Texnoloji vərdişlərin uşaqların inkişafına təsiri – Psixoloq rəyi

Texnoloji vasitələrin həyatımızdakı rolu əvəzedilməzdir. Bizə lazım olan bütün informasiyaları onlardan əldə edə bilərik. İstər ünsiyyət, istərsə də əyləncə vasitəsi kimi istifadə etdiyimiz bu texnoloji alətlər əksər insanlarla gün boyu birlikdədir. Rəngarəng interfeysi ilə uşaqların da rəğbətini qazanan müasir texnologiyalar müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də özündə birləşdirir. Bəzi hallarda bu vasitələrdən istifadə asılılığa gətirib çıxarır ki, bu da sağlamlığa zərər yetirir.

Texnoloji alətlərin uşaqlara təsiri haqqında geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin Psixoloqu Tamila Çubanova ilə söhbətləşdik.

Tamila xanım bildirir ki, 4 yaşına qədər uşaqların texnoloji alətlərdən istifadəsi tövsiyə edilmir.

“Erkən yaşda texnoloji alətlərdən istifadənin uşaqlara təsiri iki istiqamətli olur; fizioloji və psixoloji. Texnoloji alətlərdən istifadə  fizioloji olaraq  onurğa əyriliyi, göz problemi, kiçik və böyük motor bacarıqların inkişafında geriləməyə səbəb olur. Psixoloji təsir isə, əsasən, yorğunluq, reallığın və ya əldə olunan informasiyanın qavranılmaması, sosiallaşma, emosional durum və nitqdə geriləmə kimi simptomlarla hiss olunur. Ümumilikdə, 1,5 yaşa qədər uşaqların texnoloji alətlərdən istifadə etməsi tövsiyə edilmir. 1,5 – 3 yaş aralığında uşaqlar gün ərzində 10 dəqiqə,  3-6 yaş arası uşaqlar isə 15-30 dəqiqə ekranda nəsə izləyə və ya oyunlar oynaya bilərlər, bu halda böyük ekrandan istifadə etmək lazımdır”.

Uşaqlarda bu kimi təsirlər müşahidə olunduğu halda psixoloq mütəxəssisə müraciət etməyin vacib olduğunu bildirir:

“Mütəxəssis rəyi və tövsiyəsi ilə uşaq texnoloji alətlərdən uzaq saxlanılmalıdır. Fiziki və psixoloji sağlamlığı üçün vaxtının daha çoxunu açıq havada keçirməli, həm hərəkətli, həm də stolüstü oyunlarla, öyrədici kitablarla boş vaxtını səmərəli istifadə etməlidir. Emosional idrakı gücləndirilməli, həmçinin sosial münasibətləri tənzimlənməlidir. Uşaqları texnoloji alətlərdən uzaqlaşdırarkən valideynlər də nümunə olmalıdır. Biz texnoloji alətləri həyatımızdan çıxara bilmərik. Sadəcə, bu avadanlıqlardan səmərəli şəkildə istifadəni uşaqlara öyrətməliyik. Özümüzlə birgə uşaqların bu vasitələrdən istifadə vaxtını tənzimləməliyik”.

Valideynlərin də bu mövzuda diqqətli olmasını  vurğulayan müsahibimiz uşaqların həyatında valideyn qayğısının önəmli rol oynadığını söyləyir:

“Valideyn mütəmadi olaraq texnoloji alətlərdən istifadə edirsə, uşağa az diqqət ayırır. Beləliklə, uşaq və valideyn münasibəti zəifləməyə başlayır. Fiziki olaraq valideyn uşaqların yanında olsa da, emosional olaraq bağlar möhkəm qurulmur. Real ünsiyyət az olduğuna görə də uşaqların nitqində qüsurlar yaranır. Hətta, bu, uşaqlarda davranış pozuntusuna qədər gətirib çıxara bilir”.

Sonda psixoloq “Bağçam” uşaq bağçası şəbəkəsinin bu mövzuda gördüyü işlər barədə də məlumat verir:

“Biz məşğələ mühitində texnoloji alət olaraq səs ucaldıcılar və televizorlardan istifadə edirik. Bu vasitələr uşaqlarda eşitməni və vizual qavramanı, idrakı möhkəmləndirir həmçinin, davranış və oyun bacarıqlarını inkişaf etdirir. Lakin hazırda ailələrdə geniş istifadə edilən ağıllı telefonlar, planşetlər, kompüterlər həmin bacarıqların inkişafında rol oynamır. Bundan əlavə, deyə bilərəm ki, bağça mühiti ümumilikdə uşaqların özünü daha yaxşı anlamasını təmin edir və başqaları ilə qarşılıqlı əlaqə qurmağı öyrədir”.

Fövqəladə vəziyyətlərdə uşaqların davranış qaydaları

Yaşadığımız coğrafi ərazidə təbii fəlakətə səbəb ola biləcək ocaqlar mövcuddur.

Bu təbii fəlakətlərdən ən çox təsirlənənlər uşaqlardır. Yetişkin insanlar nə baş verdiyini anlayır və buna uyğun davranırlar. Təbii fəlakətlər uşaqların şüurunda qarşılıq tapmadığı üçün anlaşılmır və qorxuya səbəb olur.

Fövqəladə vəziyyətlərə hazırlıq üçün uşaqları doğru şəkildə məlumatlandırmaq, səbəb-nəticə əlaqəsini onların anlayacağı şəkildə izah etmək, ən əsası özlərinin və ailələrinin təhlükəsiz hiss etmələri üçün düzgün təlimatlandırmaq lazımdır.

Məktəbəqədər yaşlı uşaqlar valideynlərinə daha çox bağlı olurlar. Fövqəladə hal baş verdikdə valideynlər uşaqlardan ayrılmamalı, hətta uşaq təhlükəsiz əraziyə təxliyə edilməli olsa belə, həmin əraziyə gedərək uşağın yanında qalmalıdırlar.

Uşaqlar nə qədər kiçik olsalar da, valideynlərinə baxaraq üzlərindəki qorxu və narahatlığı hiss edə bilirlər. Ona görə də bəzi şeyləri uşaqlardan gizlətməkdənsə, mövcud vəziyyəti danışmaq, onları maarifləndirmək daha faydalıdır.

Valideynlər təbii fəlakətlərlə bağlı soyuqqanlı olmalı, lakin vəziyyətin gerçəkliyinə uyğun övladlarına düzgün məlumat verməlidirlər.

