“Azərbaycanda ilk dəfə 225 uşağın iştirakı ilə tamaşa hazırlanır”

24 dekabrda “Education Management Network” Şirkəti “Baby star”,  “İndigo” Nərimanov uşaq bağçalarının uşaqlarının iştirakı ilə yeni il tamaşası təşkil edəcəkdir. Tamaşaya hazırlıq Oktyabr ayından başlayıb. 

Tədbirin əsas məqsədi və quruluşu barədə tamaşanın rejissoru Rafiz Mehdizadə GSR.fm-ə məlumat verib.

Rafiz Mehdizadə deyib ki, hər bir bağçada məşq prosesi artıq başa çatıb: “Bayramımız 2 hissədən ibarət olacaq. Birinci hissədə uşaqların nağılı oynanılacaq və bu nağıl 45 dəqiqə ərzində nümayiş olunacaq. İkinci  hissə fərdi olacaq və 1 saat ərzində uşaqların rəqsləri, şeirləri, nəğmələri, şaxta babaya hədiyyələri göstəriləcək. Biz bu tədbirin ssenarisini qurarkən çətinlik çəkdik,  çünki, 125 uşağın iştirak edəcəyini  nəzərdə tutmuşduq, amma artıq bağçalarımızda 225-dən çox uşaq var. Həmçinin, tamaşa daxilində nağılları birləşdirən 7 metr uzunluğunda qatar təşkil etmişik. Bu qatar da yeni il karnavalıdır ki, 2015-ə gedir və bütün nağıl qəhrəmanlarını özü ilə 2015-ə aparır. Ümumi belə bir xəttimiz var: şaxta baba insanlardan küsüb və bu il yer üzünə düşməyəcək. İnciməyinin səbəbi isə uşaqların  çox oxumağı və bunun nəticəsində əyləncəyə az vaxt ayırmalarıdır. Belə bir səhnəni qurmaqla valideynlərə çatdırmaq istəyirik ki, uşaqlar həm də əylənməlidir”.

Rejissor uşaqlarla tamaşa hazırlamağın çətinliklərindən də danışıb: “Deyə bilərəm ki, Azərbaycanda ilk dəfədir ki, uşaqlarla belə iş görülür. Çünki ümumi tədbirdə 225-dən çox uşaq iştirak edir. Uşaqlarla belə bir böyük iş görməkdə məqsədimiz onların hesabat verməsi deyil, biz istəyirik ki, uşaqların xatirəsində xoş gün olaraq qalsın. Biz səhər saat 10-dan axşam saat 6-ya qədər məşq ediridik. Mən uşaqların, uşaqlar da mənim kaprizimə dözür. Çətin olur ona görə  ki, bəzi uşaqların 3 yaşı var və hələ onlar özlərini tanımamış biz onlara hansısa bir obrazı tanıdırıq. Uşaq var ki,  heç vaxt rəqs etməyib,  etsə də özü bildiyi kimi edib və valideynləri onu alqışlayıblar. Bir uşağın işi o biri uşaqdan qavramağı da çətin olur. Belə çətinliklər fərdə görə dəyişir. Elə uşaqlar da var ki, aktyorlarımızdan yaxşı oynayır”.

Rafiz Mehdizadə deyir ki, tamaşa uşaqlara əyləncədən başqa özünü ifadə imkanı da yaradır: “Biz bu gün bu işi sırf iş xatirinə qurmuruq. Bəzən valideynlər uşaqlarının danışmasına, yeriməsinə sevinirlər. Amma bəzi uşaqların danışığında “ş” “s” “r” problemi olur. Bunların hamısı onlara özlərini ifadə etməsində problem hesab olunur. Biz də bunu düzəltməyə çalışırıq. Uşaqlarda sağ ayağı qoyanda sol çiyin qabağa gedirsə bu artıq bədən quruluşunun problemidir. Bir müəllim olaraq öyrətməliyik ki, sağ ayaq qoyulanda sol ciyin qabağa getməlidir. Bunların hamısı onlara mənimsədilir ki,  400 nəfərlik kütlə qarşısında  uşaqlar özlərini rahat ifadə edə bilsinlər”.

“Bağçamızda Kurikulumun tətbiqi uşaqlarda fəallığı artırır”

kamile“Azərbaycan Respublikasında Məktəbəqədər Təhsil Proqramı – Kurikulum Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Mövcud məktəbəqədər təhsil proqramının müasir tələblərə cavab verməməsi, proqramın müəllimyönümlü və təklifyönümlü olması, inteqrativliyin nəzərə alınmaması, proqramın mürəkkəbliyi, tərbiyəçi-uşaq münasibətlərinin birtərəfli olması Məktəbəqədər Təhsilin Kurikulumu islahatını zəruri edən səbəblərdir”.

