“Uşağın qidalanmasında gün rejiminin əhəmiyyəti böyükdür”

kamile“Uşaq bağça yaşına çatdıqda valideynlər uşağı bağçaya təhvil vermək haqqında düşünürlər. Psixoloji hazırlıqdan əlavə uşağı fiziki cəhətdən də bağçaya hazırlamaq lazımdır. Bağça rejimi ilə tanış olub uşağı tədricən həmin rejimə uyğunlaşdırmaq olar”.

Bu sözləri “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bağçadakı günlük rejim haqqında danışarkən deyib: “Bağçaya gələn uşaqları evdə tərbiyə olunan uşaqlardan fərqləndirən əsas cəhətlərdən biri gün rejimidir. Uşaq bağçasında uşaqlar müəyyən standartlara uyğun olaraq, əvvəlcədən hazırlanmış rejimə uyğunlaşırlar. Bu müsbət cəhətdir. Belə sistem dəcəl, ərköyün uşağı da səliqəli, dəqiq, intizamlı olmağa həvəsləndirir. O, yoldaşlarına baxıb onlarla birlikdə hərəkət edir”.

Kamilə xanım qeyd edib ki, uşağın qidalanmasında xüsusilə gün rejiminin böyük əhəmiyyəti var: “Əksər dietoloqlar orqanizmin normal inkişafı üçün eyni saatda qidalanmağı məsləhət görürlər. Uşağın yemək vaxtı gecikdikdə uşaqda iştahsızlıq əmələ gəlir və o yeməkdən imtina edir”.

Bağça meneceri əlavə edib ki, uşağın normal inkişafı üçün vacib olan amillərdən biri də günorta yuxusudur: “Yuxu uşağın həm fiziki, həm də psixoloji durumuna təsir göstərir. Bağçada uşaqların yaşından asılı olaraq yuxu saatı fərqli olmalıdır. Normal yatan uşaq gün ərzində daha təmkinli olur. Sərbəst oynayır, böyükləri narahat edib özünə diqqət cəlb etmir. Bəzi valideynlər düşünürlər ki, uşaq günorta yatmasa, gecə rahat və uzun müddətli yatar. Bu səhv fikirdir. Əksinə uşaq günorta yatmadıqda, onun yuxusu pozulur və o gecə daha da narahat olur. Uşaq bağçalarına aid olan təxmini gün rejimi aşağıdakı kimidir:

Səhər qəbulu – 08:00-08:30

Tibbi baxış – 08:30-08:45

Səhər gimnastikası – 08:45-09:00

Səhər yeməyi – 09:10-09:40

Məşğələlər –  10:00-11:00

Meyvə saatı – 11:00-11:15

Gəzinti – 11:25-12:25

Gəzintidən qayıtma,

Nahar yeməyinə hazırlıq – 12:25-12:40

Nahar yeməyi – 12:40-13:15

Yuxu vaxtı – 13:30-15:10

Yuxudan oyanma – 15:10-15:30

Qəlyanaltı – 15:30-15:45

Məşğələlər – 16:00-17:00

Şam yeməyi – 17:00-17:30

Sərbəst oyunlar, evə getmə – 17:30-18:00

Rejim yaş qruplarına görə dəyişilir. Bağçalarda uşaqların hərtərəfli inkişafı üçün müxtəlif məşğələlər keçirilir”.