Valideynlərin uşaqların önündə mübahisə etməsi zərərlidirmi?

Valideynlər nə qədər çalışsalar da, bəzən uşaqların önündə mübahisə etmək qaçınılmaz olur. Lakin mübahisələr uşaqların önündə həll yolu ilə bitərsə, bu uşaqlar üçün faydalı dərs ola bilər. Çünki uşaq böyüklərin birlikdə problemin necə öhdəsindən gəldiklərini görə bilir.
Valideynlərin çox vaxt buraxdığı səhv isə budur ki, mübahisələr uşaqların önündə başlayır, amma onların önündə həll yoluna qoyulmur. Mübahisə yarım qalır və ya təxirə salınır. Uşaq isə heç bir həll yolu tapıldığını görmür, görmədiyi üçün də uşaqda qayğı problemi yaranır.
Burada əsas məqam uşaqların önündə necə mübahisə edəcəyinizi bilməkdir.
Mübahisələr diqqətə alınmadıqda uşaqların önündə edilən qarşıdurmaların mənfi nəticələri ola bilər. Oreqon Universiteti 2013-cü ildə valideyn arasındakı mübahisələrinin körpələrin beyin fəaliyyətində necə təsir buraxdığı araşdırıldı. Tədqiqatçılar körpələrin yuxu anında belə emosional səs tonuna reaksiya verdiyini ortaya qoydular.
Bundan əlavə, Vermont Universitetinin tədqiqatçılarının başqa bir araşdırması aşkar etdi ki, valideynləri tez-tez mübahisə edən uşaqlar daha sonra həyatda daha çox sosial problemlərlə üzləşə bilərlər.

Bəs necə edək ki, uşaqlar bundan təsirlənməsin?

Ailədə fikir ayrılıqlarını qəbul etməyi öyrənməklə başlamaq lazımdır. Bu ailə olmağın bir parçasıdır. Tədqiqatlar göstərir ki, təkrarlanan və düşməncəsinə edilən münaqişələr uşağın psixi sağlamlığına təsir edə və davranış problemlərinə səbəb ola bilər.
Yaxşı xəbər odur ki, mübahisə etməyin sağlam yolları var. Xüsusisən də əgər uşaq yanınızdadırsa.
Nəfəsiniz üzərində işləyərək sakit qalmağa çalışın. Bu, özünüzü itirməməyinizə və emosiyalarınızı idarə etməyə kömək edəcək.
Həyat yoldaşınızın tamamilə günahkar olduğunu düşünə bilərsiniz, ancaq bununla siz həll yolu tapa bilməyəcəksiniz. Cavab verməzdən əvvəl onun öz fikirlərini açıqlamasına və mühakimə etmədən onu dinləməyə çalışın.
Amerika Pediatriya Akademiyasına bildirir ki, valideynlər bir-biri ilə mübarizə aparmaq əvəzinə əməkdaşlıq etmək yollarını tapmalıdırlar.
Müzakirə etdiyiniz mövzudan yayınıb başqa problem yaradacaq mövzulara keçməyin.
Övladınızı düşünün
Bir-birinizə və övladınıza olan sevginizi xatırladın. Həmçinin övladınıza öz hisslərini ifadə etməsinə imkanı verin.

Valideynlər arasında fikir ayrılıqları və uşaqların bunlara şahid olmaları qaçınılmazdır. Bununla belə valideynlər bir-birlərini incitmədən hisslərini tutarlı şəkildə ifadə edərək sağlam şəkildə mübahisə edə və ortaq məxrəcə gələ bilərlər. Sağlam fikir ayrılığı nümunəsi yaratdığınız zaman uşaqlar da başqaları ilə problemləri daha yaxşı həll etməyi öyrənə bilər.

Oyun elmi

Oyun elmi

Bilirdiniz ki, ilk 3 ildə övladınızın beyni digər dövrlərə nisbətən daha çox inkişaf edir? Bu böyük bir üstünlükdür!
Üstəlik övladınızın inkişafını bu dövrdə dəstəkləmək hər iki tərəf üçün – həm valideyn, həm də uşaq üçün həm asan, həm də əyləncəlidir.

Oyun problem həll etməkdən tutmuş fikirləri ifadə etməyə qədər vacib həyat bacarıqlarını öyrənməyi və hər ikiniz arasındakı bağı gücləndirir. Üstəlik, siz uşağınızın ilk müəllimi və oyun yoldaşısınız!

