2 yaşa kimi uşaqlara şirin yoğurt və şirələr verməyin – ALİMLƏR

Sağlam qidalanmağın əsasları hələ körpəlikdən qoyulur.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ nutrioloqları uşaq xəstəliklərinin profilaktikası məqsədilə 2 yaşa kimi körpələrə şirin yoğurt və meyvə şirələri verməyi tövsiyə etmir.

Elmi işin müəllifləri 1000 uşağın qidalanmasını 6 aydan 2 yaşa kimi analiz edib.

Məlum olub ki, 6 aylıqdan 11 aya kimi körpələr hər gün 1-2 çay qaşığı dozasında şəkər qəbul edir. 1 yaşdan 2 yaşa kimi uşaqlar isə 5-6 qaşıq şəkər alır. Bu miqdarda şəkər onların orqanizminə şirin qidalar, yoğurt, meyvə püre və şirələri ilə daxil olur. Peçenye, vafli, konfetlər də bura aiddir.

2 yaşına kimi rasionunda normadan artıq şəkər olan uşaqlarda sonradan astma, piylənmə, kariyes, təzyiq, diabet, hormonal pozulmalar qeydə alınır.

Cinsi biliklər uşağa necə çatdırılmalıdır ? – Psixoloq izah edir

Uşaqlar bizim gələcəyimizdir və onların xoşbəxtliyi üçün hər bir valideyn əlindən gələni etməyə çalışır. Həmçinin onlara qayğı göstərmək, qorumaq da valideynlərin ümdə vəzifələrinbdən biridir. Amma son zamanlar uşaqların təhlükəsizliyi ilə bağlı bir-birinin ardınca baş verən neqativ hadisələr onlara yetərli diqqətin olmamasından xəbər verir.

Ölkə mediasında yer alan xəbərlərdən bəlli olur ki, məhz valideyn məsuliyyətsizliyi, yaxud diqqətsizliyi səbəbindən azyaşlı uşaqlar nəzarətsiz qalırlar. Onları yad adamlar aldadaraq aparır, cinsi zorakılığa, şiddətə məruz qoyurlar, yaxud özləri azaraq günlərlə ac-susuz, tənha qalmalı olurlar. Bəs görəsən uşaqlara necə nəzarət etmək lazımdır? Onları kimlərəsə etibar etmək olarmı? Valideynlər bu məsuliyyəti necə yerinə yetirirlər? Ümumiyyətlə, uşağa hansı yaşdan etibarən özünü qoruma vərdişləri aşılanmalıdır?

Bagcam.az-ın Medicina.az-a istinadən verdiyi xəəbərə görə, bütün bu suallarla bağlı psixoloq Vəfa Əkbər bildirdi ki, indiki uşaqlar çox aktivdirlər və onları nə iləsə təəccübləndirmək, marağını cəlb etmək çox çətindir. Onlar daim axtarışdadır. Bunu isə valideynlər mütləq bilməlidir:

“Valideyn bilməlidir ki, uşağı hara gedə bilər, maraqları necədir, itərsə, harada tapmaq olar. Buna görə də bu barədə uşaq daim maariflənməlidir ki, itəndə nə etmək lazımdır. Onun ciblərinə ananın, yaxud atanın mobil telefon nömrəsini, ev ünvanını yazaraq qoymaq olar ki, kimsə taparsa, tez bir zamanda o öz ailəsinə qovuşsun. 3 yaşdan yuxarı uşaqlara isə kim olduğunu, harada yaşadığını öyrətmək lazımdır. Bəzi valideynlərin diqqətsizliyindən müəyyən hadisələr baş verir. Amma bəzən də valideyn diqqətli olsa belə, uşaq o qədər aktiv, hiperaktiv olur ki, onlara nəzarət etmək xüsusilə çətin olur”

Psixoloqun sözlərinə görə, uşağı kiməsə etibar etməzdən əvvəl onu normal formalaşdırmaq lazımdır ki, öz hüquqlarını bilsin: “Uşaq kimdən nə istədiyini, necə istəmək lazım olduğunu bilməlidir ki, haqlarını qoruya bilsin, özünü əzdirməsin, müdafiə etməyi bacarsın. Bunları uşağa öyrətdikdən sonra onları kiməsə etibar etmək olar. Nənəyə, babaya. Bizdə mental dəyərlər var – uşağı hansısa qohuma, qonşuya əmanət edirlər. Uşaq orada zorakılıq, şiddət görə bilər. Hətta uşaq bəzən həmin ailələrdə ailədaxili problemlərin qurbanına çevrilir. O, psixoloji travma alır ki, bu da gələcəkdə ona böyük problemlər yarada bilər. Əgər uşağa özünü müdafiə etməyi, hüquqlarını aşılaya bilmişiksə, onu əmanət edə bilərik. Amma körpə uşaqları mümkün qədər valideynin heç kimə etibar etməməsi məsləhətdir”.

