Düzgün bağçanı necə seçməli?!

rasifYay fəslinin bitməsinə az qaldığı bir vaxtda valideynlər azyaşlı övladları üçün uşaq bağçalarının axtarılmasına başlayıblar. Təsadüfi deyil ki, əksəriyyətimiz hər gün bu haqda sosial şəbəkələrdə bir çox müraciətlər görürük.  Valideynlər biraz daha təcrübəli valideynlərdən uyğun bağçaları soruşur və ya övladları üçün düzgün bağçanın necə seçməli olduqları barədə məsləhətlər soruşurlar.

Həqiqətən də maraqlıdır. Gələcəyimiz adlandırdığımız uşaqlarımızın təməl biliklərinin ötürüləcəyi uşaq bağçalarını seçərkən hansı amillərə xüsusi diqqət olunmalıdır?

“Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyevin sözlərinə görə uşaq bağçası seçərkən diqqət olunmalı 5 əsas meyar var. Valideynlər övladları üçün bağça seçimi edərkən mütləq onları nəzərə almalıdırlar.

Sağlamlıq – Sağlamlıq istiqamətində prosedurlar var. Yəni, uşaqların sağlamlığı gündəlik yoxlanılırmı? Həftəlik tibbi müayinədən keçirilirmi? gündəlik uşaqların bayıra çıxmasına nəzarət olunurmu? Eyni zamanda gün ərzində uşaqların istiliyi, gigiyenik prosedurlara nəzarət edilməlidir. Həmçinin, həmin müəssisədə tibb bacısı, pediatr davamlı olaraq varmı? Sağlamlıq istiqamətində bağçanın aylıq sanitar epidemoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya olunurmu? Bu olunursa onun rəsmi sənədi varmı? Kim həyata keçirir? Bunu təstiq edən bir sənəd varmı? Bu valideynlərin haqlarıdır. Bunu istəməlidirlər. Həmçinin həftəlik profilaktik işlər görülürmü?

Təhlükəsizlik – Hər bir valideynin öz uşağının təhlükəsizliyindən narahat olması normal bir hadisədir. Buna görə də valideynlər bağça seçərkən, həmçinin,  diqqət etməlidilər ki, həmmin müəssisədə təhlükəsizliklə bağlı təlimat varmı? Sual oluna bilər ki, təhlükəsizliklə bağlı təlimat nədir?  Misal üçün: Yanğından təhlükəsizlik, yanğından ilkin xəbərdarlıq üçün siqnalizasiya sistemi, uşaqların oğurlanması halları ilə bağlı təhlükəsizlik təlimatları olmalıdır.

Eyni zamanda valideynlər ümumi bağçaya girişlə bağlı məsələlərə də diqqət etməlidir, çünki bu da təhlükəsizlik məsələlərinə görə vacibdir. Yəni, birbaşa içəri girirsiniz, yoxsa sizdən kim olduğunuzu soruşurlarmı? Təhlükəsizlik kamerası varmı? Onlayn izləmə varmı? Uşaqların gündəlik qeydiyyatı həyata keçirilirmi? Təhvil-təslim forması həyata keçirilirmi? Əslində bunlar təhlükəsizliklə bağlı təlimatda qeyd olunmalıdır. Valideynlər Təlimatı müəssisədən istəməli və bu bəndlərin olub olmadığına diqqət etməldirlər.Valideyn işdə olanda sürücünü göndərir uşağın dalınca. Bəzi müəssisələr birbaşa valideynlə dəqiqləşdirmədən,etimad sənədləri olmadan uşağı verirlər sürücüyə. Bu halların olmaması üçün əvvəlcədən təlimat olmalıdır və valideynin etimad edəcəyi şəxsin sənədləri və şəkilləri bağçada olmalıdır.