“Əşyaları gizlət və tap” oyunu zamanı uşaqlarda qavrama bacarığı inkişaf edir.
Evdəki hər hansı əşyanı gizlətmək və onu tapmaq kimi çətin, bir o qədər də maraqlı tapşırıq üzərində işləmək uşağın diqqətini cəmləşdirməyə, problem həll etməyə və çevik düşünməyə təşviq edir. O, bu yolla mürəkkəb tapşırıqların öhdəsindən gəlməyi və maneələri dəf etmək üçün effektiv strategiyalar qurmağı öyrənə bilər. Əgər oyun zamanı övladınızın çətinlik çəkdiyini müşahidə edirsinizsə, azca dəstək göstərə bilərsiniz. Amma oyunu təkbaşına bitirməsinə imkan yaradın.

Qəribə səslər çıxardan uşaq sosial bacarıqlarını inkişaf etdirir.
Təbii olaraq, uşaqlar qəribə səslər, üz ifadələri və jestlərlə ünsiyyət qurarlar. Bu zaman övladınıza cavab vermək onların beynində ünsiyyət və sosial bacarıqların inkişafını dəstəkləyən sinir əlaqələrini qurmağa və gücləndirməyə kömək edir.

Rəqs edib mahnı oxuyan uşaq emosional bacarıqlarını inkişaf etdirir.
Özünü dərk etməklə duyğuları anlamaq, idarə etmək və ifadə etmək uşağınızın emosional inkişafı və sağlamlığı üçün çox vacibdir. Mahnı oxumaq və rəqs etmək hissləri ifadə etmək və onları azad buraxmaq üçün gözəl bir yoldur! Birlikdə mahnı oxuyaraq və ya rəqs edərək bunu rutin halına gətirməyinizi tövsiyə edirik.

Uşaq öz təsəvvürünü cızma-qara etdikdə yaradıcılığı inkişaf edir.
Cızma-qara edərək öz xəyal gücünü işə salıb rəsm çəkən uşaqlar əslində öz ideyalarını həyata keçirmiş olurlar. Övladınızın çəkdiyi rəsmlə bağlı söhbət açın, suallar verərək onun dünyasına daxil olmağa çalışın.

Uşaqlar üçün oyuncağın nə qədər bahalı olması deyil, nə qədər maraqlı olması vacibdir. Buna görə də ev şəraitində övladınıza sonsuz oyun imkanları yarada bilərsiniz.
Oyun təkcə əyləncə deyil, həm də inkişafın təməlidir.

Pozitiv bədən anlayışı

Pozitiv bədən anlayışı.

Pozitiv bədən anlayışı — bədənini olduğu kimi qəbul etmək və görünüşünlə bağlı mənfi düşüncələrdən uzaq olmaqdır.

Uşaqlar 3 yaşlarından başlayaraq öz bədənlərini tanımağa başlayırlar.
Araşdırmalar göstərir ki, 4 yaşlarından bəzi uşaqlar öz bədənlərini bəyənmirlər.
Buna görə də erkən yaşdan uşaqlara pozitiv bədən anlayışını formalaşdırmaq lazımdır.

Pozitiv bədən anlayışının formalaşması uşaqların mental və fiziki sağlamlıqları üçün önəmlidir. Əgər uşaqda pozitiv bədən anlayışı formalaşıbsa, bu o deməkdir ki, o bədənini olduğu kimi qəbul edir və sevir. Pozitiv bədən anlayışı formalaşan uşaq özünəinamlı olur və daha sağlam baxış tərzinə malikdir.

Uşaqlar hətta müəyyən yerlərini bəyənməsələr belə, pozitiv bədən anlayışı onlara öz bədənlərində komfortlu hiss etmələrinə kömək edəcək və gələcəkdə yarana biləcək qidalanma problemlərini önləyəcək.
Müsbət bədən anlayışına sahib olan uşaqlar adətən:
sağlam həyat tərzi sürürlər;
fiziki olaraq aktiv olurlar;
özləri ilə bağlı sağlam düşüncədə olurlar;
özlərini olduğu kimi qəbul edirlər.

Uşaqların öz bədənlərini necə qəbul etməsi böyüdükləri mühitdən asılıdır. Valideynlərinin, qohumlarının, dostlarının və müəllimlərinin öz fiziki görünüşü ilə bağlı dilə gətirdikləri düşüncələri belə onlara təsir edir.

