. Uşaqlar müəyyən xətlər, nöqtələr və cızma-qaralarla öz fikirlərini bildirmək istəyirlər. Çünki bu onların təxəyyülünün məhsuludur. Valideynlər uşaqların çəkdikləri rəsmlərdə onların nəyi təsvir etdiklərini görməyi bacarmalıdır. Uşaq rəsmdə nəyi təsvir etmək istədiyini valideyndən əvvəl  deməlidir. Hər bir uşaq istedadını özünəməxsus şəkildə göstərir, bunu kəşf etmək valideynin üzərinə düşür. Elə uşaq var ki, o rəsm məşğələsində deyir ki, “mən rəssamam, gör nə qəşəng çəkmişəm”. Artıq burada uşağın təməli qoyulur. Bundan sonra onun  hansı istiqamətdə yönlədirilməsinə valideyn yaxud tərbiyəçi kömək edir”.

İncəsənətin uşaqlara psixoloji olaraq təsirindən danışan Cəmilə xanımın sözlərinə görə, valideynlər uşaqlara imkan verməlidirlər ki, özlərini ifadə etsinlər:

“Təsviri incəsənət fərdidir və hər bir valideyn bunu nəzərə almalıdır. Uşağın istedadının gec aşkar olunması onun inkişafdan geri qalması demək deyil. Bəzən olur ki, 5 yaşında olan uşaq 2 yaşında çəkdiyi rəsmləri yenidən çəkir, bəzən də ancaq eyni şəkillər çəkir. Buna görə də uşağı tənbeh etmək olmaz. Sadəcə olaraq psixoloqla yaxud uşağın müəllimi ilə məsləhətləşmək lazımdır. Onlar çəkdiyi rəsmlərdə emosiyalarını biruzə verirlər. Psixoloqlar da həmin rəsmlərə baxaraq onların əsəbi, sevincli, gərgin və s. olduqlarını görə bilirlər. Məsələn, əgər uşaq valideynlərindən birini qulaqsız çəkirsə, bu o deməkdir valideyni onu eşitmir. Yaxud da özünü valideynləri ilə, bacı-qardaşlarını isə kənarda, ya da heç çəkmirsə, bununla demək istəyir ki, ata-ana ancaq məni düşünsün, mənə qayğı göstərsin. Burada eqoistlik, ərköyünlük də ola bilər, ya da ki, həqiqətən valideynlər onu diqqətdən kənarda saxlayıblar. İncəsənət uşaqların həm psixologiyasına, həm də sağlamlığına yaxşı təsir göstərir.  Psixoloqlar qeyd edir ki, kiçik yaşlardan uşaqlarda emosional pozuntular olursa, bu onlara böyüyəndə də təsir edir. Amma uşaq öz emosiyalarını rəsmə köçürtməklə artıq bütün hisslərini ifadə etmiş olur”.

Cəmilə xanım deyir ki, uşaqları  heç bir halda tənbeh etmək olmaz. Bu onların incəsənətə olan marağını öldürə bilər:

“Uşaqların incəsənətə marağı 18 aylığından başlayır. Üç yaşdan artıq qələm tutmağı öyrənirlər. Qələm dəqiqlik tələb etdiyi üçün uşaqlar çox vaxt qələmi əlində tutmağa çətinlik çəkir. Amma uşağa böyük fırça və vərəq verdikdə o daha rahat olur, sərbəst şəkildə özünü orada ifadə edə bilir. 2-3 yaşında uşaqlar gillə, kollajla, konstrukturlarla işləyə bilərlər. 3-4 yaşlarında artıq uşaqlar rəngləri, formaları müəyyən edə bilirlər, fəza anlayışını dərk edirlər. Məsələn, 5 yaşında uşaq heç vaxt günəşi göy rəngdə çəkə bilməz. Uşaq nəyi necə dərk edirsə, elə də çəkməlidir. Mütləq deyil ki, ev dördbucaqlı olsun, ev onun üçün dairəvi də ola bilər. Ən əsası heç vaxt uşağı səbəbsiz yerə danlamaq lazım deyil. Uşağın əlinə fırça verilibsə, əlbəttə, o üst-başını boya ilə çirkləndirəcək. Əgər biz uşağa qadağa qoysaq, sabah o həmin incəsənət sahəsinə maraq göstərməyəcək. Uşağa nə isə başa salanda o bunu başa düşmürsə, buna görə onu danlamaq lazım deyil. Əgər uşağı danlayırıqsa, uşaqda qorxu yaranır. Qorxu da incəsənətin ən böyük düşmənidir. Bəlkə də həmin an biz gələcəyin məşhur incəsənət adamını itiririk. Valideyn, müəllim sadəcə istiqamət verə bilər. İmkan vermək lazımdır ki, incəsənətə gedən yolu uşaq özü tapsın”.

Menecerin sözlərinə görə, dünyanın gözəlliyini uşaq gözü ilə görüb əks etdirməlidir ki, daxili dünyası zəngin olsun və sağlam şəxsiyyət kimi formalaşsın.

“Uşaq karandaş, qələm, fırçalardan istifadə edərkən kiçik hərəkətləri ilə əzələləri inkişaf edir. Həmçinin gözlərin və əllərin kordinasiyası gedir. Məktəbə gedəndə də artıq uşaq yazını rahatlıqla yaza bilir. Əgər uşaq başqaları ilə birlikdə rəsm çəkirsə, hansısa hissələri quraşdırırsa, bu  uşaqda sosiallaşmanı inkişaf etdirir. Uşaq təbiəti çəkəndə o biologiyanı öyrənmiş olur. Bundan başqa uşağın aktivliyi artır, yaradıcılıq qabiliyyəti inkişaf edir. Artıq yeni üsullar kəşf etməyə başlayır. Qeyd etmək lazımdır ki, rəsmdən başqa musiqi, rəqs də incəsənətə daxildir. Bu sahələrdə də uşaqlara sərbəstlik verilməsi mütləqdir. Onlar öz bədənini, əllərini artıq hiss etməyə başlayırlar, elastikliyi tarazlaya bilirlər, uşaqlarda dözümlülük artır”.

Uşaqlara incəsənətin bütün sahələrinin öyrədilməsinin vacib olduğunu vurğulayan Cəmilə xanım deyir ki, bağça uşaqlarda yaradıcılıq hissinin inkişaf etməsində böyük rol oynayır.

kukla“Bizim bağçada uşaqlara incəsənətin öyrədilməsi çoxşaxəlidir. Daha çox aktyorluq qabiliyyəti olanı teatra, yaxşı səsləri olanları musiqiyə yönləndiririk. Bu o demək deyil ki, uşaq bir sahə üzrə inkişaf edir. Sadəcə daha çox maraq göstərdiyi sahəni inkişaf etdiririk. Bəzən valideyn deyir ki, bu teatr mənim uşağıma lazım deyil, o, sabah aktyor olmayacaq. Amma onun səhnə mədəniyyəti olacaq. Teatr ona mədəniyyəti, rabitəli nitqin inkişafını aşılayır. Hər yaş dövrünün özünün maraq dairəsi var. Bu yaş artdıqca daha da genişlənir. Burada müəllimin və valideynin də rolu böyükdür. Məşhur pedaqoq B.A.Suxamlinski deyirdi ki, əgər istəyirsinizsə, uşağınızda müəyyən bacarıqlar inkişaf etsin, öz qəlbinizdə olan bacarıq alovunun bir qığılcımını uşaqlara verin. Həmişə vaildeynlər istəyirlər ki, uşaqlar bağçada birinci rəqəmləri, hərfləri öyrənsinlər. Mən şəxsən bir valideyn və menecer kimi demək istəyirəm ki, uşaqlara uşaqlığını yaşamağa imkan verək. Çünki iki üstəgəl ikinin dörd olduğunu uşaq həmişə biləcək. Məktəbə gedəndə artıq onu öyrədəcəklər, amma məktəbdə heç vaxt onun əlinə boya, fırça verməyəcəklər. Bağçada uşaqların yaradıcı tərəfi inkişaf etdirilsə, onlara məktəbdə də rahat olacaq.  Çox istəyərdim ki, valideynlər uşaqların yaradıcılığına mane olmasınlar”.