Uşaqları birbaşa xəbərlərə məruz qoymamaq daha yaxşıdır. Çünki xəbər buraxılışlarında hadisələrin episentri, qaynar nöqtələri, zərərçəkənlər daha çox göstərilir və belə məzmun uşaqlar üçün çox sarsıdıcı ola bilər. Uşaqlar hadisə ilə bağlı ətrafdan mütləq nəsə eşidəcəklər. Gündəmlə bağlı uşaqların sualları varsa, cavablandırın, hisslərini ifadə etməsinə köməklik edin.

Unutmaq olmaz ki fövqəladə hallar baş verdikdə tələşa düşmək olmaz. Bu həm özünüz həm də ailəniz üçün təhlükəlidir. Bacardığınız qədər sakit qalıb və mövcud vəziyyətdən düzgün çıxış yolu tapmalısınız.

Zəlzələ baş verən zaman

Evdəsinizsə ;

  • Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
  • Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
  • Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
  • Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
  • Liftdən istifadə etməyin.

Çöldəsinizsə ;

  • Açıq sahəyə qaçın.
  • Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.

Yanğın baş verdiyi zaman ;

  • FHN-in “112” qaynar telefon xəttinə məlumat verin.
  • Yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın.
  • Ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun.
  • Liftdən istifadə etməyin.
  • Döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin.

Daşqın zamanı ;

  • Evi tərk edərkən mütləq işığı söndürmək, qazı bağlamaq lazımdır
  • Binanın və ya evin yuxarı mərtəbəsinə, damına, çardağına çıxmaq tövsiyə olunur.
  • Əvvəlcədən hazırlanmış olan ehtiyat çantasını götürün.

Uşaqlar niyə yalan danışır?

Yəqin ki, əksər valideynlər övladlarının yalan danışdıqlarının şahidi olublar. Bəs düşünmüsünüzmü uşaqlar nə üçün yalan danışır? Onları yalan danışmağa sövq edən səbəblər nələrdir?

Bu suallara aydınlıq gətirmək üçün “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin konsultantı psixoterapevt Aynur Hüseynli ilə söhbətləşdik.

Aynur xanımla olan müsahibəmizi sizə təqdim edirik:

– Aynur xanım, əvvəlcə ondan başlayaq ki, uşaqların yalan danışmağının səbəbləri nələrdir? Uşaqlar niyə yalan danışır?

Uşaqlarda yalan danışmaq yaşla əlaqəlidir. Ancaq ümumi götürərsək əsas səbəblər – istədiklərini əldə etmək, xoşagəlməz nəticələrdən yayınmaq, özünü müdafiə etmək, reallığı bəzəmək və yaxud özünü maraqlı göstərməkdir. Burada təqlidetməni də unutmamaq lazımdır, ailə üzvlərindən kimsə yalan danışırsa, uşaq təqlid edəcək.

Lakin bəzi tibbi səbəblərə görə, məsələn, diqqət əskikliyi, hiperaktivlik və s. uşaqlar yalan danışa bilər.

– Yalanın yaşla əlaqəli olduğunu dediniz, bu barədə ətraflı danışa bilərikmi?

Bayaq da qeyd etdiyim kimi yalan danışmaq yaşdan asılı olur. Uşaqlarda 2-5 yaş arası bu hal normal sayılır, 5-6 yaşda isə xəyalla reallığı ayıra bilmədikdə yalanları müşahidə edirik. Artıq 7 yaşdan isə uşaqlar bilərək bunu edirlər.

  – Bəs bu halda valideynlər yalan danışan övladlarına necə davranmalıdır?

Uşaq doğruları söylədiyi zaman valideyn onu cəsarətləndirməli və təbrik etməlidir. Uşağın yalan danışdığını görəndə isə onu günahlandırmamalı, əsla cəza tətbiq etməməlidir. Valideyn uşağa yalanın nəticələrini göstərməli, nə qədər neqativ davranış olduğunu izah etməlidir.

  – Bilirik ki, uşaqların fantaziyaları çox güclü olur, hətta siz qeyd etdiniz ki, müəyyən yaş aralığında gerçəkliklə xəyalı ayırd edə bilmirlər. Bəzən olmayan hadisəni olmuş kimi danışırlar. Bu hal qorxulu hesab edilə bilərmi? 

Bəli, 5-6 yaşda xəyal dünyası daha da zənginləşdiyi üçün bəzən belə çətinlik ola bilir. Buna görə də uşaqlar hər hansı bir hadisədən danışarkən xəyal dünyalarından da nüans gətirilir. Məsələn, nəsə ediblərsə, mövcud olmayan dostunun bunu etdiyini deyirlər. Bu hallar tez-tez baş vermirsə, bu heç də qorxulu deyil. Ancaq valideynlər yenə də səbəbi araşdırmalıdırlar. Nə üçün uşaq bunu edir? Özünü qorumaq üçünmü? Yəni əvvəlcə səbəb tapılmalı və ona uyğun növbəti addımlar atılmalıdır.

– Yalanın qarşısını almaq üçün valideynlər nə kimi addımlar atmalıdırlar?

İlk növbədə, uşaq üçün valideyn doğru nümunə olmalıdır. Çünki uşaqlar görərək təcrübə qazanır, nəsihətlər eşidərək deyil. Valideyn bəzən fərqində olmadan yetişkin bir insana yalan danışır və bunu “ağ yalan” adlandırır. Ancaq uşaqlar böyük və ya kiçik yalanı ayırd edə bilmir. Eyni zamanda uşaqlara reallığın və xəyal dünyanın nə olduğu açıqlanmalıdır. Bu haqda onları aydın şəkildə məlumatlandırmaq lazımdır. İstənilən yaşda yalan vərdişə çevrilirsə, tez-tez bu hal təkrarlanırsa, məsələyə ciddi yanaşmağı tövsiyə edirəm.

Uşaqlara hədəfyönümlü olmağı öyrətməyin yolları

Yeni ilin başlanğıcındayıq. Bu dövr yeni hədəflər müəyyənləşdirmək üçün əla fürsətdir. Qarşıya qoyulan məqsəd və bu məqsədə nail olmaq böyüklər qədər uşaqlar üçün də son dərəcə vacib məsələdir. İstək və hədəflərini bilən və həmin hədəflərə nail olan uşaqlar gələcəyin inamlı, həmçinin inkişaf etmiş fərdləridir.

