Düzgün bağçanı necə seçməli?!

rasifYay fəslinin bitməsinə az qaldığı bir vaxtda valideynlər azyaşlı övladları üçün uşaq bağçalarının axtarılmasına başlayıblar. Təsadüfi deyil ki, əksəriyyətimiz hər gün bu haqda sosial şəbəkələrdə bir çox müraciətlər görürük.  Valideynlər biraz daha təcrübəli valideynlərdən uyğun bağçaları soruşur və ya övladları üçün düzgün bağçanın necə seçməli olduqları barədə məsləhətlər soruşurlar.

Həqiqətən də maraqlıdır. Gələcəyimiz adlandırdığımız uşaqlarımızın təməl biliklərinin ötürüləcəyi uşaq bağçalarını seçərkən hansı amillərə xüsusi diqqət olunmalıdır?

“Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyevin sözlərinə görə uşaq bağçası seçərkən diqqət olunmalı 5 əsas meyar var. Valideynlər övladları üçün bağça seçimi edərkən mütləq onları nəzərə almalıdırlar.

Sağlamlıq – Sağlamlıq istiqamətində prosedurlar var. Yəni, uşaqların sağlamlığı gündəlik yoxlanılırmı? Həftəlik tibbi müayinədən keçirilirmi? gündəlik uşaqların bayıra çıxmasına nəzarət olunurmu? Eyni zamanda gün ərzində uşaqların istiliyi, gigiyenik prosedurlara nəzarət edilməlidir. Həmçinin, həmin müəssisədə tibb bacısı, pediatr davamlı olaraq varmı? Sağlamlıq istiqamətində bağçanın aylıq sanitar epidemoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya olunurmu? Bu olunursa onun rəsmi sənədi varmı? Kim həyata keçirir? Bunu təstiq edən bir sənəd varmı? Bu valideynlərin haqlarıdır. Bunu istəməlidirlər. Həmçinin həftəlik profilaktik işlər görülürmü?

Təhlükəsizlik – Hər bir valideynin öz uşağının təhlükəsizliyindən narahat olması normal bir hadisədir. Buna görə də valideynlər bağça seçərkən, həmçinin,  diqqət etməlidilər ki, həmmin müəssisədə təhlükəsizliklə bağlı təlimat varmı? Sual oluna bilər ki, təhlükəsizliklə bağlı təlimat nədir?  Misal üçün: Yanğından təhlükəsizlik, yanğından ilkin xəbərdarlıq üçün siqnalizasiya sistemi, uşaqların oğurlanması halları ilə bağlı təhlükəsizlik təlimatları olmalıdır.

Eyni zamanda valideynlər ümumi bağçaya girişlə bağlı məsələlərə də diqqət etməlidir, çünki bu da təhlükəsizlik məsələlərinə görə vacibdir. Yəni, birbaşa içəri girirsiniz, yoxsa sizdən kim olduğunuzu soruşurlarmı? Təhlükəsizlik kamerası varmı? Onlayn izləmə varmı? Uşaqların gündəlik qeydiyyatı həyata keçirilirmi? Təhvil-təslim forması həyata keçirilirmi? Əslində bunlar təhlükəsizliklə bağlı təlimatda qeyd olunmalıdır. Valideynlər Təlimatı müəssisədən istəməli və bu bəndlərin olub olmadığına diqqət etməldirlər.Valideyn işdə olanda sürücünü göndərir uşağın dalınca. Bəzi müəssisələr birbaşa valideynlə dəqiqləşdirmədən,etimad sənədləri olmadan uşağı verirlər sürücüyə. Bu halların olmaması üçün əvvəlcədən təlimat olmalıdır və valideynin etimad edəcəyi şəxsin sənədləri və şəkilləri bağçada olmalıdır.

Qidalanma – Valideynlər bağça seçərkən mütləq Qidalanma məsələsinə də xüsusi diqqət ayırmalıdırlar. Qidalanma yay və qış mövsümi olaraq iki yerə bölünür. Uşaqlar qışda orqanizmin istifadə edəcəyi vitaminləri yayda bədənə depolamalıdırlar. Dolayısı ilə yayda siz uşaq menyusunu tərtib edərkən qış üçün hansı vitaminləri qəbul etməli olduğunu nəzərdə tutulur. Qışda menyu tərtib edərkən uşağın yaya doğru keçəcəyi 6 aylıq müddət ərzində istifadə edəcəyi vitaminlər qış menyusuna salınmalıdır. Bu menyunun quruluşuna,ümumi konseptinə diqqət yetirmək lazımdır. Eyni zamanda nəzər yetirmək lazımdır ki; menyular həftəlik yenilənirmi? yoxsa bir menyu hazırlanır, hər həftə eyni menyu tətbiq olunur? Orqanizmin hər ehtiyacına görə qidalar olmalıdır. Meyvə, karbohidratlar, vitaminlər, zülallar bunların menyuda olub-olmadığına  ayrı-ayrı baxmaq lazımdır.