Bağçalaradakı Kurikulum sistemi ilə bağlı öz fikirlərini “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bölüşüb: “3-6 yaş dövrü uşaq inkişafında mühüm dövrdür. Uşağın məktəbdəki uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyatda iştirak etməsi məktəbəqədər dövrdə qoyulmuş təməldən asılıdır. Məhz bu dövrdə uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlər formalaşır və əldə edilmiş bilikləri praktik fəaliyyətdə müstəqil tətbiq etmək bacarığı yaranır. Məktəbəqədər təhsilin kurikulumu hazırlanarkən aşağıdakı prinsiplər əsas götürülüb:

  • uşaqyönümlülük
  • nəticəyönümlülük
  • inkişafyönümlülük
  • inteqrativlik
  • hər bir uşağın inkişafı üçün bərabər şəraitin yaradılması
  • milliliyin və dünyəviliyin nəzərə alınması
  • uşaqların məktəb təliminə hazırlanmasının zəruriliyi

Millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsidir.

Kurikulum şəxsiyyətyönümlü xarakter daşıyır. Cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşmasını təmin edir. Kurikulum 3 hissədən ibarətdir: 1.Məktəbəqədər Təhsilin Məzmunu 2.Təlim strategiyaları 3.Uşaq inkişafının izlənilməsi və dəyərləndirilməsi.

Məktəbəqədər Kurikuluma görə uşaqların inkişafını 4 sahədə həyata keçirmək olar:

*Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik

*İdrakın inkişafı

*Estetik və yaradıcı inkişaf

*Sosial-emosional inkişaf

Kurikulumda təlim strategiyaları təlim prosesi və onun təşkili prinsipləri; təlimin təşkilində istifadə olunan forma və üsullar; təlimin planlaşdırılması məsələlərini əhatə edir. Uşaq inkişafının izlənilməsi üçün evdə, məktəbəqədər müəssisədə və kənar mühitdə uşağın müşahidə edilməsi səmərəli yoldur. Bu müşahidələr nəticəsində tərbiyəçi uşaqla işləməyi planlaşdırır. Təlim prosesində istinad edilən prinsiplərdən biri əməkdaşlıqdır ki, burada “tərbiyəçi-uşaq və valideyn” münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunması nəzərdə tutulur. Uşaq bağçalarında valideynlərlə işin səmərəli təşkili nəticəsində uşaqlarda intellektual bacarıqlar formalaşmış olur. Praktiki olaraq bütün uşaqlar fəaliyyətin məqsədini dərk edir, onun planını nəzərdə tutur, adekvat üsullar seçir, nəticəni yoxlayır, işdə qarşıya çıxan çətinlikləri dəf edir və işi müvəffəqiyyətlə sona çatdıra bilirlər. Məktəbəqədər müəssədə diaqnostik( ilkin); formativ (cari); summativ( yekun) qiymətləndirmədən istifadə olunur.

Bağçamızda Kurikulumun tətbiqi uşaqlarda fəallığı artırır, düşünmə qabiliyyətini, yaradıcılığı, sərbəst fikir yürütmək, öyrəndiklərini tətbiq etmək, müzakirə etmək və.s bu kimi bilik və bacarıqları inkişaf etdirir”.

Nənələr və babalar bağçada – Video


Uşaq bağçasında “Nənələr və babalar günü” qeyd olunub. Uşaqlar burada müxtəlif şeir və mahnı kompozisiyaları ilə çıxış edib.

Tədbirin keçirilməsinin əsas məqsədi nənə və babaların uşaqlar üçün çəkdiyi əziyyəti qiymətləndirmək, onların diqqətdən kənarda qalmadığını göstərmək, eyni zamanda uşaqlara gələcəkdə də bu hörməti qoruyub saxlamağı aşılamaqdır.

“Uşaqla körpə dilində danışmaq nitq problemi yaradır”

cemile“Uşağın hər yaş dövrünə uyğun özünəməxsus ünisyyətə girmək yolu – söz ehtiyatı, cümlə qurmaq qabiliyyəti və səs tələffüzü var. Heç vaxt biz altı aylıq uşaqdan söz deməyi, bir yaşlı uşaqdan cümlə qurmağı və yaxud üç yaşında olan uşaqdan ana dilinin səslərinin hər birini düzgün tələffüz etməyi tələb edə bilmərik. Yəni bu doğru yanaşma olmaz”

Bu sözləri uşaq bağçasının defektoloq, loqopedi Mədinə Əliyeva müsahibəsində deyib.