Bu bacarığın inkişafında valideyn münasibəti danılmaz rola sahibdir. Unutmaq olmaz ki, bir çox davranışlarda olduğu kimi məqsəd təyin etmək prosesində də uşaqlar valideynlərindən nümunə götürürlər.

Bəs, uşaqlara qarşıya məqsəd qoymağı necə öyrətmək lazımdır?

Məqsəd seçərkən uşaqların əqli və emosional inkişafı, yaşı, inkişaf prosesi nəzərə alınmalıdır.

Valideyn övladı ilə söhbətləşərək onu ehtiyaclarına uyğun məqsədlər müəyyənləşdirməyə yönəldə bilər. Bundan əlavə, onlara yaxın olan ailə üzvlərinin həvəsləndirici rəftarla asan və qısamüddətli hədəflər qoyması ən doğru yollardan biridir. Əksər valideynlər kiçik yaşdan övladlarının qarşısına bir sıra məqsədlər qoyur. Bu da onların gələcək həyatlarının formalaşmasına böyük təsir göstərir.

Hər yaş dövrünün özünəməxsus fəqliliyi olduğu kimi məqsəd seçimində də yaş dövrü nəzərə alınmalıdır. Uşağın potensialını nəzərə almadan qarşıya qoyulan ağır məqsədlər uşaqları yora və həvəsdən sala bilər.

Bağça yaşlı uşaqlar üçün qoyula biləcək hədəflər bu dövrə uyğun sadə və rahat olmalıdır:

-Rəqəmləri və hərfləri tanımaq

-Öz adını yazmağı öyrənmək

-Hiss və düşüncənin fərqini anlamaq

-Şəxsi nailiyyətlər qazanmaq

-Əl-göz koordinasiyasının inkişafı etdirmək

-Fiziki fəaliyyətin əhəmiyyətini dərk etmək

-Məktəb və bağça qaydalarını öyrənmək

 

Hədəf seçimi zamanı uşaqlarınız ilə birgə əylənə biləcəkləri və bu bacarığın inkişafı üçün maraqlı faəliyyətlər etmək  həm sizə, həm də onlara faydalı olacaqdır. Bunun üçün aşağıdakı nümunələrə diqqət yetirə bilərsiniz:

 

-Övladlarınızın 12 aylıq hədəfini şans çarxı vasitəsiylə təyin edin.

Uşaqlarla birlikdə karton kağızdan pizzaya bənzər şans çarxı hazırlayın. Onların istəklərinə uyğun maraqlandıqları şeyləri 12 ay üzrə bölüb, 12 məqsəd kimi çarxın üzərinə yazın. Məsələn, musiqi aləti üzrə dərslərə başlamaq, hansısa bədii kitabı oxuyub – bitirmək, dostuna ad günündə hədiyyə hazırlamaq, velosiped sürməyi öyrənmək və s. fəaliyyətlərini bu bölmələrdə yaza, hər gün bu məqsədlərə çatmaq üçün kiçik fəaliyyətlər yerinə yetirə bilərsiniz.

 

Xəyal lövhəsi yaradın

Köhnə jurnalları, qəzetləri və kataloqları toplayın. Sonra uşaqlardan bu jurnal və kataloqlardan gələcəklə bağlı xəyallarına uyğun şəkilləri kəsmələrini xahiş edin. Hər xəyal üçün bir bölmə yaradın və kəsilmiş şəkilləri oraya yapışdırın. Onu gözəl bəzədikdən sonra ya çərçivəyə salın, uşaqların görə biləcəyi yerə qoyun.  Daha sonra uşaqların həmin məqsədlərə nail olmaq üçün çalışmaqlarını təşviq edin.

 

Üç ulduz və bir arzu

Uşaqlarınızla “Üç ulduz və bir arzu” lövhəsi hazırlayın. 12 xanadan ibarət olacaq lövhədə hər ay üçün övladınız üç müvəffəqiyyətini yazacaq, hər uğura bir ulduz. Hər ay üç ulduz toplaya bilərsə, lövhədə əvvəlcədən təyin etdiyiniz bir arzusunun reallaşmasına dəstək olursunuz.

 

Bütün bu prosesin ən çətin hissəsi məqsəd seçməkdir. Bu gün uşaqlar, həmçinin yeniyetmələr üçün ən çətin məsələlərdən biri də elə məhz budur. Bir çoxunun ya hədəfi yoxdur, ya da tez-tez onları dəyişir, seçdikləri məqsədə etibar edə bilmirlər.

Bu zaman valideynlər nə etməlidir?

  • Uşaqlara hər şəraitdə valideyn sevgisini və güvənini hiss etdirməli;
  • Uğursuzluq yaşasalar belə, onları həvəsləndirməli, təkrar-təkrar cəhd etməyə təşviq etməli;
  • Uşaqlara qarşı səbrli olmalı;
  • Onları yeni uğurlara və məqsədlərə çatmaq üçün həvəsləndirməlidir.

“Bağça uşaqların fərd kimi formalaşmasına birbaşa təsir edir”

Fərd anlayışı müstəqil mövcud olan orqanizmdir. Fərd insanı cəmiyyət və ya kollektiv kimi deyil, şəxs olaraq ifadə edir.

İnsana bu termini tətbiq etdikdə cəmiyyət və ya kollektiv deyil insanı şəxsi olaraq ifadə edir. İnsanın fərd kimi formalaşması məktəbəqədər yaş dövründə tədricən inkişaf etməyə başlayır. Həmin periodda uşağa doğru yanaşma mütləqdir. Buna görə də “Bağçam” şəbəkəsinin uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayevanın tövsiyələrini öyrəndik.

Arzu xanım bildirir ki, uşağın fərd kimi formalaşmasında bağça mühim rol oynayır, çünki, məktəbəqədər uşaqda şəxsiyyət inkişafının unikal bir dövrüdür. Bu yaşda uşaq ətrafdakı böyüklərdən tamamilə asılıdır, ona görə də məhz böyüklər bu məsələdə həssaslıq göstərməlidirlər.