Qidalanmada həmçinin ərzaq məhsullarına diqqət yetirilməlidir. İndi bazar iqtisadiyyatıdır və marketlərdə hər cür ərzaqlar var, amma bu ərzaqların son istifadə tarixlərinə baxılmalıdır. Yəni bağçada onu nəzərə alırlarmı? Dövlət müəssisələrində olmasa da özəl müəssisələrdə valideynlər tələb edib bağçanın mətbəxinə daxil olub, özləri yoxlaya bilərlər. Ərzaqların siyahısını tələb edə bilərlər. Eyni zamanda ərzaqları hansısa şirkətin gətirdiyini yoxsa bağçalar özləri aldıqlarını, haradan aldıqlarını dəqiqləşdirməlidirlər. Qidalanma məsələsində meyvə tərəvəz məsələsinə xüsusi diqqət yetirilmək lazımdır. Yəni təbii məhsullar istifadə edirlərmi? Təbiilik baxımından Quba alması daha yaxşıdır nəinki GMO məhsulları. Qanunla satılan məhsulların hamısının gigiyenik uyğunluq sertifiktı var. Bu sertifikatları bağçarlar qidaları aldıqları yerdən tələb etməlidir, valideynlər də bağçalardan.

Təlim-tərbiyə – Digər faktor təlim-tərbiyyədir. Eyni zamanda uşağın tərbiyyə olunmasında gün rejimi çox önəmlidir. İstənilən insan 21 gün eyni rejimlə təyin edəndə artıq həmin sistem ona təlqin olunur. Uşaq da həmin plana uyğunlaşır. Valideyn bağçadan gün rejimi tələb etməlidir. Gün rejiminə uyğun bağçanın fəaliyyəti təşkil olunurmu? Onu mütləq yoxlamalıdır. Valideyinlər həmçinin tədris proqramını tələb etməlidirlər. Təhsil Nazirliyinin ümumi məktəbəqədər tədris proqramı var. Bağçalarda həmin proqrama əsasən tədris keçirilir. Özəl bağçalar əlavə məşğələlər də qatırlar o proqramlara. Valideyinlər uşağa  bağçada nə öyrədildiyinə baxmalıdır. Məşğələlər də oyun əsaslı olmalıdır. Uşaqların hər biri fərddir. Uşaqlara fərdi yanaşma olmalıdır. Bunlara diqqət etmək lazımdır.

İdarəetmə –  Bağçalarda İdarəetmə metodu da çox önəmlidir. Valideynlərin istək-arzuları nəzərə alınırmı? Valideyn bağçanın idarə edilməsində iştirak edirmi? Valideyn iclasları keçirilirmi? Bunlara diqqət etmək lazımdır. Kadr siyasəti ilə tanış olmaqla bağçanın vəziyyətini müəyyənləşdirmək olar. Bir bağçada işçi incidilirsə, hüquqları pozulursa ordan nəsə gözləməyə dəyməz. Həmin işçi narahatlığını, aqressiyasını uşaqdan çıxacaq. Rəhbərliklə işçilər arasındakı ünsiyyətə, münasibətə diqqət yetirmək lazımdır.

Əgər valideynlər az yaşlı övladları üçün bağça seçərkən bu amillərə diqqət etsələr, o zaman daha faydalı və düzgün bağçanı seçmiş olarlar.

“Məktəbəqədər təhsil sistemi dəyişməlidir”

rasifMəktəbəqədər təhsil sahəsində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün Education Management Network Şirkətinin rəhbəri Rasif Dünyamalı BOT modelini təklif edir.

Rasif Dünyamalı bildirir ki, dövlətin bu modeldə əsas rolu müəssisə üçün torpaq sahəsinin ayrılması, kommunikasiya xətlərinin təmin edilməsi, hüquqi prosedurların həyata keçirilməsi və növbəti mərhələdə fəaliyyəti üçün müsbət ayrıseçkiliyinin tətbiq edilməsindən ibarətdir.

Rasif Dünyamalı BOT modelinin tətbiqi haqqında həmçinin əlavə edib ki:

“Məktəbəqədər təhsil sahəsində Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi üçün yerli və xarici özəl İnvestesiyanın cəlb olunması vacib məsələlərdəndir. Bu hökümətin də əsas siyasətindən biridir və bunun bariz nümunəsidir ki, özəl uşaq bağçaları cənab prezident İlham Əliyevin sərəncamı əsasında 10 il müddətində gəlir və mənfəət vergisindən azad edilib. Həmin addım özəl uşaq bağçalarının sayının artmasına müəyyən mənada dəstək olub, həmçinin mövcud özəl uşaq bağçalarının isə maddi-texniki bazasının genişlənməsinə və innovativ yanaşmaların tətbiq edilməsinə səbəb olmuşdur.