 

“Uşaqların hüquqlarının pozulması ailədən başlanır”

samire_foto_hazir“Hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən birinə çevrilib. Çünki müasir dünyada uşaq hüquqları ən müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və ən nəhayət icmalarda uşaqlar fiziki, psixoloji və cinsi təzyiqlərə məruz qalırlar”.

 

Bu sözləri Bagcam.az-a Education Management Network şirkətinin uşaq inkişafı üzrə mütəxəssisi Samirə Əliyeva uşaq hüquqlarının qorunması haqqında danışarkən deyib. O bildirib ki, Azərbaycanda uşaq hüquqları ilə bağlı bir sıra problemlər mövcuddur:
Nəzərə almaq lazımdır ki, uşaq hüquqlarının qorunması təkcə dövlətin deyil, həm də cəmiyyətin öhdəliyindədir. Çox zaman uşaqların hüquqlarının pozulması ilk növbədə ailədən başlanır. Ümumilikdə həm ziyalı, təhsilli, həm də əksər ailələrin hər birində elementar uşaq hüquqları pozulur. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.

Hökumət cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir və buna uyğun qanunlar qəbul edir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” qanundur. Qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də “İnsan hüquqları haqqında” Ümumdünya Bəyannaməsi (1948), Uşaq Hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq Hüquqları Konvensiyası (1989), Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq Hüquqları Konvensiyası –dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir.

Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır.

Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir. Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər:

  • İnkişaf hüquqları– bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Bura, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmək və iştirak etmək, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir.
  • Müdafiə hüquqları– uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və seksual istismar kimi məsələləri əhatə edir.
  • İştirak hüquqları– bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.
  • Yaşamaq hüquqları– bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir; həmçinin adekvat yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da bura aiddir.

Samirə xanım bağçalarda uşaq hüquqlarının qorunması barədə də söhbət açıb. O, bağçalarda uşaq hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini deyib:

Bağçada uşaqlara Konvensiyada olan hüquqlar öyrədilir. Onların vətəndaş olmaq hüququ, uşaq olmaq hüququ, qorunma, böyümə, təhsil, sevgi görmə, təhlükəsizlik və s. kimi hüquqlarına hörmətlə yanaşılır. Eyni zamanda balacaların da öz hüquqlarını bilməsi öyrədilir. Bunlar əyləncəli şəkildə oyunlar vasitəsilə təşkil edilir.

Konvensiyada qeyd edilən iştirak hüququna uyğun olaraq daim bağçalar təlim-tərbiyə görən uşaqlar müxtəlif mədəni tədbirlərə cəlb olunur, muzeylərə, sərgilərə gedilir, daim onların bilikləri artırılır. Uşaqlar təhsildə iştirak hüququna uyğun olaraq müasir təhsil strategiyalarına cəlb olunurlar.

Samirə xanım həmçinin bağçada uşaqların müdafiələri üçün hər cür təhlükəsiz şərait yaradıldığını, hər bir uşağa fərdi yanaşıldığını da qeyd edib:

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak hüquqlarına uyğun olaraq inkluziv qruplarda təlim və tərbiyə alırlar.

Yaradıcı uşaqların bacarıqlarını ortaya çıxarmaq yönündə də bağçalarda kompleks məşğələlər keçirilir. Rəqs, pantomima, əl qabiliyyətlərinin inkişafı, şahmat kimi dərslərdə uşaqlar öz fərdi potensillarını ortaya qoyurlar.

Uşaq hüquqları konvensiyasında qeyd olunan maddələrə bağçalarda əməl edilməyə çalışılır. Bunun üçün təbii ki, dəyərli valideynlərin də köməyinə bəzən ehtiyac duyuruq. Ailələr uşaq hüquqları mövzusunda maarifləndikcə uşaqlar da inkişaf edirlər. Onların daha sağlam, daha təhlükəsiz mühitdə təlim-tərbiyə prosesinə cəlb olunması üçün biz əlimizdən gələni edirik.

Bizim üçün hər şeydən önəmli olan uşaqların hüquqlarıdır.

Qeyd edək ki, 20 noyabr Ümumdünya Uşaqlar Günüdür. Bu bayram 1954-cü ildə BMT -nin Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyyə olunub. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib.

“Uşağın verdiyi suallara cavab vermək vacibdir”