Müsahibimiz əlavə edir ki, iki yaş yarımdan artıq uşaqlarda fərd anlayışı  – “mən və mənim” formalaşmağa başlayır:

“Üç yaşa qədər “mən özüm” şüuru formalaşır. Üçüncü yaşın sonunda uşaq fərd kimi hərəkətlərini idarə edir və istəklərini kəşf edir. Uşaqlar iradəyə sahib olduğunu başa düşməyə başlayır. Onlar müstəqilliyə can atır, böyüklərin istəklərinə qarşı çıxmağa çalışırlar. Həmçinin əşyalar aləmini və insan münasibətlərini dəyişdirmək iqtidarında olduqlarını hiss edirlər. Hərəkətlərini və təxəyyülünü idarə edə bildiklərini düşünürlər. Güclərini, artan müstəqillik hissini dərk edərək,  məhdudiyyətlərə qarşı üsyan etməyə başlayırlar və hər şey haqqında öz fikrini formalaşdırmağa çalışırlar”.

Arzu xanım bir maraqlı məqama da toxunur. O deyir ki, uşaq bağçaya gələrkən onun üçün çətin olan həmyaşıdları ilə qarşılıqlı əlaqədə yaranacaq problemlər deyil, yeni yetkin şəxslərlə münasibət, gündəlik məişət və rejim tələblərini yerinə yetirməkdir:

“Valideynlər bağça mühitində uşaqların özünü daha inamlı hiss etmələrini istəyirlərsə, müəllimin tövsiyələrinə diqqətlə yanaşmalı və onlara uğurlu davranış yollarını tapmaqda kömək etməlidir. Razılaşmaq lazımdır ki, bağça mühitində uşaqlar həyat tərzini dəyişir və bu zaman özünü necə ifadə edəcəyini bilmir. Üstəlik, tez-tez olur ki, evdə qəbul edilən qaydalarla bağçadakı qaydalar ziddiyyət təşkil edir. Bu adaptasiya periodunda özünəinam hissini aşağı salır. Yalnız pedaqoji heyətin  uşaqlar və valideynlərlə peşəkar davranışı, həm evdə, həm bağçada uzlaşan, harmonik mühitin yaradılması sayəsində özgüvən hissini bərpa etmək olur.

Uşağın fərd kimi formalaşmasında oyunun əsas fəaliyyət olduğunu qeyd edən müsahib, onu da əlavə edir ki, məhz oyunlar vasitəsilə digər sosial bacarıqlarla yanaşı, uşağın xeyirxahlıq, ədalət, həssaslıq, alicənablıq, həyata müsbət münasibət və başqa hissləri formalaşır:

“Oyunlar uşaqlarda özgüvəni formalaşdırır. Bunu nəzərə alaraq “Bağçam” şəbəkələrində oyunlar uşağın yaş xüsusiyyətlərinə və onun qabiliyyətlərinə uyğun hazırlanır. Bu, uğur vəziyyəti yaratmaq, onları möhkəmləndirmək və yeni səviyyəyə keçirmək üçün vacibdir. Həmçinin gələcək həyatın bir növ “məşqidir”. Oyun zamanı uşaq özünü kollektivin, cəmiyyətin üzvü hiss edir, özünün və yoldaşlarının hərəkətlərini dəyərləndirir, uğurlarını düzgün analiz edir, tərifə və ya tənqidə sağlam düşüncəli yanaşmağı öyrənir. Bütün bunlar uşaqlarda  hər yaşa uyğun zəruri əminliyi, xeyirxahlığı, sevinc və sevgini yaradır. Beləliklə, bağça uşaqların fərd kimi formalaşmasına düzgün təlim-tərbiyəvi yanaşma ilə birbaşa təsir edir ”.

Son olaraq, məhz “Bağçam” şəbəkəsində uşaqlara fərdi yanaşmanın necə təşkil olunduğundan danışan Arzu xanım, burada ən kiçik detallarda belə uşaqların şəxsi istəkləri və zövqlərinin nəzərə alındığını vurğulayır:

“Bağçanın təlim-tərbiyə sistemi uşağın komfortlu formada oynaması, şəxsiyyətinin formalaşması  üçün ideal uyğun məkandır. Bizim bağçaların foyesinə daxil olduqda rəngarənglik, uşaqların hərəsinin özünə aid olan dolabından tutmuş hər yaşa uyğun tədris otaqlarında olan oyuncaq rəflərinin, masa və oturacaqların uşağın fiziki ölçülərinə uyğun olması onun üçün təhlükəsiz, psixoloji sağlam mühitin formalaşdırılmasının ilkin şərtləridir.

Unutmaq lazım deyil ki, körpə üçün uşaq bağçasında müəllim qrupdakı ən vacib şəxsdir, etibar etdiyi, sirlərini və problemlərini gizlətdiyi, hər şeyi bilən, kömək və dəstək olan mübahisəsiz bir səlahiyyətdir. Uşaqların özlərini rahat və sərbəst hiss etdikləri kollektivdə belə bir psixoloji mühit yaratmaq bacarığı hər bir uşağın şəxsiyyətinin formalaşmasına kömək edir. Körpəyə hörmətli və ədalətli münasibət, onun uğurlarına və ehtiyaclarına səmimi maraq, pedaqoji nəzakət – bunlar əsl peşəkara xas olan keyfiyyətlərdir. Təlim-tərbiyə prosesi belə uşaqların yaş xüsusiyyətlərinə əsaslanaraq gündəlik rejimlər tərtib edilir. Gündəlik rejim sinir sistemini həddindən artıq işdən qoruyur, fəaliyyət və istirahət mərhələlərini bir-birini əvəz edir, şəxsiyyətin ahəngdar inkişafına kömək edir, punktuallıq və özünü intizamı tərbiyə edir”.

Övladlarınıza “yox” deməklə siz pis valideyn olmursuz

Uşağa “yox” deməyin bir çox yolu var, lakin onların hamısı effektiv deyil.

Valideynlər əksər hallarda “yox” deməyə çəkinirlər, bunun səbəbi isə uşaqları məmnun etmək istəyidir. Mənfi cavabın həm də münasibətlərə təsirindən və mübahisəyə səbəb olacağından ehtiyat edirlər. Doğru zamanda və doğru şəkildə “yox” deyə bilmək vacibdir.  Bunun üçün valideynlər övladlarıyla ünsiyyətdə bəzi məqamlara diqqət etməlidirlər.

Unutmaq lazım deyil ki, övladlarınıza “yox” deməklə siz pis valideyn olmursuz.