Məktəbəqədər təhsil sahəsinə investesiyaların cəlb olunmasında və investesiyaların həvəsləndirilməsi üçün dünya təcrübəsində tətbiq olunan 3 model haqqında danışmaq istəyirəm. Beynəlxalq iqtisadiyyatda geniş tətbiq olunan BOT (Build, Operate, Transfer) modelinin məktəbəqədər təhsil sahəsinə həm yerli həm də xarici investesiyaların cəlb olunmasına öz uğurlu töhfəsini verə bilər. Beləki, investorların əsas risk olaraq gördüyü investisiyaya qarantın olmaması bu modeldə aradan qalxır və dövlət investisiyanın və yeni yaranmış müəssisənin qarantı rolunda çıxış edir. Dövlətin qarant olması isə yeni yaranmış müəssisə üçün sonrakı mərhələdə müxtəlif yoxlamaların, məmur özbaşınalığının, lüzumsuz gecikmələrin aradan qalxmasına səbəb olacaqdır. Modelin tətbiqinə əsasən yerli və xarici investorun maliyyəsi hesabına yaranmış müəssisə dövlətlə razılaşdırılmış şərtlər çərçivəsində müyyən olunmuş müddət ərzində investor tərəfindən idarə olunur və müddət bitdikdən sonra dövlətə təhvil verilir. Dövlətin bu modeldə əsas rolu müəssisə üçün torpaq sahəsinin ayrılması, kommunikasiya xətlərinin təmin edilməsi, hüquqi prosedurların həyata keçirilməsi və növbəti mərhələdə fəaliyyəti üçün müsbət ayrıseçkiliyinin tətbiq edilməsindən ibarətdir. Sual yarana bilər ki, investor öz investisiyasını bu bağçadan neçə geri qaytaracaqdır? Əlbəttə dövlətlə razılaşdırılmış müddət ərzində həmin müəssisə özəl – pullu xidmət formasında fəaliyyət göstərəcək və dövlətin müəyyən etdiyi kvotaya uyğun yerləşdiyi icmadan uşaqları pulsuz olaraq bağçaya cəlb edəcəkdir. Bu modelin üstün cəhəti ondan ibarətdir ki, dövlət investesiyaları təhsilin inkişafı üçün başqa sahələrə yönəldilə, həmçinin “istifadə olunmayan pullar” daha yararlı işlərə sərf oluna bilər.

Məktəbəqədər təhsil sahəsindəki investesiyaların həvəsləndirilməsi üçün isə təklif olunan model uşaq hesabı dövlət sifarişidir. Beləki, dövlət tərəfindən yeni uşaq bağçalarının tikilməsi böyük vəsait tələb edir və dövlət büdcəsi bu xərc qarşısında çətinliklərlə qarşılaşa bilər. Həmçinin, dövlət özü investesiya edib tikdiyi uşaq bağçasında sonradan hər uşaq üçün dövlət büdcəsindən xərclər təyin edir. Halbuki, dövlət yeni bağçaların tikintisini mənəvi və siyasi dəstək göstərməklə sahibkarlara həvalə edə bilər və sonradan həmin ərazidə bağçaya ehtiyacı olan uşaqların hər biri üçün sahibkara sifariş verə bilər. Bu sifariş açıq tender formasında və seçim valideynlərin istəyi əsasında baş verəcəyi zaman isə sahibkarlar idarə etdikləri uşaq bağçalarının keyfiyyətinin davamlı yüksəldilməsinə səy göstərəcəklər.

Yeni tikililərin günü gündən artdığı bir zamanda məktəbəqədər təhsil müəssisələri kimi sosial obyektlər investorların unutqanlığına tuş gəlir. Bu gün Bakı şəhərində tikilən yeni binaların, yaşayış komplekslərinin heç birində demək olar ki, əvvəlcədən planlaşdırılmış və layihəyə salınmış məktəbəqədər təhsil müəssisələrinə rast gəlmək mümkun deyildir. Bunu nəzərə alaraq, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması üçün hər tikilən yeni yaşayış kompleksində 4 qruplu 80 nəfərlik uşaq bağçasının qurulması bina layihəsinin təsdiqinə şərt kimi qoyulsun və bu uşaq bağçasında dövlətin 20 nəfərlik kvotası olsun.

Əlbəttə bu modellərin tətbiqi o qədər də asan iş deyil və qanunvericilik, kadr və maliyyələşmə bazasında müəyyən dəyişikliklər tələb olunur. Bunlar isə ölkə rəhbərliyinin siyasi iradəsi sayəsində mümkun ola bilər”.

“Zəkaları üstün olsa da, yenə də uşaqdırlar”

ushaq2Xüsusi istedada malik uşaqların vaxtından əvvəl ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar yaradılan komissiyalar artıq fəaliyyətə başlayıb.

Məsələ ilə bağlı  uşaq bağçasının meneceri, uşaq psixiatrı Vəfa Şirinova  bildirib ki, xüsusi zəkalılar dedikdə məktəbəqədər yaşlı uşaqların məntiqi, riyaziyyat və dil bilikləri yoxlanılır: “Yüngül İQ testlər keçirilir. Məqsədə uyğundur ki, məktəbəqədər müəssisədə artıq belə uşaqlar müəyyən olunsun. Onlar yaşıdlarından dərin biliyə sahib olurlar, dünyanı başqa cür kəşf eləmək istəyirlər. Belə uşaqlar məktəbə qəbul olarkən nə qədər zəkaları üstün olsa da yenə də uşaqdırlar, emosional olaraq dünyanın uşaq kimi görürlər. Belə uşaqların məktəbə tez başlaması bəlkə gələcəkdə onları nobel mükafatçısı edə bilər, amma onlar uşaqlıqlarını yaşamırlar. Bəzən biz valideyn olaraq tələsirik və uşaqlarımızı tələsdiririk.  Uşaqda hansısa bir sahədə qabiliyyət görüb, həmin tərəfin inkişafına üstünlük verirlər. Amma valideynlər uşaqların zəif nöqtələrinə diqqət yetirib, həmin istiqamətləri inkişaf etdirməlidirlər. Yüksək intelektli yox, geniş intelektli uşaqlar böyütmək lazımdır. Dərin intelektli uşaqlar bir sahəni dərindən bilib, bir sahəyə yönəlirlər, geniş intelektli uşaqlar isə bir çox sahə haqqında bilikli ,məlumatlı və bacarıqlı olurlar. Uşağın hərtərəfli inkişafı daha gözəl olardı”.

