İncəsənətin uşaqların inkişafında rolu

Uşaqlar dünyanı kəşf etməyə başladıqda incəsənəti də artıq dərk etməyə başlayırlar. Araşdırmalar göstərir ki, incəsənətlə məşğul olmaq uşaqların erkən dönəm inkişafında xüsusi rol oynayır. Uşaqlar sözlə ifadə edə bilmədiyi ideya və duyğularını incəsənətin müxtəlif sahələri ilə göstərə bilirlər. Bu da onlara özünəinamı aşılayır.

Uşaqlar qayçı ilə kəsərkən, barmaqları ilə rəsm boyayarkən rənglərin, fiqurların fərqini anlaya bilir. Rəngləri qarışdırarkən belə səbəb-nəticə əlaqəsini qavrayır. Bununla da onlar öz bacarıqlarını təcrübədən keçirir və qərar vermə bacarığını təkmilləşdirə bilir. Onların yaradıcılıq fəaliyyətini bir valideyn kimi dəstəkləməyiniz də vacibdir. Məsələn, uşağınızın çəkdiyi rəsmini şərh etməkdə ona kömək edə bilərsiniz. Nə çəkmək istədiyi ilə bağlı sual verin və qoyun izah etsin. Ona söz bazası qazandırın. Məsələn, “Bu dairəni göy rəngdə çəkmisən”, “Günəş sarı rəngdə olur”. Çəkdiyi rəsmdə qarışdırdığı rənglərin necə belə alındırdığını ondan soruşun.

Uşaqlar öz işləri ilə bağlı danışaraq özlərini yaradıcılıqları ilə ifadə etməyi öyrənə biləcəklər. Lakin uşaqlarınızın yaradıcılığını dəstəkləyərkən onları yönləndirməyin. Qoyun istədiyi kimi yaradıcılıqlarını ortaya qoysunlar. Biz böyüklər üçün onların çəkdikləri nə qədər məntiqsiz gəlsə də, onlar üçün isə əslində yaradıcılığa və kəşfə yeni bir qapı açır. Bunu unutmamalıyıq ki, hər bir uşaq unikaldır, onların öyrənmə üsulu və sürəti fərqli olur.

Evdə uşaqlarınızla məşğul ola biləcəyiniz bir neçə yaradıcı fəaliyyətləri: Uşaqlar üçün müxtəlif janrda musiqilər açın. Uşaqlarınız sizinlə rəqs edərək həm əylənəcək, həm də musiqi notlarını sizinlə birgə kəşf edəcək. Mahnı ilə kifayətlənməyin, evdəki istənilən əşyaların necə səslər çıxardığını, maraqlı ritmlər qurmağı uşaqlarınızla birgə kəşf edin. Bizim tövsiyəmiz: nəlbəki gözəl başlanğıc olacaq. Yaradıcılıq bir karandaş və bir boş kağızla başlayır. Odur ki uşaqlarınızın yaradıcılığı üçün istədiyi kimi qaralamasına icazə verin. Fotoqrafiyanı uşaqlarınızla tanış edin. Təbiətin gözəlliyini – heyvanları, ağacları, budaqdakı quşların fotolarını birlikdə çəkin. Onlara ətraf-mühitimizi qorumağı öyrədərkən, heyvanlar və ağaclarla tanış edərkən yaradıcılığı da aşılamış olacaqsınız. “Dovşan, dovşan, a dovşan!” – onlara şeir oxuyun. Qoyun bədii ədəbiyyatın ritmini hiss etsin və bununla əylənsin. Hətta siz də şeir yazın! Bəlkə, siz də yaradıcı tərəfinizi ortaya çıxaracaqsınız. Kim bilir?

Yeni ildə faydalı vərdişlər əldə edək

Uşaqlara kiçik yaşdan məqsəd, hədəf qoymaq vacibdir, çünki məqsədlərə nail olmaq insanı yaxşı hiss etdirir və həyatda əldə etmək istədikləri üçün daha çox çalışmağa motivasiya edir. Faydalı vərdişləri necə qazanmalı, övladlarımıza necə düzgün məqsəd qoymalıyıq kimi sualların cavabını “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Qurucusu Samirə Dünyamalıyeva şərh etdi.

Valideynlər olaraq biz uşaqlara yaşına uyğun, ölçülə bilən, konkret məqsədlər qoymalıyıq. Yaxşı insan olmaq gözəl məqsəddir, lakin mücərrəddir. Övladlarınıza qoyduğunuz məqsəd böyükdürsə, onu bir neçə mərhələlərə bölün və tədricən tamamlayın.

Yeni ildə ilk olaraq övladlarınızla birgə söhbət edin, onları dinləyin, nə arzu etdiklərini, hədəflərini müəyyənləşdirin. Daha sonra əldə edilə bilən, qısa müddətə, məsələn, 2-3 aylıq hədəflər qoyun. Hədəfləri uşağın da istəklərini nəzərə alıb birlikdə yazın.  Bu hədəflərə çatmaq üçün onunla birgə can atıb, təşviq edin.

Evdə arzularla dolu axşam təşkil edin: hər bir ailə üzvü üçün batman kağızı, markerlər və parlaq stikerlər götürün. Övladınıza deyin ki, bu gün ata, ana, nənə və baba özləri üçün hədəf-məqsəd xəritəsi çəkəcəklər. Nümunə göstərin, istəklərinizi və onlara nail olmaq yollarını mərhələlər şəklində çəkin. Məsələn, Amerikaya getmək, bir neçə kilo arıqlamaq və ingilis dilini öyrənmək arzusundasınız. Bunu kağızda təsvir edin.

Hər bir arzu bir yola aparmalıdır: bir il ərzində ayda bir miqdar qənaət etməyi və səyahət planlaşdırın. Qoy uşaq da öz arzularını və onları həyata keçirməyin yollarını çəksin.

