“Azərbaycanda ilk dəfə 225 uşağın iştirakı ilə tamaşa hazırlanır”

24 dekabrda “Education Management Network” Şirkəti “Baby star”,  “İndigo” Nərimanov uşaq bağçalarının uşaqlarının iştirakı ilə yeni il tamaşası təşkil edəcəkdir. Tamaşaya hazırlıq Oktyabr ayından başlayıb. 

Tədbirin əsas məqsədi və quruluşu barədə tamaşanın rejissoru Rafiz Mehdizadə GSR.fm-ə məlumat verib.

Rafiz Mehdizadə deyib ki, hər bir bağçada məşq prosesi artıq başa çatıb: “Bayramımız 2 hissədən ibarət olacaq. Birinci hissədə uşaqların nağılı oynanılacaq və bu nağıl 45 dəqiqə ərzində nümayiş olunacaq. İkinci  hissə fərdi olacaq və 1 saat ərzində uşaqların rəqsləri, şeirləri, nəğmələri, şaxta babaya hədiyyələri göstəriləcək. Biz bu tədbirin ssenarisini qurarkən çətinlik çəkdik,  çünki, 125 uşağın iştirak edəcəyini  nəzərdə tutmuşduq, amma artıq bağçalarımızda 225-dən çox uşaq var. Həmçinin, tamaşa daxilində nağılları birləşdirən 7 metr uzunluğunda qatar təşkil etmişik. Bu qatar da yeni il karnavalıdır ki, 2015-ə gedir və bütün nağıl qəhrəmanlarını özü ilə 2015-ə aparır. Ümumi belə bir xəttimiz var: şaxta baba insanlardan küsüb və bu il yer üzünə düşməyəcək. İnciməyinin səbəbi isə uşaqların  çox oxumağı və bunun nəticəsində əyləncəyə az vaxt ayırmalarıdır. Belə bir səhnəni qurmaqla valideynlərə çatdırmaq istəyirik ki, uşaqlar həm də əylənməlidir”.

Rejissor uşaqlarla tamaşa hazırlamağın çətinliklərindən də danışıb: “Deyə bilərəm ki, Azərbaycanda ilk dəfədir ki, uşaqlarla belə iş görülür. Çünki ümumi tədbirdə 225-dən çox uşaq iştirak edir. Uşaqlarla belə bir böyük iş görməkdə məqsədimiz onların hesabat verməsi deyil, biz istəyirik ki, uşaqların xatirəsində xoş gün olaraq qalsın. Biz səhər saat 10-dan axşam saat 6-ya qədər məşq ediridik. Mən uşaqların, uşaqlar da mənim kaprizimə dözür. Çətin olur ona görə  ki, bəzi uşaqların 3 yaşı var və hələ onlar özlərini tanımamış biz onlara hansısa bir obrazı tanıdırıq. Uşaq var ki,  heç vaxt rəqs etməyib,  etsə də özü bildiyi kimi edib və valideynləri onu alqışlayıblar. Bir uşağın işi o biri uşaqdan qavramağı da çətin olur. Belə çətinliklər fərdə görə dəyişir. Elə uşaqlar da var ki, aktyorlarımızdan yaxşı oynayır”.

Rafiz Mehdizadə deyir ki, tamaşa uşaqlara əyləncədən başqa özünü ifadə imkanı da yaradır: “Biz bu gün bu işi sırf iş xatirinə qurmuruq. Bəzən valideynlər uşaqlarının danışmasına, yeriməsinə sevinirlər. Amma bəzi uşaqların danışığında “ş” “s” “r” problemi olur. Bunların hamısı onlara özlərini ifadə etməsində problem hesab olunur. Biz də bunu düzəltməyə çalışırıq. Uşaqlarda sağ ayağı qoyanda sol çiyin qabağa gedirsə bu artıq bədən quruluşunun problemidir. Bir müəllim olaraq öyrətməliyik ki, sağ ayaq qoyulanda sol ciyin qabağa getməlidir. Bunların hamısı onlara mənimsədilir ki,  400 nəfərlik kütlə qarşısında  uşaqlar özlərini rahat ifadə edə bilsinlər”.