xalide_xanimMəktəbəqədər tərbiyə uşağın erkən yaşda sosiallaşması, ictimaiyyətə adaptasiyası, vacib ünsiyyət vərdişlərinə yiyələnməsi, sərbəst davranış bacarıqları qazanmasında mühüm rol oynayır.
Bununla bağlı bağçalarda təlim-tərbiyənin təşkili barədə öz fikirlərini Bagcam.az-la Education Management Network şirkətinin təlim-tərbiyə üzrə koordinatoru Rzayeva Xalidə bölüşüb.
Xalidə xanım təlim-tərbiyəyə erkən uşaqlıq dövründə başlanılmasını və istənilən təlimin oyun formasında təşkil olunmasının vacib olduğunu deyib:
“Uşaq dünyaya gəldiyi gündən nəsə öyrənir. Yeni doğulmuş körpə daim ucadan ağlayaraq istəklərini bildirir, böyüklərin diqqətini cəlb edir. Getdikcə o, müəyyən bacarıqlara yiyələnir və bu bacarıqlar təkmilləşərək inkişaf edir. Beləliklə, uşaq dünyanı dərk etməyə başlayır. Qidanın köməyi ilə körpə ərzağın dadını və ya hərarətini ayıra bilir: isti – soyuq, açıq – tünd, böyük – kiçik. Bu dövrdə artıq ona müxtəlif formalı kvadrat, üçbucaq, dairəyəbənzər əşyalar göstərmək olar. Erkən uşaqlıq dövründə istənilən təlim oyun formasında təşkil olunmalıdır. Uşağın yorulduğu və ya təlimə marağı itdiyi anda oyunu dayandırmaq lazımıdır. Onun yenidən maraq göstərəcəyi anı gözləmək daha məqsədə uyğundur. Hər zaman uşağın verdiyi suallara cavab vermək vacibdir. Əks halda uşağın özü suala cavab axtarmağa başlayacaq. Cavablar sadə və aydın olmalıdır. Təlim isə heç vaxt darıxdırıcı olmamalıdır”.
Xalidə Rzayeva bu məsələdə bağçaların mühüm rol oynadığını və təlim-tərbiyədə önəmini də vurğulayıb:
“Uşaq bağçası – ailədən sonra uşağın həyatında ikinci sosial institutdur. Bağçada uşaqların təlim-tərbiyəsinin təşkili hər şeydən əvvəl uşaqlara sosial həyatda yaşamağı öyrətmək, onları əhatə edən insanlarla ünsiyyət bacarıqlarını və qarşılıqlı təsiri formalaşdırmaqdır. Kollektivdə təlim yeni bilik və bacarıqların daha asan mənimsəməsinə imkan yaradır. Bir çox valideynləri uşaqların bağçaya adaptasiya dövrü qorxudur. Lakin tərbiyəçilərin peşəkar davranışı uşağın bu dövrü daha rahat keçirmələrinə şərait yaradır. Uşaqlar ilk müstəqil bacarıqlarını əldə edirlər. Təlim-tərbiyənin əsas məqsədi uşaqların əqli, fiziki, psixoloji, əxlaqi, estetik inkişafını təmin etməkdir. Bunlar tam şəxsiyyətin formalaşması üçün vacib komponentlərdir. Uşaqların hərtərəfli inkişafı müxtəlif məşğələlərdə həyata keçirilir. Rəsm, aplikasiya, quraşdırma, gil işi, musiqi, idman və ya gimnastika, əlavə olaraq xarici dil, xareoqrafiya, şahmat və s. uşaqların həvəslə iştirak etdikləri məşğələlərdir. Doğma Vətəninə olan sevgi, yaşlıların əməyinə maraq, təbiətə və ictimai həyat hadisələrinə münasibət, ətraf aləmə qayğıkeş münasibət, uşaq nitqinin inkişafı, estetik zövqün formalaşması, bədii yaradıcılığa maraq, sərbəst fikir yürütmək, məsuliyyət hissi, xeyirxahlıq, düzgünlük, dostluq, cəsarət kimi keyfiyyətlərin uşaqlara aşılanması bağçada təlim-tərbiyənin əsasını təşkil edir”.
Yaş xüsusiyyətlərinin nəzərə alınması bağçalarda təlim-tərbiyənin təşkili zamanı diqqətə dəyər məqamlardan biri olduğunu deyən koordinator hər yaşın öz inkişaf proqramının olduğunu da bildirib:
“Bəzən valideynlər düşünür ki, az yaşlı övladı özündən yaşca böyük uşaqların əhatəsində olsa daha yaxşı inkişaf edər. Lakin hər yaşın öz inkişaf proqramı mövcuddur. Uşaq həmin bilik və bacarıqları ardıcıl surətdə qavramalıdır. Ən çox baş verən hallardan biri də 3 yaşa qədər olan dövr yalnız fiziki ehtiyacları ödəyərək, qayğı ilə əhatə olunur. Lakin aşılanmayan bilik və bacarıqlardan yaranan boşluqlar növbəti yaş dövründə öz əksini tapır. Bu baxımdan bağçalarda yaş fərqinə ciddi nəzarət olunur və təlim-tərbiyədə mövcud yaş xüsusiyyətləri nəzərə alınır. Eləcə də təlim yükü yaş xüsusiyyətləri nəzərə alınaraq seçilir və tətbiq olunur”.
Xalidə Rzayeva bağçalarda təlim-tərbiyənin yalnız məşğələlərə deyil, ümumi davranışlara da aid olduğunu deyib:
“Bağçada təlim-tərbiyə prosesi müxtəlif növ məşğələlərlə yanaşı məşğələdənkənar proseslərdə də baş verir. Bu proseslər oyun vaxtı, gəzinti zamanı, ekskursiyada, bayram, idman və əyləncə tipli tədbirlərdə həyata keçirilir. Uşaqların davranışı məhz bu kimi fəaliyyətlərdə formalaşır. Bu məsələyə bir oyun misalında baxaq: öncə qızlar gəlinciklərinin köməyi ilə körpəyə necə qulluq etməyi (yedizdirmək, geyindirmək, yatızdırmaq və s.) öyrənirlər və bununla da ananın bir növ rolunu təqlid edirlər. Əgər balaca bir qız uşağı bu mərhələni yaxşı mənimsəyəcəksə demək o, gələcəkdə yaxşı ana olacaq. Bu baxımdan balaca qızların böyük rolu cəhdləri üçün istər bağçalarda, istərsə də ailədə şərait yaradılmalıdır. Oxşar situasiya oğlanlarda da müşahidə olunur. Oğlanların kiçiklərə qayğısı, ailə, məişət işlərində böyüklərə yardımı gələcəkdə yaxşı ata, ailə başçısı olmasına zəmin yaradır. Həmçinin, uşaqların oyunları gələcəkdə cəmiyyətdə tutacaqları mövqelərinə istiqamət verir”.
Xalidə xanım eyni ailədən gələn uşaqların düzgün tərbiyəsi məsələsinə də toxunub. O deyib ki, bu hal uşaqlarda güclü asıllılıq yaradır və uşaqların sərbəst falliyətinə mane olur:
“Ümumiyyətlə, eyni, oxşar uşaq olmur. Hər bir uşaq öz təbiəti üzrə unikaldır. Eyni valideynlərin uşaqları temperament, xarakter, zövq cəhətdən fərqli ola bilər və bu təbiidir. Tərbiyədə əsas məsələ odur ki, valideynlər öz uşaqlarının individual xüsusiyyətlərini görsünlər. Uşaqların inkişaf tempinin nəzərə alınması, davranış norması, həyat ritmi və ətrafdakılarla qarşılıqlı münasibəti olduqca vacibdir. Uşaqların daim müqayisə olunması onların müstəqil fəaliyyətinə mane olur. Son illərdə ən çox müşahidə olunan hal valideynlərin bir ailədən iki uşağı eyni qrupa, daha sonra məktəbdə eyni sinifə cəlb etmək istəkləridir. Çox vaxt bunu böyük uşağın kiçiyi qoruması kimi izah edirlər. Böyük uşaq bu səbəbdən təlimə bir il gec cəlb olunur. İki uşaq eyni ailədən olsa belə, onların fikirlərinə ayrı-ayrılıqda münasibət bildirilməlidir və hər biri ilə öz xarakterinə uyğun davranılmalıdır”.
Sonda isə təlim-tərbiyə üzrə koordinator bu işdə valideynlərin rolundan da söhbət açıb. O, uşaq inkişafının uğurlu həyata keçirilməsində valideynlərin bağça ilə əməkdaşlığının vacib olduğunu da qeyd edib:
“Valideyn ilk olaraq bağçaya etibar etməlidir. Ailə ilə sıx əlaqə zamanı bağça uşaq haqqında daha çox informasiya əldə edir, uşağın fərdi xüsusiyyətlərindən, vərdişlərindən xəbər tutur. Valideynlərlə əməkdaşlıq prosesi uşaq şəxsiyyətinə daha düzgün təsir edərək ailədaxili münasibətlərin möhkəmlənməsinə səbəb olur. Valideynlər daim müxtəlif açıq məşğələlərdə, bayram və tədbirlərdə, seminarlarda, valideyn iclaslarında iştirak edirlər. Onlar uşağın tərbiyəsi ilə bağlı çətinlik törədən suallar soruşurlar və problemlər bağça ilə birgə öz həllini tapır. Ailə ilə bağçanın fikirləri üst-üstə düşəndə və uşağın tərbiyəsi bir istiqamətdə getdikdə nəticə müsbət olur. Bu da onlara övladlarının inkişafında dəstək olmalarına şərait yaradır.
Təlim-tərbiyədə ən əsas fikrimizi ona yönəltməliyik ki, biz uşağı gələcək həyata hazırlayırıq. Uşaqda özünəinam hissinin inkişafı, öz şəxsi fikrinin olmasından qorxmaması və söyləməsi üçün ona dəstək olmaq, özünü şərəflə müdafiəetməni, maneələrin öhdəsindən gələrək problemlərini sərbəst həlletmə bacarığının inkişafını təmin etmək əsas şərtlərdəndir”.

