“Kompüterlə oynayan uşaqların nitqi inkişafdan qalır”

ushaqOksford Universitetinin tədqiqatçılarının araşdırmasına görə, uşaqların  kompüter oyunlarına marağı onların inkişafına müsbət təsir göstərə bilər. Alimlərin gəldiyi nəticəyə əsasən, gündə ən azı bir saat kompüter oyunu oynayan uşaqlar ümumiyyətlə oynamayanlarla müqayisədə daha təmkinlidirlər.

Məsələ ilə bağlı öz fikirlərini “Baby Star” uşaq bağçasının meneceri, pedaqoq Kamilə Baloğlanova paylaşıb.

Kamilə Baloğlanova bildirib ki, texnika inkişaf etdiyi üçün valideynlər uşaqları kompüter qarşısında oturtmağa üstünlük verirlər: “Uşaqlar üçün oyunlar  təşkil edilməlidir. Uşaqlara yaddaşın, intellektin, təfəkkürün, diqqətin və s. psixoloji proseslərin inkişafına təsir edən oyunlar vermək lazımdır. Məsələn, saymaq, fiqurlar yerləşdirmək, rəngləri seçmək. Təəssüf ki, uşaqlar onların psixologiyasına mənfi təsir göstərən kompüter oyunlarına üstünlük verirlər. Silahlardan istifadə olunan oyunlar və s. Burada valideynlər və bağçanın rolu mühümdür. Onlar, uşaqları psixoloji inkişafına və əhval ruhiyyələrinə müsbət təsir göstərən oyunlara cəlb etməlidirlər. Amma bu oyunlar da kompüter oyunlarıdırsa, 15-20 dəqiqə icazə vermək lazımdır. Onun həm beyni, həm gözləri yorulur. Kompüter oynamayan uşaq sərbəst düşünür, düşündüklərini nitqində ifadə edir. Uşaq saatlarla kompüter qabağında oturub susanda, nitqi də inkişafdan qalır. Digər uşaqlarla ünsiyyət problem yaşanır”.