Mədinə xanım uşaqlarda nitq problemini nə vaxtdan aşkarlamaq mümkün olduğundan danışıb: “Uşaq anadan olandan 3 ayına qədərki dövrdə hər bir istəyini ağlayaraq bildirir. Onunla danışanda isə anaya  bir reaksiya verir. 3-6 ay arası dövrdə isə uşaqlar “qığıldamağa” başlayır. 6 ayından 9 ayına keçəndə artıq hecalar deməyə başlayırlar. Bəzən  hecaları böyüklər deyəndən sonra deməyə başlayırlar. Sonra 9 ayından 12 ayına qədər  sözləri tələffüz etməyə başlayırlar. Və beləliklə uşaqlar danışırlar. Artıq bu yaş dövrünə qədər onlar söz ehtiyatına sözlər toplayırlar. Təxminən bu 50 sözə yaxın ola bilər. 2-3 yaşında isə uşaqların söz bazası bir az daha çoxalır. Yəni 50-100 sözdən artıq olur və sadə cümlələr qurmağa başlayırlar. Yaxşı olar ki, valideynlər bu mərhələlərdə diqqətli olsunlar.  Əgər bu mərhələlərdə problem, axsama görərlərsə, dəqiq narahat olmağa dəyər.

1-11 ay arası dövr uşaqlarda nitqin formalaşma dövrü gedir. Bu dövrdə uşaqlarla mütləq ünsiyyətdə olmaq lazımdır. Bu ünsiyyət də normal danışıq olmalıdır. Uşaqlarla körpə dilində danışmaq olmaz. Bu uşaqların nitqində gələcəkdə problem yarada bilər. Valideynlər 3 yaşlı uşaqlarını gətirirlər ki, bəs nitq ləngiməsi var. Biz valideynlərlə danışıqlar apararkən görürük ki, uşaq bu nitqin formalaşma dövründə bütün gün televizorun önündə olub. Və ətrafda heç kəslə ünsiyyətdə olmur. Beləliklə də bu hallar uşaqda  nitq problemini yaradır.

Bəzən valideynlər bizə müraciət edirlər ki, övladım “r”, “ş” hərflərini tələffüz edə bilmir. Bu isə problem deyil. Əgər 3 yaşına qədər uşaq bu hərfləri səsləndirə bilmirsə, bu, qorxulu sayılmır. 3 yaşından 4 yaşına qədər uşaq öz dilini özü düzəldə bilir. Əgər bu yaşa qədər bu səslər düzəlmirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır. 4-5 yaş arası uşaqlar artıq bu səsləri düzgün səsləndirməlidirlər. Çünki onlar artıq 6 yaşında məktəbə gedirlər. Nitq problemiylə yanaşı psixi inkişafda da geriləmə ola bilər”.

Mədinə xanım onu da əlavə etdi ki, nitq problemi olan uşaqlar mütləq digər uşaqlarla eyni məktəbə getməlidir: “Belə uşaqlar normal nitqi olan uşaqlarla ünsiyyətdə olmalıdırlar. Burada diqqət yetiriləsi məqam nədir?! Həmin bağçalarda çox yaxşı olardı ki, pedeqoqlarımızla yanaşı, xüsusi mütəxəssislər də dərs desinlər. Hansı ki, belə problemlər aşkarlandıqda həmin uşaqlarla qrup və ya fərdi şəkildə işləyə bilsinlər”.

Defektoloq uşaq bağçasında nitq problemi olan uşaqlar üçün yaradılan şəraitdən də məlumat verdi: “Bizim bağçada normal nitqə malik uşaqlarla yanaşı nitqində problem olan uşaqlar da var. Həkimimiz Lalə xanım, psixoloqumuz Günel xanım və mən gələn  hər bir uşağı xüsusi qayğı və diqqətlə müayinə edirik. Problem olarsa, valideyni bu barədə məlumatlandırırıq. Uşağın xüsusi məşğələyə ehtiyacı olduğunu bildiririk.  Xüsusi məşğələlər isə həm qrup, həm fərdi şəkildə təşkil olunur. Bu uşağın probleminə görə seçilir”.

“Uşaq bilməlidir ki, həyatda cizgi filmini yaşamaq olmaz” – Video

17 oktyabrda uşaq bağçasında “Disney party” keçirildi. Uşaqlar müxtəlif cizgi film qəhramanlarının paltarlarını geyinib onların obrazını canlandırdılar. Uşaq Bağçasının pedaqoq- psixoloqu Aytən Ağayeva partidə  uşaqların təqlid etdiyi cizgi film qəhrəmanların onlara  necə təsir göstərdiyi haqqında məlumat verdi.