Həvəsləndirmək üçün onun ötən il ərzində əldə etdiyi nailiyyətlərin siyahısını tərtib etməyi təklif edin. O, üzməyi öyrənib? Rəsm müsabiqəsinin qalibi olub? Velosiped sürməyi bacarır? Yeni telefon üçün qənaət edib? Riyaziyyatdan yüksək nailiyyət əldə edib? Bütün bu uğurları qeyd etməyi və xatirələrini bölüşməyi rica edin.

Övladınızın yeni məqsədlərinə çatmağı üçün həvəsləndirin, dəstək olun, arzusuna çatdıqca o günü xüsusi gün kimi qeyd edin.

“Bağçam” Uşaq Bağçaları Şəbəkəsində təlim-tərbiyə alan hər bir uşağın inkişaf səviyyələrinə uyğun dəyərləndirmə aparılır. Bu dəyərləndirməyə görə uşaqların fərdi planları hazırlanır. Bu planlar illiyə əsasən hesablanır və üç aydan bir mütəxəssislər tərəfindən yoxlanılır.

Planlarda əsas önəm verilənlər uşaqların bacarıqlarının inkişafıdır. Hər bir yaş dövrünün və hər bir inkişaf səviyyəsinin özünün bacarıqları mövcuddur. Bu bacarıqlar pedaqoqların, psixoloqların, nitq mütəxəssislərinin, dayələrin, valideynlərin vasitəsilə müəyyən olunmuş müddət çərçivəsində inkişaf etdirilir. Bunlar uşaqların inkişaf hədəfləridir. Uşaq bu hədəflərə çatdıqda ona müəyyən həvəsləndirici mükafatlar verilir. Bu da öz növbəsində onların özünəinamının formalaşmasına  səbəb olur.

Yeni il adətləri: Fərqli mədəniyyətlər

Hər birimiz yeni ilə yeni ümidlər, gözləntilər, arzular, qərarlar və hədəflərlə başlayırıq. Ən maraqlı Yeni il ənənələri də elə bu gözləntilərə uyğun formalaşır. Bununla da hər mədəniyyət eyni bayram sevincini paylaşsalar da bir-birindən adət-ənənələriylə fərqlənirlər. Həmin adətlərin çoxunun qədim tarixi olsa da, yeni yaranan adətlər də az deyil.

Övladlarınızla birgə əyləndiyiniz bu bayramda fərqli adət-ənənələrlə tanış olaraq onların dünyagörüşünü zənginləşdirə, yeni məlumatlar əldə etmələrinə kömək edə bilərsiniz:

ÇİN: Çinlilər xoşbəxtlik və uğur rəmzi olaraq Yeni il zamanı qapılarını qırmızı rəngə boyayırlar.  Bayrama başlamazdan əvvəl ötən ilin ağırlığını aradan qaldırmaq üçün evlərini yaxşıca təmizləyirlər. Uğur və bolluq gətirmək üçün evlərinə müxtəlif çiçəklər, bitkilər alır və uğur gətirdiyinə inanılan qırmızı zərflərdə uşaqlara pul hədiyyə edirlər. İllərdir məhsuldarlığın simvolu hesab etdikləri naringini də bir-birlərinə hədiyyə edirlər.

 

Belçika: “Yeni il məktubları” Belçikada uşaqların ən çox sevdiyi yeni il adətlərindən biridir. Belə ki, uşaqlar məktəbdə yazdıqları xüsusi məktubları birgə bəzəyir, yeni il gecəsi də həmin məktubları ailələrinə oxuyurlar. Bu da uşaqların hiss və duyğularını, istəkləri, yeni ildən gözləntilərini səsləndirdikləri mühiti yaradır.

 

Rumıniya: Yeni il adət-ənənələri siyahısında heyvansevər adətlərdən biri Rumıniyadadır. Rumıniyalı fermerlər Yeni il ərəfəsində heyvanları ilə ünsiyyət quraraq, qarşılığında nəsə alacaqlarını gözləyərək yeni ilə hazırlaşırlar. Onlar heyvanlarla ünsiyyət qura bilən ailələrin ən gözəl ili yaşadıqlarına inanırlar. Bununla da övladlarının da gələcəklərinin uğurlu olacağına inanan rumıniyalılar hər il bu ənənəni davam etdirir.

 

Yunanıstan: Yunanıstanda Yeni il ərəfəsində ailələr bir yerə toplaşaraq yeni il tortu olan “Vasilopita” hazırlayırlar. Bu tortun xüsusiyyəti içərisindəki gizlənən qızıl sikkə olur. Tortu ailənin ən kiçik üzvü kəsir. İnanılır ki, həmin qızıl sikkə kimin dilimində düşsə, həmin il onun üçün uğurlu olacaq.

 

Estoniya: Estoniyada Yeni il gecəsi uşaqlarla gənclər bir araya gəlib şamlardan və ağac budaqlarından istifadə edərək böyük tonqal yandırırlar. Tonqalı yandıranların saflığını simvolizə edən bu alovun yeni ildə rifah və bolluq gətirəcəyinə inanılır.

 

Rusiya: Uşaqlar ailələriylə birgə öz diləklərini məktuba yazırlar. Adətən şam ağacına yerləşdirilən məktubları Yeni İl gecəsi valideynlər yandırırlar. Bununla da həmin diləklərin gerçəkləşəcəyi düşünürlər.

 

Bir daha “Bağçam” Uşaq Bağçaları adından yeni ilin hər kəs üçün daha uğurlu, xoşbəxt və sevgi dolu il olmasını diləyirik. Yeni İliniz mübarək!