Cinsi bilgilər necə və neçə yaşından verilməlidir sualını cavablandıran psixoloq V.Əkbər bildirdi ki, bu cür bilikləri uşaqlara 3 yaşından etibarən vermək lazımdır:

“Uşaq 3 yaşından etibarən artıq anlayır ki, qadın-kişi fərqlənir. Adətən bağçalarda müşahidə edilir ki, uşaqlar bir-birinin alt paltarına baxırlar ki, bu oğlan paltarıdır, bu qız. Dediyim kimi, 3 yaşından uşaqlarda eqo formalaşır. Onlara bu bilgiləri aşılamaq lazımdır. Uşağın hansı cinsiyyətə aid olmasını, müəyyən bioloji faktorları başa salmaq lazımdır. Amma uşağın öz dilində, hansısa nağıl, yaxud cizgi filmi dilində olsun ki, başa düşə bilsin. Onun arxasınca etik normativlər gəlir. Misal üçün, nələri etməliyik, yaxud nələri etməməliyik. Bu məqamda isə valideyn özü nümunə rolu oynamalıdır ki, uşaq da ona baxıb bu davranışları qavrasın. Valideyn özü bu qaydalara əməl etmirsə, məsələn, ictimai yerlərdə hansısa lazımsız ifadələr işlədirsə və ya ictimai yerdə heç çəkinmədən paltarını dəyişirsə, uşaq da təbii ki, bunlara əməl etməyəcək”.

Uşağın fototerapiyaya ehtiyacı olub-olmadığını necə bilmək olar?

Çox vaxt yeni doğum etmiş analar sarılığı olan övladının fototerapiyaya ehtiyacı olduğunu eşidəndə, ilk reaksiyaları bəlli səbəblərdən inamsızlıqla bağlı olur. Bu inamsızlığın qaynağında bəzi özəl klinikaların rolu əvəzsizdir. Təəssüf ki, bəzən imtina edənlər də olur ki, bu durumda fəsadlar qaçılmazdır.

Bəs Analar övladının həqiqətən fototerapiyaya ehtiyacı olub-olmadığını necə bilsinlər?

Bagcam.az xəbər verir ki, məsələ ilə bağlı Medicina.az-a tanınmış pediatr Günay Rəsulova açıqlama verib. Onun sözlərinə görə, uşaqda yuxululuq, süstlük, ağlamamaq, əmməmək kimi əlamətlər olarsa, mütləq həkimə müraciət edilməlidir:

“Əvvəlcə onu deyim ki, sarılıq yenidoğanların ən az 2/3 də fizioloji, yəni normal olaraq baş verir. Bəzi körpələrdə isə bu, pataloji ola bilər (rezus, qan qrup uyğunsuzluğu və s.). Yəni ilk günlərdə normadan artıq sərbəst bilirubin artışı baş verir və bu səviyyə əsasən bilirubin dəyəri 12mg/dl yuxarı olanda uşaq “saralmış” görünür. Sarılığın uşaqda normadan çox olmasının bir sıra səbəbləri var. Uşaqda, qanda bilirubin ölçülərək, həkim tərəfindən bu rəqəm dəyərləndirilir və sarılığın müalicəyə yoxsa sadəcə təqibə ehtiyacı olduğuna qərar verilir. Müalicədə, bilirubin dəyərlərinə uyğun olaraq fototerapiya və ya qan dəyişməyə qərar verilir. Bu qərar, yenidoğanın hər sutkasına uyğun bilirubin dəyərindən asılıdır. Həkimlər bu qərarı xəstəxanada yatan və hestasiya yaşı 35 həftə və ondan çox körpələrdə fototerapi tətbiq rəhbərinə uyğun olaraq verir. Misal üçün uşaq 3-cü sutkasındadırsa (orta dərəcə riskli körpə) və bilirubin dəyəri 16mg/dl olarsa, fototerapiya lazımdır.