  1. Balansı qorumağa çalışın

Həddindən artıq “hə” və “yox”  söyləmək uşağın intizamını pozur. Çalışmaq lazımdır ki, uşağın təbiətində “hə” və “yox” düzgün qarşılansın. Uşağa ancaq “yox” desəniz, o, Dünyanın neqativ yer olduğuna inanacaq və bədbin insan kimi böyüyəcəkdir.

  1. Emosiyalarınızı düzgün ifadə edin

Onu başa düşdüyünüzü hiss etdirin. Eyni zamanda aydın şəkildə istəyinin niyə olmayacağını bildirin. Məsələn, “Şokoladı hədsiz sevdiyini bilirəm, amma çox yemək sənin üçün zərərlidir” deyə bilərsiniz.

  1. Qətiyyətli olun

Bir şeyə “yox” dedinizsə, bu açıq şəkildə olmalıdır. Övladınızı an üçün sakitləşdirmək, keçişdirmək, vəziyyəti idarə etmək üçün onun istəyini başqa zaman eləyəcəyinizi demək olduqca risklidir. “Bəlkə sabah”, “Başqa zaman edərik” kimi ifadələr səbrsizlik və daha çox təkid gətirə bilər.

  1. Səhvlərinin nəticələlərini göstərin

“Yox” deməyin bir nömrəli səbəbi zərərin qarşısını almaqdır. Uşaqlar etdikləri hərəkətlərin nəticələrini bəzən düşünmürlər. Ona görə də, daha ağıllı seçim etmək üçün valideynlər uşaqlara doğru istiqamət verməlidirlər.

  1. Empatiya qurun

Övladınıza “yox” deyirsinizsə, ilk olaraq özünüz  həmin qadağaya əməl etməlisiz. Çünki, uşaqlar vərdiş və davranışları valideynlərindən götürür. Misal üçün, Fast Food-un zərərli olduğunu deyir və özünüz uşağın yanında tez-tez yeyirsinizsə, təbii ki uşaqlarınız üçün bu qadağalar inandırıcı olmayacaq.

Övladınıza “yox” deməyin ən effektiv yolları isə aşağıdakılardır:

  1. “Yox”u aydın və qəti şəkildə bildirmək lazımdır,
  2. Verilən qərarlar dəyişməməlidir,
  3. Mövzu ilə bağlı başqa müzakirələr aparılmamalıdır,
  4. Göz təması qurulmalıdır,
  5. Valideynlər qəzəbli olmamalıdır.

Uşaqlarınızın tərbiyəsində ilk olaraq “mükafat” üsuluna önəm verilməlidir. Onların gördüyü yaxşı şeylərə məmmunluq duyun.  Bu övladlarınızın müsbət davranışlarının təkrarlanmasında çox faydalı olacaq.

Unutmayın ki doğru məqamda söylənilən “yox” ilk andan bir neçə problemi aradan qaldırır.

 

 

“Məşğələlərdə uşaqların ehtiyaclarını və güclü tərəflərini nəzərə almalıyıq”

“Məşğələlər uşaqların yaşına uyğun bilik və bacarıqlara görə tənzimlənməli, tədris otaqları cəlbedici formada, lakin öyrədici mühitə uyğun təşkil edilməlidir.  Burada mühit uşaqların əməkdaşlığını təmin etməli və inkişafetdirici olmalıdır”.

Bu sözləri, Təlim-Tədrisin Təşkili üzrə mütəxəssis koordinator Şəfiqə Fərzəliyeva Bağçam.az-a verdiyi müsahibəsində deyib.

Şəfiqə Fərzəliyeva ilə müsahibəmizə bağçada yaradılmalı olan məşğələ mühiti barədə söhbətlə başlayırıq:

“Bağçada gün ərzində müəyyən edilmiş vaxtlara əsasən müxtəlif məşğələlər təşkil olunur. Bunlara fiziki, zehni, estetik və yaradıcı fəaliyyətlər aiddir. Burada ən mühümü şəxsiyyət yönümlü yanaşmadan istifadə etmək və uşaqlar arasında  bərabər şərait yaratmaqdır. Məşğələ zamanı yaradılan mühit onların bütün tərəflərini görməli və hərəkət etmələrinə imkan verməlidir. Məşğələ müddəti ərzində uşaqlar tərbiyəçi müəllim və həmyaşıdları ilə ünsiyyət qurur. Onlara fikir yürütmək, faktlar axtarmaq, səbəb-nəticə əlaqələrini soruşmaq, izah etmək, sadə tədqiqatlar aparmaq üçün şərait yaradılır”.

Şəfiqə xanım həmçinin effektiv məşğələ mühitinin yaradılması üçün müvafiq elementlərin mövcud olduğunu bildirir:

“Bağça şəraitində müəllimələr məşğələni öncədən planlaşdırılmalı və düzgün təşkil etməli, məzmuna uyğun mərhələlərin ardıcıllığını qurmalıdır. Tərbiyəçi müəllimin səs tonu, intonasiyası, jest və mimikaları, həmçinin hərəkətləri doğru texnikaya uyğun gəlməlidir. Müxtəlif üsul və vasitələrlə uşaqların fəallığı təmin olunmalıdır. Məşğələ monoton yox, rəngarəng və ahəngdar təşkil edilməlidir. Resurslar – şəkillər, kartlar, illüstrasiyalar, oyuncaqlar, audio səslər cəlbedici olmalıdır.

Müsahibimizlə öyrədici məşğələ mühitinin tənzimlənməsindən əlavə uşaqlar arasında fəal öyrənmənin hansı üsullarla təşviq edildiyi haqqında da söhbətləşdik.

“Uşaqların inkişafını və öyrənməsini təmin etmək üçün onların maraqlarını, ehtiyaclarını və güclü tərəflərini nəzərə almalıyıq. Çünki, uşaqlar müxtəlifdir və fərqli sahələrdə fəal ola bilirlər.

Uşaqları fəal öyrənməyə təşviq etmək üçün fəaliyyətlər interaktiv təşkil olunmalıdır. Məsələn, idrak fəaliyyətinə aid bir məşğələ daxilində yaradıcı sahəyə keçid edərək məşğələni əyləncəli etmək mümkündür. Bunun üçün fəal təlim üsullarından – didaktik hərəkətli rollu oyunlar, məntiqi təfəkkürə, yaradıcı təxəyyülə əsaslanan metodlardan istifadə edilir.