İl sonu dəyərləndirməsi və doğru hədəf seçimi

Hədəf istəyin və ya ideyanın reallaşması üçün vaxt təyin edərək sistemli fəaliyyət planınız əsasında nail olduğunuz məqsədlərinizdir.

Yeni il yeni hədəflər təyin etmək üçün ən yaxşı zamanlardandır. Hər yeni ilə qədəm qoyduqca yeni planlar qurulur və uzun hədəf siyahıları hazırlanır. Adət halına gəlmiş bu prosesdə insanlar ya əzm göstərib hədəflərinə çatır ya da hədəflərini növbəti ilə ötürürlər.

Hədəf seçimi böyüklər qədər uşaqlar üçün də önəm kəsb edir, çünki nə istədiyini bilən uşaqlar özünə güvənən və uğurlu fərd kimi formalaşır. Uşaqlara düzgün hədəf seçmək və hədəfə nail olmaq kimi əsas həyat bacarıqlarını öyrətməksə, valideynlərin üzərinə düşür.

Mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsənin İndigo Qarayev filialının İcraçı Meneceri Güllü Mirzəyeva ilə söhbətləşdik.

 

– Güllü xanım, uşaqlar üçün hansı yaşdan hədəflər müəyyənləşdirmək lazımdır?

Bildiyiniz kimi həm sosial, həm də akademik həyatda gözləntilər yaş qrupuna uyğun fərqlənə bilir. Bu səbəbdən “Məqsəd nədir?” anlayışını uşaqlarda məktəbəqədər dövrdə inkişaf etdirmək daha optimaldır. Məktəbəqədər dövrdən sonra fərqli qaydaların olduğu məktəb mühitinə uyğunlaşmaq, dostluq qurmaq, özünü ifadə etmək kimi bacarıqlar inkişaf etməyə başlayır. Böyüdükcə də bacarıqlarının inkişafına uyğun gözləntilər dəyişir.

– Uşaqların hədəf müəyyən etməsi nə üçün vacibdir?

Böyüklərdə eləcə də, uşaqlarda məqsədlərin qoyulması onlara nizam-intizamı öyrədir. Nizamlı olmaqla onlar qarşıya qoyulan hədəfə çatmaq üçün düzgün addımları seçə bilir, həmin addımları yerinə yetirmək üçün də bu bacarığından istifadə edir. Bununla belə uşaqlar güclü xarakterə malik, qətiyyətli fərd kimi formalaşır. Yəni uşaqlar uğurla davam etdikləri bu yolda yeni nəticələr əldə etməklə özü üçün faydalı bacarıqlar və biliklər toplayır.

– Bəs valideynlər hədəfə çatmaqda övladlarına necə kömək edə bilər?

Valideynin buradakı rolu uşaqlarını ruhlandırmaq, həvəsləndirmək və dəstəkləməkdir. Əgər övladları hansısa bir arzusunu, istəyini və ya  məqsədini müəyyən etməkdə çətinlik çəkirsə, ona kömək etməlidir. Bunun üçün tövsiyə edirəm ki, mövzular təklif edib onu maraqlandıran hissələri müzakirə edəsiniz. Səhvlərə və uğursuzluqlara konstruktiv və optimistik yanaşılmalıdır, çünki övladınız uğurlu insanların əsas keyfiyyətlərindən birini – qarşıya məqsəd qoymaq və onlara nail olmaq bacarığını yeni mənimsəməyə başlayır. Məhz bu səbəbdən valideyn dəstəyiniz çox vacibdir. Müsbət nəticələri qeyd edin və mükafatlandırın. Uğursuzluqları təhlil edin və uşağınızla birlikdə vəziyyəti necə yaxşılaşdırmaq barədə düşünün.

– Son olaraq, “Bağçam” bu mövzuda uşaqlara necə kömək olur?

“Bağçam” Uşaq bağçaları şəbəkəsində hər bir uşağa fərdi yanaşma strategiyası tətbiq edirik. Bununla belə məqsədlərin müəyyənləşdirilməsi, onun inkişaf etdirilməsini uşağın rahat mənimsəməsi üçün bağçalarımızda əsasən hədəfli oyunlar təşkil edirik. Oyunlarla uşaqlar səmərəli vaxt keçirməklə yanaşı, həmçinin qarşıya dəqiq bir məqsəd qoymağı, həm də onun həyata keçirilməsinə nail olmağı öyrənirlər. Əlavə etmək istəyərdim ki, bağçada oyun planlaşdırması onlarla birgə aparılır. Uşaqlar əlaqələndirilmiş hərəkətlər, məqsədə çatmaqda əzmkarlıq və oyun üçün müstəqil olaraq material seçmək bacarıqlarını inkişaf etdirirlər.

Yeni İldə uşaqlar bu hədiyyələri çox bəyənəcək

İlin ən gözəl vaxtı gəlib çatır, yeni il gecəsi böyükdən-kiçiyə hamı üçün yenilik, ümidmotivasiya deməkdir. Uşaqlar ilin bu ən özəl vaxtını arzuladıqları hədiyyələrlə qarşılayanda inanılmaz sevinc və gözəl xatirələrlə dolu vaxt keçirirlər. Təbii ki, heç bir hədiyyə səmimi qucaqlaşmanı, şəfqətli baş sığallamağı və ya ailə ilə keçirilən isti axşamı əvəz edə bilməz. Yeni il hədiyyələrinin, xüsusən də ailənin kiçik üzvləri üçün xüsusi yeri var. Buna görə də bir çox valideynlər, hətta babalar və nənələr Yeni ilə həftələr qalmış övladlarını, nəvələrini hansı hədiyyə ilə sevindirə biləcəkləri barədə düşünməyə başlayırlar. Uşaqlar üçün zövqlə hazırladığımız Yeni il hədiyyə siyahımıza baxmadan qərar verməməyinizi tövsiyə edirik.