Bağçalarda həmin uşaqlara olan münasibətdən danışan Vəfa Şirinova ümumi sistemdə belə uşaqlar üçün proqram nəzərdə tutulmadığını deyib: “Çox təəssüf olsun ki, gerçəklikdə Avropa təhsilində daha zəif uşaqlara hesablanır sistemlər. Ən zəif uşağın qavraya biləcəyi təhsil sistemi qururlar və bütün uşaqlara tətbiq edirlər. Ən sadəsini, ən rahatını öyrədirlər. Yüksək intelektli uşaqlar üçün isə bu əlverişsiz sistemdir. Biz öz bağçamızda xüsusi zəkalıları inkişaf etdirməyə çalışırıq. Uşaqda ola biləcək 8 üstün zəkanı inkişaf etdirməyə çalışırıq. Həmin uşaqlara xüsusi yanaşma var. Onların mövzusu, onlara verilən tapşırıqlar daha çətin olur. Valideynlərlə də bu mövzuda söhbətlər aparırıq”.

“Təhsil haqları göstərilən xidmət qarşısında aşağıdır”

rasifBağçaların yeni mövsümə hazırlıqları ilə əlaqədar öz fikirlərini “Baby Star”  və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev bölüşüb.

Rasif Dünyamalıyev bildirib ki, yay bağçalar üçün hazırlıq mövsümüdür: “Amma Azərbaycanda valideynlərin tələblərinə uyğun olaraq, yayda da özəl bağçaların əksəri fəaliyyət göstərir. Bunu nəzərə alaraq, bağçalar hazırlıq mərhələsini uğurlu şəkildə təşkil edə bilmir. Bağçalar 1 ay müddətində bağlı olmalı,  həmin müddətdə onlar profilaktik işlər görməlidir. Yəni, təmirə ehiyacı olan bağçalar təmirə bağlanmalıdır. Köklü şəkildə təmizlik və dezinfeksiya işləri aparılmalıdır. Bu sırf texniki tərəfidir. Digər tərəfdən isə, yay mövsümündə işçiləri qiymətləndirmək lazımdır. İşçilər standartlara, ehtiyaclara uyğun deyilsə, o işçilər azad edilir ya da onların inkişafı üçün müxtəlif kurslar, təlimlər təkil edilir. Bunlar yay ərzində olunmalıdır, çünki, yeni tədris ili başlayandan sonra bunu etmək mümkün olmur. İşçini tədrisdən ayırıb, hansısa kursa, inkişaf istiqamətli təlimlərə göndərmək uyğun olmaz. Həmçinin özəl bağçalarda tanıtım tədbirləri də yay mövsümündə olmalıdır ki, valideynlər bilsin, harada hansı bağça var, hansı xidmətlər təklif edirlər. Ümumiyyətlə, yay mövsümü qiymətləndirmə və planlaşdırma mövsümüdür. Keçmiş fəaliyyət qiymətləndirilir, strateji planlaşdırma aparılır, ona uyğun da fəaliyyət qurulur. Bizim öz bağçalarımız da bu addımları atdı. Yeni proqramlar hazırladıq, tədris planımıza yeni məşğələlər əlavə etdik. Keyfiyyətini saxlamaq istəyən müəssisə bu işləri mütəmadi görməlidir”.

Rasif Dünyamalıyev bu ildən bağçalarda tədris metodikasına əlavə etdikləri yeniliklərdən də məlumat verib: “Hazırda Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş məktəbəqədər təhsil proqramı (kurikulum) məncə uğurlu sənəddir. Əlbəttə ki, hər bir sənəd təkminləşməyə ehtiyac duyur və bu sənəd də yenilikləri əks etdirməlidir. Bir çox müəllimlər onun tətbiq olunmasının çətinliyindən danışırdılar, amma biz keçən il tətbiq etdik və o qədər də çətin bir şeyin olmadığının şahidi olduq. Bu məsələdə də, planlaşdırma ilin əvvəlindən düzgün aparılmalıdır.

Əvvəlki ənənəvi metodda biz mövzunu iki istiqamətdə uşağa təqdim edirdik. Müəllim danışır, nitq bacarıqlarından istifadə edərək dərsi izah edir və səbəb nəticə əlaqəsi ilə mövzunu izah edirdi. Lakin müəllim uşağın intelektinin müxtəlifliyini nəzərə almır və bu da ritmik, kinestetik, eko, tətbiqi intellekti inkişaf etmiş uşaqların mövzunu qəbul etməməsinə səbəb olurdu. Bunları nəzərə alaraq, bu tədris ilindən Hovard Gardnerin “İntelektin – Zəkanın Müxtəlifliyi” nəzəriyyəsini bağçalarımızda tətbiq edərək, uşaqlara zəka tiplərinə uyğun yanaşma formalaşdırırıq.