Sonda,  Şəfiqə xanım məşğələ mühitində hansı problemlərdən qaçınmaq lazım olduğu haqqında da fikirlərini oxucularımızla bölüşür:

“Məşğələ mühitində uşaqlar arasında ayrıseçkiliyin olmamasına diqqət etmək vacibdir. Bəzən uşaqlarla iş apararkən  cavab verməyə çəkinən, sakit və utancaq uşaqlar da olur. Müəllim buna xüsusi olaraq fikir verməli və nəzarətdə saxlamalıdır. Təşəbbüskar uşaqlar dəstəklənməli, bir qədər çəkinən uşaqlar isə təşəbbüs göstərməyə həvəsləndirilməlidir. Bunun üçün tərbiyəçi “Sən necə düşünürsən?”, “Sən nə fikirləşirsən?”, “Çəkdiyin şəklin mənasını mənə başa sala bilərsən?” və s. kimi sual və təkliflərlə uşaqları fəallaşdırmağa cəhd göstərməlidir”.

Övladlarımızı mövsümi xəstəliklərdən necə qoruyaq?

Dünyada olduğu kimi Azərbaycanda da payız aylarında tənəffüs sistemi (respirator) xəstəliklərinə yoluxanların sayı artır. Uşaqlar yalnız səkkiz yaşına çatanda tənəffüs sistemləri tam formalaşır. Buna görə də, belə xəstəliklər daha çox məktəbəqədər yaşda olan uşaqlarda müşahidə edilir.

Hazırda ölkəmizdə yayılan mövsümi xəstəliklər və bunlardan uşaqları qorumağın yolları barədə Sağlamlıq, Qidalanma və Təhlükəsizlik üzrə Koordinator Sara Firudinbəyli ilə danışdıq.

– Sara xanım, uşaqlarda xəstəliyə səbəb olan infeksiyanın ötürülməsi hansı yollarla baş verir?

Əvvəlcə onu nəzərə alaq ki, respirator infeksiyaların törədiciləri yüksək yoluxuculuq xüsusiyyətlərinə malikdir. Lakin onlar üçün orqanizmə “giriş qapısı” yalnız tənəffüs yollarının selikli qişasıdır. Mövsümi faktorlar tənəffüs yollarının viruslarla müqavimətini azaldır. Soyuqdəymə immuniteti aşağı salır və ağız, burun, tənəffüs yolları, bağırsağın selikli qişasının baryer funksiyasını zəiflədir.

İnfeksiyanın əsas ötürülmə yolu – hava-damcı yoludur. Viruslar öskürmə, asqırma zamanı sıçrayan damcılar vasitəsilə ötürülür. İkinci yoluxma yolu – təmas-məişət yoludur: virus daşıyıcısı ilə birbaşa kontakt, yaxud virus düşən səthlərə toxunub sonra əlini burnuna, ağzına vurmaq.

– Uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün nələr edilməlidir?

Uşaqları mövsümi xəstəliklərdən qorumaq üçün ilk növbədə xəstəlik əlamətləri olan adamlardan uzaqlaşdırmaq, sıxlıq olan məkanlara aparmamaq, gigiyena qaydalarına müntəzəm riayət etmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı ilk profilaktik tədbir kimi əllərin yuyulmasını tövsiyə edir. Böyüklərin borcudur ki, uşaqlara sadə gigiyenik proseduraları öyrətsinlər. Əllər gündə 5-6 dəfə 20-30 saniyə ərzində sabunla yuyulmalıdır. Su və sabun olmayan yerdə tərkibində 60%-dan aşağı spirt olmayan dezinfeksiyaedici məhlullardan istifadə etmək və uşağın şəxsi əşyalarını (dəsmal, yataq, qab-qaşıq və s.) ayırmaq mütləqdir.

– Valideynlər xəstəliyə yoluxan uşaqların immun sistemini gücləndirmək üçün nələr etməlidir?

Valideynlər nəzərə almalıdır ki, immuniteti gücləndirmək üçün kompleks tədbirlər görülməlidir. Həm uşaqlar peyvənd olunmalı, həm də xalq təbabəti, medikamentoz vasitələr (virusa qarşı preparatlar, əlavə olaraq vitaminlər), mineral kompresslər  qəbul edilməlidir. Burada uşaqlar üçün yaradılmış düzgün gün rejimi, uşağın fiziki aktivliyi və sağlam qidalanması da rol oynayır.

 

-Sara xanım, məsələyə daha detallı yanaşsaq, sadaladığınız məqamları necə izah etmək olar?

Belə deyək, valideynlər uşaqları soyuqdəymədən qorumağa çalışarkən bəzən onların termorequlyasiyasının mükəmməl olmadığını nəzərə almırlar. Uşağı elə geyindirmək lazımdır ki, soyuqdəymənin və həddindən artıq istilənmənin qarşısı alınsın. Geyim uşağı tərlətməməlidir. Uşaqlar hər gün açıq havada gəzintidə olmalıdırlar. Payızda yalnız üz və əllər geyimdən azad olur. Açıq dəri sahələri kiçik olsa da, onların hava ilə təmasda olmağı termorequlyasiyanın inkişafı üçün yaxşı treninqdir. Uşağı öyrətmək lazımdır ki, ağızla yox, burunla nəfəs alsın.

Bəzi valideynlər soyuq havalarda uşaqları corabla yatızdırır, lakin əllər və ayaqlar – aktiv refleksogen zonalardır. Belə “qayğı” immuniteti zəiflədir. Yuxudan qabaq yataq otağının havası dəyişilməlidir, temperatur gecə 18-200C, gündüz 22-240C kimi tənzimlənməlidir.

Soyuq mövsümdə uşaqların qidalanmasına xüsusi diqqət yetirmək lazımdır. Təbii, keyfiyyətli, vitamin və mikroelementlər tərkibinə görə balanslaşmış ərzaqlara üstünlük vermək lazımdır. Uşağın gündəlik rasionunda askorbin turşusu ilə (vitamin C) zəngin olan ərzaqlar immuniteti möhkəmləndirir. Kələm (bütün növləri), bolqar bibəri, itburnu, qarağat, sitrus meyvələri C vitamini ilə zəngindir.