 

Fantaziya həvəskarları üçün

Fantaziya qəhrəmanlarının pərəstişkarları çox gənc yaşda öz kolleksiyalarını yaratmağa başlayırlar. Biz də kiçik məcarəpərəst qəhrəmanlarımıza puzzle, oyuncaq maşın və fantastik evlər təklif edirik.

 

 

 

 

 

Texnologiya həvəskarları üçün

Xüsusilə azyaşlı uşaqların sevimlisi olan texnologiya və alətlər həyatımızın bir parçasıdır. Lakin onun istifadəsinə olduqca diqqət etməliyik. Uşaqların nəzarətli şəkildə istifadə edə biləcəyi texnoloji məhsulları da siyahımıza əlavə etdik.

 

 

 

 

 

Kiçik aşpazlara

Mətbəxdə ən böyük köməkçinizə yer ayırın! Kiçik olsalar da, uşaqların təxəyyülü və yaradıcılığı ilə mətbəxdə çox əyləncəli saatlar keçirə bilərsiniz. Bunun üçün də tövsiyə etdiyimiz hədiyyələri övladlarınızla birgə paylaşa bilərsiniz

 

 

 

 

 

İncəsənət həvəskarları üçün

İncəsənət ruhu qidalandıran əvəzolunmaz ünsürlərdən biridir. Böyüklər olaraq biz də uşaqların incəsənətin hər bir sahəsində inkişafına böyük əhəmiyyət veririk. Texnologiyadan bir qədər uzaqlaşmanızı və uşağınız üçün sənətə sərmayə qoymağınızı səmimiyyətlə tövsiyə edirik.

Unutmayın ki, hədiyyənin böyüyü-kiçiyi və məbləğindən asılı olmayaraq övladınızı düşünməyiniz, ona sevgi, hörmət bəsləməyiniz onun üçün ən qiymətlidir.

 

 

 

 

 

Kitabsevərlər üçün

Uşaq və yeniyetmələrin mütaliə etməsi onların inkişafı üçün olduqca faydalıdır. Kitaba və mütaliəyə sevgi aşılamağa isə lap kiçik yaşlardan başlamaq zəruridir. Övladlarınızın sevdiyi janrlarda onlara kitab hədiyyəsi edərək həm onları sevindirə, həm də inkişaflarına dəstək ola bilərsiniz.

Uşaqlarda yaradıcılığı inkişaf etdirməyin 5 fərqli yolu

Uşaq demək xəyal etmək və xəyallar aləmində yaşamaq deməkdir.

Yaradıcılıq hər bir uşağın malik olduğu, lakin inkişaf etdirilməsi lazım olan vacib bir bacarıqdır. Yaradıcılığı inkişaf etdirmək həyatımıza müsbət mənada çox təsir edir. Bu bacarığı inkişaf etdirməyin ən vacib və asan yollarından biri körpələrimizə uşaqlıqdan, hətta körpəlikdən başlayaraq bir valideyn kimi “yaradıcılıq” şüuru ilə yanaşmaqdır. Uşaqlarda yaradıcılığı inkişaf etdirmək üçün başlıca olaraq onların öyrənmə sevgisini artırmaq lazımdır.  Uşağı yaradıcılığa məcbur etmək olmaz. Uşaqların təxəyyül və yaradıcılıqlarını genişləndirməsini təmin etmək üçün xüsusi qaydalar və ya göstərişlər yoxdur. Müasir dünyada, müəyyən bir sahədə uğurlu olmaq gələcəyə zəmanət vermir, əksinə uğur qazanmağın sirri yaradıcılıq və kəşfdir.

Uşaqların yaradıcılığını inkişaf etdirməyin 5 fərqli yolunu sizinlə bölüşürük.

  1. Uşağınızın yaradıcılığını istifadə edə biləcəyi bir mühit yaradın

Mütəxəssislər uşaqların öz yaradıcılıqlarını nümayiş etdirə biləcəkləri mühitin yaradılmasının çox vacib olduğunu deyirlər. Bu, oyuncaqlarla dolu çuval və dəbdəbəli oyun otağı demək deyil. Texnologiyanın da sürətli inkişaf etdiyi dönəmdə uşaqları maksimum texnoloji alətlərdən uzaq tutaraq, onları öz mühitlərində böyümələrinə imkan yaratmalı və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün onlara mühit tanımalıyıq.

  1. İstəklərini kəşf etməsini təmin edin

Uşağınızın maraqlarına diqqət yetirin. Çünki bəzən onların maraqlarının altında yaradıcılıq sahəsinə aparan tunel ola bilər. Məsələn, övladınız palçıq və torpaqla oynamağı sevirsə, bu maraq sizə onu dulusçuluq və keramika sənətinə yönəltmək imkanı yaradır. Kim bilir, bəlkə də gələcəyin heykəltəraşını böyüdürsünüz. Uşağınız planetlər, kosmos, ulduzlar haqqında suallar verirsə, siz astronomiya ilə bağlı kitablar və oyuncaqlar almaqla ona üfüqlərini genişləndirməkdə kömək edə bilərsiniz.

  1. Sərt qaydalar qoymayın

Qadağalar, sərt qaydalar uşaqların yaradıcılığının inkişafına mane olur. Uşaqların gərək sərbəst hərəkət sahəsi olsun, fərqli təcrübələr keçirsin və yeni şeylər kəşf etsin. Misal üçün, uşağa rəsm çəkərkən ətrafa boya səpməməyi və heç bir yeri çirkləndirməməyi söyləmək uşağın sərbəst hərəkət etməsinə mane olar. Bu onun yaradıcılığını ifadə edə bilməməsinə səbəbdir.