Aşağı riskli körpələrdə (38 həftə çox və tam normal) isə bu rəqəm 17-18 gr/dl-dir. Bu göstərişə şübhə etməməli, müalicədən imtina edərək körpəni riskə atmamalısınız! Ən azından başqa bir klinikada bu göstərişin həqiqi olub-olmadığını dəqiqləşdirmədən körpəni evə aparmamalısınız. Bu günlərdə bir ana bunu etdi və körpədə bilirubin get-gedə daha da artaraq qan dəyişmə dərəcəsi və artıq sarılıq beyinə təsir etməyə (kernikterus) başladı”.

Uşaqlarda yaddaşı və zehni inkişafı artırmağın yolları

Ana südündən sonra əlavə qidaya keçid başlayır. Uşaqlar sağlam qidalanmalıdır. Uşaqların inkişaf dövründə balıq, rəngli tərəvəzlər, yumurta, ət və vitaminlə zəngin olan meyvələr, süd, qatıq kimi yaddaşa və zehnə müsbət təsir edən qidalara üstünlük verilməlidir.

Yuxu böyüklərdə olduğu kimi uşaqlar üçün də çox vacibdir. Körpəlikdən etibarən sağlam və kəsintisiz yuxuya sahib olmaq lazımdır. Yuxu uşağın inkişafına çox təsir edir.

Oyun uşaqların ən sevdiyi fəaliyyət növüdür. Oyuncaqlar və oyunlar da uşaqların inkişafına müsbət təsir etməlidir. Uşağın yaş dövrünə uyğun pazl, şahmat, test kimi oyunları seçə bilərsiniz.

Zehni inkişafa təsir edən digər faktor idmandır. İdman etmək, hərəkət etmək sinaptik əlaqələrin inkişafında böyük rol oynayır. Uşaqlar kiçik yaşlardan etibarən idmanla məşğul olmalıdır.

Uğur üçün məcbur etmək uşaqlarımızı xəstə edir?

St. Louis Universitetinin Tibb Fakultəsində uşaq həkimi və müəllim olan Stuart Slavin, stresin təsirləri mövzusunda tanınan şəxsdir. Dr. Slavinlə iş yoldaşları, tələbələri arasında qayğı və depresiya səviyyələrinin üst səviyyəyə çıxdığını gördüklərində, proqramlarını yenidən hazırlayıblar. Tanıtım dərslərində keçdi/qaldı tətbiqi başladılıb, iki həftədən bir yarım günü boş saxlayıb, şagirdlər arasındakı əlaqələri gücləndirmək üçün kiçik öyrənmə qrupları formalaşdırmışdılar. Bunun nəticəsində  altı il içində şagirdlərin depresiya və qayğı səviyyələri olduqca geriləmişdi.

Təhsildən gözləntilər artıq nəzarətdən çıxmış vəziyyətdədir. Uşaqlarımız məktəbdə yeddi saat keçirdikdən sonra gecə gec saatlara qədər ev tapşırığı edirlər, hər gün müxtəlif məşğələlərə girirlər. Həftə sonları isə başqa yorucu tapşırıqlar edirlər. Etdikləri hər şey yaxşı bir universitetə, qiptə ediləcək bir işə və uğurlu həyata uzanan nərdivanın pillələrindən biri olaraq düşünülür. Yoxsulluq içində yaşayan və universitetə getməyə can atan uşaqlar da eyni yarışa girirlər, həm də şanslı həmyaşıdları qədər dəstəklənmirlər, həm də burs ala bilmək üçün daha çox əmək sərf eləmək məcburiyyətində qalırlar. Universitetə getməyi düşünməyənlər belə məktəbəqədər dövrdən başlayaraq, əzbər və şəxsi olmayan məlumatların altında əzilirlər.

Ancaq bu uğur cəhdi, uşaqların inkişafını gücləndirəcəyinə onların sağlamlıqlarını eroziyaya uğradır, potensiallarını zəiflədir. Müasir təhsil uşaqlarımızı xəstə edir.

Gənclərin üçdə biri, Amerika Psixoloji Dərnəyinə stresə görə üzüntü və depresiyaya itələdiklərini, tək vacib stres qaynaqlarının isə məktəb olduğunu söyləyir. Xəstəlikləri əngəlləmə və Nəzarət etmə mərkəzinə görə isə amerikan gənclərinin böyük əksəriyyəti, yaşları üçün lazım olan saatdan iki saat az yatır. Araşdırmalar isə gənclərin nə qədər tapşırıq edirlərsə, o qədər az yatdıqlarını göstərir. Keçən il hazırlanan bir sorğuda, universitetlərdəki rəhbərlik koordinatlarının 94 faizi, ciddi psixoloji problemləri olan şagirdlərin sayında artım müşahidə etdiklərini bildirmişdi.

