Uşaqlıq körpəlikdən sonra inkişaf prosesinin ən sürətli dövrüdür. Bu prosesdə əldə edilən qazanclar fərdlərin gələcəkdəki münasibətlərinin və davranışlarının əsasını təşkil edir.

Xüsusilə zehni, idraki və mənəvi inkişaf bu dövrdə intensivlik qazanır, lakin fiziki fəaliyyət olmadan həmin inkişafa nail olmaq mümkünsüzdür. Günümüzdə texnologiyanın inkişafı insanların daha çox passiv həyata üstünlük vermələrinə səbəb olub və bu yeni həyat tərzi uşaqlara da birbaşa öz təsirini göstərir.

Fiziki fəaliyyət və idmanın uşaq inkişafına təsiri haqqında daha ətraflı məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin rəqs müəllimi Veronika Qrişanın fikirlərini öyrəndik.

Müsahibimiz bildirir ki, sağlam həyatın əsasını təşkil edən əsas məqamlardan biri gündəlik həyata keçirilən fiziki fəaliyyətlərdir:

“Uşaqların fiziki fəaliyyətinə sadə idman hərəkətləri, rəqs, gimnastika kimi məşğuliyyətlər daxildir. Bu növ fəaliyyətlərinin mütəmadiliyi onların ümumi inkişafı üçün çox faydalıdır. Yalnız düşünmək lazım deyil ki, fiziki fəaliyyətlər uşaqların sadəcə fiziki inkişafına kömək olur. Fiziki fəaliyyət uşaqların özünə inamını artırır, bədənlərini tanımasına kömək edir, sosiallaşmasına, dünyanı daha fəal öyrənməsinə, sağlam böyüməsinə və inkişafına dəyərli töhfələr verir. Həmçinin intellektual və psixoloji cəhətdən inkişafa da dəstək olur”.

Veronika xanım qeyd edir ki, uşaqlar hər yaş dövrünün xüsusiyyətlərinə uyğun müxtəlif növ fiziki fəaliyyətlərlə məşğul olmalıdır:

“Uşaqların fiziki cəhətdən aktiv olması üçün bir sıra fəaliyyətlər həyata keçirilməlidir. Açıq havada oynamaq, səhərlər idman etmək, gimnastika ilə məşğul olmaq olar. Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün müxtəlif idman növləri ilə də məşğul olması vacibdir. 2 yaşından sonra idman məşğələləri həftədə ən azı bir dəfə keçirilməlidir. Bu, uşağın dərslərə alışması, məşqləri yadda saxlamasına kömək olur. 3 yaşdan 5 yaşa qədər uşaq gündə 3 saat hərəkət etməlidir. Demək olar ki, bu yaş dövründə uşaqların günlərinin 60%-i  aktiv, hərəkətli keçir. Bu səbəbdən həftədə ən azı 2 dəfə müəyyən idman növü üzrə məşq etmək olar”.

Müsahibimiz əlavə edir ki, fiziki fəaliyyət nəinki uşaqların inkişafına, bununla yanaşı əhval-ruhiyyəsinə də müsbət təsir göstərir:

“İdman damarlarda qanı daha sürətli dövr etdirir və ürəyin daha səmərəli işləməsini təmin edir. Həmçinin tənəffüs fəaliyyətini nizamlayır və sinir sistemini sakitləşdirir. Uşaq aktiv deyilsə, bunun səbəbləri onda düzgün rejimin formalaşmaması, yorğunluq, qidalanmada səhvlər və yuxu rejiminin  pozulmasıdır. Valideynlər mütləq uşaqların yuxu rejiminə, qidalanmasına nəzarət etməli, açıq havada onlarla çox vaxt keçirməli, fiziki cəhətdən aktiv müxtəlif növ oyunlar oynamalı, iqlimə uyğun geyiminə nəzarət etməli, uşağın hərəkətinə mane olmamalıdır”.

Sonda, Veronika xanım “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin bu istiqamətdə gördüyü addımlar haqqında da məlumat verir:

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsində uşaqların fiziki cəhətdən aktivliyini qoruyub saxlamaq üçün müxtəlif növ fiziki fəaliyyətlər təşkil edirik. Daim səhər məşqləri keçirik ki, bu da uşağın günə gümrah başlamasına kömək edir. Oyunlar, rəqs saatları, gimnastika məşğələlərimiz var. Həmçinin uşaqlar arasında estafet yarışları da təşkil edirik. Tez-tez uşaqlarla təmiz havada gəzintiyə çıxırıq. Bu kimi fəaliyyətlər uşaqları daha güclü və sağlam edir”.