  1. Nəticəyə deyil, prosesə diqqət yetirin

Yaradıcılıq risk tələb edir. Uşaqların diqqətini öz işinin nəticələrinə yönəltməsi onları yaradıcılıqdan yayındırır. Mükafat yönümlü hər hansı fəaliyyət uşaqların nəticəyə daha çox diqqət yetirməsinə səbəb olur. Bir sözlə, uşaqları uğurlu nəticələr və əldə edə biləcəkləri mükafatlarla həvəsləndirməkdənsə, diqqəti prosesə və göstərdikləri səylərə cəlb etmək daha vacibdir. Təbii ki, bununla bağlı bütün iş böyüklərin üzərinə düşür.

  1. Övladlarınıza suallar verin

Uşağınıza yaşına uyğun müxtəlif suallar verə bilərsiniz. Məsələn, problemə necə yanaşır və bu problemi necə həll etməyə çalışır? Bunun üçün siz maarifləndirici kitablardan kömək ala və ya mümkün ssenariləri özünüz yarada bilərsiniz. Uşağınızdan fikirlərini kağıza çəkməsini və ya yazmasını xahiş edə bilərsiniz. Beləliklə, siz onlara yaradıcı düşünməyə və beyin fırtınasına kömək edirsiniz.

 

 

“İnadkarlıq emosional inkişafın nəticəsidir”

Bəzən mağazalarda, parklarda, ictimai nəqliyyatda valideynləri ilə inadlaşan uşaqlarla qarşılaşırıq. Bir gün isə öz övladımız inad etməyə başlayır? Bu vəziyyətdə necə davranmalıyıq ki, həm uşaq zərər görməsin, həm də inadkarlığı yumşalsın? Bütün bu suallara “Bağçam” uşaq bağçaları şəbəkəsinin Uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayeva cavab verir.

Uşaqlarda inadkarlıq emosional inkişafın nəticəsidir.

İnadın yaşı

Uşaqlarda inadkarlıq təqribən 14 aylığından başlayır. 1-3 yaş aralığında uşaq dünyanı kəşf edir, ətraf aləmlə tanış olur. Bu zaman o, özünü “dinləyir”, öz istəklərini “eşidir”. Bu dövrdə uşaqlar valideynlərindən ayrılmaq narahatlığı yaşayır, digər tərəfdən yeni şeylər kəşf etməyə başlayır, valideynlərin, böyüklərin dediklərinə əməl etmir.

4 yaşdan sonra artıq bu zamana qədər öyrənib gördüklərini təcrübədən keçirmək istəyir. Buna görə də uşağa “yox, etmə, dur” dedikcə o, əksinə, daha da inadkarlıq edib, öz istəyinə doğru gedir. Uşaq bu vaxt sərhədləri öyrənməsə, gələcəkdə qaydaları qəbul etməkdə çətinlik çəkə bilər. Valideynlərin uşağın istəklərinə zidd davranışları gələcəkdə uşağın davranış pozğunluqları göstərməsinə səbəb olur.

5-6 yaş aralığında isə uşaq artıq şəxsiyyətdir. Başqalarının eqoistliyinə, iradına qarşı öz şəxsi mövqelərini bildirir. İnadla qarşılaşdıqda öz mövqeyində inadkarlıqla durur.

Uşaqlarda inadkarlıq səbəbləri

Bəzi hallar var ki, onları inadkarlıqla qarışdırmamaq lazımdır, məsələn uşağın alışdığı düzəninin dəyişilməsi qarşısında dirənməsi, bağçaya getmək istəməməsi, ondan tələb olunan təmizlik qaydalarına tam riayət edə bilməməsi və s. bunlar inadkarlıq deyil.

Hər inadkar davranışın arxasında bir neçə səbəb dayana bilər. Uşaqlarda inadkarlığın səbəbləri:

  • Yaş dönəmi xüsusiyyətləri
  • Ətrafdakıların diqqətini cəlb etmək istəyi
  • Uşaqların valideynlərinin sevgisinin sərhədlərini test etməsi
  • Uşağın gündəlik tələbatlarının ödənməməsi
  • Tərbiyədə yol verilən nöqsanlar – ya aşırı qadağa qoymalar və ya uşağın hər istəyinin yerinə yetirilməsi
  • Ailədə ümumi tərbiyə strategiyasının qeyri-müəyyənliyi
  • Ətrafdakıların kompromisə getmə bacarığının əksikliyi, öz nöqteyi-nəzərindən başqasını qəbul etməməsi və s.

İnadkar uşaqla davranış

Əvvəlcə “Xeyr!” deyilən şeyə sonradan “Bəli!” deyilsə, uşaq bunu ətrafında hər kəsə qarşı hər zaman istifadə etməyə başlayacaq. Başqa vaxt və vəziyyətlərdə də  ətrafdakılar məğlub olana qədər mübarizəyə davam edəcəklər. Ona qərarlı və tutarlı, eyni zamanda mütləq şəkildə nəvaziş göstərərək yaxınlaşıb, lazımi açıqlamaları edib məyus olduğumuzu söylədikdən və bu mövzuda qərarlılığımızı hiss etdirdikdən sonra ona zaman vermək lazımdır. Bir müddət sonra yenidən istədiyini əldə etmək mövzusunda bizimlə inadlaşlamağa başlayarsa, heç bir reaksiya verməməliyik. Bir neçə cəhddən sonra  uşaq özü imtina edib geri çəkiləcək.

İnadkarlığı mənfi keyfiyyətə keçirməmək üçün onu pik nöqtəyə çatdırmamaq lazımdır. Bunun üçün böyüklər aşağıdakıları mütləq nəzərə almalıdır:

– Hadisələrə “uşağın gözü” ilə baxmaq, soyuqqanlığı qorumağa çalışmaq, dərindən nəfəs almaq və “O, sadəcə, bir uşaqdır!” demək.

