“Uşaqlar üçün ən təhlükəli yer mətbəxdir”

vefa-sirinovaYeni dərs ilinin başlamasına az müddət qalıb. Valideynlər övladlarının evdə və ya bağçada daha təhlükəsiz olması mövzusunda tərəddüd edirlər.

Mövzu ilə bağlı uşaq bağçasının baş meneceri, uşaq psixiatrı Vəfa Şirinova fikirlərini bölüşüb:

“Ailə, təhlükəsizlik hissini  təmin edən əsas mənbəydir. Uşağın təhlükəsizliyini təmin etmənin 3 əsas qaydası var.

1. Öncədən düşünmək

2. Mümkündürsə qarşısını almaq

3. Əgər hadisə baş veribsə, gecikmədən  tədbir görmək

Valideynləri həmişə uşağı necə  qorumaq lazım olduğu narahat edir. Onları adətən əsas qorxudan səbəblər təcavüz və oğurluqdur. Amma təəssüf ki, gündəlik evdə körpələr üçün gözlənilən təhlükələr haqqında unudurlar. Bu məişət diqqətsizliyindən ölüm ilə nəticələnmə riski  5 yaşadək uşaqlarda daha yüksəkdir . Bu yaş uşaqlar araşdırmacı olması səbəbilə valideynlər evin təhlükəsizliyini elə qurmalıdırlar ki, onların kəşflərinə mane olmasın. Valideynlər uşaqlarını gözəl həyat nümunələri və müsbət ətrafla tanış etməklə yanaşı ətrafımızın təhlükələrindən də onları qorxutmadan düzgün məlumatlandırmalarıdır. Valideynlərin dedikləri və öyrətdikləri bir ömür boyu uşaqlar üçün də, gələcək nəsillər üçün də öyrədici olacaqdır. Bu səbəblə böyüklər səbrli və təmkinli olmalıdırlar, onlar hər hansı hadisə baş verərsə, necə davranacaqları çox vacibdir, özləri məlumatlı olmalıdırlar ki, düzgün məlumatlandırsınlar.

Evdə təhlükələr bu formada ola bilər:

Yataqlar, yumşaq dəstlər : hündür olmamalı, iti kənarlardan qorumaq üçün vasitələr taxılmalıdır. Kiçik əşyalar evdən uzaqlaşdırılmalıdır. Masa guşələrində yumşaq astarlardan  istifadə edilməlidir. Oyuncaqlar mütəmadi yuyulmalı, təmiz qalmalıdır. Kəsici, iti alətlər ağzı qapalı qabda saxlanılmalıdır. Açıq oddan istifadə edərkən istifadə üçün ümumi təlimatlara əməl edilməlidir. Pilləkanlar olan evlərdə uşağın təhlükəsizliyini təmin etmək üçün pilləkan qapı kilidləri qoyulmalıdır. Ən təhlükəli yerin mətbəx olduğunu unutmamalıyıq. Hər il minlərlə uşaq yanıqlardan zərər çəkir. Açıq pəncərələr və ya bir dəqiqəlik belə zibil atmaq və ya paltar asmaq üçün çıxdığınız an arxadan bağlanan qapı. Əsl fəlakət uşaq evdə tək, diqqətsiz olarkən baş verə bilər  və s.

Bayırda tanımadığımız insanlar müxtəlif təhlükələr törədirlər – psixi gərginlikdən tutmuş təcavüzədək.

Bunun üçün uşağınızla bayır qaydalarını müzakirə edin. Heç vaxt tanımadığı adamla siz olmayarkən danışmasın.

Tanımadığı adamla heç bir yerə getmək olmaz (bu oyun ,nə isə daşımağa kömək və ya onun itmiş uşağını tapmağa kömək kimi ola bilər).

Heç vaxt tanımadığı adamın maşınına yaxınlaşmasın.

Əgər siz olmadıqda bir kimsə ona yaxınlaşıb, sizin onu  göndərdiyini və ya qapını döyərək açmağını istəyərsə, ona “gizli şifrə “öyrədin. Məsələn ”mən səni çox istəyirəm” kənar adam şifrəni deməsə, demək ki, ondan çəkinmək lazım olduğunu deyin.

Bu kimi tədbirlər bəlkə uşağınızı hər hansı bir pis hadisədən qurtaracaq”.