Şirkətin direktoru, həmçinin, onu da əlavə etdi ki, valideynlər məktəbin öhdəliklərini bağçanın üzərinə yıxmamalıdır: “Bu gün biz valideynlərin tələbi ilə bağçanı universitetə çevirmişik. Bağçanın əsas prinsipi ondan ibarətdir ki, uşaq bağçada gülməlidir, əylənməlidir, sosial bacarıqlarını inkişaf etdirməlidir, dostluğu öyrənməlidir, ünsiyyət formalaşdırmalıdır, oynamalıdır, sevinməlidir, xoşbəxt olmalıdır. Amma bizim valideynlər indi bağçalardan ali riyaziyyata əsasən hesablamalar aparan yaxud səlis nitqlə şeirlər söyləyən uşaqlar istəyir. Bu düzgün deyil. 6 yaşına qədər uşaqlar sosial bacarıqlarını inkişaf etdirməlidir. Biz öz bağçalarımızda əsas prinsipi qoruyub saxlamışıq. Beləki, bağçamızda uşaqlar oynayırlar, əylənirlər, həmçinin, öyrənirlər. Düşünürəm bizim bağçaların yaratdığı mühit uşaqların oynaması, əylənməsi, xoşbəxt olması üçündür.  Biz bu yanaşmamızı davam etdiririk”.

Rasif Dünyamalıyev sonda bağçaların qiymətlərinin yeni mövsümdə nəyə əsasən formalaşdığından da danışdı: “Bağçalarımızda təhsil haqları bir uşağa bir ay ərzində çəkilən xərclər əsasında formalaşır. Bağçanın ümumi xərcləri həmin ay ərzində bağçaya gələn uşaqların sayına bölərək bir uşağa düşən xərci müəyyən edirik və üzərinə investisiya planına uyğun məbləği əlavə edirik. Əlbəttə, bu gün valideynlər təhsil haqlarının özəl məktəb və özəl ali məktəb təhsil haqları ilə müqayisədə yüksək olduğunu bildirirlər. Onu qeyd etmək vacibdir ki, uşaq məktəb və universitetdən fərqli olaraq, bağçada 10 – 12 saat arasında qalır, 5 dəfə qidalanır, sağlamlıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilir. Həmçinin araşdırmalardan məlum olur ki, hər iki valideyni işləyən uşaqlara evdə çəkilən xərclər bağçanın təhsil haqqında 2 və 3 dəfə çoxdur. Bütün bunları nəzərə alaraq, demək olar ki, bizim bağçaların təhsil haqları göstərilən xidmət qarşısında aşağıdır”.

“Uşaqlara müstəqil yuxuya getmək vərdişi öyrədilməlidir”

vefa-sirinovaUşaqlar üçün yuxu yalnız bir istirahət vasitəsi deyil, ilk növbədə beynin və onunla yanaşı bütün orqanların bərpası üçün şərtdir. Yuxu əsnasında stress hormonları azaldıqca böyümə hormonu sərbəst  arta bilir. Yuxu zamanı bədən özünü təmir edir, yenidən formalaşdırır, zülal sintezini  artırır və bədən özünü yenidən aktiv fəaliyyətinə zəmin yaradır. Müntəzəm yuxu yaddaşı da gücləndirir.

Valideynlərin məktəbəqədər yaşda olan övladlarının düzgün yuxu rejimini necə qurmalı olduqları barədə fikirlərini uşaq bağçasının meneceri, uşaq psixiatrı Vəfa Şirinova bölüşüb.

Vəfa xanımın sözlərinə görə, günorta yuxusu günün qalan hissəsində daha məhsuldar işi  təmin etmək və beyin inkişafı üçün faydalıdır: “Uşaq yuxu əsnasında böyüməkdədir. Uşaq nə qədər kiçikdirsə, böyümə o qədər sürətli, yuxu ehtiyacı da o qədər çoxdur. Statistikaya əsasən günorta yuxusunu alan və almayan uşaqlar arasında yaddaş, məntiq, fiziki inkişaf daha yüksəkdir. Daimi yuxu uşaqlarda son zamanlar tez-tez müşahidə olunan  hiperaktivliyi, aqressiv davranışı və depressiya riskini azaldır.

Bütün uşaqlıq boyunca yuxuya yatma zamanının mütləq gecə 21:00-dan  əvvəl olması təmin edilməlidir. Bunu təmin etmək hər zaman çox asan olmaya bilər. Sağlam yuxu vərdişinin yaradılması körpəlik dövründən etibarən başladılmalıdır.

Uşaq təmas, ana sinəsi, bəslənərək ya da yellənərək yuxuya getməyə alışmışsa, şərtli refleks meydana gələcək. Hər oyandığında yatmaq üçün zəruri hala gələn bu şərtlərin varlığını istəyəcək. Beləcə ana ya da baxıcı üçün yuxusuz gecələr başlayacaq. Bu səbəblə körpəlik dövründə inkişaf etdirilən yuxu vərdişi mövzusunda ailənin uşaqları və öz mənfəətləri baxımından uşaqların müstəqil yuxuya gedə bilməsi vərdişini  öyrətməkləri lazımdır”.