Övladını lider kimi böyütmək istəyən valideynlər üçün

pozitif-cocuk-yetistirmeÖvladını əsil lider kimi böyütmək istəyən valideynlər üçün

                                                                                           

Uşaqların risk etməsinə şərait yaradın:

 

Övladınızı itirmək qorxunuz onları həddindən artıq qorumağınıza səbəb olur. Doğrudur, uşaqları qorumaq valideynlərin borcudur, amma unutmayın ki, belə etməklə onların risk almağına mane olursunuz. Əgər  uşaq çöldə oynamasa, yoldaşları ilə mübahisəsini, problemlemləri həll etməyi öyrənməsə, yetkinlik yaşında tez-tez qorxularından  əziyyət çəkəcək. Valideyn övladının həyatından riski çıxarsa, böyük ehtimalla təkəbbürlü, özgüvəni olmayan lider yetişdirəcək.

Ona tez-tez kömək etməyin:

Valideynlər həmişə problem yaşayan uşaqlarına müdaxilə edir və onların problemini həll etməyə çalışırlar. Sürətli və həddindən artıq tez müdaxilə uşağın öz probleminin həllini tapa bilməyinə və yaşadığı çətinlikləri idarə etməyi öyrənməyə mane olur. Uşaqlar həmişə birinin onları xilas etməsini gözləyir: “Bacara bilməsəm, səhv etsəm, bir böyük gələcək və hər şeyi düzəldəcək. Mən də mənfi davranışımın nəticəsini görməmiş olacam” deyə düşünürlər. Bu uşağın yalnız müvəffəqiyyətli lider kimi deyil, həm də bacarıqlı bir şəxsiyyət kimi yetişməsinə mane olur.

Çox tərifləmək:

1980-ci illərdən bəri özünə inamı artırmaq məqsədi ilə “hər kəsi qazanan elan etmək” trendi başlayıb. Bu düşüncə uşaqların özlərini  yaxşı hiss etməsinə səbəb ola bilər, ancaq araşdırmalar nəticəsində gözlənilməyən nəticələrin olduğu da ortaya çıxıb.

Uşaqlar valideynlərinin onları təriflədiyi kimi mükəmməl olduqlarına inanırlar.

Ətrafdakı insanlardan bu şişirdilmiş tərifi görmədikdə isə valideynlərinin obyektivliyindən şübhə etməyə başlayırlar.

Ona “Yox” deməyi öyrənin:

Uşağınız sizi həmişə çox sevə bilməz, bəzən hirslənə də bilər. Övladınızla mübahisə etdiyiniz zaman ona “Xeyr” və ya “İndi yox” deyə bilərsiniz. Bu təbii, bəzən hətta vacibdir. Beləcə uşağınız istəklərini təxirə salmağı öyrənəcək.

İdarəedən olmağa çalışmayın:

Siz onun barəsində nə qədər narahat olsanız da, övladınız öz səhvləri, düzləri ilə  bir ömür yaşamaq istəyəcək. Nəzərə alın ki, sizin kimi onun da səhv etmək haqqı var.

Valideynləri olaraq buna icazə verməlisiniz. Təbii ki, öz etdiyiniz səhvləri və onun nəticələrini uşağınızın başa düşəcəyi dildə izah edərək onun müəyyən yalnışlarının qarşısını ala bilərsiniz.

Verdiyiniz nəsihətə özünüzün əməl etməməsi:

Ona verdiyiniz tövsiyyələrə, məsləhətlərə özünüz də əməl etməlisiniz. Əgər onun əsil şəxsiyyət kimi yetişməsini istəyirsinizsə, hər şeydən əvvəl özünüz nümunəvi ata-ana olmağa çalışın. Siz nə qədər ədlətli, etibarlı, dürüst insan olsanız, övladınız da bütün müsbət tərəfləri ilə sizə oxşamağa çalışacaq və beləcə siz gələcək üçün əsil lider yetişdirmiş olacaqsınız.

“İkinci böyük işimiz Teatr Festivalı olacaq”

IMG_0018-1-hazir“Hər Uşaq Bir Ümid” Məktəbəqədər Təhsil Müəssisələri arasında I Teatr Festivalı keçiriləcək.

Festival barədə öz fikirlərini Bagcam.az-a festivalın rejissoru Rafiz Mehdizadə bölüşüb. O bildirib ki, artıq bütün bağçalarda ssenari təsdiqlənib:

“İndigo” Nərimanov, “Baby Star” bağçalarında artıq işlər başlayıb. Mövzular nağıllardır, onların içində müəllif nağılları da, xalq nağılları da var.
Sırf istiqamət, dəqiqləşdirilmiş mövzu yoxdur. Sadəcə olaraq cədvəlin sxemi var və orada tamaşaların növləri qeyd olunub. Yəni, uşaqlar nağıl, rəqslə, pontamima, kukla üslublarında işləyə bilərlər”.

Festivalın ölkədaxili keçirildiyini qeyd edən Rafiz bəy, noyabr ayının ortasından sonra maraqlananların sayının daha da çoxalacağını bildirib:

“Noyabrın 31-nə qədər qeydiyyat olacaq. Başqa bağçalar da var ki, onlar da qoşulmaq istəyir. Mən və ya seçilmiş başqa biri, bu tamaşalara baxacaq və festival üçün təsdiqlənəcək. Bir tamaşanın müddəti minimum 20-25, maksimum 40-45 dəqiqə olmalıdır. Tamaşa teatr üçün uyğundursa, heç bir texniki problem, böyük pauzalar yoxdursa, o vaxt təsdiqlənəcək”.

Rafiz Mehdizadə deyib ki, festival ən çox 5 gün nəzərdə tutulub. Günə 4 və ya 5 tamaşa səhnələşdiriləcək:

“Festival çox güman ki, mart ayının birinci həftəsində Rəşid Behbudov adına mahnı teatrında keçiriləcək. Ona görə də istəyirik ki, noyabr ayında tamaşaları təsdiqləyək və 2-3 ay ərzində də bizim üzərimizə düşən işləri yerinə yetirək.

Birinci yerə 1000 AZN, ikinci yerə 750 AZN, üçüncü yerə 500 AZN mükafat veriləcək. Bundan əlavə bütün iştirakçılara, festivalda iştirak etdiyinə görə diplom veriləcək. Münsiflər isə uşaqlarla işləmiş, uşaq psixologiyasını bilən incəsənət adamları olacaq”.

