“Bağçam” Uşaq Bağçaları Şəbəkəsi 10 ildən çoxdur, “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipi ilə fəaliyyət göstərir. Bu prinsip çətiri altında bir çox dəyəri birləşdirir.

Şəbəkəmizin baş direktoru Samirə Dünyamalıyeva “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipini oxucularımız üçün şərh edir:

“Qurulduğu ilk gündən bəri şəbəkəmizin tək devizi “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək”dir. Biz bu prinsipə inanaraq “Övladınız hər şeyin ən yaxşısına layiqdir” siyasətini fəaliyyətimizdə tətbiq edərək uşaqlara özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq. Uşağın xoşbəxtliyi ailəsindən, olduğu mühitdən asılıdır. Balanslı ailə mühitində və bağçada uşaqların təhlükəsizliyi üçün məhdudiyyətlərin olmağı olduqca normaldır. Amma bu qaydaların istər ailədə, istər bağçada əvvəlcədən uşaqlara izah olunması, uşaqların öz sərhədlərinin müəyyənləşdirilməsi vacibdir. Bu zaman uşaqların sağlam inkişafından söhbət gedə bilər. Xoşbəxt uşağın formulunu vermək çətindir. Amma bir şey məlumdur ki, uşaq sevilirsə, ehtiyacları valideynləri tərəfindən qarşılanırsa, o uşaq xoşbəxtdir. Övladlarının xoşbəxtliyi valideynlərinin ən böyük arzusudur.

Bəzən, valideynlərin bu prinsipə zidd olan davranışlarını da müşahidə edirik. Belə ki, bəzi hallarda böyüklər uşaqlarının fiziki ehtiyaclarına diqqət yetirir. Təbiki ilk növbədə fiziki ehtiyaclara önəm vermək lazımdır, lakin bununla yanaşı valideynlər emosional inkişafa da diqqət yetirməlidirlər. Uşaqlarımızı dinləmək, onlarla oyun oynamaq, ünsiyyət ehtiyaclarını qarşılamaq və oyun zamanı onların təxəyyüllərini inkişaf etməsinə şərait yaratmaq əsas addımlardan biridir. Bu zaman övladlarımız özünü xoşbəxt hiss edir.

Xoşbəxt uşaqlar üçün xoşbəxt ev mühiti lazımdır. Əgər uşaq hər iki valideyni ilə birlikdə yaşayırsa, ata və ana bir birinə sevgi, hörmət bəsləməlidir. Çünki uşaq gördüyünü öyrənir.

Unutmamalıyıq ki, sağlam uşaq özünü xoşbəxt hiss edə bilər. Sağlam övlad yetişdirməyin ən vacib şərti uşağın inkişafı haqqında məlumatın olmasıdır. Valideynlər oxuyaraq, izləyərək, lazım gələrsə, mütəxəssislərlə məsləhətləşərək öz övladının inkişafını öyrənməli və izləməlidir.

Uşaqların cəmiyyətdə özünə güvənən, uğurlu və xoşbəxt fərdlər ola bilmələri üçün valideynlər nümunə olmalıdır və dəstəkləyici ev mühiti yaratmalıdırlar. Uşağı ilk üç ildə texnologiya və televiziyadan uzaq tutmaq, ona sosial mühit təmin etmək, onunla emosional ünsiyyət qurmaq və uşağa qarşı həssas olmaq sağlam uşaq böyütmək üçün təsirli üsuldur.

Valideynlərin uşaq böyüdərkən etdiyi bir çox səhvlər vardır. Onlar çox yaxşı və ya hətta mükəmməl valideyn olmağa çalışırlar. Uşaqlara gün ərzində öyrənmə üçün etdiyi kəşflərə təcrübələrə tez-tez “yox” ilə bloklayırlar. Ana və ya ata olaraq fərqli rəftar edir, oxşar hadisələrdə fərqli reaksiyalar göstərərək ziddiyyətli davranırlar. Uşağın əli, ayağı, gözü və düşüncəsi olmaq, təhlükəsizlik adı altında “həddindən artıq qoruyucu” davranmaq da yaxşı deyil. Səbəbindən asılı olmayaraq, uşağa qayğı göstərmək əvəzinə, ona planşet, televizor, cib telefonu kimi istifadəsi asan texnologiya vasitələri təklif edilir. Bu yolverilməzdir.

Uğur üçün uşağa yüksək gözləntiləri qoyaraq təzyiq göstərmək də doğru deyil.

Doğru addım odur ki, uşağın sualları valideyn uzaqgörənliyi ilə təfərrüatlarına qədər cavablandırılsın, uşaq doğru istiqamətləndirilməlidir.

Çoxillik təcrübəmdə yüzlərlə valideynlə söhbətləşmək imkanım olub. Valideynlərin övladları üçün qayğılarını və narahatlıqlarını anlayıram, lakin bütün bunlar uşağı stressdə saxlamağa, uşağa təzyiq göstərməyə haqq qazandırmır. Valideynin göstərə biləcəyi ən böyük qayğı uşağın özünü xoşbəxt hiss etdiyi mühiti yarada bilməkdir”.