Vəfa xanım, həmçinin, onu da bildirir ki, yuxu rejiminin yaradılmasına bəzi qidalanma ilə əlaqədar faktlar da təsir edir: “Gecə yarısı qanda şəkərin miqdarının  düşməsi oyanmağa gətirib çıxaracaq. Bu baxımdan yuxu saatına yaxın karbonhidratlarla  zəngin qidalardan (unlu və şəkərli) qaçınmaq lazımdır. Qida allergiyaları da qaşıntı, astma və həzm problemlərinə yol açaraq, yuxu keyfiyyətini pozacaq. Ayrıca qida allergiyaları uşaqlarda badamcıq və  badamcıqların böyüməsinə yol açaraq yuxu problemlərinə gətirib çıxaracaq. Kalsium, maqnezium və B vitaminlərinin (xüsusilə B6) az alınması gecə oyanmalarını artırar. Yatmazdan əvvəl alınan kafeinli  qidalar qəbul olunan  bol maye yuxusuzluğa səbəb ola bilər”.

Vəfa xanım əlavə edir ki, nizamlı yuxu üçün uşaqlar nağıl və ya masaj ilə rahatlaşdırıla bilər: “Daimi bir yuxu saatı, yuxu əvvəli nağıl və rahatlaşdırıcı bir musiqi, oyandığında onu gözləyən cazibədar fəaliyyət və sürprizlər siyahısı, uşağı güvən obyekti ilə baş-başa buraxmaq (sevəcəyi bir ədyal ya da oyuncağı), badam yağı, çobanyastığı və ya lavanda yağı, küncüt yağı  ilə masaj etmək yuxunu uşaq üçün sevimli hala gətirilə bilər. Yatmağa getmə zamanı ailə ilə uşaq arasında döyüş deyil, sülh mühiti yaratmaq bəlkə də problemlərin həllini təmin edəcək”.

“Uşaqlar cizgi filmlərinə az baxmalıdır”

ushaq1Telekanallarda yayımlanan cizgi filmlərinin uşaqlara təsiri barədə uşaq psixiatrı, uşaq bağçasının baş meneceri Vəfa Şirinova fikirlərini bölüşüb.

Vəfa Şirinova peyk vasitəsilə kobud, heç bir korreksiyaya uymayan cizgi filmləri göstərildiyini deyib: “Sırf Azərbaycan kanallarında yayımlanan cizgi filmlərini korreksiyadan keçirilir, həmin cizgi filmləri uşaq psixologiyasına pis təsir eləmir. Amma bir məsələ vardır ki,valideynlər uşaqlara gündəlik neçə dəqiqə cizgi filminə baxmağa icazə verirlər?! Əgər cizgi filmi davamlı olaraq yarım saat, 1-2 saat müddətində olacaqsa, onun uşaq psixologiyasına təsiri mənfidir. Uşaqlar kiçik yaşlarında valideynləri, dostları ilə ünsiyyətdə olmalı, cizgi filmlərinə az baxmalıdırlar. Cizgi filmlərin baxış müddəti 2 yaşında uşaqlar üçün 10 dəqiqə, 3-4 yaşlı uşaqlar üçün 15-20 dəqiqə arası, 5-6 yaşlı uşaqlar üçün isə 25-30 dəqiqə arası ola bilər. Cizgi  filminə baxdıqda isə valideyn uşağın yanında oturmalı və həmin cizgi filmi haqqında doğru məlumatlandırmalıdır. Uşağa o cizgi filminin nə istiqamətdə olduğunu öyrətməlidir”

Baş menecer, həmçinin əlavə edib ki, uşaqların cizgi filmlərindən mənfi təsirlənməsi indi olmasa da, gələcəkdə biruzə verəcək: “Hazırkı Azərbaycan məkanında valideynlər işdə çox olurlar, çox yorulurlar, axşam evə gəldikdə uşaqlar valideynlərlə  ünsiyyətdən yayınır və valideynlər uşaqları televizor qarşısında oturdaraq özlərinə boş vaxt qazandırmağa çalışırlar. Bu isə uşaqlarda hazırda bir təsir göstərməsə də, bir neçə il sonra öz tsirini göstərəcəkdir”.

“Kompüterlə oynayan uşaqların nitqi inkişafdan qalır”

ushaqOksford Universitetinin tədqiqatçılarının araşdırmasına görə, uşaqların  kompüter oyunlarına marağı onların inkişafına müsbət təsir göstərə bilər. Alimlərin gəldiyi nəticəyə əsasən, gündə ən azı bir saat kompüter oyunu oynayan uşaqlar ümumiyyətlə oynamayanlarla müqayisədə daha təmkinlidirlər.

Məsələ ilə bağlı öz fikirlərini “Baby Star” uşaq bağçasının meneceri, pedaqoq Kamilə Baloğlanova paylaşıb.

Kamilə Baloğlanova bildirib ki, texnika inkişaf etdiyi üçün valideynlər uşaqları kompüter qarşısında oturtmağa üstünlük verirlər: “Uşaqlar üçün oyunlar  təşkil edilməlidir. Uşaqlara yaddaşın, intellektin, təfəkkürün, diqqətin və s. psixoloji proseslərin inkişafına təsir edən oyunlar vermək lazımdır. Məsələn, saymaq, fiqurlar yerləşdirmək, rəngləri seçmək. Təəssüf ki, uşaqlar onların psixologiyasına mənfi təsir göstərən kompüter oyunlarına üstünlük verirlər. Silahlardan istifadə olunan oyunlar və s. Burada valideynlər və bağçanın rolu mühümdür. Onlar, uşaqları psixoloji inkişafına və əhval ruhiyyələrinə müsbət təsir göstərən oyunlara cəlb etməlidirlər. Amma bu oyunlar da kompüter oyunlarıdırsa, 15-20 dəqiqə icazə vermək lazımdır. Onun həm beyni, həm gözləri yorulur. Kompüter oynamayan uşaq sərbəst düşünür, düşündüklərini nitqində ifadə edir. Uşaq saatlarla kompüter qabağında oturub susanda, nitqi də inkişafdan qalır. Digər uşaqlarla ünsiyyət problem yaşanır”.

