İl sonu dəyərləndirməsi və doğru hədəf seçimi

Hədəf istəyin və ya ideyanın reallaşması üçün vaxt təyin edərək sistemli fəaliyyət planınız əsasında nail olduğunuz məqsədlərinizdir.

Yeni il yeni hədəflər təyin etmək üçün ən yaxşı zamanlardandır. Hər yeni ilə qədəm qoyduqca yeni planlar qurulur və uzun hədəf siyahıları hazırlanır. Adət halına gəlmiş bu prosesdə insanlar ya əzm göstərib hədəflərinə çatır ya da hədəflərini növbəti ilə ötürürlər.

Hədəf seçimi böyüklər qədər uşaqlar üçün də önəm kəsb edir, çünki nə istədiyini bilən uşaqlar özünə güvənən və uğurlu fərd kimi formalaşır. Uşaqlara düzgün hədəf seçmək və hədəfə nail olmaq kimi əsas həyat bacarıqlarını öyrətməksə, valideynlərin üzərinə düşür.

Mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsənin İndigo Qarayev filialının İcraçı Meneceri Güllü Mirzəyeva ilə söhbətləşdik.

 

– Güllü xanım, uşaqlar üçün hansı yaşdan hədəflər müəyyənləşdirmək lazımdır?

Bildiyiniz kimi həm sosial, həm də akademik həyatda gözləntilər yaş qrupuna uyğun fərqlənə bilir. Bu səbəbdən “Məqsəd nədir?” anlayışını uşaqlarda məktəbəqədər dövrdə inkişaf etdirmək daha optimaldır. Məktəbəqədər dövrdən sonra fərqli qaydaların olduğu məktəb mühitinə uyğunlaşmaq, dostluq qurmaq, özünü ifadə etmək kimi bacarıqlar inkişaf etməyə başlayır. Böyüdükcə də bacarıqlarının inkişafına uyğun gözləntilər dəyişir.

– Uşaqların hədəf müəyyən etməsi nə üçün vacibdir?

Böyüklərdə eləcə də, uşaqlarda məqsədlərin qoyulması onlara nizam-intizamı öyrədir. Nizamlı olmaqla onlar qarşıya qoyulan hədəfə çatmaq üçün düzgün addımları seçə bilir, həmin addımları yerinə yetirmək üçün də bu bacarığından istifadə edir. Bununla belə uşaqlar güclü xarakterə malik, qətiyyətli fərd kimi formalaşır. Yəni uşaqlar uğurla davam etdikləri bu yolda yeni nəticələr əldə etməklə özü üçün faydalı bacarıqlar və biliklər toplayır.

– Bəs valideynlər hədəfə çatmaqda övladlarına necə kömək edə bilər?

Valideynin buradakı rolu uşaqlarını ruhlandırmaq, həvəsləndirmək və dəstəkləməkdir. Əgər övladları hansısa bir arzusunu, istəyini və ya  məqsədini müəyyən etməkdə çətinlik çəkirsə, ona kömək etməlidir. Bunun üçün tövsiyə edirəm ki, mövzular təklif edib onu maraqlandıran hissələri müzakirə edəsiniz. Səhvlərə və uğursuzluqlara konstruktiv və optimistik yanaşılmalıdır, çünki övladınız uğurlu insanların əsas keyfiyyətlərindən birini – qarşıya məqsəd qoymaq və onlara nail olmaq bacarığını yeni mənimsəməyə başlayır. Məhz bu səbəbdən valideyn dəstəyiniz çox vacibdir. Müsbət nəticələri qeyd edin və mükafatlandırın. Uğursuzluqları təhlil edin və uşağınızla birlikdə vəziyyəti necə yaxşılaşdırmaq barədə düşünün.

– Son olaraq, “Bağçam” bu mövzuda uşaqlara necə kömək olur?

“Bağçam” Uşaq bağçaları şəbəkəsində hər bir uşağa fərdi yanaşma strategiyası tətbiq edirik. Bununla belə məqsədlərin müəyyənləşdirilməsi, onun inkişaf etdirilməsini uşağın rahat mənimsəməsi üçün bağçalarımızda əsasən hədəfli oyunlar təşkil edirik. Oyunlarla uşaqlar səmərəli vaxt keçirməklə yanaşı, həmçinin qarşıya dəqiq bir məqsəd qoymağı, həm də onun həyata keçirilməsinə nail olmağı öyrənirlər. Əlavə etmək istəyərdim ki, bağçada oyun planlaşdırması onlarla birgə aparılır. Uşaqlar əlaqələndirilmiş hərəkətlər, məqsədə çatmaqda əzmkarlıq və oyun üçün müstəqil olaraq material seçmək bacarıqlarını inkişaf etdirirlər.