Yaş skalasının digər ucuna baxdığımızda isə həkimlər məktəb çağındakı uşaqlarda miqren də daxil bir çox xəstəliklərə rastlayıblar. Bir çox həkim bu vəziyyətlə performans basqısı arasında bir əlaqə olduğunu düşünür.

Təhsil işçilərinin, valideynlərin və uşaqların nələrisə dəyişdirməyə qərar verməsilə, İrvington liseyi artıq ölkədəki digər sağlıqlı olmayan məktəblərdən ayrılır. Müəllimlər tapşırıq tələblərini yenidən gözdən keçirir, məsələn bəzi vəziyyətlərdə unudulan tapşırıqlara nəzər yetirilərək hər sinif üçün hər axşam ən çox iyirmi dəqiqəlik tapşırıq verilməsi ya da həftə sonlarında tapşırıq verilməməsi kimi qaydaları yenidən tətbiq edirlər. Əslində araşdırmalar da tapşırıqların limitlənməsini dəstəkləyir. Şagirdlər isə sağlam vərdişlər formalaşdırmağa və günlük proqramlarını nizamlamağa çalışır. Son iki ildir rəhbər müəllimlər hər şagirdlə tək-tək görüşərək, dərs yüklərini idarə edə bilməsi mövzusunda yol göstərir.

On altı illik peşə həyatında problemin gedərək pisləşdiyinə şahidlik edən İrvingtondakı müəllimlərdən biri “Saatlı bir bombanın üzərində otururuq” deyir.

Berkeleydəki Kaliforniya Universitetindən, sağlamlıq üzrə ekonomist Richard Scheffler, “Sağlamlıq üzərindəki təsirlərin bir çoxu ortaya çıxmış vəziyyətdədir, amma daha da çoxu uşaqlarımıza həyatları boyunca təsir edəcək”.

Təzyiq paradoksal bir formada, uşaqlarımızın uğur hədəflərinə çatmasına köməklik etmir, tam əksinə buna zərər verir. Müəllimləri, universitet şagirdlərinin çoxunun tənqidi düşünmə bacarığına sahib olmadığının fərqindədir. Təzyiq azalarsa, uğurun da azalacağına dair gəlinən qənaətin əksinə, stresin azaldılması üçün izlənlən strategiyadan sonra St. Louis tibb fakultəsi şagirdlərinin  imtahanlarda aldıqları ballarının artdığı müşahidə edildi.

İrvingtondakı islahatların təsirini görmək üçün hələ çox tezdir, amma təhsil işçiləri gələcək vəd edən əlamətlər görürlər. Əvvəllər məktəbin rəhbərlik bölümündən sinifdə emosional partlayışlar yaşayan şagirdlərlə bağlı kömək istənilərkən, artıq belə hadisələrə demək olar ki, rastlaşılmır.

İrvington nümunəsindən çıxarılacaq dərslər var. Valideynlər, təhsil işçiləri və şagirdlər birlikdə çalışaraq kiçik amma vacib dəyişiklilər yarada bilərlər: Gündəlik tapşırıqların limitlənməsilə həftə sonu və tətil tapşırıqlarının ləğv edilməsi, şagirdlərin rəhbər müəllimləri tərəfindən yönləndirilməsi və şagirdlərin inkişafını ənənəvi imtahanlar yerinə, daha yaradıcı üsullarla göstərə bilmələri kimi.. Başqa məktəblər də bu mərhələlərdən keçir. İnsanlar artıq diplomlar ya da sertifikatlar üçün yarışmaq əvəzinə, mənalı şeylər öyrənməyin, bütünlüyün, məqsəd və şəxsi bağların ortaya çıxması üçün cəhd edir, uşaqlar riskə atmaq əvəzinə sağlam olmağı seçir.

Mənbə: egitimpedia.com

 

Övladınıza yeni hobbi qazandırmaq üçün…

Hər uşaq fərqli istiqamətlərdə inkişaf göstərə bilər. Uşağınıza yeni hobbi qazandırmaq istəyirsinizsə, ilk etməli olduğunuz onun maraq dairəsini və xoşu gələn fəaliyyət növlərini müşahidə etməkdir. Öz istəkləriniz və gözləntilərinizin yerinə övladınızın istedadına diqqət edin.