– İnadkarlığı doğuran səbəbləri anlamağa çalışmaq, yəni uşaq bu davranışı ilə nə demək istədiyini başa düşməyə çalışmaq.

– İnadlaşan uşağa  gözləmədiyi münasibət göstərmək, məsələn: onları təqlid etmək, vəziyyəti oyuna çevirmək, təəccübləndirmək, fikrini yayındırmaq və s.

– Uşağın müstəqil edə bildiyi hər bir işə şərait yaratmaq, işbirliyi təklif etmək, amma öz fikrini zorla qəbul etdirməmək.

-Uşaqların günlük ehtiyaclarını (yemək-içmək, yatmaq və s.) vaxtında ödəmək.

– Qadağaların sayını azaltmaq və var olanların səbəblərini izahedici formada sadə, qısa cümlələrlə açıqlamaq.

– “Böyüklər hər zaman haqlıdır”  fikrindən əl çəkmək. Əsas məqsəd uşağa kimin güclü, kimin gücsüz olduğunu sübut etmək deyil, o anda əldə edə bilməyəcəyi bir şeydən imtina etməyə razı salmaqdır.

 İnadkarlığın üstünlükləri

İnadkarlığın  müsbət yönləri də var – çətinliklərin öhdəsindən gəlmək, əzimli olmaq, doğru bildiyi şeylərdə sabit olmaq, fikirlərinin arxasında durmaq kimi bir çox xüsusiyyətlər məhz inadkarlığın fərqli təzahürləridir.

  1. İstədiyi şeyi nə üçün etmədiyinizi ona sadə bir şəkildə açıqlayın və mütləq bu vəziyyətə görə nə qədər məyus oluduğunuzu bildirin. Onun istədiyi şeyi sizin də istədiyinizi, ancaq içərisində olduğunuz şərtlərin buna icazə vermədiyini söyləyin. Duyğularını paylaşdığınızı bilmək onu həm rahatladacaq, həm də sizi ona qarşı məhdudiyyətlər qoyan bir düşmən olaraq görməyinə mane olacaq.
  2. Bütün cəhdlərə baxmayaraq uşağınız sizinlə inadlaşmağa davam edirsə, onun diqqətini istədiyi şeydən başqa bir nöqtəyə çəkməyə çalışın. Bu cizgi filmi, pişik, sevdiyi şirniyyat və ya oyun kimi bir şey ola bilər. Uşağınız sakitləşənə qədər diqqətini çəkəcək başqa alternativlərdən istifadə edə bilərsiz. Bu kiçik yaşalardakı uşaqlarda uşaqlarda daha çox keçərlidir. Ancaq məktəb yaşına qədər, hətta daha sonrasında belə bu metodun faydasını görə bilərsiniz.
  3. Uşağınıza variantlar təqdim edin; beləliklə onu müstəqil bir şəxsiyyət olaraq qəbul etdiyinizi, onun qərarlarına hörmətlə yanaşdığınızı düşünəcəkdir. Özü ilə əlaqəli qərarları verə bildiyini və onun seçiminə hörmət edildiyini düşünərək inadlaşmaqdan imtina edəcəkdir. Siz də uyğun variantlardan birini qəbul etdirtə bildiyiniz üçün özünüzü rahat hiss edəcəksiniz. Təklif etdiyiniz variantlar nə qədər az olarsa, uşağınızın qərar vermə müddəti də o qədər qısa olar. Variantların hər hansı birinin seçilməsi halında təsdiq etdiyiniz variant olmasına diqqət edin ki, yeni bir anlaşılmazlıq yaşamayasınız.

Və s.kimi üsullardan istifadə etmək olar

İnadkar uşaq təhsildə

Uşaqla kriz zamanı düzgün davranmadıqda inadkar davranış onda vərdiş yaradır. Təlim və tədris nizam-intizamlı prosesdir. Uşağın inadkar davranışları  günlük rejimə, nizam-intizam qaydalarına qarşı itaətsizlik yaradır. Bu da təbii ki, yaşıdları ilə birgə təlim və tədris biliklərinə yiyələnməsinə mənfi təsir göstərir. Eyni zamanda ətrafında olan uşaqların da diqqətin yayındırır.

İnadkar uşaq “Bağçam”da

Şəbəkədə inadkar uşaqlara peşəkar yanaşılır. Psixoloqun dəstəyi ilə verilən tövsiyələrə uyğun davranılır. Adətən, alternativ oyun növü, başqa fəaliyyət, uşağa qarşı aktiv dinləmə üsulundan istifadə edilir.

 

Tənbəl uşaq yoxdur!

İnsanın tərbiyəsi və inkişafı uşaqlıq dövründən başlayır. Bu dövrdə uşağın inkişafı, motivasiyası, öyrənmə istəyi və fiziki fəaliyyəti çox vacibdir. Lakin bəzən uşaqlar tənbəllik edirlər. Bu məqaləmizdə uşaqlarda tənbəlliyin səbəblərini, nəticələrini və üstələnmə yollarını araşdırmışıq.

Uşaqlarda tənbəlliyin səbəbləri müxtəlif ola bilir. Bəzi uşaqlar tez həvəsdən düşürlər, məşğul olduqları fəaliyyətlərdə maraqlarını və motivasiyalarını itirirlər.

Tənbəllik, uşağın təhsilinə ciddi təsir edir. Uşaqlar hər bir mərhələdə öz potensiallarını reallaşdırmaq və özünü inkişaf etdirmək imkanına sahib olmalıdır. Tənbəllik, bu imkanları məhdudlaşdıraraq uşaqların inkişafını təhlükə altında qoyur.