Uşaqlar kiçik yaşlarından belə baxdıqları cizgi filmdə ən çox sevdiyi qəhrəmanı təqlid etməyi sevir. Oğlanlar ən çox spiderman , supermen kimi qəhrəmanlaкı sevir. Onlarda bir növ özlərinə güvən, özlərinə inam hissi daha da güclü olur. Qızlar da bildiyimiz kimi su pərisi və yaxud digər Disney qəhrəmanların seçirlər. Onlar hesab edirlər ki, su pəriləri daha gözəldir, daha qəşəngdir.

Aytən xanım uşaqların qəhrəmanlar aləmində yaşamasının real həyatla əlaqəsindən də danışdı. O bildirdi ki, valideynlər uşaqların cizgi film seçiminə nəzarət etməlidirlər.

Hansı cizgi filminə baxır. Bunu da mütləq valideyn özü seçməlidir. Çünki hər yaşa uyğun cizgi filmi olmalıdır.ki, 6 yaşına uyğun cizgi filmin kiçik yaşında olan uşağın baxmağı düzgün deyil. Çünki kiçik yaşlı uşaqlar cizgi filmdən müsbət keyfiyyətləri götürdüyü kimi, yəni dostluq, məhəbbət və yaxud yardım sevərlik kimi müsbət keyfiyyətləri götürdüyü kimi, mənfi keyfiyyətləri də götürə bilər bu da sonradan onların tərbiyəsində, xarakterin formalaşmasında çox böyük təsir göstərir. 

Müsahibimizin sözlərinə görə, özünə xəyali qəhrəman seçən uşaq bilməlidir ki, bu, cizgi filmdir. Çünki sonradan mənfi keyfiyyətlər üzə çıxa bilər.

Təbii ki valideyn uşağına bildirməlidir ki, bu sadəcə cizgi filmidir amma real həyatda təbii ki elə yaşamaq mümkün deyil.  Çünki supermenlər uçurlar,bəzən  uşaqlar hesab edir ki onlar da uça bilir. Çıxıb tullana da bilərlər. Təbii ki valideyn onu izah etməlidir ki, supermen uçur, o cizgi film qəhrəmanıdır amma sən uça bilməzsən, sən insansan, sənə qanad verilməyib. Çünki mənfi keyfiyyətlər ortaya çıxar və yaxud qəza  baş verə bilər.

Pedaqoq-psixoloq həmçinin onu da qeyd etdi ki, uşağın öz qəhrəmanını tərk etməsi üçün müəyyən yaşı gözləmək lazımdır.

2 yaşında uşağa biz nə qədər desək də, bunu qəbul etməkdə çətinlik çəkəcək. Artıq 4 yaşındakı uşağa bunu deyə bilərik. Çünki artıq qavrayır, hər şeyi dərk edə bilir. Təbii ki bunlar deyilməlidir.

“Bu tədbir təhsil sahəsinin yenilənməsinin göstəricisidir”

rasifAzərbaycan Respublikası Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi” təşkil olunub. Tədbir 4-13 sentyabr, 2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən Tədris, İdman və istirahət kompleksində davam edir.

“Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi” haqqında fikirlərini  “Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” şirkətinin direktoru Rasif Dünyamalıyev öz fikirlərini GSR.fm-lə bölüşüb: “Bu tipli tədbir təhsil sahəsində ilk dəfədir həyata keçirilir və təhsil meneceri olaraq, bunu yüksək qiymətləndirirəm. Düşünürəm ki, təhsil sahəsinə gənclərin cəlb olunması təhsil sahəsinin yenilənməsinin göstəricisidir və “yeni beyinlərin” bu sahəyə töhfəsi öz müsbət nəticələrini yaxın gələcəkdə verəcəkdir. Yay məktəbində Azərbaycanın müxtəlif bölgələrindən təhsil sahəsində uğurlu nəticələri olan gənc liderlərin iştirakı çox sevindirici haldır. Bu yeni qəbul olunmuş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası və yerli icmalara çatdırılması məhz bu gənclərin sayəsində mümkün olacaq və strategiyanın da əsas dəstək verici qüvvəsi kimi bu gənclər çıxış edəcəkdir”.