Uşağın bədəni ilə bağlı edilən ələ salmalar və ya bununla bağlı fikir bildirmək uşaqda özünü pis hiss etməyə, həmçinin qeyri-sağlam qidalanmasına yol açacaq.
Heç bir səbəb olmadan belə bədəni üçün etdiyiniz şərh onda narahatlıq yarada bilər.
Adətən sosial media uşaqlarda da öz bədənlərinə qarşı narazı fikirlərin formalaşmasına səbəb olur.

Uşaqlarda müsbət bədən anlayışını bu cür formalaşdırmaq olar:

Sosial media platformalarında fotoşoplu, ideal görünən simaları xarici görünüşünə görə yox, necə hiss etdikləri ilə bağlı, məsələn, xoşbəxt, sevincli görünür kimi düşüncələrinizi dilə gətirə bilərsiniz;
İstər TV-də, istərsə də internetdə övladınızın gördüyü insanların üz və bədənlərinin real olmadığını, xüsusi kameralardan, vizajdan, fotoşopdan və s.-dən istifadə etdiklərini ona başa salın;
Övladınıza görüntü və ya çəkiyə fikir vermədən sağlam olmağın vacibliyini öyrədin;
Fiziki məşqləri artırın və əyləncəli hala gətirin. Bu rəqs etmək də ola bilər, topla oynamaq və ya velosiped sürmək də ola bilər;
Əgər burnunu bəyənmədiyini desə, onun fikrini bəyəndiyi başqa tərəflərinə yönləndirin;
Övladınıza bədəninin hər hansı bir üzvünün nələrə qadir olduğunu izah edə bilərsiniz — bu düşünmək, nəfəs almaq və ya hərəkət etmək ola bilər;
Görünüşü ilə bağlı komplimentlər etmək əvəzinə xarakteri, bilik və bacarıqları ilə bağlı təriflər edin.

Övladınızın həddindən artıq çəkiyə sahibdirsə və bu sağlamlığına ciddi problem yaradırsa, sözsüz ki, bu barədə qayğı duymalısınız.
Övladınızla bu yollarla danışmağa çalışın:

Bu barədə neqativ şəkildə söhbət açmayın;
Bütün ailənizlə birgə pəhrizə qoşulun. Uşaqlar hədəf halına gəldikdə deyil, birlikdə hərəkət etdikdə dəstəkləndiklərini hiss edəcəklər;
Əgər övladınız sağlam olmayan yemək seçimi etsə, yüksək reaksiyalar verməyin;
Sərt pəhrizlərdən uzaq durun. Bu onları daha da həvəsdən salacaq və daha çox çəki almalarına səbəb olacaq.

Bütün bunlarla yanaşı öz həkiminizdən və psixoloqunuzdan dəstək almağa çəkinməyin.

Dəyirmi Masa Məktəbəqədər təhsildə tədris vəsaitləri :mövcud durum və perspektivlər

16 oktyabr 2024-cü il tarixində “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi, “Indigo” Management & Consulting, “Indigo Academy” Təlim və Mentor Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada müzakirə mövzusu “Məktəbəqədər təhsildə tədris vəsaitləri, mövcud durum və perspektivlər” idi. Həmçinin “Bağçam”ın yeni çap olunan tədris vəsaitlərinin təqdimatı oldu.

Dəyirmi masa zamanı “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin təsisçiləri Samirə Dünyamalıyeva və Rasif Dünyamalıyev, şəbəkənin əməkdaşları olan mütəxəssislər və tərbiyəçi müəllimlər, ARTİ Məktəbəqədər Təhsilin Proqramları Şöbəsinin müdürü, dosent, əməkdar müəllim Laləzər Cəfərova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, ADPU Sabah mərkəzinin rəhbəri Lalə Mürsəlbəyova, ADPU nəzdində Pedaqoji kollecin Məktəbəqədər Təhsil Şöbəsinin müdürü Mətanət İsmayılova, Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıqov və digər təhsil nümayəndələri iştirak etdilər.

Tədbir Samirə Dünyamalıyevanın açılış nitqi və bağça inkişafı haqda təqdimatı ilə başladı.
Dəyirmi masa iştirakçıları məktəbəqədər təhsildəki əksikliklər, müəllimlərin qarşılaşdığı çətinliklər, tədris vəsaitlərinin çatışmazlığı barədə müzakirələr apardılar.
Görüşdə “Bağçam”ın hazırladığı metodiki vəsaitlərin qısa təqdimatı keçirildi. Vəsaitlərlə tanış olan təhsil mütəxəssisləri öz rəylərini bildirdilər.
“Bağçam”ın fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Laləzar xanım çıxışında vurğuladı ki, məktəbəqədər təhsilin əhəmiyyəti artıq ön plandadır və dövlət səviyyəsində də xüsusi önəm verilir.

