Uşağın fototerapiyaya ehtiyacı olub-olmadığını necə bilmək olar?

Çox vaxt yeni doğum etmiş analar sarılığı olan övladının fototerapiyaya ehtiyacı olduğunu eşidəndə, ilk reaksiyaları bəlli səbəblərdən inamsızlıqla bağlı olur. Bu inamsızlığın qaynağında bəzi özəl klinikaların rolu əvəzsizdir. Təəssüf ki, bəzən imtina edənlər də olur ki, bu durumda fəsadlar qaçılmazdır.

Bəs Analar övladının həqiqətən fototerapiyaya ehtiyacı olub-olmadığını necə bilsinlər?

Bagcam.az xəbər verir ki, məsələ ilə bağlı Medicina.az-a tanınmış pediatr Günay Rəsulova açıqlama verib. Onun sözlərinə görə, uşaqda yuxululuq, süstlük, ağlamamaq, əmməmək kimi əlamətlər olarsa, mütləq həkimə müraciət edilməlidir:

“Əvvəlcə onu deyim ki, sarılıq yenidoğanların ən az 2/3 də fizioloji, yəni normal olaraq baş verir. Bəzi körpələrdə isə bu, pataloji ola bilər (rezus, qan qrup uyğunsuzluğu və s.). Yəni ilk günlərdə normadan artıq sərbəst bilirubin artışı baş verir və bu səviyyə əsasən bilirubin dəyəri 12mg/dl yuxarı olanda uşaq “saralmış” görünür. Sarılığın uşaqda normadan çox olmasının bir sıra səbəbləri var. Uşaqda, qanda bilirubin ölçülərək, həkim tərəfindən bu rəqəm dəyərləndirilir və sarılığın müalicəyə yoxsa sadəcə təqibə ehtiyacı olduğuna qərar verilir. Müalicədə, bilirubin dəyərlərinə uyğun olaraq fototerapiya və ya qan dəyişməyə qərar verilir. Bu qərar, yenidoğanın hər sutkasına uyğun bilirubin dəyərindən asılıdır. Həkimlər bu qərarı xəstəxanada yatan və hestasiya yaşı 35 həftə və ondan çox körpələrdə fototerapi tətbiq rəhbərinə uyğun olaraq verir. Misal üçün uşaq 3-cü sutkasındadırsa (orta dərəcə riskli körpə) və bilirubin dəyəri 16mg/dl olarsa, fototerapiya lazımdır.

Aşağı riskli körpələrdə (38 həftə çox və tam normal) isə bu rəqəm 17-18 gr/dl-dir. Bu göstərişə şübhə etməməli, müalicədən imtina edərək körpəni riskə atmamalısınız! Ən azından başqa bir klinikada bu göstərişin həqiqi olub-olmadığını dəqiqləşdirmədən körpəni evə aparmamalısınız. Bu günlərdə bir ana bunu etdi və körpədə bilirubin get-gedə daha da artaraq qan dəyişmə dərəcəsi və artıq sarılıq beyinə təsir etməyə (kernikterus) başladı”.