Rasif bəy qeyd edib ki, təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət strategiyasının yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirmək Gənc Təhsil Liderlərinin yay məktəbinin məqsədidir: “Yay Məktəbinə 22-40 yaş arası, Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər cəlb olunub. Yay məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, workshop, debat və TEDx formatında aşağıdakı mövzular əhatə olunmaqdadır:

  • Təhsil siyasəti
  • Təhsildə strateji planlaşdırma
  • Təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi
  • Təhsildə tədqiqatların rolu
  • Təhsildə idarəetmə
  • Təhsildə qiymətləndirmə və monitorinq
  • Məktəb idarəetməsi və liderlik
  • Müəllim hazırlığında innovativ yanaşmalar
  • İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi”

“Uşağın qidalanmasında gün rejiminin əhəmiyyəti böyükdür”

kamile“Uşaq bağça yaşına çatdıqda valideynlər uşağı bağçaya təhvil vermək haqqında düşünürlər. Psixoloji hazırlıqdan əlavə uşağı fiziki cəhətdən də bağçaya hazırlamaq lazımdır. Bağça rejimi ilə tanış olub uşağı tədricən həmin rejimə uyğunlaşdırmaq olar”.

Bu sözləri “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bağçadakı günlük rejim haqqında danışarkən deyib: “Bağçaya gələn uşaqları evdə tərbiyə olunan uşaqlardan fərqləndirən əsas cəhətlərdən biri gün rejimidir. Uşaq bağçasında uşaqlar müəyyən standartlara uyğun olaraq, əvvəlcədən hazırlanmış rejimə uyğunlaşırlar. Bu müsbət cəhətdir. Belə sistem dəcəl, ərköyün uşağı da səliqəli, dəqiq, intizamlı olmağa həvəsləndirir. O, yoldaşlarına baxıb onlarla birlikdə hərəkət edir”.

Kamilə xanım qeyd edib ki, uşağın qidalanmasında xüsusilə gün rejiminin böyük əhəmiyyəti var: “Əksər dietoloqlar orqanizmin normal inkişafı üçün eyni saatda qidalanmağı məsləhət görürlər. Uşağın yemək vaxtı gecikdikdə uşaqda iştahsızlıq əmələ gəlir və o yeməkdən imtina edir”.

Bağça meneceri əlavə edib ki, uşağın normal inkişafı üçün vacib olan amillərdən biri də günorta yuxusudur: “Yuxu uşağın həm fiziki, həm də psixoloji durumuna təsir göstərir. Bağçada uşaqların yaşından asılı olaraq yuxu saatı fərqli olmalıdır. Normal yatan uşaq gün ərzində daha təmkinli olur. Sərbəst oynayır, böyükləri narahat edib özünə diqqət cəlb etmir. Bəzi valideynlər düşünürlər ki, uşaq günorta yatmasa, gecə rahat və uzun müddətli yatar. Bu səhv fikirdir. Əksinə uşaq günorta yatmadıqda, onun yuxusu pozulur və o gecə daha da narahat olur. Uşaq bağçalarına aid olan təxmini gün rejimi aşağıdakı kimidir:

Səhər qəbulu – 08:00-08:30

Tibbi baxış – 08:30-08:45

Səhər gimnastikası – 08:45-09:00

Səhər yeməyi – 09:10-09:40

Məşğələlər –  10:00-11:00

Meyvə saatı – 11:00-11:15

Gəzinti – 11:25-12:25

Gəzintidən qayıtma,

Nahar yeməyinə hazırlıq – 12:25-12:40

Nahar yeməyi – 12:40-13:15

Yuxu vaxtı – 13:30-15:10

Yuxudan oyanma – 15:10-15:30

Qəlyanaltı – 15:30-15:45

Məşğələlər – 16:00-17:00

Şam yeməyi – 17:00-17:30

Sərbəst oyunlar, evə getmə – 17:30-18:00

Rejim yaş qruplarına görə dəyişilir. Bağçalarda uşaqların hərtərəfli inkişafı üçün müxtəlif məşğələlər keçirilir”.

“Bağçanın büdcəsini valideynlər formalaşdırır”

rasif.Son günlər özəl bağçaların təhsil haqları ilə bağlı sosial şəbəkələrdə müzakirələr yer alıb. Məsələ ilə bağlı “Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev öz fikirlərini bölüşüb:

“Bildiyimiz kimi özəl bağçalar müəyyən bir investisiya hesabına formalaşır. Sahibkar müəyyən bir investisiya yatırır və bu investisiya hesabına müəssisə qurulur. Bu mərhələdən sonra investor keçir ikinci plana və investisiyanın geri dönüş – “return of investment” planına əsasən yatırımının geri qayıtması haqqında fikirləşir. Əlbəttə, sahibakarın kənara çəkilməsi o demək deyil ki, o yeni investisiyalar eləmir. Müəyyən müddət sonra müəssisənin avadanlıqları, texniki bazasının artırılması üçün yatırım edir. Sahibkar ikinci plana keçdikdən sonra müəssisə öz hesabına işləməyə başlayır.