Bəs bir uşaq nə zaman tənbəl olur? – Əgər valideyn övladının sözünü yerə salmırsa, “balam pis olmasın, əziyyət çəkməsin” düşüncəsiylə hərəkət edirsə, onun yerinə işləri görməyə çalışırsa, o halda uşaq asana öyrənir. Nəticədə isə tənbəl yetişir.

Tənbəlliklə mübarizə üçün bir neçə yol mövcuddur. Ən əsası, uşağın marağına uyğun təcrübələr və fəaliyyətlər təşkil etməkdir. Onları maraqlandıqları sahələrə yönləndirib, dəstək olmaqla öz potensiallarını tanımağına və reallaşdırmağına kömək edə bilərsiniz. Nəticələrindən asılı olmayaraq uşağınızın səylərini təqdir edin. Bu, onların özünə inamını və həvəsini artıra bilər.

Müntəzəm fiziki fəaliyyət, sağlam qidalanma və kifayət qədər yuxu ehtiva edən balanslaşdırılmış həyat tərzi uşağın motivasiya səviyyələrinə müsbət təsir göstərir.

Valideynlərin özlərindən yaxşı nümunə yoxdur. Uşaqlar valideynlərinin necə davrandığını görərək ona uyğun davranırlar. Onlara vacib tapşırıqları yerinə yetirməyin çətin olmadığını göstərməliyik və özümüz üçün böyük səy tələb etsə də, şikayətlərindiyimizi onlar görməməlidirlər.

Uşaqlarda tənbəllik, onların inkişafına, öyrənmə prosesinə və sosial tərbiyəsinə təsir edə bilən ciddi bir məsələdir. Uşaqların marağını, motivasiyasını və potensialını üzə çıxarmaq onların sağlam inkişafını təmin etmək üçün ən əsas addımlardan biridir. Tərbiyə və dəstək ilə, uşaqlar tənbəllik problemini aşa bilər və daha müvəffəq və sağlam bir həyat tərzi qura bilərlər.

Uşaqlar bağçaya necə hazırlaşdırılmalıdır?

Bağça uşaqlar üçün yeni mühitdir. Bu səbəbdən uşaqları qorxuda bilir. Problemin həlli üçün də valideynlər övladlarını bağçaya göndərməzdən əvvəl hazırlıq görməlidir. Bəs hazırlıq hansı qaydada aparılmalıdır?

Bu barədə geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi İdarə Heyətinin üzvü, məktəbəqədər təhsil mütəxəssisi Xalidə Rzayeva ilə söhbətləşdik.

 

Xalidə xanım bildirir ki, bağçaya uyğunlaşma prosesində valideynlərin rolu böyükdür çünki, uşaqların həyatlarında ən güvəndikləri şəxslər valideynləridir. Məhz buna görə də uşaqlar valideynlərinin bələdçiliyi ilə yeni mühitə addım ata, həmin yerlə tanış olmaq istəyə bilərlər:

“Valideynlər övladlarında əvvəlcədən bağçayla bağlı bir sıra xoş təəssüratlar yaratmalıdırlar. Bu addımlara misal olaraq, bağça haqqında müsbət fikirlər söyləmək, bağçanın maraqlı tərəflərini göstərmək, orda çoxlu dostluqlar əldə edəcəyini, əyləncəli xatirələr qazanacağını demək və s. ola bilər. Valideynlər həmin fikirləri sadəcə nitqlə deyil, vizuallar vasitəsilə də təsdiqləməlidir. Ən yaxşı məsləhətim isə övladlarınızı bağçanın həyətyanı sahəsinə aparıb, uşaqların mühiti müşahidə etməsinə şərait yaratmaqdır”.

 

Müsahibimiz qeyd edir ki, bu prosesdə həm valideyn, həm də uşaqlar tərəfindən bəzi çətinliklə yarana bilir. Təcrübəyə əsasən ən çox rast gəlinənidə gün rejiminə uyğunlaşmaqdır:

“İstər- istəməz ailədəki rejim, yuxu, oyanma, qidalanma və asudə vaxtın təşkili kimi mövzular  bağçadakından fərqli nizamlanır. Anidən alışdıqları rejimdən bağça rejiminə keçmək, məsələn:  səhər sübh oyanmaq, səhər idmanına bağçada uşaqlarla birgə qoşulmaq, gigiyenik prosedurlar mütəmadi olaraq həyata keçirmək, gündəlik hərəkətli rejimin olmaq valideynlərdə və uşaqlarda ilk həftələr narahatlıq yaradır. Yaranan bu narahatlığı tez bir zamanda aradan qaldırmaq üçün bağçaya başlamadan öncə valideynlər bağçanın günlük rejimi və menyusu ilə tanış olmalı, tədricən ailədə də qidalarda və günlük rejimdə həmin prosesə uyğun dəyişiklik etməlidir”.

 

Mütəxəssis əlavə edir ki, uşaqlarla valideynlər arasında xüsusilə də ana-övlad arasında güclü emosional bağlılıq olur. Bu da uşaqların bağçaya adaptasiya prosesində çətinliklər yaradır:

“Bəzən analar uşaqlarından ayrıla bilmir. Belə bağlılıq olan ailədə uşaqlar bağçayla yanaşı digər sosial mühitlərə də çox gec adaptasiya olur, fəaliyyətlərə qoşulmur, aktivlik göstərə bilmirlər. Tövsiyə edilən odur ki, valideynlər bu emosional bağı daha da dərinləşdirməsin. Belə hallar baş verərsə, valideynlər ilkin olaraq emosional vəziyyətini tarazlaşdırsın. Hər bir halı götür-qoy edərək, övladlarının yaxşlığını düşünərək hərəkət etsin. Yəni valideynlər övladının təhsilə cəlb olunacaq yaşda olduğunu bilməli və sosial, emosional, həmçinin fiziki inkişafı üçün bağçanın zəruri olduğunu anlamalıdır. Bu halların əksi baş verərsə, peşəkar dəstək almalı, psixoloq konsultasiyasına yazılmalıdır”.

