Yay mövsümündə uşaqların düzgün qidalanması

kamileYay mövsümü uşaqlar üçün isti, dəniz, yeniliklər və parlaq təəssüratlar ilə bağlıdır. Elə iştaha ilə əlaqəli dəyişikliklər də ilin məhz bu vaxtına tuş gəlir. Maddələr mübadiləsi və dad üstünlükləri dəyişir.

Müsahibimiz “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova deyir ki, bu fəsildə uşaqlar tutumlu axşam və nahar yeməyindən imtina edir, yüngülləşmiş qidaya keçməyə üstünlük verirlər. Valideynlər buna görə narahatlıq keçirərək uşaqlarını əvvəlki kimi qidalandırmaq üçün çalışırlar.

Bu zaman xüsusi olaraq nələri bilmək, nəyə diqqət etmək lazımdır?

-Yayda artan temperatur uşağın maddələr mübadiləsinə birbaşa təsir göstərir. Bu vaxt qidalanma zamanı alınan kalorilər bədənin temperaturunu isti saxlamaq üçün deyil, onu soyutmaq üçün sərf olunur. Uşaqların hərəkətliliyi vücudun maddələr mübadiləsini sürətləndirir.
Suyun əhəmiyyətli miqdarı bədəndən tərlə xaric olur. Onunla birlikdə duz da xaric olur. Bu səbəbdən də uşaqların yay boyu düzgün və lazımi maye qəbulunu təşkil etmək onların sağlamlığı üçün vacib şərtdir. Uşağın hər 1kq çəkisinə 50 ml maye düşünülərək kompot, ot çayları (qranulalı uşaqlar üçün nəzərdə tutulmuş), su ilə həll edilmiş şirələr və nəhayət adi uşaqlar üçün sulardan (onların tərkibində mineral və duzlar var) istifadə edilməsi maye balansını düzgün saxlamağa kömək edəcək.
Uşağın inkişafı üçün daha çox zülal, xüsusilə heyvan mənşəli zülal lazımdır. Amma isti havalarda uşaqlar ət məhsulları yeməyi istəmirlər. Onları əvəz etmək üçün düşünülmüş dəyişikliklər edilməlidir.
Lazımi zülal süd və süd məhsulları ilə də alına bilər. Bunun üçün qidaya bol pendir, yumurta sarısı, kəsmik əlavə etməliyik.
usaqHəmçinin uşağın qidasında yağın zəruri yeri var. Bunlar müxtəlif salat və digər yeməklərin bişirilməsi zamanı bitki yağları ilə tamamlana bilər. Səhər yeməyi zamanı, sıyıq bişirilərkən süd məhsullarının yağlılığı yüksək olanını seçərək günlük tələbatı ödəmək olar. Yağlar dərinin elastikliyi üçün vacibdir. Ultrabənövşəyi şüalanmanın mənfi təsirlərindən qorunmaq üçün çox fəal mübarizə aparmağa kömək edir. Onlar həmçinin bədənin enerji ehtiyatını təmin edir, toxluq hissi verir və vitamin D və K-nın sintezində fəal iştirak edir.

Uşaqlara yay müddəti şokolad, un və un məhsulları verməyə ehtiyac yoxdur. Bu uşaq üçün xeyirli deyil. Artıq karbohidratlar maddələr mübadiləsinə mənfi təsir edərək vitamin və zülal sintezinin zəifləməsinə səbəb olur, bu da təbii ki, uşağın aktivliyini azaldır. Karbohidratların ancaq kompleks karbohidratlar şəklində, təbii giləmeyvə və meyvə ilə əvəz edilməsi məsləhət görülür.
Xüsusilə yayın ən isti zamanında vitaminlərin sərfiyyatı baş verir və bunu mütəmadi bərpası lazımdır. Gündəlik təzə tərəvəz, meyvə və giləmeyvə (3 yaşadək günlük 200-250 qr, 3- 7 yaş 300 qr. – dək təşkil edə bilər) uşağın menyusuna daxil edilməlidir.
Körpələrə ilk dəfə meyvə dadızdırarkən onun allergiya verə biləcəyini nəzərə alaraq ehtiyatla az – az porsiyalarla verin.

Kəmalə xanım deyir ki, qida rejimini bir qədər dəyişərək uşağın iştahasına təsir etmək olar:

-Yüksək kalorili qidalar günün səhər saatlarına və ya axşam, istinin bir qədər az olan vaxtı verilməldir. Buna ət və ət məhsulları və ya sıyıqlar aiddir.
Nahara yüngül tərəvəzli şorbalar, tərəvəz və meyvə püresi, salatlar hazırlaya bilərik. Əgər uşaq üç yaşdan kiçikdirsə, hissələrlə yeməyə üstünlük verirsə, qidanı porsiyalara bölün. Onlar üçün bu cür qidalanmaq asandır. Əsas odur ki, uşaq bol maye qəbul etsin.
Yuxuya getməzdən öncə süd və ya turş süd məhsulları verilməsi məsləhətdir.

“Baby Star” uşaq bağçasının meneceri sonda əlavə edir ki, yayda ərzağın tez xarab olmasını nəzərə alaraq məhsulları az- az alıb, kiçik hissələrlə bişirilməsi arzuolunandır:

-Uşaqlar yemək yeyərkən qızardılmış yeməklərə üstünlük verir. Yay mövsümü uyğun vaxtdır ki, uşağı qaynadılmış, buxarda hazırlanmış yeməklərə öyrədək.
Həmçinin, təzə giləmeyvə və meyvə istifadə etməmişdən əvvəl, üzərindən qaynar su axıdılmalıdır. Bununla bağırsaq infeksiyaları və helmintozların qarşısını almış olarıq.
usaq2Üç yaşa çatmamış uşaqlarla valideynlər xüsusilə diqqətli davranmalıdırlar. Çünki onların bağırsaq florası çox həssasdır. Valideynlər özləri daddıqları yeməkləri təklif etməməli, giləmeyvələri verərkən miqdarı və yuyulmasına diqqət etməlidirlər.
Dondurmadan sui-istifadə etməyin, onun tərkibində yağ və süni qarışıqlara rast gəlinir.
Mağaza və bazarlarda satılan və evdə bütün alınan məhsulların saxlanma qaydasına düzgün riayət edilməlidir. Süd məhsulları müəyyən bir temperaturda soyuducuda olmalıdır, qablaşdırma və bütövlüyünə diqqət edilməlidir. Yeri gəlmişkən, bəzən rayonlardan gələn süd məhsulları şübhəli mənşəli plastik şüşə qablara tökülür. Belə süd məhsullarını alarkən diqqətli olmaq lazımdır. Onlar müxtəlif xəstəliklər baxımından təhlükəli ola bilər.
Yayda müxtəlif bağırsaq infeksiyalarının qarşısını almaq üçün məcburi gigiyena olmalıdır. Qaydalar olduqca sadədir: şənliklərdən, gəzintidən sonra, yeməkdən əvvəl və sonra sabun və su ilə əlləri yumaq!