“Uşağın verdiyi suallara cavab vermək vacibdir”

xalide_xanimMəktəbəqədər tərbiyə uşağın erkən yaşda sosiallaşması, ictimaiyyətə adaptasiyası, vacib ünsiyyət vərdişlərinə yiyələnməsi, sərbəst davranış bacarıqları qazanmasında mühüm rol oynayır.
Bununla bağlı bağçalarda təlim-tərbiyənin təşkili barədə öz fikirlərini Bagcam.az-la Education Management Network şirkətinin təlim-tərbiyə üzrə koordinatoru Rzayeva Xalidə bölüşüb.
Xalidə xanım təlim-tərbiyəyə erkən uşaqlıq dövründə başlanılmasını və istənilən təlimin oyun formasında təşkil olunmasının vacib olduğunu deyib:
“Uşaq dünyaya gəldiyi gündən nəsə öyrənir. Yeni doğulmuş körpə daim ucadan ağlayaraq istəklərini bildirir, böyüklərin diqqətini cəlb edir. Getdikcə o, müəyyən bacarıqlara yiyələnir və bu bacarıqlar təkmilləşərək inkişaf edir. Beləliklə, uşaq dünyanı dərk etməyə başlayır. Qidanın köməyi ilə körpə ərzağın dadını və ya hərarətini ayıra bilir: isti – soyuq, açıq – tünd, böyük – kiçik. Bu dövrdə artıq ona müxtəlif formalı kvadrat, üçbucaq, dairəyəbənzər əşyalar göstərmək olar. Erkən uşaqlıq dövründə istənilən təlim oyun formasında təşkil olunmalıdır. Uşağın yorulduğu və ya təlimə marağı itdiyi anda oyunu dayandırmaq lazımıdır. Onun yenidən maraq göstərəcəyi anı gözləmək daha məqsədə uyğundur. Hər zaman uşağın verdiyi suallara cavab vermək vacibdir. Əks halda uşağın özü suala cavab axtarmağa başlayacaq. Cavablar sadə və aydın olmalıdır. Təlim isə heç vaxt darıxdırıcı olmamalıdır”.
Xalidə Rzayeva bu məsələdə bağçaların mühüm rol oynadığını və təlim-tərbiyədə önəmini də vurğulayıb:
“Uşaq bağçası – ailədən sonra uşağın həyatında ikinci sosial institutdur. Bağçada uşaqların təlim-tərbiyəsinin təşkili hər şeydən əvvəl uşaqlara sosial həyatda yaşamağı öyrətmək, onları əhatə edən insanlarla ünsiyyət bacarıqlarını və qarşılıqlı təsiri formalaşdırmaqdır. Kollektivdə təlim yeni bilik və bacarıqların daha asan mənimsəməsinə imkan yaradır. Bir çox valideynləri uşaqların bağçaya adaptasiya dövrü qorxudur. Lakin tərbiyəçilərin peşəkar davranışı uşağın bu dövrü daha rahat keçirmələrinə şərait yaradır. Uşaqlar ilk müstəqil bacarıqlarını əldə edirlər. Təlim-tərbiyənin əsas məqsədi uşaqların əqli, fiziki, psixoloji, əxlaqi, estetik inkişafını təmin etməkdir. Bunlar tam şəxsiyyətin formalaşması üçün vacib komponentlərdir. Uşaqların hərtərəfli inkişafı müxtəlif məşğələlərdə həyata keçirilir. Rəsm, aplikasiya, quraşdırma, gil işi, musiqi, idman və ya gimnastika, əlavə olaraq xarici dil, xareoqrafiya, şahmat və s. uşaqların həvəslə iştirak etdikləri məşğələlərdir. Doğma Vətəninə olan sevgi, yaşlıların əməyinə maraq, təbiətə və ictimai həyat hadisələrinə münasibət, ətraf aləmə qayğıkeş münasibət, uşaq nitqinin inkişafı, estetik zövqün formalaşması, bədii yaradıcılığa maraq, sərbəst fikir yürütmək, məsuliyyət hissi, xeyirxahlıq, düzgünlük, dostluq, cəsarət kimi keyfiyyətlərin uşaqlara aşılanması bağçada təlim-tərbiyənin əsasını təşkil edir”.
Yaş xüsusiyyətlərinin nəzərə alınması bağçalarda təlim-tərbiyənin təşkili zamanı diqqətə dəyər məqamlardan biri olduğunu deyən koordinator hər yaşın öz inkişaf proqramının olduğunu da bildirib:
“Bəzən valideynlər düşünür ki, az yaşlı övladı özündən yaşca böyük uşaqların əhatəsində olsa daha yaxşı inkişaf edər. Lakin hər yaşın öz inkişaf proqramı mövcuddur. Uşaq həmin bilik və bacarıqları ardıcıl surətdə qavramalıdır. Ən çox baş verən hallardan biri də 3 yaşa qədər olan dövr yalnız fiziki ehtiyacları ödəyərək, qayğı ilə əhatə olunur. Lakin aşılanmayan bilik və bacarıqlardan yaranan boşluqlar növbəti yaş dövründə öz əksini tapır. Bu baxımdan bağçalarda yaş fərqinə ciddi nəzarət olunur və təlim-tərbiyədə mövcud yaş xüsusiyyətləri nəzərə alınır. Eləcə də təlim yükü yaş xüsusiyyətləri nəzərə alınaraq seçilir və tətbiq olunur”.