“Bağçamızda “Kəşf edirəm” adlı məşğələ keçiririk”

uşaq-449x300“Baby Star” uşaq bağçasında uşaqların daha maraqlı vaxt keçirmələri üçün müxtəlif əyləncə və məşğələlər keçirilir. Onlardan biri də “Kəşf edirəm” adlı məşğələdir.

Bu barədə danışan bağçanın meneceri Kamilə Baloğlanova bildirib ki, uşaqların istirahətini daha səmərəli təşkil etmək bağçaların birinci dərəcəli işidir: “Yay tətili zamanı uşaqların əksəriyyəti istirahətə gedir. Bağçalarda uşaq sayı azalır. Bu zaman bağçaya gələn uşaqların istirahətini təşkil etmək və maraq dairəsini genişləndirmək bağçanın üzərinə düşür. Bu məqsədlə yayda uşaqlar üçün daha maraqlı və öyrədici məşğuliyyət axtarırdıq. Kəşflər diqqətimizi cəlb etdi və uşaqlarla birlikdə məşğələni həyata keçirdik”.

Məşğələ haqqında danışan menecer qeyd edib ki, məktəbəqədər yaş dövründə uşaqların ən çox işlətdiyi söz “niyə?” sualıdır: “Uşaqların “niyə?” sualına şifahi cavab verməklə yanaşı, əyani göstərmək daha səmərəli olur. Kəşf edirəm məşğələsi zamanı uşaqların canlı və cansız təbiətdə baş verən dəyişikliklər haqqında təsəvvürləri dəqiqləşdirilir. Bu məşğələ prosesində uşaqlar daha diqqətli və məsuliyyətli olur. Onların dünyagörüşü, ətraf aləmlə tanışlığı genişlənir. Məşğələ əsasən 4-6 yaşlı uşaqlarla keçirilir. Kəşflər də həmin yaşlara uyğun olur. Kəşf edirəm məşğələsi həftə aşırı keçirilsə, yaxşı olar. Çünki, bu zaman uşaqlar daha həvəslə və maraqla gözləyirlər. Məşğələ üçün mövzular seçərkən Jan Potterin “Kəşf edirəm” kitabından da istifadə olunur”.

Kamilə xanım əlavə edib ki, məşğələyə lazım olan vəsaitlər əvvəlcədən tərbiyəçi tərəfindən hazırlanır: “Tərbiyəçi işin gedişini, məqsədini, alınacaq nəticəni izah edir. Sonra tərbiyəçinin göstərişi ilə uşaqlar özləri işi icra edirlər. Məşğələnin sonunda uşaqlar nə etdikləri haqqında məlumat verməlidirlər. “Kəşf edirəm” məşğələsi zamanı uşaqlar daha çox fəallıq göstərirlər. Təcrübə sona çatdıqda isə onlar həm yeni məlumat toplamış olurlar, həm də öz işlərinin nəticəsini görüb sevinirlər.Uşaqları sevindirmək bizim borcumuzdur”.

“Uşaq bağçasında xarici dil öyrədilir” – Video


Cəmiyyətdə xarici dil bilənlərə tələbat artdıqca valideynlər də azyaşlı övladlarının müxtəlif xarici dilləri öyrənməsinə maraq göstərir. Bakı şəhərində yerləşən  uşaq bağçası isə uşaqların gələcəyi üçün mühüm olan bu amili artıq öz tədris metodologiyasında tətbiq edir. Bağçaya gələn uşaqlar müxtəlif dərslər, oyunlarla yanaşı interaktiv üsulla da xaricidilləri mənimsəyirlər.

Samirə xanım, valideynlərin uşaqlarını bağçaya əmanət etdikləri zaman hansı meyarlara diqqət yetirmək lazım olduğundan danışdı.

Samirə Muxtarova:

Təbii ki, valideynlər bağçaya uşaqlarını əmanət etdikləri zaman 1-ci onların təhlükəsizliyi, yəni sağlam qidalanması ilə maraqlanırlar.2-ci əsas yerlərdən birini təhsil tutur. Və bununla yanaşı xarici dil öyrədilməsinə çox maraqlıdırlar. Bağçaya müraciət edən valideynlərin 80%-i ilk öncə uşaqlarının rus dilini yaxşı bimələrini istəyirlər. Yəni rus dilinə müraciət daha çoxdur.  Onunla paralel ingilis dili ilə də maraqlanırlar.

Müsahibimiz onu da qeyd etdi ki, uşaqların mənimsədiklərinin böyük qismi bağça yaşına düşür ona görə də uşağa necə öyrədirsənsə elə də qavrayır.

Samirə Muxtarova:

Uşağın qavramağından çox şey asılıdır. Amma uşaqlarda həyatı boyu öyrəndikləri, mənimsədikləri  mövzuların çoxu 7 yaşına kimi tamamlanır. Bunun da böyük qismi bağça vaxtına düşür. Yəni uşağa necə öyrədirsənsə, elə də qavrayır onu, götürür.

