Balacalar böyük səhnədə

Dekabrın 24-də Rus Dram Teatrında “Education Management Network” şirkətinin təşkilatçılığı ilə “Baby star”, “İndigo” Nərimanov  bağçalarının uşaqları yeni ilə aid teatr tamaşası ilə valideynləri qarşısında çıxış ediblər.

225 uşağın iştirak etdiyi bu tədbirdə balacalar müəllimləri və bədii rəhbər, rejissor  Rafiz Mehdizadənin müşayiəti altında  maraqlı səhnəciklər, rəqslər, oyunlar, tamaşalar nümayiş etdiriblər. Tədbir iki hissədən ibarət olub. Birinci hissədə uşaqlar səkkiz nağıl qəhrəmanından bəhs edən maraqlı səhnəciklər göstəriblər. İkinci hissədə isə balacalar müxtəlif şeirlər, mahnılar, rəqslərlə Şaxta Babaya öz məharətlərini nümayiş etdiriblər. 450 nəfər tərəfindən izlənilən teatr tamaşası maraqlı anları ilə yadda qalıb.

Tədbirin təşkilatçılarından biri, eyni zamanda uşaq bağçasının direktoru Samirə xanım tədbir haqqında öz fikirlərini bizimlə bölüşür:

“Bu tədbir bizim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki 4 bağçanın uşaqları ilə birlikdə işləmək və onların tamaşasını 450nəfərə nümayiş etdirmək çox çətin və məsuliyyətli işdir. Çünki səhnə böyükdür və uşaqlar birinci dəfədir ki, böyük səhnəyə çıxırlar. Amma bunu əhəmiyyətli tərəfi odur ki, uşaqların yaşadığı bu günki həyəcan uzun müddət onların yaddaşında qalacaq, onlara cəsarət verəcək. Düşünürəm ki, uşaqlar bu gün böyük bir cəsarətlə 450 nəfər qarşısında peşəkar bir aktyor kimi çıxış etdilərsə, onlara böyük alqış düşür. Elə məqsədimiz də uşaqlarımızın cəsarətini göstərmək idi.”

Balacaların tamaşasına qonaq gələn valideynlər, həmçinin nənə və babalar da uşaqlarının sevimli bayramı olan yeni ilə aid maraqlı səhnəciklərini izləyiblər. Tədbirin sonunda onlar övladlarının böyük səhnədəki cəsarətli çıxışına heyran qaldıqlarını gizlətməyiblər. Tez-tez belə tədbirlərin keçirilməsinin tərəfdarı olan valideynlər bayram proqramının təşkilatçılarına da öz təşəkkürlərini bildirirlər:

“Bu gün böyük səhnədə mənim 4 yaşlı nəticəm çıxış etdi. Ümumiyyətlə, tədbir gözəl təşkil olunmuşdu. Uşaqlar maraqlı nömrələr göstərdilər. Biz də bir valideyn kimi uşaqlarımızı bundan da böyük səhnələrdə görmək istəyirik.”

“Tədbir haqqında təəssüratlarım çox yaxşıdır. Afərin uşaqlara! Başda uşaq bağçasının direktoru Samirə xanım olmaqla tədbiri təşkil edən bütün kollektivə öz minnətdarlığımı bildirirəm.”

“İlk dəfə idi ki, uşaqlarımız böyük səhnədə çıxış edirdilər. Bir valideyn kimi övladımla fəxr edirəm və onların daha böyük nailiyyətlərini görməyi arzu edirəm.”

“Tədbir çox xoşuma gəldi. Bütün valideynlərin adından tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Çox fəxr edəsi haldır ki, Azərbaycanda belə bağçalar fəaliyyət göstərir. Ümidvaram ki, gələcək nəsil bu zəhmətdən bəhrələnərək müəllimlərinin , onların üstündə əməyi olan rəhbərliyin etimadını doğruldar.”

Səhnədə sanki peşəkar aktyor kimi çıxış edən balacalar da təəssüratlarını bizimlə bölüşürlər. Onlar sevimli bayramda Şaxta Babadan hədiyyə istəməyi də unutmurlar:

“ Mahnı oxuduq, rəqs etdik, oynadıq, xoşuma gəldi. Şaxta babadan maşın istəyirəm”.

“Tədbirimiz xoşuma gəldi, Şaxta babadan oyuncaq istəyirəm”.