Rejissor keçənilki teatr tədbiri ilə teatr festivalının fərqlərindən danışarkən qeyd edib ki, keçənilki teatr tədbirində bütün uşaqlardan istifadə olunub, amma bu festivalda əksəriyyəti 5-6 yaş arası seçilmiş uşaqlar oynayacaq və hər bağçadan bir tamaşa olacaq:

“Keçən il səhnədə uşaqları idarə edən mən idim, amma bu dəfə səhnədə sadəcə özləri oynayacaqlar. Onlar heç bir müdaxilə olmadan öz tamaşalarını səhnələşdirəcəklər. Biz artıq bir neçə dəfə bağça daxilində bunu etmişik. Yəni, onlar indiyə qədər 40-45 dəqiqəlik tamaşaları çox böyük uğurla oynayıblar. Bu tamaşaların içində nağıllar, pontamima olub. Sadəcə olaraq bizim bu dəfə məqsədimiz odur ki, uşaqlar özlərini peşəkar səhnədə sınasınlar”.

Sonda isə Rafiz bəy belə festivalların keçirilməsinin uşaqlara olan təsirindən də söz açıb. O bildirib ki, uşaqların bu cür fəaliyyətləri onların özgüvənini formalaşdırır:

“Elə böyük insanlar var ki, belə festivallara qatılanda heç özgüvənləri olmur. Amma bu gün bizim uşaqlarımızın festivallara qatılmağı, işləməyi artıq onların özgüvənlərini formalaşdırır. Uşaqlıqdan gələn belə uğurlar olduqca onlar gələcəkdə daha möhkəm və arxayın addımlar atacaqlar.

Mən öz və bütün kollektiv adından deyə bilərəm ki, biz uşaqlara inanırıq. Mən düşünürəm ki, bizim uşaqlar artıq çoxdan səhnəyə çıxmalı idi. Ən böyük işimiz Rus Dram Teatrında olmuşdu. Azərbaycanda ilk dəfə belə böyüklükdə, bu səviyyədə iş görüldü. İkinci böyük işimiz isə teatr festivalı olacaq”.

Qeyd edək ki, “Hər Uşaq Bir Ümid” Məktəbəqədər Təhsil Müəssisələri arasında keçiriləcək I Teatr Festivalının təşkilatçıları Education Management Network və Edu Co. Şirkəti,
İnformasiya Dəstəyi isə bagcam.az Təhsil Portalı, Bağçam Jurnalı, PreMark Şirkəti, GSR.fm-dir.

Öyrənmədə çətinlik çəkmək zəka problemi deyil

8973
Əksər hallarda yenilikləri qəbul etməkdə, öyrənməkdə çətinlik çəkən uşaqların hansısa ruhi və ya psixoloji problemləri olduğu düşünülür. Bu zaman valideyn fikirləşir ki, o mütləq övladını məktəbdən çıxarmalı və onlar evdə özəl təhsil imkanı yaratmalıdır.

Bəs mütəxəssislər bu barədə nə düşünür? Psixoloq, ailə məsləhətçisi Gözde Emikin bu barədə məsləhətlərinə nəzər salaq.
Övladım oxuyarkən sətirləri buraxır, oxduğu yeri təkrar oxuyur, oxuduğu zaman sözləri səhv tələffüs edir.. Yazı yazmağı da o qədər pisdir ki. sözləri hecalara səhv ayırır. Riyazi məsələləri həll edərkən 15 əvəzinə 51 yazır.
Saydığımız bu əlamətlərin çoxu ya da bir neçəsi tanış gəlir? Əvvəlvə narahat olmayın və gəlin “öyrənmək çətinliyini” birgə araşdıraq. Öyrənmə çətinliyi əsasən məktəbli uşaqlarda rast gəlinən və səbəbi məktəbdən əvvəlki dövrə qədər gedib çıxan bir xəstəlikdir. Normal inkişaf sisteminə baxmayaraq uşaqlar oxumada, riyazi məsələləri həll etmədə çətinlik çəkirlər.
Öyrənmədə çətinlik 3 hissədən ibarətdir: Oxumada çətinik ( disleksi) riyazi çətinlik ( diskalkuli) və yazmaqda problem yaşamaq (disgrafi). Ailələr uşaqların davamlı olaraq dərsdə uğursuz olduqları səbəbi ilə mütəxəssisə müraciət etməklə diaqnostik nəticələr əldə edir. Öyrənmədə çətinlik uşaqların ruhi və fziki sağlamlıqlarında problem olduğu düşünülür. Müalicə kimi ona özəl təhsil təklif edilir. Ailə, müəllim və mütəxəssis üçlüyündə yaradılan işbirliyi onların həm sosial, həm də duyğusal yaşayışlarında uğur əldə etməsinə köməkçi olur.
Öyrənmədə çətinlik çəkən uşaqlarda akademik uğursuzluqla yanaşı sosial və duyğusal çətinliklər də ortaya çıxır. Sinifdə, dostlarının içində oxuma, yazma, riyazi məsələlərdə səhvlər edən uşaqların özünə inam hissi azalır. Bunun nəticəsində dərs oxumağı rədd etmə, tez yorulma, dostlarından uzaqlaşmaq kimi davranışlar ortaya çıxır.
Təbii ki öyrənmə probleimi olan uşaqlar sadəcə uğursuzluqları ilə seçilmirlər. Onlar bir o qədər də yaradıcıdırlar və hər şeylə maraqlanırlar. Bir də görürsünüz ki, yeni aldığınız cihazı istifadə qaydaları kitabına baxmadan öyrənir, yaxud da çətin həll olunan riyazı məsələyə vaxt itimədən cavab tapırlar.

Öyrənmə çətinliyi yaşayn uşaqlarla işləyərkən diqqət edilməsi vacib olan məsələlər:
Belə uşaqlarla çalışanlar onlara uyğun dillə başa salmalıdırlar ki, onların zəka ilə bağlı problemi yoxdur. Sadəcə fərqli şəkildə öyrənirlər, öyrənmələri üçün uzun zaman ayırmaq və çalışmaq lazımdır. Buna görə onlarla işləmək üçün səbrli və səmimi olmaq, onları cəsarətləndirmək lazımdır.
Öyrənmə problemi yaşayan şagirdlərin davamlı olaraq müntəzəm mühitə ehtiyacı var. Bunun üçün bir siyahı tətbiq edin. Nə edəcəyini unudan və ya bilməyən uşaqlar üçün bu siyahı çox faydalı olacaq. Onların xatırltmağa, tətbiq etməyə və təkrarlamağa, yönləndirməyə ehtiyacı var.
Bu oxumaq, istirahət etmək vaxtın planlaşdırılması, eyni zamanda dərs oxumaq və istirahət istirahət üçün onların zaman ayırmalarına köməkçi olacaq. Xatırlamaları üçün onlara ip ucları, kodlar, qafiyələr, qruplandırmalar, yaddaşının inkişafına yardımçı olacaq vasitələr verin.
Təlimatlarınızı, zamanlamanızı sadələşdirin. Sadə cümlələri qavramaq daha asandır. Böyük tapşırıqları kiçik və bitirilməsi sadə olan formaya çevirin. Böyük tapşırıqlar uşaqların “Mən bunu bitirməyi heç vaxt bacarmaram” demələrinə səbəb olur. Halbuki bu işi asanlıqla bacara bilər.
Belə uşaqlarla mütəxəssis-ailə- müəllim işbirliyi təkil edilməli, mütəmadi görüşlər keçirilməlidir. Sadəcə problem olduğu zaman deyil, digər zamanlarda da onlarla görüşmək lazımdır. Hər zaman uşağın uğurlarını görmək və tərifləmək mütləqdir. Uşaqlar o qədər çox uğursuzluq yaşayırlar ki, əmin olun ki, sizin verəcəyiniz hər xoş cavaba ehtiyyacları var.
Bütün bunları etməkdə əsas məqsəd uşaqlarda özünəinam və ətrafdakılara lazımlılıq düşüncəsi yaratmaq və beləcə cəmiyyətlə uyğunlaşmasını təmin etməkdir.