Yeni mərhələdə bağçanın büdcəsi uşaqların aylıq təhsil haqqları hesabına formalaşır və həmin ay ərzində həmin təhsil haqqı əsasında bağça öz işini qurur. Ona görə valideynlərin uşaqlar üçün ödədikləri təhsil haqqları bağçanın davamlılığı üçün çox önəmlidir. Əlbəttə ki, sahibkar olaraq ödənişlə bağlı yaranacaq problemləri aradan qaldırırıq. Azərbaycandakı əksər özəl bağçalar aylıq olaraq ödənişlərin qəbulunu həyata keçirirlər.  Təəssüflər olsun ki, keçən müddət ərzində altı aylıq yaxud bir illik ödəniş formasına keçirə bilməmişik. Açıq danışsaq, valideynlər də buna o qədər də meyl göstərmir.

Özəl bağçalarda təhsil haqqları bağçanın bir aylıq xərci əsasında formalaşır. Bu xərcləri aşağıdakı kimi sıralamaq mümkündür: Təsərrüfat, Qidalanma, İşçi heyəti, Rabitə, Nəqliyyat, Təmir, Dəftərxana, Vergi və Rüsum xərcləri.

Bu xərclərdən aylıq uşaqların davamiyyəti ilə bağlı olanı yalnız qidalanma xərcidir. Digər xərclərin isə uşaqların davamiyyəti ilə əlaqəsi yoxdur. Beləki, uşaqların 30 nəfər olması ilə 10 nəfər olmasının işçi heyəti xərcinə heç bir təsiri yoxdur. Çünki uşaq bir ay olsa da olmasa da işçilərin əmək haqqı ödənilməlidir.

Bir uşağa bir ay ərzində çəkilən xərc bağçanın yuxarıda göstərilən xərclərinin cəminin həmin ay ərzində bağçaya gələn uşaqların sayına nisbəti əsasında formalaşır. Bu məbləğ uşaqların davamiyyəti ilə əlaqədar olaraq, 200 manat məbləğində də ola bilər, 300 manat məbləğində də. Nisbətdə yaranan məbləğin üzərinə sahibkarın qazancını əlavə etdiyimiz zaman bağçanın təhsil haqqı formalaşır.”

“Xəstələnməmək üçün bağça rejimi evdə qorunmalıdır”

Payız-qış mövsümünə keçidlə bağlı uşaqların xəstəliklərdən necə qorunması barədə öz fikirlərini bagca-449x300 bölüşüb.

-Bağçalar payız-qış mövsümünə necə hazırlaşır?

Uşaqlar arasında mövsümi xəstəliklər deyilən bir mövhum mövcuddur. Əgər yay vaxtı biz, məsələn, mədə-bağırsaq infeksiyalarının pofilaktikası ilə məşğul oluruqsa, bu, soyuqların düşməsi ilə əlaqədar olaraq payız-qış mövsümündə ən çox kəskin resperator xəstəliklərin yayılma vaxtıdır. Bununla əlaqədar olaraq bağçamızda müəyyən profilaktik tədbirlər görülür. Birinci olaraq qeyd edim ki, ilkin bağçaya gələn uşaqlarda və onların valideynlərində ən çox rast gəlinən sual,-“ Biz uşaqları bağçaya verən zaman o tez-tez xəstələnəcəkmi?”.  Mən qeyd etmək istəyirəm ki, bu, təbii bir haldır. Təbii ki, uşaq ev mühitindən bir kollektiv içərisinə düşən zaman təmasda çox olur. Valideynləri arxayın eləmək istəyirəm ki, onlar uşaqlarının ilk vaxtlarda tez-tez xəstələnməsindən narahat olmasınlar. Hər bir uşağın immun sisteminin vəziyyətindən asılı olaraq müəyyən adaptasiya dövrü var. Bəzi uşaqlarda 3 ay, bəzi uşaqlarda 6 ay çəkir. Bundan narahat olmaq lazım deyil.

-Bağçada uşaqların xəstələnməsinin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülür?

