Uşaqların yaddaşını necə gücləndirmək olar?

yaddasBəzi valideynlər əllərindən gələni etsələr də, uşaqlarının yaddaşının zəif olmasından şikayətlənirlər. Biz sizə bu problemlə əlaqədar çıxış yolları təqdim edirik:

İlk növbədə, uşaqlarda yaddaş zəifliyinin səbəblərini müəyyən etmək lazımdır.  Bu faktorlar müxtəlif ola bilər:

  • Tibbi problemlər
  • Konsantrasiya dağınıqlığı
  • Düzgün yatmaq vərdişlərinin olmaması
  • Düzgün yemək vərdişlərinin olmaması
  • Həddindən artıq stress
  • Həddindən artıq TV izləmək və s.

Tibbi səbəbləri nəzərə almasaq, qalan digər faktorlar bir o qədər də qorxuducu deyil. Konkret nümunələri izləməklə hər bir valideyn bu problemləri aradan qaldıra bilər. Tibbi problemlər də müxtəlif səbəblər əsasında ortaya çıxa bilər. Ən başlıca faktor irsi faktordur. Vaxtında qoyulan diaqnoz və düzgün müalicə bu problemləri aradan qaldıra bilər.

Qaydasız yuxu vərdişləri uşaqlarda yaddaş zəifliyinə səbəb olan əsas səbəblərdəndir. Hər bir uşaq konkret yuxu rejiminə ehtiyac duyur. Valideynlər çalışmalıdır ki, müntəzəm şəkildə izlənə biləcək bir qrafik tərtib etsin.  Lakin burada əsas olan odur ki, uşağınız həmin rejimə əməl etsin. Əvvəlcə bu çətin görünə bilər, ancaq zamanla uşaqlar buna uyğunlaşacaqlar.  Uşaqları yatırtmazdan öncə süd içirmək məsləhətlidir, tərkibində kofein olan içkilər məsləhətli deyil. Eyni zamanda, yatmazdan öncə televizor izlətmək də düzgün nümunə deyil.

Televizor izləməyi azaltmaq yaddaşın güclənməsinə təsir edə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, çox televizor izləyən uşaqların yaddaşı daha zəif olur.   Həddindən artıq televizora baxmaq beynin inkişafını ləngidir. Uşaqlar passivləşir və xarici aləmlə daha az ünsiyyətdə olurlar.  Bununla yanaşı, bir sıra proqramlar beyni inkişaf etdirməyə kömək edir ki, buna bir çox cizgi filmləri də daxildir.  Buna görə də uşaqlara beyin inkişafına təsir edə biləcək filmlər izləmək lazımdır.

Bəzi qidalar da yaddaşı gücləndirə bilir. Tərəvəzlər; kələm, kök, ispanaq, soğan, göbələk, turp və s. meyvələr; alma, armud, naringi, limon, portağal və s. kimi sitrus meyvələri, süd məhsulları,  balıq qidaları da effektivdir.

Beyni inkişaf etdirən oyun və məşqlər də yaddaşı gücləndirmək üçün yaxşı vasitədir. Çox yatmaq və cox televizor izləmək beyni passivləşdirdiyi halda bu tip oyunlar onun inkişafına təkan verir. Belə bir kart oyununu nümunə göstərmək olar: uşağınızın qarşısına 10 şəkilli kart düzün və bu kartlardakı şəkilləri diqqətlə yaddaşında saxlamasını tapşırın, daha sonra kartları çevirin və şəkillərin hansı kartlarda yerləşdiyini ondan soruşun. Bu yöndə oyunlar onda konsentrasiya dağınıqlığının da qarşısını ala bilər.

Unutmayın, düzgün və ardıcıl riayət olunan rejim uşaqlardakı bu problemləri aradan qaldırmağa yardım edəcək.

Tərcümə etdi:
Leyla Rəhimova