 

Sonda Xalidə xanım uşaqların inkişafında bağçanın önəmi vurğulayır:

“Bağça uşaqları həm həyata, həm də təhsilin növbəti pilləsi olan məktəbə hazırlayır. Bağçada olduğu müddətdə uşaq bütün həyat bacarıqlarını əldə edir, ictimai həyat hadisələri ilə tanış olur, özgüvənli böyüyür, fərd kimi formalaşır, sosial bacarıqları artır, qrup və tək halda işləməyi öyrənir. Bu da öz növbəsində məktəbdə, gələcək təhsil həyatında, eləcə də iş mühitində əldə edəcəyi bütün uğurlar üçün təməli qurur. “Bağçam” Uşaq Bağçaları şəbəkəsində də bu prosses davamlı olaraq illik tədbirlər proqramı əsasında tənzimlənir. Bu tədbirlər planının böyük bir hissəsini valideynlərlə iş bölməsi tutur. Buna görə də valideynlərin maarifləndirilməsi üçün şəbəkə müəyyən tədbirlər keçirir, müxtəlif peşəkar mütəxəssilərlə valideynləri görüşdürür, seminarlar və masterklaslar təşkil edir. Bu da özlüyündə uşaqlar üçün uğurlu gələcəyin açarını təmin edir.”

 

 

 

 

Uşaqlarda aqressiya halları

Uşaqlar böyüdükcə, onların beyinləri inkişaf edir, ətrafda baş verənlərə reaksiyaları artır. Bu reaksiyaların içində bəzən uşaqlarda aqressiya da formalaşır. Uşaqların bu aqressivliyi valideynlər üçün ən çətin sınaqlardan biri olur.

Bəs görəsən bunun səbəbi nədir? Bu situasiyada valideynlər nə etməlidirlər? Bu kimi suallarımıza cavab tapmaq üçün İndigo support-un layihə kordinatoru, psixoloq Aysel xanımla həmsöhbət olduq.

Uşaqlarda aqressivliyə səbəb olan amillər nələrdir?

Uşaqlarda aqressiyanın səbəbi müxtəlifdir. Öncəliklə uşağın yaşına və fiziki-əqli inkişafına diqqət etməliyik. Məsələn, aqressiv davranışlar uşağın 2-3 yaşında müşahidə edilirsə, bu 2 yaş və ya 3 yaş sendromunun göstəricisi ola bilər. Fiziki və yaxud əqli inkişafında geriliklər varsa, xüsusilə də nitq geriliyi kimi özünü göstərən gerilik varsa, bu zaman uşaqda aqressiv davranışlar müşahidə edə bilərik.

Əgər yuxarıda sadaladığımız hallardan heç biri deyilsə, bu zaman ailə daxili münasibətlərdə aqressiv davranışların olması və ya ətrafında (bağçada, məhəllədə, TV-də və ya telefonda) aqressiv davranışlara məruz qalma və bunu rol model alma halı ola bilər.

Aqressiv uşaqla necə davranmaq lazımdır?

Ümumiyyətlə, uşağın davranışda istənilən xoşagəlməz hərəkət gördükdə, söz eşitdikdə ilk olaraq edəcəyimiz şey bu davranışa reaksiya verməməkdir. Çünkü, uşaqlar çox yaxşı müşahidə etmə qabiliyyətinə malikdirlər və istər bilərəkdən, istərsə də bilmədən etdikləri hər davranışın  nəticəsinə uyğun olaraq hərəkət edirlər. Bir dəfə edəndə diqqət cəlb etdiklərini görüb bunu dəfələrlə təkrarlaya bilərlər.

Aqressiyanın qarşısını necə almaq olar?

Belə ki, əgər biz aqressiv davranışların yaranma amilini dəqiqləşdirmişiksə, buradan istiqamət götürərək, ona müdaxilə etməliyik. Məsələn: 2 və ya 3 yaş sendromudursa, diqqət cəlb etmək üçün etdiyini nəzərə almalı, soyuqqanlı və qətiyyətli olmalıyıq. Nitqinə görədirsə, söz ehtiyatını yaşına uyğunlaşdırmalıyıq. Bunu ya tək ya da xüsusi mütəxəssislərin (psixoloq, loqoped, psixo pedaqoq) dəstəyi ilə etməliyik.

Əgər rol model götürdüyü kimlərsə varsa, bu səbəbi aradan qaldırmağa çalışmalıyıq.

Uşaqlarda aqressiv davranışları müəyyən etməyin hansı yolları var?

Bunun xüsusi bir yolu yoxdur. Burada əsas edəcəyimiz şey övladımızı müşahidə etməkdir. Hansısa istəyini, tələbatını həyata keçirtmək üçün aqressiv davranırmı və bunu tez-tez təkrarlayırmı kimi məqamlara diqqət etməliyik.

Mütəxəssislə məsləhətləşmək, məlumat alıb ona uyğun hərəkət etməliyik.

Uşaq həkiminə nə zaman müraciət etmək lazımdır?

Əgər aqressiv davranışlar övladımızın gündəlik həyat fəaliyyətinə mane olursa, eyni zamanda özünə və ya başqasına qarşı təhlükə yaradırsa, heç bir şəkildə qarşını ala bilmiriksə, bu zaman həkimə müraciət edib müayinə olunmalı və həkimin təyin etdiyi müalicə üsuluna uyğun davranmalıyıq.