“Gündəlik menyu öncə valideynlərə təqdim edilir”

vefa-sirinova“Qidalanma rejimi uşaqların inkişafda olan orqanizmini enerji və əsas qida maddələri ilə təmin etməlidir”.

Bu sözləri Bagcam.az-a  uşaq bağçasının meneceri Vəfa Şirinova uşaqların qida rejimi ilə bağlı müsahibəsində bildirir. O deyir ki, uşaqların həyatının birinci ilində enerjiyə, zülallara, yağlara və karbohidratlara tələbatı bədən kütləsinin qram və kiloqram hesabı ilə nəzərə alınır:

“9 aylığından başlayaraq, uşaqlar üçün 4 saatdan artıq olmayan fasilələrlə qidalanma məqsədə uyğun sayılır. Uşaqların məktəbəqədər təhsil müəssisəsində qalması müddətindən asılı olaraq, gündəlik qida rasionunun ümumi kalorilik dərəcəsi bölüşdürülməlidir. Məktəbəqədər təhsil müəssisələrində  10 və 12 saat qalan uşaqlar üçün dövlət standartlarında 3 dəfəlik yemək və gücləndirilmiş nahar nəzərdə tutulsa da,  uşaq bağçasında əlavə qəlyanaltılarla birgə 5 dəfə qidalanma təşkil olunmuşdur. Gündəlik qida rasionunda ümumi kaloridən ± 5 faiz kənara çıxmalara yol verilir”.

Hər uşaq müəssisəsində qida maddələrinə olan fizioloji tələbat və qidalanma normaları əsasında hazırlanmış 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmasının önəmini vurğulayan Vəfa xanım  uşaq bağçasının menyusundan da danışır:

“Bizim bağçada 20 günlük, 134 adda müxtəlif çeşidli və müxtəlif ağız dadlı menyu tərtib olunub. Menyuya çörək, yarma, süd, ət, toyuq, kərə yağı və bitki yağları, kəsmik, pendir, yumurta, şəkər, meyvə, tərəvəzlər hər gün, balıq, qaraciyər, zeytun, quru meyvələr isə həftə ərzində daxil edilir. 20 günlük menyu əsasında müxtəlif yaş həddində olan uşaqlar üçün nəzərdə tutulmuş yeməklərin adı göstərilməklə, təxmini nümunəvi sifariş menyusu tərtib olunur. Müxtəlif yaşlı uşaqlar üçün tövsiyə edilən yeməklərin sadəcə  həcmi (porsiya) bir qədər fərqlənir”.

Vəfa xanım deyir ki, menyularda əhalinin qidalanması, ərazi və milli xüsusiyyətləri, eləcə də  uşaqların sağlamlıq vəziyyəti əsas götürülür:

“Hər hansı bir məhsul olmadıqda, qidalanmanın tam dəyərli tənzimlənməsi üçün məhsulların əvəzlənməsi standartlara uyğun olaraq, tərkibinə görə eyni dəyərə malik başqa məhsullarla həyata keçirilir.

Qış vaxtı və erkən yaz aylarında təzə tərəvəz və meyvələrin olmaması ilə əlaqədar olaraq, realizə müddətlərinə riayət edilməsi şərtilə menyuya şirələrin, təzə dondurulmuş tərəvəzlərin və meyvələrin daxil edilməsinə xüsusi diqqət edirik.  Məsələn yayın son ayı meyvələrin bol vaxtı alınıb, yuyulur və dərin dondurucuda qış və  ilkin yaz fəslində kompot hazırlanaraq istifadə olunur.

Vitaminlərin və mikroelementlərin çatışmazlığının profilaktikası üçün həkim-pediatr  təyinatına əsasən, yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq icazəsi olan və sanitar-epidemioloji rəy verilən, eləcə də körpə və məktəbəqədər yaşlı uşaqların qidalanması üçün nəzərdə tutulan bioloji aktiv qida əlavələrindən istifadə edilməsinə yol verilir.

Hər həftə gündə bir dəfə tibb işçisi qida məhsullarının bir uşağa verilmə normasının yerinə yetirilməsinə nəzarət edir və zəruri hallarda qidanın növbəti 20 günlük dövr  üçün korreksiyasını həyata keçirir”.

Menecer bildirir ki, yemək menyusu hazırlanarkən uşaqların fərdi damaq dadları nəzərə alınır.

Qidalanma ardıcıllığının təmin olunması üçün gündəlik menyu bir həftə öncə valideynlərə təqdim olunur:

“Uşağın qidalanmasına dair valideynləri müntəzəm olaraq məlumatlandırırıq. Valideynin uşağın hər hansı qidaya allergik reaksiyası və ya əks göstərişi halında menyuda mütləq individual olaraq dəyişiklik edirik.

Tibb işçisi tərəfindən xüsusi jurnalda yeməyin keyfiyyəti, yeməklərin hazırlanma səviyyəsi haqqında müvafiq qeydlər aparıldıqdan və müayinə üçün nümunə götürüldükdən sonra hazır yeməklərin uşaqlara paylanmasına icazə verilir. Porsiyalara ayrılmış yeməklərin çəkisi bölgü menyusundakı göstərici ilə eyni olmalıdır. Yeməklərin hazırlanması texnologiyası diqqətlə nəzərdən keçirilir. Əgər hər hansı çatışmazlıqlar qeyd olunarsa, yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yeməklərin paylanmasına icazə verilir”.

 

Sonda isə bağçanın meneceri hazır məshulların gündəlik nümunələrinin həcmindən, nümunələrin götürülmə və saxlanılma şəraitindən də söhbət açır. O qeyd edir ki, gündəlik nümunə bir porsiya

həcmində, 100 qramdan az olmayaraq, yemək və ya qarnir nümunələri şəklində götürülür:

 

Nümunələr qapaqlı steril şüşə qabda götürülərək (qarnir və salatlar ayrı qablarda saxlanılır), xüsusi soyuducuda(həkim otağında) və ya soyuducunun bu məqsədlə ayrılan bölməsində 48 saat ərzində 2-6°C temperaturda saxlanılır. Gündəlik nümunənin düzgün götürülməsi və saxlanma şəraiti üzərində nəzarəti tibb işçisi həyata keçirir. Uşaqların qidalanması zamanı süni mənşəli qida əlavələrindən, ədviyyatlardan, istiotlu xörəklərdən, tərkibində süni mənşəli qida əlavələri olan (sintetik aromatizatorlar, boyalar) məhsullardan, o cümlədən spirtsiz qazlı sulardan, qənnadı məmulatlarından, saqqızlar və çipslərdən, qəlyanaltı konservlərindən, duza qoyulmuş meyvə və tərəvəzlərdən (xiyar, pomidor, gavalı, alma), piylərdən, 72 faizdən az yağlılığı olan kərə yağından, hisə verilmiş məmulatlardan, mayonez, bibər, xardal, qıtıqotu, sirkə, istiotlu souslardan və təbii qəhvədən istifadə edilməsinə yol verilmir”.