Direktorun sözlərinə görə, uşaqların xarici dillərə yiyələnməsi üçün bağçadan əlavə valideyinlərdə bununla məşğul olmalıdır.

Samirə Muxtarova:

Bir də uşaqla bağçadan əlavə, valideynin də evdə məşğul olmağından çox şey asılıdır. Həm valideyn, həm bağça, bir də uşağın izlədiyi kanallardan çox şey asılıdır. Məsələn mən azyaşlı uşaqların televiziya izləməsinə  qarşıyam. Onun əvəzinə daha çox kitab oxunsa ,nağıl oxunsa və şəkilli kitablar vasitəsilə ikinci və ya üçüncü dil öyrədilsə, uşaq daha tez qavrayır bu zaman.

Samira xanım həmçinin qeyd edir ki, uşaq bağçasının uşaqlara xarici dil öyrədilməsi üçün xüsusi metodologiyası mövcuddur və bu metologiyanın tətbiqi uğurlu nəticələr verir.

Samirə Muxtarova:

Daha çox şəkillərdən istifadə olunur, ondan sonra, proyektor vasitəsilə rus və ya ingilis dillidirsə, onlara aid kiçik cizgi filmlərini bərabər izləyirlər, nağılları müzakirə edirlər. Bir çox didaktik materialımız var. Yəni, kitablarımız, oyuncaqlarımız. Peşələr vasitəsilə dil öyrədilir. Teatr vasitəsilə dil öyrədilir, hansısa səhnəcik qurulur. Rollar vasitəsilə öyrədilir. Ona görə də, uşaqlar daha tez mənimsəyirlər.

Müsaibimiz həmçinin onu da qeyd etdi ki, bağçada xarici dil öyrənən uşaqla, məktəbdə xarici dil öyrənən uşaq arasında fərqlər olur.Psixoloqların fikrincə 5 yaşında uşağın inkişafı lazımi həddə çatdığı üçün məhz bu yaşda xarici dil öyrənmək lazımdır. 8-10 yaşına çatdıqda isə, 2-3 dili uşağa paralel öyrətmək  bir qədər çətin olur.

Samirə Muxtarova:

İlkin tanış olan və tanışlığı da möhkəm olan uşaq məktəbdə təkrar o dilləri öyrədəndə öyrənməyən uşağa görə daha tez qavrayır və daha tez öyrənir. Sözləri tələffüz eməkdə çətinliyi olmur.

Psixoloqların fikrincə 5 yaşında uşağın inkişafı lazımi həddə çatdığı üçün məhz bu yaşda xarici dil öyrənmək lazımdır. 8-10 yaşına çatdıqda isə, 2-3 dili uşağa paralel öyrətmək bir qədər çətin olur.

Bağçada uşaqlar necə qidalanmalıdır?! – Video

Bağça seçərkən valideynləri düşündürən məsələlərdən biri də uşaq bağçalarında qidalanmanın necə olmasıdır. Bununla bağlı “Sehrli dayə” uşaq bağçasının aşpazı Rəna Zəfərməndi fikirlərini bizimlə bölüşüb. Həmsöhbətimizin sözlərinə görə, uşaqların qidalanmasında ən vacib amil alınan ərzaq məhsullarının keyfiyyətli və təmiz olmasıdır. Xüsusilə də ərzaqların istehsal tarixlərinə fikir verilməli, onların təzə və qaydasında olduğu dəqiqləşdirilməlidir.

Uşaqların sevdikləri yeməklərdən söhbət açan Rəna xanım deyir ki, uşaqlar daha çox plov, vermeşil qovurması, kartof qızartması və şirniyyat yeməyi xoşlayırlar. Amma bəzən menyuda elə yeməklər olur ki, uşaqlar həmin yeməkləri yemək istəmirlər. Aşpaz belə hallarda alternativ variantdan istifadə etdiyini bildirir.

Rəna Zəfərməndi:

Bəzən olur, uşaqlar onu yemək istəmirlər, körpədirlər başa düşmürlər. Ancaq bu o demək deyil ki, biz onu onlara yedizdirmirik. Məsələn, tərəvəz püresi var, amma uşaq bunu bəyənmir yəni yemək istəmir. Ancaq mən istəmirəm ki, uşaqlar yeməkdən imtina etsin. O zaman mən onu başqa şəkildə edirəm məsələn, böreklər şəklində, yaxud lavaşların arasında bu cür bişirirəm. Onları uşaqlara dadızdırıram.

Bağçanın aşpazı yay fəslində uşaqlara əsasən meyvə şirələri, kompotlar və ayranlar verildiyini söyləyir. Rəna xanım sonda qeyd edir ki, bişirdiyi yeməkləri uşaqların yediyini görmək ona xoş təsir göstərir.

Rəna Zəfərməndi:

Elə olur ki, yeməyi bişirirəm gedirəm baxıram görüm, necə yeyirlər. Hamısı uşaqlar adamın qarşısına gəlirlər.İstədiyi yeməyi bişirirsən, o uşaq onu yeyəndə, xoşuna gələndə adama xoş gəlir. Mən çox istəyirəm onları, həmçinin də kollektivimiz. Uşaqlara çox gözəl qayğı var burda.