Fiziki aktivlik isə bədən sağlamlığına müsbət təsir göstərir: qan dövranını yaxşılaşdırır, əzələ korsetini formalaşdırır, pozitiv emosiyalar bəxş edir, iştahı və yuxunu normalaşdırır.

– Mövsümi xəstəliklər bağça uşaqları arasında da müşahidə olunur. Sizin çalışdığınız bağçalar şəbəkəsində xəstəliklərin yayılmasının qarşısını almaq üçün hansı işlər görülür?

Əslində, bağçalarımızda illərin təcrübəsi ilə formalaşmış və sınaqdan çıxmış metodlarımız var. Mən onları sadalaya bilərəm:

  • Səhər filtri (xəstəlikləri aşkar etmək üçün);
  • Gün ərzində müşahidə. Xəstəlik əlamətləri aşkar olunduqda, həmin uşaqların izolyasiyası və evə göndərilməsi;
  • Uşaqların toxuna biləcəyi bütün səthlərin dezinfeksiyası;
  • Quru və nəm təmizləmə işlərinin qrafik üzrə yerinə yetirilməsi;
  • Otaqların havalandırma, temperatur və rütubət rejiminə nəzarət;
  • Uşaqların otaqlarda olmadıqları zaman ultrabənövşəyi lampa və ozon aparatının istifadəsi;
  • Su qəbulu rejiminə riayət edilməsinə nəzarət (verilən suyun hərarətinə nəzarət etməklə);
  • Şəxsi gigiyena qaydalarına riayət olunması;
  • Oyuncaqların vaxtında yuyulması;
  • Qrupların bir-birindən maksimum ayrı olmasının təmin edilməsi;
  • Personalın səhhətinə nəzarət.

Bu məsələdə valideynlər də bağçaya dəstək olmalıdır. Belə ki, uşaq xəstələnərsə, onu evdə saxlamalı, evə həkim çağırmalı, həkim təyin etdiyi müalicəyə əməl edilməlidir. Xəstə uşaqları bağçaya gətirməyi tövsiyə etmirik. Bu uşaqları həm xəstəliyin ağır fəsadlarından qoruyur, həm də xəstəliyin digər uşaqlar arasında yayılmasının qarşısını alır.

“Bağça müəllimi uşağı şəxsiyyət kimi qəbul etməlidir”

“Bağça müəllimi kimdir?” sualına cavab verdikdə, gözümüzün önündə uşağın təlim və tərbiyəsi ilə məşğul olan şəxs canlanır. Məsələyə daha dərin baxdıqda isə bağça müəllimindən unikal bacarıqlar tələb olunduğunu görürük.

 

Bağça müəllimindən tələb olunan bacarıqların nələr olduğu barədə geniş məlumat almaq üçünBağçam” Uşaq Bağçaları Şəbəkəsi İdarə Heyətinin üzvü, məktəbəqədər təhsil mütəxəssisi Xalidə Rzayeva ilə söhbətləşdik.

 

Xalidə xanım bildirir ki, hər şeydən əvvəl bağça müəllimi uşağı ətraf aləmlə tanış edir, ona öyrənməyi öyrədir, maraqlarını başa düşür, çətinlikləri aşmağın yollarını göstərir və uşaqda özünəinamı artırır. Əsl bağça müəllimi modeli məhz bu keyfiyyətləri özündə daşımalıdır:

 

“Müəllim uşağı şəxsiyyət kimi qəbul edib, onun fikirlərinə və seçimlərinə hörmətlə yanaşmalıdır. Burada açar addım səmimi ünsiyyətdir. Müəllim gərək uşaqla onu düşündürən mövzularda müzakirələr aparsın, suallarına sadə dildə doğru və dəqiq cavablar versin. Uşaqla ünsiyyət qətiyyən yalan üzərində qurulmamalıdır. Uşağı tənqid etmək, nəyisə bacarmadığını ona hiss etdirmək olmaz. Əvəzində, uşaq müəlliminin ona inandığını bilməli, bacarmadığı hər şeyi tezliklə öyrənəcəyinə inanmalı və özünə güvənməlidir. Bu məqamda ünsiyyət uşağa təşəbbüskarlıq və cəsarət aşılamalı, uşağın çətinliklərini onun bacarığına çevirməlidir”.

 

Pedaqoq uşağın fiziki və emosional inkişafı üçün bağça müəlliminin valideynlərlə münasibətinin də əhəmiyyətli məqam olduğunu vurğulayır. Çünki, uşağa valideyn qədər yaxın olan və tanıyan ikinci şəxs yoxdur.

 

“Müəllim ailə haqqında dolğun məlumata sahib olmalı, uşağın mühitini bilməlidir. Ehtiyac olduğu halda valideynlər pedaqoji maarifləndirilməlidir. Ailəyə uşaqla bağlı sistemli məlumat verilməlidir. Valideyn mütləq pedaqoji fəaliyyətə cəlb olunmalıdır. Yəni, oyunlara, ekskursiyalara, bəzi məşğələlərin təşkil olunmasına və digər mümkün fəaliyyətlərdə valideynlərin də iştirakı uşağın inkişafına müsbət təsir edir”.

 

Bağça müəllimindən tələb olunan emosional bacarıqlar mövzusuna da toxunan müsahibimiz burada analiz bacarığının və təmkinin önəmli rol oynadığını bildirir:

 

“Uşaqlar öz həyatı boyu öyrənəcəkləri bacarıqlarının 70-80%-ini bağçada tamamlayırlar. Bu dövrdə bağça müəlliminin emosional bacarıqları çox vacib faktor kimi önə çıxır. Müəllim, əlbəttə ki, emosiyalarını doğru idarə etməyi bacarmalıdır. Bəzən görürsünüz ki, müəllim hər hansı kiçik hadisəyə çox böyük yəni, şişirdirilmiş reaksiya verir. Uşaq isə bu modeli norma kimi qəbul edir. Bu yolverilməzdir. Müəllim uşaqlar arasında yaranan konfliktlərə də doğru emosiya ilə yanaşmalı, onun həllinin ardıcıllığını uşaqlara göstərməlidir”.