Profilaktik tədbirlərə gələndə isə bağçada biz çalışırıq ki, ayda 1 dəfə bütünlüklə dizenfeksiya işləri aparılsın. Bu payız-qış mövsümü ilə əlaqədar olaraq valideynlərin icazəsi ilə bəzi profilaktik tədbirlər uşaqlara individual olaraq aparılır. Məsələn, dərman olaraq virus əleyhinə interferon aksalin məlhəmindən istifadə olunur. Çalışırıq ki, təbii üsullardan daha çox istifadə edək. Bütün otaqlarda əzilmiş sarımsaq qablarda qoyulur, antiseptik kimi  istifadə olunur. Otaqların havası tez-tez dəyişdirilir. Hər gün mövsümi meyvələrdən, təzə sıxılmış meyvə şirələrindən istifadə olunur. Şənbə, bazar günlərində valideynlər uşaqları əyləncə mərkəzlərinə aparırsa, orada xəstəliklərə daha çox yoluxma ehtimalı olduğu üçün ən çox biz həftənin birinci günü uşaqların bütün vəziyyətlərini qiymətləndirib, bağçaya buraxırıq. Uşaq kəskin resperator xəstəliyə yoluxmuşsa, birinci ilk 3 gün ərzində mütləq evdə karantin şəraitində olmalıdır. 3 gündən sonra təbii ki, onun vəziyyəti imkan verirsə, biz onu bağçaya buraxaq.

-Uşaqları soyuqdan qorumaq üçün valideynlərə nə məsləhət görürsünüz?

-Soyuqdan qorunmaq tək bağçada görülən işlərlə bitmir. Hər bir valideyn öz uşağının immun sistemini möhkəmləndirmək üçün payız-qış mövsümü düşənə kimi öz tədbirlərini görməlidir. Birinci yol uşaqların immun sisteminin qorunması üçün rejim və rasional qidalanmadır. Bağçamızda uşaqlar evdəkindən daha çox qorunur. Payız- qış mövsümündə uşaqların kəskin resperator xəstəliklərə tutulması qaçılmaz haldır.Valideynlər bundan panikaya düşməsinlər. Həkimə müraciət olunsun. Bəzən valideynlər şikayət edirlər ki, uşaqlar bağçada öskürür. Qeyd etmək lazımdır ki, hər bir öskürək xəstəlik əlaməti deyil. 21-ci əsrin bəlalarından biri də alergiya problemidir. Hər bir valideyn qış mövsümündə təbii vasitələrdən- itburnu, nanə çayı dəmləsinlər.

-İmmuniteti möhkəmləndirmək üçün hansı işlər görülür?

– Ciddi rejimə fikir verilir. Bu sahədə valideynləri də məlumatlandırırıq ki, uşaqlar bağçadan sonrakı 4-5 saatı evdə keçirirlər. Həmin vaxtlarda  çalışsınlar ki, burdakı rejimi evdə də davam etdirsinlər. Şənbə-bazar günləri uşaq evdə olur. Bu gün bağçaya getməyib, bu gün səhər çox yatsın, axşam gec yatsın. Təbii ki, bu, immun sistemini laxladan səbəblərdir. İnterferon tipli dərmən preparatlarından istifadə etsinlər.

-Bağçaya təzə gələn uşağın xəstələnməsi barədə nə deyə bilərsiniz?

-Valideynlərlə aramızdakı problemlərdən biri də bu mövzuda olur.Valideynlər şikayət edirlər ki, bağçaya gələnə kimi uşaq heç xəstələnmirdi. İndi daha çox xəstələnir. Uşaqları 2 -2 yaş yarım vaxtlarından bağçaya verirlər. Bu zamana kimi uşağın immunitetinin möhkəmlənməsi üçün ilk növbədə ana südü ilə qidalanma, raxitliyin pofilaktikası, əlavə qidaların uşağa verilməsi kimi qaydalar yerinə yetirilməlidir. Valideynlər onu da nəzərə almalıdırlar ki, uşağın 2 yaşından sonra kollektivə adaptasiya dövrü olur. Bu hal hər bir uşaqda individual olaraq reaksiya verir. Elə uşaq var aylarla xəstələnmir, amma sonrakı iki ay ərzində mütəmadi olaraq xəstələnir. Yenə də bu, təbii haldır. Uşağın immun fonundan asılı olaraq xəstələnmə tezliyi də müxtəlif olur. Valideynlər bir fikirlə razılaşmalıdırlar ki, bu uşaq bağçaya gedirsə, artıq evdəkinə nisbətən daha tez-tez xəstələnəcək. Həm yaş dövrü nəzərə alınmalıdır, həm qış vaxtı bronx, ağciyər sisteminin özünün anatomik quruluşuyla əlaqədar olaraq qulaq burun boğaz piraqof həlqəsi çox qısa olduğuna görə tez yayılmış olur. Buna görə narahat olmağa heç bir əsas yoxdur.