 

 

 

 

 

 

 

 

“Bağçadakı tədbirlər uşaqların dünyagörüşünü artırır”

Oktyabrın 28-də uşaq bağçasında nənələr və babalar gününə həsr olunmuş tədbir keçirilib. Tədbir balacaların oxuduğu mahnı ilə açıq elan olunub. Daha sonra müxtəlif yaş qruplarından olan uşaqlar şeirlər səsləndirib, mahnılar oxuyublar. Bununla yanaşı milli və xarici folkorlardan rəqslər də ifa ediblər.
Balacalara maraqla tamaşa edən nənələr və babalar da, onları tək qoymayıblar. Belə ki, bir neçə oyunda və müxtəlif səhnəciklərdə iştirak ediblər.
unnamed
Tədbir haqda fikirlərini bildirən nənə və babalar bu günki tədbirin əhəmiyyətindən danışdılar.
Rəfiyeva Sevinc- Çox razı qaldım. inanmağım gəlmir ki, 3-4-5 yaşlı uşaqlar bu qədər inkişaf ediblər. Çox sevinirəm, fərəhlənirəm. Müəllimlərin əziyyətləri var
Abdullayev Musa- Hesab edirəm ki belə tədbirlərin keçirilməsi uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinə çox yaxşı təsir göstərir. Uşaqların dünya görünüşünü artırır, Azərbayan milli musiqisinə olan həvəsin artırır. Bizə çox yaxşı təsir bağışladı
Sonda uşaq baçasının direktoru Samirə xanım da fikirlərini bizimlə bölüşdü.
Bu günü qeyd etməkdə məqsədimiz uşaqlara nənə- babaya, böyüyə olan hörməti aşılamaqdır, onlara olan sevgini göstərməkdir. Çünki indi demək olar ki, bütün analar və atalar işləyirlər. Uşaqların bağça həyatına qədər böyüməsində, yetişməsində nənə və babaların rolu böyükdür. Həm minnətdarlıq hissi kimi, həm də uşaqlarda böyüyə hörmət hissini aşılamaq üçün hər il ənənəvi olaraq belə bir gün qeyd edirik

“Uşaqlara əllərini tez-tez yuyulması vərdiş edilməlidir”

bagcaq

Kəskin Respirator Virus İnfeksiyası (KRVİ) kəskin respirator virus infeksiyalarının böyük qrupunu  özündə birləşdirir. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, respirator sinsitial (RS), rinovirus, reovirus infeksiyaları və quş qripi daxildir.

Bu sözləri Bagcam.az-a “İndigo” Nərimanov uşaq bağçasının həkim-pediatrı Şəhla Əhmədova Kəskin Respirator Virus İnfeksiyası haqqında danışarkən bildirib. O deyir ki, bu, uşaqlar arasında daha çox təsadüf edilən qrip-spesifik infeksiyasının əlamətləri  və yuxarı tənəffüs yollarının katarı ilə xarakterizə olunan həddən artıq yoluxucu kəskin infeksion xəstəlikdir.

 

Bəs bu xəstəliyə necə yoluxulur?

 

-İnfeksiyanın  mənbəyi xəstə insandır. İnfeksiya hava-damcı yolu ilə ötürülür.  Virus yuxarı tənəffüs yollarının selikli qişasından asqırma, öskürmə, danışıq, tənnəffüs zamanı böyük miqdarda xaric olur və aerozol şəklində asılmış vəziyyətdə bir neçə dəqiqə saxlanıla bilir. Nadir hallarda infeksiya qulluq əşyaları, oyuncaqlar, əmzik, yataq ağları, qab-qacaq vasitəsi ilə də ötürülə bilər.

Xəstəliyin profilaktikası virusa yoluxmanın, infeksiyalaşmanın qarşısına almaq  və orqanizmin viruslara qarşı müqavimətini artırmaqla aparılır.

İnfeksiya mənbəyi xəstə insan olduğuna görə yoluxmanın qarşısının alınması üçün  xəstə ilə kontaktın minimuma endirilməsi vacibdir. KRVİ-nin yayıldığı dövrdə insanların çox toplaşdığı məkanlarda  – ictimai nəqliyyatda, satış mərkəzlərində, kütləvi tədbirlərin keçirildiyi yerlərdə, uşaq əyləncə mərkəzlərində xəstə şəxslərlə kontakt ehtimalı böyükdür. Uşaqların toplaşdığı məktəblərdə və bağçalarda xəstə uşağın olması xəstəliyin yayılmasına səbəb olur.

 

Bu xəstəliyin qarşısını necə almaq olar?

 

– Xəstələnmə hallarının qarşısını almaq üçün xəstə təcrid edilməlidir. Təcrid olunmanın müddəti 7 gündür. Qriplə xəstələnmənin epidemik təkanı zamanı məktəbəqədər uşaq kollektivinə yeni uşaqlar qəbul edilmir, bir qrupdan digər qrupa uşaq köçürülmür. Xəstəliyin yayılma dövründə 4-6 qat tənzif maskadan istifadə edilməlidir. Maska yoluxmanın qarşısını tamamilə almasa da, xəstənin danışması, asqırması zamanı seliklə bərabər xaric olan virusların ətrafdakı şəxslərə və məişət əşyalarına düşməsinin qarşısını müəyyən dərəcədə almış olar. Maskanın 4 saatdan bir dəyişdirilməsi məsləhətdir.

 

Xəstələnmənin baş verməsinə hansı faktorlar təsir göstərir?

 

-Virusla kontaktda olarkən xəstələnmənin baş verməsi havadakı virusların konsentrasiyasından, virusun aktivliyindən, orqanizmin immun vəziyyətindən asılı olur. Virus tozlu, quru, isti və hərəkətsiz havada öz aktivliyini saatlarla, hətta günlərlə saxlayır. Ancaq təmiz, sərin, nəm və hərəkətli havada virusların aktivliyi azalır. Ona görə də otaqların havasının intensiv dəyişdirilməsi havada virusların konsentrasiyasının azalmasına səbəb olur. Ona görə də uşaq müəssisələrində KRVİ-nin profilaktikası üçün havanın tez-tez və mütəmadi dəyişdirilməsi vacibdir. Havadakı virusların konsentrasiyasının azaldılması üçün istifadə olunan üsullardan biri də viruslara öldürücü təsir edən ultrabənövşəyi şüalardan, kvars lampalarından istifadə edilməsidir.