O həmçinin bildirdi ki, uşaqların tərbiyəsi ilə məşğul olan tərbiyəçilərin peşəkarlığı ilə yanaşı bu sahədə istifadə olunan resursların da əhəmiyyəti var. Laləzar xanım xatırlatdı ki, sonuncu dəfə dövlət səviyyəsində 2008-2009-cu illərdə 130 adda belə vəsait çap olunub. O, Bağçam-ın çap etdiyi tədris vəsaitlərini yüksək qiymətləndirdi.

Tədbirin sonunda qonaqlarla xartirə fotoları çəkildi.

Övladınız barmağını əmir? Səbəbi və çarəsi

 

Bəzi uşaqlarda barmaq və ya əmzik vərdişlərini müşahidə edə bilərik. İlk öncə bunu qeyd edək ki, bu təbii bir haldır. Bunun əsas səbəbi bunun onlara rahatlıq və sakitlik hissi verməsidir. Hətta bəzən əmmə refleksi ana bətnində də müşahidə edilir. Buna görədir ki, uşaqlar özlərini stresli, narahat və ya yorğun hiss etdikdə barmaqlarını əmirlər. Lakin yaş artdıqca bu vərdiş atılmalıdır.
Barmaq və ya əmzik əmmə vərdişi diş və çənə əyriliyinə, dişlərin çürüməsinə, danışıqda bir çox çətinliklərin yaranmasına səbəb ola bilər.

Bir çox körpə 2-4 yaş arasında öz-özünə barmaq əmməyi tərgidir. 2 və 4 yaş aralığında uşaqlar əmzik və barmaq əmmə vərdişini yavaş-yavaş tərgitməlidir. Çünki bu dönəmdə uşaqların süd dişləri tam olaraq inkişaf edir və çənə əzələləri formalaşmağa başlayır. Əmmə vərdişini tərgitməsi üçün prosesi düzgün idarə etməli, övladınızı motivasiya etməlisiniz. Təzyiq göstərmək heç bir halda həll yolu deyil.

Barmaq əmmə vərdişini aradan qaldırmaq üçün tövsiyələr:
İlk öncə valideyn olaraq səbirli və təmkinli olmalısınız. Övladınıza təzyiq göstərərək deyil, onu həvəsləndirərək dəstək olun. Bununla bağlı ona uşaq kitabları oxuyaraq övladınızda bir fikir formalaşdıra bilərsiniz.
Yuxarıda qeyd etdiyimiz kimi, uşaqlar stresli olduqlarında və ya özlərini rahatlaşdırmaq üçün barmaq əmirlər. Bu zaman siz də övladınıza əvəzində yeni yollar təklif edə, streslə mübarizə aparması üçün fərqli seçimlər yarada bilərsiniz. İncəsənət, musiqi və ya oyunlar bunun üçün ideal vasitə ola bilər. Barmaq əmməyə vadar edən səbəbləri nəzərə alaraq ona yumşaq əşyalar da verə bilərsiniz. Məsələn, yumşaq oyuncaqlar, ədyal və s. kimi. Həmçinin uşağınız barmaq əmməyə başladığı an oyunlarla onun fikrini yayındıra bilərsiniz.

Bu prosesi övladınızla birlikdə təqvim düzəldərək izləməyə çalışın. Hər irəliləyişdə övladınızı əzizləyib həvəsləndirin.
Unutmayın ki, övladınızla bu məsələni açıq-aydın danışmalı və nə üçün bu vərdişi tərgitməli olduğunu ona izah etməlisiniz. Ən əsası övladınıza qarşı empatiya duyub nə üçün barmaq əmdiyini anlamağa çalışın. Onu qınamadan, utandırmadan və ona qəzəblənmədən bu prosesi birlikdə uğurla keçə bilərsiniz.

Ölkəmizin birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla qeyd etdi

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin şəhid övladları üçün Fond tərəfindən keçirilən əyləncə və istirahət proqramında iştirak ediblər.

Tədbirin təşkilində “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin işçi heyəti də yaxından iştirak edib.

Qayğısı və sevgisi ilə uşaqların qəlbini fəth edən əziz Mehriban xanıma və Leyla xanıma öz təşəkkürümüzü bildiririk