“Uşaqlar üçün ən təhlükəli yer mətbəxdir”

vefa-sirinovaYeni dərs ilinin başlamasına az müddət qalıb. Valideynlər övladlarının evdə və ya bağçada daha təhlükəsiz olması mövzusunda tərəddüd edirlər.

Mövzu ilə bağlı uşaq bağçasının baş meneceri, uşaq psixiatrı Vəfa Şirinova fikirlərini bölüşüb:

“Ailə, təhlükəsizlik hissini  təmin edən əsas mənbəydir. Uşağın təhlükəsizliyini təmin etmənin 3 əsas qaydası var.

1. Öncədən düşünmək

2. Mümkündürsə qarşısını almaq

3. Əgər hadisə baş veribsə, gecikmədən  tədbir görmək

Valideynləri həmişə uşağı necə  qorumaq lazım olduğu narahat edir. Onları adətən əsas qorxudan səbəblər təcavüz və oğurluqdur. Amma təəssüf ki, gündəlik evdə körpələr üçün gözlənilən təhlükələr haqqında unudurlar. Bu məişət diqqətsizliyindən ölüm ilə nəticələnmə riski  5 yaşadək uşaqlarda daha yüksəkdir . Bu yaş uşaqlar araşdırmacı olması səbəbilə valideynlər evin təhlükəsizliyini elə qurmalıdırlar ki, onların kəşflərinə mane olmasın. Valideynlər uşaqlarını gözəl həyat nümunələri və müsbət ətrafla tanış etməklə yanaşı ətrafımızın təhlükələrindən də onları qorxutmadan düzgün məlumatlandırmalarıdır. Valideynlərin dedikləri və öyrətdikləri bir ömür boyu uşaqlar üçün də, gələcək nəsillər üçün də öyrədici olacaqdır. Bu səbəblə böyüklər səbrli və təmkinli olmalıdırlar, onlar hər hansı hadisə baş verərsə, necə davranacaqları çox vacibdir, özləri məlumatlı olmalıdırlar ki, düzgün məlumatlandırsınlar.

Evdə təhlükələr bu formada ola bilər:

Yataqlar, yumşaq dəstlər : hündür olmamalı, iti kənarlardan qorumaq üçün vasitələr taxılmalıdır. Kiçik əşyalar evdən uzaqlaşdırılmalıdır. Masa guşələrində yumşaq astarlardan  istifadə edilməlidir. Oyuncaqlar mütəmadi yuyulmalı, təmiz qalmalıdır. Kəsici, iti alətlər ağzı qapalı qabda saxlanılmalıdır. Açıq oddan istifadə edərkən istifadə üçün ümumi təlimatlara əməl edilməlidir. Pilləkanlar olan evlərdə uşağın təhlükəsizliyini təmin etmək üçün pilləkan qapı kilidləri qoyulmalıdır. Ən təhlükəli yerin mətbəx olduğunu unutmamalıyıq. Hər il minlərlə uşaq yanıqlardan zərər çəkir. Açıq pəncərələr və ya bir dəqiqəlik belə zibil atmaq və ya paltar asmaq üçün çıxdığınız an arxadan bağlanan qapı. Əsl fəlakət uşaq evdə tək, diqqətsiz olarkən baş verə bilər  və s.

Bayırda tanımadığımız insanlar müxtəlif təhlükələr törədirlər – psixi gərginlikdən tutmuş təcavüzədək.

Bunun üçün uşağınızla bayır qaydalarını müzakirə edin. Heç vaxt tanımadığı adamla siz olmayarkən danışmasın.

Tanımadığı adamla heç bir yerə getmək olmaz (bu oyun ,nə isə daşımağa kömək və ya onun itmiş uşağını tapmağa kömək kimi ola bilər).

Heç vaxt tanımadığı adamın maşınına yaxınlaşmasın.

Əgər siz olmadıqda bir kimsə ona yaxınlaşıb, sizin onu  göndərdiyini və ya qapını döyərək açmağını istəyərsə, ona “gizli şifrə “öyrədin. Məsələn ”mən səni çox istəyirəm” kənar adam şifrəni deməsə, demək ki, ondan çəkinmək lazım olduğunu deyin.

Bu kimi tədbirlər bəlkə uşağınızı hər hansı bir pis hadisədən qurtaracaq”.