Uşaqlar üçün yay tətilini necə maraqlı edə bilərik?

Yayda adətən valideynlər məzuniyyətdə olur və övladları ilə birgə vaxt keçirmək üçün şəhərdən uzaq və ya ölkə xaricində tətilə yollanırlar.  Bağçadan, təhsil müəssisəsindən ayrı düşən uşağın isə bu müddətdə geriləməməsi üçün valideyn mentor rolunu oynamalıdır. Valideyn həm özünün, həm də övladının yay tətilini planlaya bilərsə, faydalı nəticələr əldə edər.

Tətil müddətində uşaqlarınızın əyləncəsini təmin etmək üçün tövsiyələrimiz aşağıdakılardır:

  1. Səyahət planı hazırlayın.

Tövsiyə edilir ki, yay planlarınızı övladlarınız ilə birlikdə hazırlayın. Bu onlarda məsuliyyət hissini inkişaf etdirərək öz fikirlərini ifadə edəcəkləri mühiti formalaşdırır. Səyahət planınız hazırdırsa, uşağınızın marağına səbəb olacaq yerləri ziyarət etməyi unutmayın. Bura muzeylər, əyləncə parkları, kitabxanalar, teatrlar, kinozallar və s. kimi məkanlar aid edilə bilər.

  1. Təbiətlə tanış edin:

Uşaqların fiziki və psixoloji inkişafı üçün açıq havaya çıxmağın, təbiət qoynunda olmağın əhəmiyyəti danılmazdır. Uşağınızı şəhər həyatında müşahidə edə bilmədiyi bitki və heyvanlarla tanış edin. Bundan əlavə, uşağınıza top oynamaq, velosiped və ya konki sürmək kimi fəaliyyətlərlə məşğul olmasına icazə verin. Bu fəaliyyətlər uşaqların bədən koordinasiyasını da gücləndirəcəkdir.

  1. Oyunlar oynayın:

Uşaqlar üçün oyun çox vacibdir. Çox vaxt valideynlər düşünürlər ki, övladları böyüdükcə oyunlara olan istəkləri azalır. Amma uşaqlar oyun vasitəsilə stresslərini aradan qaldırır və sizinlə birgə əylənmə imkanı əldə edir.

  1. Kursa gedin:

Heç bilmədiyiniz bir mövzuda kursa getməyə cəhd edə bilərsiniz. Bunun üçün sadəcə uşağınızın maraqlarına uyğun və onun üçün faydalı olacağını inandığınız sahəni tapmaq kifayətdir.

Bəzi hallarda valideynlər övladlarının öyrəndikləri bilikləri tətil müddətində unutduqları düşünür, narahat olurlar. Bu əssasız deyil. Uşaqların əylənəcəyi mühiti yaratmaqla yanaşı, onlar üçün öyrədici, həmçinin əldə olunmuş biliklərin qorunub saxlanılacağı mühiti də formalaşdırmaq lazımdır.

Lakin uşaqların unutqanlığının qarşısını almağa çalışarkən, onları stressə salmaq xeyirdən çox zərər verə bilər. Bu səbəbdən, uşaqlara narahatlığınızı hiss etdirmək və onları nəyəsə məcbur etmək düzgün deyil.

Əvəzində aşağıdakı tövsiyələrimizə əməl edə bilərsiniz.

  1. Riyazi məsələlər həll edin:

Gündə üç-dörd riyaziyyat problemini həll etmək uşaqların riyaziyyat bacarıqlarını paslanmamasına kömək edir. Bu tipli problem həlləri uşağınızın görəcəyi gündəlik işlərə daxil edilə bilər. Bu da uşaqlarınızın riyazi bacarıqlarını qoruyub saxlamağa kömək edəcək.

  1. İnternetdən istifadə edin:

Uşaqlar smartfon və planşetlərlə vaxt keçirdikləri halda, demək olar ki, vaxtlarının çoxunu heç bir faydası olmayan məlumatlara baxaraq keçirə bilirlər. Rəqəmsal detoks tətbiq etdiyiniz müddətdə övladlarınızla birlikdə akademik biliklərinə töhfə verəcək sənədli filmlər, elmi araşdırmalar və əyləncəli qısa videolar izləyə bilərsiniz.

  1. Test kitabları alın:

Uşağınıza yay tətilində asanlıqla bitirə biləcəyi test kitabları alın. Uşağınızın tapşırıqları bitirməsi üçün həvəsləndirin, lakin təzyiq göstərməyin. Testlərin həlli uşaqlarda keçmiş dərs biliklərini təzələməyə imkan yaradır.

  1. Çətinlikləri aradan qaldırın:

Əvvəlki ildə uşağınızın ən çox çətinlik çəkdiyi mövzuları müəyyənləşdirin. Gündə 15-30 dəqiqə ona kömək edərək həmin mövzularda bilmədikləri, öyrənməkdə çətinlik çəkdikləri hissələri tamamlayın. Övladınızın təhsili ilə bağlı onlayn nəşrlərdən, lazımi metodik vəsaitlərdən və internet resurslarından kömək ala bilərsiniz.