 

Sonda Xalidə xanım bağça müəlliminin geyimində, danışıq tərzində nələrə diqqət yetirməli olduğu barədə də bizə məlumat verir. Bu mövzuya sırf  uşaq tərəfindən yanaşmaq lazım olduğunu deyir:

“Uşaq biz böyüklərin tərzini, davranışlarını, ünsiyyətini model olaraq görür. Buna görə də, müəllim uşaqlara nümunə olduğunu unutmamalıdır. Bağça mühiti həm də çevik, hərəkətli fəaliyyətlər tələb edir. Bütün bunları nəzərə alaraq bağça müəllimi rahat, lakin səliqəli geyimdə olmalıdır. Uşağa sakitlik hissini ötürmək üçün geyimdə və makiyajda neytral rənglərə üstünlük verilməli, danışıq tərzi də intonasiyalı və ahəngdar olmalıdır. Uşağa informasiyanı maraqlı təqdim etmək üçün jest və mimikalardan düzgün istifadə də önəmlidir”.

 

Xalidə xanım bağçalar üçün müəllim seçimi ilə bağlı öz təcrübəsini də bölüşür:

“Biz “Bağçam” uşaq bağçaları şəbəkəsinə müəllim seçimində namizədin pozitivliyi, təşəbbüskarlığı, zövqlü olmağı, uşaq yönümlü olmağı, uşağı sevməyi kimi məqamları əsas götürürük. Bağça müəllimi özü bilikli, bacarıqlı, dünya görüşlü olmalıdır. Bu şərtdir. Çünki, o, uşağın şəxsiyyətinin təməlinin qoyulmasında iştirak edir, gələcəyə bir şəxsiyyət yetişdirmək ilə məşğul olur. Ona görə bu peşə sahibi mütləq olaraq etiket qaydalarına düzgün riayət etməlidir”.

Valideyn və övlad arasında yaxın münasibətin qurulması üçün tövsiyələr

Valideyn-övlad münasibətləri uşağın fiziki, emosional və sosial inkişafını təmin edən unikal bir bağdır. Uşaqlarınızla hələ körpəlikdən qurduğunuz münasibət onların gələcək inkişafının əsasını təşkil edir. Onu qeyd etmək lazımdır ki, valideyn-övlad münasibətlərinin təməli necə qurularsa, gələcəkdə uşağın davranışlarında özünü göstərəcək.

Övladınızla yaxın münasibət qurmağın faydalarına nəzər salaq:

  • Valideynlərinə etibar edərək böyüyən uşaqların gələcəkdə digər insanlarla xoşbəxt və isti münasibətlər qurmaq şansı daha yüksəkdir.
  • Valideynləri ilə yaxın münasibət quran uşaqlar stress altında və çətin vəziyyətlərdə duyğularını tənzimləməyə bilir.
  • Valideynləriylə yaxın olan uşaqlar optimist və özünə inamlı sosial davranışlar nümayiş etdirərək həyatları üçün önəmli addımlar atmaqdan çəkinmirlər.
  • Valideynlərin övladlarıyla yaxın ünsiyyyəti daha yaxşı sosial və akademik bacarıqların əsasını qoyur.
  • Uşaqlar valideynləri ilə müsbət münasibət qurduqda güclü problem həlletmə bacarıqları da qazanırlar.

Uşaqlarınızla münasibətinizi gücləndirməyə kömək edəcək bəzi məsləhətlər:

Onlara sevginizi göstərin

Bu həqiqətən sadə səslənə bilər, lakin hər bir valideynin övladına onu sevdiyini söyləməsi vacibdir. Uşaqlar daim sevildiklərini və qorunduqlarını hiss etməlidirlər. Yaşlarından asılı olmayaraq hər an onlara sevdiyinizi söyləyin və sevginizi hiss etdirin. Hətta fikir ayrılıqları və anlaşılmazlıqlar içində belə, onları qeyd-şərtsiz sevdiyinizi bilməlidirlər.

Birlikdə səmərəli vaxt keçirin

Sizinlə övladınız arasındakı yaxın münasibət birlikdə keçirdiyiniz səmərəli vaxtda qurulur. Bu vaxt kəsiyində bir-birinizin təcrübələrini, düşüncələrini, hisslərini və dəyişən maraqlarını tanıyırsınız. Bu, onlara verdiyiniz dəyərin göstəricisidir və münasibətiniz üçün çox yaxşı irəliləmə olacaqdır. Diqqətinizi yayındıran vasitələrdən istifadəni minumuma endirməklə birlikdə zövqlü və maraqlı zaman keçirə bilərsiniz.

Övladlarınızın hisslərini təqdir edin

Uşağınız hər hansı bir şeylə bağlı hisslərini bölüşmək üçün sizin yanınıza gəlirsə, mütləq onu dinləyin. Onu anladığınızı hiss etdirin. Ola bilsin ki, o, məktəbdəki pis bir gün və ya ev tapşırıqları ilə bağlı məyusluğunu bölüşmək istəyir. Sıxıntılı vaxtlarda onların yanında olun. Əsla mühakimə etməyin. Hisslərini təsdiqləyin və onlarla müzakirə etmək üçün açıq olun.

Nizam-intizam qaydalarını düzgün istifadə edin

Cəza tətbiq etmək, övladınızla münasibətinizi pozmağın ən asan yoludur. İntizam cəzalandırmaq deyil, öyrətmək deməkdir. İntizam üçün düzgün üsullardan istifadə sizin aranızdakı bağı gücləndirə bilər. Müsbət nizam-intizam uşağınızı doğru şəkildə istiqamətləndirməkdən ibarətdir.

Qarşılıqlı hörmət qurmağa çalışın

Hər bir sağlam münasibətdə qarşılıqlı hörmət çox vacibdir. Uşağın öz ehtiyacları, istəkləri və üstünlükləri var. Bir çox mövzuda bilikləri, əlbəttə ki, azdır, çünki hələ öyrənəcəkləri çox şey var. Bu onların fikirlərinə və seçimlərinə hörmət etməmək haqqı qazandırmır. Onlara hər zaman dəstək olmalı, fikirlərinə hörmətlə yanaşmalıyıq.

Dinləyin və empatiya qurun

Əlaqə dinləməklə başlayır. Övladınızın hisslərini qəbul edin və ehtiyac duyduğu hər şeydə kömək etmək üçün orada olduğunuza əminlik yaradın. Onların dəstəyə, qayğıya və ya köməyə ehtiyacı olduqda hazır olun. Hər şeyə onların gözü ilə baxmağa çalışın. Uşağınızı dinləmək və empatiya qurmaqla siz daha yaxın münasibət quracaqsınız.