Uşağınızın maraq dairəsini 2-3 yaşından etibarən müşahidə edə bilərsiniz. Bu yaş dövründə rəsm, musiqi, maket qurmaq və ya pazl kimi hobbilər onun üçün uyğun hobbilərdir. Məktəb dövründə isə fiziki bacarıqlarını üzə çıxara bilərsiniz.

Övladınız yeni hobbi qazandırmaq istəyirsinizsə, bunu məcburiyyət kimi yox, oyun kimi təqdim edin. Hobbi, uşağın zövq aldığı bir fəaliyyət olmalıdır. Hobbi oyun kimi görünsə, asanlıqla vərdişə çevrilə bilər. Uşaqlar yeni vərdişlər qazanarkən valideynlər onlara yoldaşlıq etməlidir.

Xüsusilə, azyaşlı uşaqlar uğurlarının qarşılığında rəğbət görmək istəyərlər. Uşağınızın yeni hobbisi olmasına kömək etmək istəyirsinizsə, marağı olan sahə ilə bağlı onu təşviq edin. Onunla maraqlandığınızı göstərin.

Mənbə: qadin.net

Uşaqlar niyə onanizmlə məşğul olur?

Uşaqlarda anonizm normal fizioloji proses olub, onu cinsi inkişafının bir mərhələsi hesab olunur. Təəssüf ki, bir çox valideynlər bunu demək olar ki, böyük faciə kimi qəbul edir, bəzi hallarda isə uşaqlarını cəzalandırırlar. Bəs görəsən, onanizm nədir və valideynlərin buna münasibəti necə olmalıdır?

Bagcam.az Meidicna.az-a istinadən psixoloq Turan Əliheydərovanın valideynləri qorxudan bu zərərli vərdiş barədə geniş açıqlamasını və məsləhətlərini təqdim edir.

“Zərərli uşaq vərdişləri – bu, uşağın psixi və fiziki inkişafına neqativ təsir göstərən hərəkətlərdir. Uşağın istənilən pis vərdişləri ətrafdakılara, ələlxüsus də valideynlərdə onlara qarşı mübarizə aparmaq istəyi yaradır.

Beləliklə, əgər uşağınızı anonizmlə məşğul olarkən görsəniz, ona qışqırmaq, döymək lazım deyil.

Bu məsələ bir qədər səbr və düzgün yanaşma tələb edir. Çalışın övladınızın diqqətini sakit tərzdə, emosiyasız başqa səmtə yönəldəsiniz. Artıq uşaq sizinlə danışmağa hazır olduqda onunla gördüyünüz səhnəni müzakirə edin, qətiyyən danlamayın və ya qorxuzmayın. Uşağı sakitləşdirin və izah edin ki, bu, sizin ona qarşı olan sevginizi azaltmayacaq. Əgər siz mehribanlıq və qayğı nümayiş etdirsəniz, övladınızı tezliklə bu vərdişdən uzaqlaşdıra bilərsiniz.

Uşaqlar nəyə görə anonizmlə məşğul olurlar?

Əvvəlcə başa düşmək lazımdır ki, uşaq və böyüklərdə anonizm fərqli xarkterlidir. Praktiki olaraq, bütün uşaqlar bu mərhələni keçirlər. Bəzilərində anonizm əlamətləri artıq 5-6 aylığında başlayır – uşaq gözlənilmədən gərilir, qızarır, daha sonra sakitləşir.

Daha yuxarı yaşlarda belə problemlər qəbizlikdən yaranır – bu zaman gərginlik cinsi orqanlara ötürülür, daha sonra təbii boşalma baş verir və uşaq xoş təəssüratlar yaşamaq üçün üsullar axtarmağa başlayır. Özü-özlüyündə vücudun bu cür tədqiq olunması patologiya hesab olunmur. Burada söhbət daha çox bu prosesə valideynlərin münasibətindən gedir. Anonizmlə məşğul olan uşağı gördükdə valideyn ona başa salır ki o, pis işlə məşğul olur və belə çıxır ki, uşaq özü də pisdir.

Əgər onanizm gizli və qeyri-sistematik xarakter daşıyırsa, bu, çox güman ki, oyundur, öz vücudun öyrənilməsidir. Uşaq onanizmlə açıq şəkildə və sistematik məşğul olursa, bunun səbələri daha dərindir.

Anonizmin inkişaf etməsində başlıca psixoloji səbəb bir qayda olaraq, valideynlərin emosional soyuqluğu və yaxud da uşaqda özünü lazımsızlıq hissinin yaranmasıdır. Belə vəziyyətdə o, müsbət emosiyalar mənbəyi axtarmağa başlayır – öz vücudu, anonizm, barmağın sorulması və s. Burada daha bir məqama da diqqət yetirmək lazımdır. Bəzən valideynlər uşağa ifrat dərəcədə nəvaziş göstərirlər ki, bu da xoşagəlməz nəticələr verə bilər.

