Uşaqların özünə inam hissini inkişaf etdirək

usaq-inamSağlam özünəinamlılıq uşaqların ən güclü silahıdır. Zəif və güclü tərəflərini bilən uşaqlar özlərini daha yaxşı tanıyır, konfliktləri asanlıqla həll edir, mənfi təsirlərə qarşı daha dözümlü olurlar. Onlar tez-tez gülümsəməyə meyilli olur və həyatdan zövq alırlar. Bu uşaqlar daha realist və optimist olurlar.

Əksinə, özünəinamı az olan uşaqlar hər hansı bir problemi narahatlıq mənbəyi hesab edirlər, problemlərin həll yollarını çox çətinliklə tapırlar, çətin bir hadisə ilə üzləşdikdə dərhal “mən bunu bacarmaram”, “mən yaxşı deyiləm” kimi mənfi düşüncələrə qapılırlar və bu, onları daha passiv edir.

Özünəinamlılıq özünü qiymətləndirməyə bərabərdir. Bu, gündən-günə və ya ildən-ilə dəyişə bilər, lakin özünə inamlılıq körpəlikdən inkişaf etdirilməlidir və böyüyənə qədər qorunub saxlanılmalıdır.

Özünəinamlılıq eyni zamanda sevilmək hissi ilə də müəyyənləşdirilir. Öz nailiyyətləri ilə xoşbəxt olan uşaq əgər sevgi hiss etmirsə, bu onun özünəinamını azaldacaq. Əksinə, özünə inamı az olan uşaqlar sevgi hiss edərsə, onları özlərinə inamları inkişaf edəcək. Sağlam özünəinamlılıq düzgün balansın qorunub saxlanılmasının nəticəsidir.

Özünə inamlılığın uşaq yaşlarından inkişaf etdirilməsi daha düzgün yoldur. Başqa insanlarla əlaqədə olaraq onlar öz bacarıqlarını tanıyır və inkişaf etdirir. Valideynlər düzgün və sağlam özünə inamın yaradılmasında əsas açardır. Müxtəlif sahələrdə uşaqları cəsarətləndirməyə çalışın. Bir spesifik sahə üzərində cəmləşmək uşaqlara yalnız o sahədə bacarıqlı olması hissini yaradır.

Valideynlər uşaqlara necə kömək edə bilər?

  • Nə söylədiyinizə diqqət edin
    Uşaqlar valideynlərinin və başqalarının sözlərinə qarşı çox həssas olurlar. Onları yalnız gördükləri işlərə görə yox, cəsarətlərinə görə də qiymətləndirin. Eyni zamanda, onlara doğruları söyləyin. Əgər uşağınız hər hansı bir sahədə bacarıqlı deyilsə, bunu ona söyləyin. 
  • Müsbət bir model olun
    Əgər sizin özünüzə inamınız azdırsa, pessimistsinizsə, uşağınız da sizi əks etdirəcək.
  • Həqiqətə uyğun olmayan fikirləri müəyyə edin və istiqamətini dəyişin
     Uşağınız özü haqqında məntiqli olmayan fikirlərə sahibdirsə, onu realist olmağa və öz qabiliyyətlərini daha yaxşı görməyə sövq edin.
  • Güvənli, sevimli ev mühiti yaradın
    Güvənli hiss etməyən uşağın özünə inamı az olur. Əgər evdə valideynlər aralıqsız mübahisə edirsə, bu uşaqları köməksiz və depressiya vəziyyətinə salır.
  • Uşaqlarınızı yaradıcı məşğuliyyətlərə cəlb edin
    Yarışdan daha çox birliyi dəstəkləyən məşğuliyyətlər özünə inamın artırılmasına kömək edir.
  • Professional kömək
     Siz uşağınızda özünə inamın az olduğunu müşahidə etmisinizsə, professional yardım almağınız daha məsləhətlidir. Terapiyalar uşaqlara özlərini tanımaqda və problemlərini asanlıqla həll etməkdə kömək edir.

Tərcümə etdi: 
Leyla Mirzəyeva