Qidalanma – Valideynlər bağça seçərkən mütləq Qidalanma məsələsinə də xüsusi diqqət ayırmalıdırlar. Qidalanma yay və qış mövsümi olaraq iki yerə bölünür. Uşaqlar qışda orqanizmin istifadə edəcəyi vitaminləri yayda bədənə depolamalıdırlar. Dolayısı ilə yayda siz uşaq menyusunu tərtib edərkən qış üçün hansı vitaminləri qəbul etməli olduğunu nəzərdə tutulur. Qışda menyu tərtib edərkən uşağın yaya doğru keçəcəyi 6 aylıq müddət ərzində istifadə edəcəyi vitaminlər qış menyusuna salınmalıdır. Bu menyunun quruluşuna,ümumi konseptinə diqqət yetirmək lazımdır. Eyni zamanda nəzər yetirmək lazımdır ki; menyular həftəlik yenilənirmi? yoxsa bir menyu hazırlanır, hər həftə eyni menyu tətbiq olunur? Orqanizmin hər ehtiyacına görə qidalar olmalıdır. Meyvə, karbohidratlar, vitaminlər, zülallar bunların menyuda olub-olmadığına  ayrı-ayrı baxmaq lazımdır.

Qidalanmada həmçinin ərzaq məhsullarına diqqət yetirilməlidir. İndi bazar iqtisadiyyatıdır və marketlərdə hər cür ərzaqlar var, amma bu ərzaqların son istifadə tarixlərinə baxılmalıdır. Yəni bağçada onu nəzərə alırlarmı? Dövlət müəssisələrində olmasa da özəl müəssisələrdə valideynlər tələb edib bağçanın mətbəxinə daxil olub, özləri yoxlaya bilərlər. Ərzaqların siyahısını tələb edə bilərlər. Eyni zamanda ərzaqları hansısa şirkətin gətirdiyini yoxsa bağçalar özləri aldıqlarını, haradan aldıqlarını dəqiqləşdirməlidirlər. Qidalanma məsələsində meyvə tərəvəz məsələsinə xüsusi diqqət yetirilmək lazımdır. Yəni təbii məhsullar istifadə edirlərmi? Təbiilik baxımından Quba alması daha yaxşıdır nəinki GMO məhsulları. Qanunla satılan məhsulların hamısının gigiyenik uyğunluq sertifiktı var. Bu sertifikatları bağçarlar qidaları aldıqları yerdən tələb etməlidir, valideynlər də bağçalardan.

Təlim-tərbiyə – Digər faktor təlim-tərbiyyədir. Eyni zamanda uşağın tərbiyyə olunmasında gün rejimi çox önəmlidir. İstənilən insan 21 gün eyni rejimlə təyin edəndə artıq həmin sistem ona təlqin olunur. Uşaq da həmin plana uyğunlaşır. Valideyn bağçadan gün rejimi tələb etməlidir. Gün rejiminə uyğun bağçanın fəaliyyəti təşkil olunurmu? Onu mütləq yoxlamalıdır. Valideyinlər həmçinin tədris proqramını tələb etməlidirlər. Təhsil Nazirliyinin ümumi məktəbəqədər tədris proqramı var. Bağçalarda həmin proqrama əsasən tədris keçirilir. Özəl bağçalar əlavə məşğələlər də qatırlar o proqramlara. Valideyinlər uşağa  bağçada nə öyrədildiyinə baxmalıdır. Məşğələlər də oyun əsaslı olmalıdır. Uşaqların hər biri fərddir. Uşaqlara fərdi yanaşma olmalıdır. Bunlara diqqət etmək lazımdır.

İdarəetmə –  Bağçalarda İdarəetmə metodu da çox önəmlidir. Valideynlərin istək-arzuları nəzərə alınırmı? Valideyn bağçanın idarə edilməsində iştirak edirmi? Valideyn iclasları keçirilirmi? Bunlara diqqət etmək lazımdır. Kadr siyasəti ilə tanış olmaqla bağçanın vəziyyətini müəyyənləşdirmək olar. Bir bağçada işçi incidilirsə, hüquqları pozulursa ordan nəsə gözləməyə dəyməz. Həmin işçi narahatlığını, aqressiyasını uşaqdan çıxacaq. Rəhbərliklə işçilər arasındakı ünsiyyətə, münasibətə diqqət yetirmək lazımdır.

Əgər valideynlər az yaşlı övladları üçün bağça seçərkən bu amillərə diqqət etsələr, o zaman daha faydalı və düzgün bağçanı seçmiş olarlar.