Xalidə Rzayeva bağçalarda təlim-tərbiyənin yalnız məşğələlərə deyil, ümumi davranışlara da aid olduğunu deyib:
“Bağçada təlim-tərbiyə prosesi müxtəlif növ məşğələlərlə yanaşı məşğələdənkənar proseslərdə də baş verir. Bu proseslər oyun vaxtı, gəzinti zamanı, ekskursiyada, bayram, idman və əyləncə tipli tədbirlərdə həyata keçirilir. Uşaqların davranışı məhz bu kimi fəaliyyətlərdə formalaşır. Bu məsələyə bir oyun misalında baxaq: öncə qızlar gəlinciklərinin köməyi ilə körpəyə necə qulluq etməyi (yedizdirmək, geyindirmək, yatızdırmaq və s.) öyrənirlər və bununla da ananın bir növ rolunu təqlid edirlər. Əgər balaca bir qız uşağı bu mərhələni yaxşı mənimsəyəcəksə demək o, gələcəkdə yaxşı ana olacaq. Bu baxımdan balaca qızların böyük rolu cəhdləri üçün istər bağçalarda, istərsə də ailədə şərait yaradılmalıdır. Oxşar situasiya oğlanlarda da müşahidə olunur. Oğlanların kiçiklərə qayğısı, ailə, məişət işlərində böyüklərə yardımı gələcəkdə yaxşı ata, ailə başçısı olmasına zəmin yaradır. Həmçinin, uşaqların oyunları gələcəkdə cəmiyyətdə tutacaqları mövqelərinə istiqamət verir”.
Xalidə xanım eyni ailədən gələn uşaqların düzgün tərbiyəsi məsələsinə də toxunub. O deyib ki, bu hal uşaqlarda güclü asıllılıq yaradır və uşaqların sərbəst falliyətinə mane olur:
“Ümumiyyətlə, eyni, oxşar uşaq olmur. Hər bir uşaq öz təbiəti üzrə unikaldır. Eyni valideynlərin uşaqları temperament, xarakter, zövq cəhətdən fərqli ola bilər və bu təbiidir. Tərbiyədə əsas məsələ odur ki, valideynlər öz uşaqlarının individual xüsusiyyətlərini görsünlər. Uşaqların inkişaf tempinin nəzərə alınması, davranış norması, həyat ritmi və ətrafdakılarla qarşılıqlı münasibəti olduqca vacibdir. Uşaqların daim müqayisə olunması onların müstəqil fəaliyyətinə mane olur. Son illərdə ən çox müşahidə olunan hal valideynlərin bir ailədən iki uşağı eyni qrupa, daha sonra məktəbdə eyni sinifə cəlb etmək istəkləridir. Çox vaxt bunu böyük uşağın kiçiyi qoruması kimi izah edirlər. Böyük uşaq bu səbəbdən təlimə bir il gec cəlb olunur. İki uşaq eyni ailədən olsa belə, onların fikirlərinə ayrı-ayrılıqda münasibət bildirilməlidir və hər biri ilə öz xarakterinə uyğun davranılmalıdır”.
Sonda isə təlim-tərbiyə üzrə koordinator bu işdə valideynlərin rolundan da söhbət açıb. O, uşaq inkişafının uğurlu həyata keçirilməsində valideynlərin bağça ilə əməkdaşlığının vacib olduğunu da qeyd edib:
“Valideyn ilk olaraq bağçaya etibar etməlidir. Ailə ilə sıx əlaqə zamanı bağça uşaq haqqında daha çox informasiya əldə edir, uşağın fərdi xüsusiyyətlərindən, vərdişlərindən xəbər tutur. Valideynlərlə əməkdaşlıq prosesi uşaq şəxsiyyətinə daha düzgün təsir edərək ailədaxili münasibətlərin möhkəmlənməsinə səbəb olur. Valideynlər daim müxtəlif açıq məşğələlərdə, bayram və tədbirlərdə, seminarlarda, valideyn iclaslarında iştirak edirlər. Onlar uşağın tərbiyəsi ilə bağlı çətinlik törədən suallar soruşurlar və problemlər bağça ilə birgə öz həllini tapır. Ailə ilə bağçanın fikirləri üst-üstə düşəndə və uşağın tərbiyəsi bir istiqamətdə getdikdə nəticə müsbət olur. Bu da onlara övladlarının inkişafında dəstək olmalarına şərait yaradır.
Təlim-tərbiyədə ən əsas fikrimizi ona yönəltməliyik ki, biz uşağı gələcək həyata hazırlayırıq. Uşaqda özünəinam hissinin inkişafı, öz şəxsi fikrinin olmasından qorxmaması və söyləməsi üçün ona dəstək olmaq, özünü şərəflə müdafiəetməni, maneələrin öhdəsindən gələrək problemlərini sərbəst həlletmə bacarığının inkişafını təmin etmək əsas şərtlərdəndir”.