Ailənin tək uşaqları qeyd olunan məsələ ilə bağlı dahə həssasdırlar. Onların ünsiyyətdə olmaq üçün bacı və qardaşları yoxdur. Bu zaman onlar valideynlərin əhval-ruhiyyəsindən asılı vəziyyətə düşürlər. Əhval-ruhiyyə isə dəyişkəndir və bu da öz əksini uşaqda tapır. Əgər uşaq aktiv temperamentə malikdirsə, o, hisslərini ifadə etmək üçün dərhal özünə yeni mənbələr axtarmağa başlayır.

Uşaqların zorla yedizdirilməsi anonizm vərdişinin yaranmasına səbəb ola bilər. Valideynlər lazım olmayan, xüsusən də uşağın xoşuna gəlməyən qidanı ona yedizdirdikdə o, zövq almır. Bu zaman orqanizmin ən həssas nahiyəsi işə düşür. Bu isə reflektor olaraq, dodaq və ağızın selikli qişasıdır, lakin digər həssas – genital nahiyə ilə əlaqədardır. Əgər ağız nahiyəsi “susursa”, bu zaman genital zona oyanır və uşağı narahat edir. O, cinsiyyət orqanlarına toxunmağa başlayır və oyanıqlığın azalmasını hiss edir. Siz uşağı zorla yedizdirir, o isə oyanıqlığını azaltmağa davam edir. Bu vərdiş uzun müddətlik oturuşur.

Uşaqların cinsiyyət orqanları gigiyenik qaydalara düzgün əməl olunmadıqda və ya bu qaydalara ifrat dərəcədə əməl olunduqda qıcıqlanma yaranır. Bunlar da, həmçinin spesifik hisslər yaradır.

İstənilən halda, onanizm əsəb gərginliyinin aradan qaldırılmasına xidmət göstərir. Və əgər bu, uşağınızda müşahidə olunarsa, gərginlik və narahatlığın səbəbini tapmaq lazımdır.

Valideynlər nə etməlidir?

Uşağınızda onazim vərdişini tərgitdmək üçün valideynlərə aşağıdakı tədbirlər tövsiyə olunur:

Səbəbi tapıb, aradan qaldırın;

  • Uşağı danlamayın, qorxuzmayın, xüsusən də kənar adamların yanında;
  • Uşağı zorla yedizdirməyin;
  • Sərbəst alt paltarları geyindirin;
  • Uşağın tez yuxuya getməsini diqqətdə saxlayın;
  • Uşaqlarınıza nəvaziş göstərin, onları sevin və başa düşün!;
  • Father comforts a sad child. Problems in the family

    Əgər problem dərinləşərsə, psixoloq və uşaq nevroloquna mürciət edin.

“5 yaşınadək uşaqlar düzgün qidalanmır”

Dünyada beş yaşınadək olan hər üç uşaqdan biri, yəni cəmi 200 milyon azyaşlı ya doyunca qidalanmır, yaxud da artıq çəkidən əziyyət çəkir.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) uşaqların qidalanmasına və sağlamlığına həsr olunan məruzəsində bildirilir.

Məruzədə deyilir ki, 6 aydan 2 yaşadək hər üç uşaqdan ikisinin rasionu sağlam qida normalarına uyğun gəlmir. Həmin uşaqlar onların boylarının artması və inkişafı üçün zəruri olan bəsləyici maddələri doyunca qəbul etmirlər. Bu, zəif immunitet, infeksiyalara yüksək həssaslıq, təlimin aşağı səviyyəsi və intellektual inkişafın ləngiməsi kimi problemlərə gətirib çıxara bilər.

“Son onilliklərin texnoloji, mədəni və sosial tərəqqisinə baxmayaraq, biz çox sadə həqiqət barədə unutmuşuq: əgər uşaqlar pis qidalanırsa, deməli pis yaşayır. Milyonlarla uşağın qidalanma rejimi çox pisdir, onların sadəcə, başqa seçimləri yoxdur”, – deyə UNICEF-in başçısı Genrietta For bildirir.

“Biz doyunca qidalanmamaya qarşı öz münasibətimizi dəyişməliyik: iş təkcə uşaqların nə qədər yeməyində deyil, həm də nə ilə qidalanmasındadır”, – deyə For əlavə edib.