 

Xəstə şəxslərin əllərində viruslar daha çox toplanır və  əlləri ilə toxunduğu yerlərdə, qapı dəstəklərində, kran vintillərində – toxunduqları hər bir əşya üzərində virusların konsentrasiyası çox olur ki, bu da sağlam şəxslərin infeksiyalaşması üçün şərait yaradır. Xəstə uşaqların istifadə etdikləri oyuncaqlar, üzərində oynadıqları xalçalar infeksiya mənbəyi ola bilər. Ona görə də təmizlik işlərinin nəm üsulla  aparılması, oyuncaqların mütəmadi yuyulması, ümumi istifadə olunan əşyaların  dezinfeksiyaedici məhlullarla təmizlənməsi vacibdir. Uşaqlara əllərini tez-tez və diqqətlə təmiz yuyulması vərdiş edilməlidir. Uşaq bağçalarında istifadə edilən oyuncaqlar nəm üsulla gigiyenik təmizlənmə üçün  yararlı materillardan olmalıdır. Tamamilə təhlükəsiz və effektiv  üsul olan duzlu məhlulları buruna istifadə etməklə KRVİ-a yoluxmanın qarşısının almaq olar.  Bu məqsədlə Marisol, Aqua Maris, Aqvalor kimi məhlullardan istifadə edilir. Duzlu məhlullar burunda virusların konsentrasiyasınnın azalmasına səbəb olur. Əsnəyin yaxalanması da əhəmiyyət kəsb edir. Bu üsullar xəstə ilə kontaktda olarkən tətbiq edilməlidir.

 

Viruslara qarşı müqaviməti artırmaq üçün bunlar edilir:

 

  1. Yerli immunitet sisteminin aktivləşdirilməsi
  2. Spesifik immunizasiya
  3. İmmunotrop maddələrin qəbulu

 

Uşaq orqanizminin möhkəmləndirilməsi üçün vitamin C, A və B qrup vitaminlərə olan tələbatı ödəmək, bal və propolisdən istifadə etmək, hemeopatik dərmanlardan (engystol,contramutan və s.) alfa interferondan, fitoimmunomodulyatorlar, yəni bitki mənşəli  dərmanlardan (eleuterokokk, jenşen, herbion exinasea, tonsilqon H, ultravit, itburnu və s.) istifadə etmək məsləhət görülür.

Uşaqların olduğu məkanlarda havanın optimal temperaturunu saxlamaq, havanın nəmliyinə diqqət yetirmək, təmiz havada gəzmək, havanın temperaturuna uyğun geyinmək, sutkalıq mayeni lazımi miqdarda qəbul etmək, qidalanma rejimini düzgün təyin etmək, vitaminlərlə zəngin təzə meyvə və tərəvəzləri qida rasionuna daxil etmək lazımdır.

 

Hissləri öyrənmək niyə vacibdir?

tvigThomas O’Donnellin bağçasındakı uşaqlar insana bənzəyən tısbağa “Twiggle”i oxuyanda sevinirlər.

O’Donnell sinifdəki uşaqlardan soruşur: Kim Twigglenin burada niyə kədərli olduğunu söyləyə bilər?

  • Çünki heç dostu yoxdur- deyə bir uşaq cavab verir.
  • Bəs, insanlar kədərli olarkən necə görünürlər?
  • “Yerə baxarlar” deyə bütün sinif cavab verir.

Bəli, Twiggle çox yalnızdır. Amma sonda o da bir kirpi, bir ördək və bir itlə yoldaş olur. O yoldaşlıqdan oyun oynamağı, kömək etməyi və paylaşmağı öyrənir.

Bunlar hamımızın öyrənməsi lazım olan çox mühüm bacarıqlardır.Bir çox mütəxəssislər də ictimai bacarıqları erkən yaşda öyrənməyin insanı “gələcək bəlalardan” qoruyacağını düşünür.

Elə isə bağça şagirdlərə riyaziyyatı, oxuma və yazmağı aşılamaqla yanaşı, həm də duyğuları və münaqişələri həll etməyi öyrətmək məcburiyyətində deyilmi?

Tısbağa “Twiggle” Alternativ Düşünmə üsullarını Təşviq Etmək (PATHS) adlı proqramın hissəsidir. Bu azyaşlı uşaqların duyğuları anlamasına və ifadə etməsinə köməkçi olmaq üçün nəzərdə tutulub.

Müəllim O’Donnellin məktəbi 1980-ci illərdə hazırlanmış bu proqramı tətbiq edən Amerikadakı 1500 məktəbdən biridir. Uşaqlara hər həftə iradə və başqalarına hörmət etmək kimi mövzularda 15-20 dəqiqəlik dərslər keçirilir. Xüsusilə azyaşlı uşaqlar üçün “Twiggle” sanki bir bələdçidir.

O’Donnell şagirdlərinin bu dərsi xüsusilə sevdiklərini deyir. “Məsələn, uşaqlar əhvalları pozularkən “tısbağa olurlar”. “Yəni, dayanıb qollarıyla özlərini qucaqlayıb, bir tısbağanın içinə gizləndiyi kimi bükülürlər. Sonra da problemin nə olduğunu soruşurlar “deyə O’Donnell izah edir. Üstəlik, bunu hər yerdə – koridorda, ya da dərs əsnasında edirlər.

Bəzi uşaqlar, xüsusilə problemli uşaqlar üçün tısbağa Twiggle sağlam şəkildə özünüifadə ilə tanış olmağın ilk və bəlkə də tək yoludur. “Bəzi uşaqlar bu dərslərdən əvvəl nə hiss etdiklərini ifadə edəcək sözləri belə bilmirdilər” deyir O’Donnell.

Emosional öyrənməyə kömək edən bu cür proqramların bağçalarda olduqca müsbət təsirlərinin olduğu tədqiqatlarla da sübut edilib. Psixoloqların fikrincə, uşaqlıq dövründə emosiyalarını düzgün ifadə etməyi bacarmayan, özünəqapanıq uşaqlar yeniyetməlik dövründə cinayətə, şiddətə daha çox meyilli olurlar.

Duke Universiteti psixoloqlarından olan Kenneth Dodge “Bu problemlərin meydana gəlməsinin qarşısını almaq üçün nələrsə edə bilərikmi?” sualını qoyur və təxminən 20 ilə yaxın davam edən bir araşdırma üzərində işləyir..

Dodge və komandası araşdırma zamanı əgər ictimai-emosional zəka deyilən anlayış şagirdlərə öyrədilsə, bunun onların həyatlarının gedişatını dəyişdirib dəyişdirə bilməyəcəyini görmək istədilər.

Tədqiqatçılar 1991-ci ildə Amerikanın bir neçə məktəbində davranış problemi olan 5 yaşındakı uşaqları müşahidə etdilər. Müəllimlərlə və ailələrlə görüşdükdən  sonra tədqiqatçılar irəlidəki illərdə problem yaşamaq riski ən yüksək olan 900 uşağı seçdilər.

Ödənişsiz məsləhət və ya xüsusi dərs almaq imkanları olsa da, uşaqların yarısı bu fürsətlərdən yararlanmayıb sadəcə məktəbə getdi. Digər yarısı isə liseydən məzun olana qədər məktəb vaxtı məsləhət və xüsusi dərslər aldı.

25 yaşına çatdıqlarında xüsusi proqramlara qatılan uşaqlar, yalnız məktəbdə müvəffəqiyyətli olmaqla qalmayıb, çox az zehni sağlamlıq və narkotik asılılığı problemləri yaşadılar. Bu uzun davamlı araşdırmanın nəticələri 2014-ci ildə “American Journal of Psychiatry” də nəşr olundu.

Tədqiqatı idarə edən Dodge əldə etdikləri nəticələrin sübut etdiyi ən əhəmiyyətli şeyi belə izah edir: “Məktəblərdə uşaqlara oxumaq və yazmağı öyrətdiyimiz kimi ictimai və emosional savadlılıq da öyrədə bilərik”