Məruzədəki göstəricilərə görə, doyunca yeməmək səbəbindən dünyada 5 yaşından aşağı olan təqribən 150 milyon uşaq yetərsiz boy artımından, 50 milyonu isə çəki azlığından əziyyət çəkirlər. Bununla yanaşı, bu yaş qrupunda olan 40 milyon uşaq pis, tarazlaşdırılmamış qidalanma ucbatından artıq çəkidən əziyyət çəkir.

Ekspertlər qeyd edirlər ki, qidalanma ilə problemlər körpənin ilk aylarından başlayır. Belə ki, yenidoğulanların yalnız 42 faizi ana südü ilə qidalanır. Orta gəlirdən yuxarı səviyyəli olan Braziliya, Çin və Türkiyə kimi ölkələrdə uşaqlar üçün südlü sıyıqların satışı son 5 ildə 72 faiz artıb.

Daha sonra, yaşyarımlıq uşaqların “böyüklərin yeməyi”nə öyrəşdirilməsi zamanı onlardan təxminən yarısının rasionunda meyvə və tərəvəzlər olmur. 6 aylıqdan tutmuş 2 yaşadək uşaqların 60 faizi yumurta, süd məhsulları, balıq və ət ilə qidalanmırlar.

Məktəbyaşlı uşaqlar tez-tez yarımfabrikatlar və “fastfud” qidalar qəbul edirlər. Aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə məktəblilərin 42 faizi hər gün şirin qazlı içkilər içir, 46 faizi isə azı həftədə bir dəfə “fastfud” restoranlarında qidalanır. Yüksək gəlirə malik ölkələrdə bu göstəricilər müvafiq olaraq, 62 və 49 faiz təşkil edir.

Mütəxəssislər qeyd edirlər ki, nəticədə, 2000-ci ildən 2016-cı ilədək olan dövrdə artıq çəkiyə malik uşaqların sayı iki dəfə artıb. Hazırda 5 yaşdan 19 yaşadək olan uşaqlar arasında hər beşincisi artıq çəkidən əziyyət çəkir.

UNICEF-də uşaqlar arasında doyunca yeməmək və qeyri-sağlam qidalanmaya qarşı bir sıra tədbirlər təklif edirlər. Onların sırasına zərərli ərzaqlara tələbatın azaldılması tədbirləri, o cümlədən şəkərtərkibli içkilərə əlavə vergi tətbiq olunması, uşaqlar üçün nəzərdə tutulan qida məhsullarının reklam və marketinqi üzərində qanunvericilik nəzarətinin qoyulması daxildir.

Ayaqqabının tərs geyindirilməsi işə yarayırmı?

Son zamanlar uşaqlar arasında, əsasən də qız uşaqlarında böyüdükcə ayaqlarında problemlər yaranır. Bu problemlərdən ən geniş yayılanları içəbasma, düz ayaqlılıq müşahidə edilir. Bəzən valideynlər uşaqlarında olan bu kimi ayaq problemlərinin aradan qaldırmaq üçün həkimə müraciət etmək yerinə nənələr tərəfindən məsləhət görülən üsullara üstünlük verirlər. Bu üsullardan biri də ayaqları düzəlməsi üçün yenicə gəzməyə başlayan uşağa ayqqabılarının tərs geyindirilməsidir.

Bəs görəsən, ayaqqabının tərs geyindirilməsi həqiqətən də işə yarayırmı? Ayaqlarının altı düz olan insanlar gələcəkdə ciddi ürək və sair orqanların xəstəlikləri ilə üzləşirlərmi?

Bagcam.az-ın verdiyi xəbərə görə, Medicina.az-ın suallarını ortoped-travmatoloq Ceyhun Quliyev cavablandırıb:

İçəbasma problemi olan uşaqlara ayaqqabını tərs geyindirməyin heç bir xeyri yoxdur.

“İçəbasma dedikdə, pəncənin içəriyə doğru dönük olmasından söhbət gedir. Çox zaman içəbasma problemi potologiya kimi qəbul olunmur. 90 faiz hallarda içəbasma fizioloji hal kimi qiymətləndirilir. Əgər bu problem uşaqda ciddi fəsad vermirsə, məsələn yeridikdə bir ayağı o birinə ilişərək yıxılmırsa, o zaman həkimlər bunu bir xəstəlik olaraq görmürlər və gözləmə mövqeyini tuturlar.

Uşağın inkişafı nəzarətə götürülür. Belə ki, əyriliyin dərəcəsindən asılı olaraq uşaq 6 aydan və ya 1 ildən bir müayinə edilir. Çünki uşaq böyüdükcə bu problemin heç bir müdaxilə olmadan düzəlmə ehtimalı yüksəkdir. Əgər uşaq böyüdükcə problem yalnız kosmetik olaraq qalırsa, onda da bu ciddi problem kimi qəbul edilmir.

İçəbasma yalnız uşağı yeriməyinə və qaçmağına maneə yaratdığı təqirdə həkim tərəfindən müdaxiləyə ehtiyac yaranır ki, bu zaman da çıxış yolu yalnız cərrahi əməliyyatdır. Amma buna çox nadir hallarda rastlanir. İçəbasma problemi əksər hallarda öz-özündən aradan qalxır”.

Bəzən həkimlər bu problemi yaşayan uşaqlara ortopedik ayaqqabı geyinməyi və masaj məsləhət görürlər. Ayaqda olan hər hansı bir ortopedik problem aradan qalxmır. Bu çox səhv düşüncədir. İçəbasma zamanı masajın da heç bir təsiri olmur. Problemin aradan qalxması üçün uşağa kalsium içirənlər də az deyil. Amma bunlar sadəcə olaraq böyüməkdə olan uşaq orqanizmini daha da yükləyir. Çünki bu problem bud-çanaq oynağının fizioloji quruluşundan irəli gəlir.

“Təcrübəmizdə həm də içəbasmanı aradan qaldırmaq üçün bir çox anaların uşağa ayaqqabısını uzun müddət tərs geyindirmələri ilə də tez-tez rastlaşırıq. Bu da çox yalnışdır. İçəribasma problemi bununla da aradan qalxmır. Əksinə ayaqqabını tərs geyinmək bir sıra fəsadlara yol açır. Bu zaman içəbasma problemi olduğu kimi qalır amma uşaqda başqa ayaq problemləri yaranır. Çünki ayaqqabını tərs geyinmək ayağın quruğuşu dəyişdirir. Ayaqqabını uzun müddət tərs geyinməyə öyrəşən uşaq bundan sonra onu düz geyinməyə və onunla yeriməyə öryəşməlidir. Bu isə uşaq üçün çox çətin olur”.

“Öskürək əleyhinə siropları uşaqlara verməyin”

Öskürək-orqanizmin müdafiə reaksiyasıdır. Öskürəklə gedən xəstəliklər bunlardır:

  • Tənəffüs sistemi xəstəlikləri (sinusit,bronxit,pnevmoniya)
  • Mədə bağırsaq xəstəlikləri (Reflyuks xəstəliyi)
  • Ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları (Sekvestr)
  • Vərəm
  • Allergik xəstəliklər, Astma və s.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, son zamanlar valideynlər uşaq öskürən kimi birinci öskürək siroplarına üz tutur, ən müxtəlif tərkibdə və qiymətdə siropları alaraq, uşağın mədəsini doldurur. Sonra isə uşağın sağalmadığından gileylənir.

Siropların ümumiyyətlə, niyə təyin olunması, faydası olub-olmaması barədə tanınmış həkim pediatr Günay Rəsulovadan münasibət öyrəndik.

Həkim bildirdi ki, öskürəklə gedən xəstəliklər zamanı əsas səbəbi tapıb səbəbə yönəlik müalicə aparılmalıdır. Yerli yersiz istifadə edilən “öskürək siropları” öskürəyi daha da artıra, körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə edilib, uyğun müalicə təyin edildikdən sonra belə öskürək bir müddət hətta 2 aya qədər də davam edə bilər. Müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır. Öskürəyi olan uşağa kömək etmək məqsədilə bol maye verilməsində fayda var. Su ən yaxşı bəlğəm durulaşdırıcıdır,uşağın vəzuyyətinin yüngülləşməsində çox kömək olur.

Uzun sürən öskürəklərdə mütləq Reflyuks xəstəliyi, Allergik xəstəliklər, Astma inkar edilməlidir. İnağ zamanı xüsusilə qıcıqlandırıcı siroplar uşaqlarda boğulmanı artıra bilər.

Bundan başqa uşaqlarda çox ağır öskürək şikayətləri ilə gedən göy öskürək infeksiyon xəstəliyindən qorumaq üçün peyvəndlər mütləq olunmalıdır.

Valideynlər lazım oldu olmadı siroplara büdcə və vaxt xərcləməkdən vaz keçməlidir.