“Ahıllar günündə biz də uşaq olduq”

1990-cı ildən 1 oktyabr dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. “Baby Star” uşaq bağçasının balacaları da nənə və babalarını təbrik etmək üçün tədbir təşkil ediblər. Tədbirdə iştirak edən nənə-babaları uşaqlar şeirləri, nəğmələri, rəqsləri və kiçik səhnəcikləri ilə sevindiriblər.

“Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova tədbirlə bağlı təəssüratlarını Bagcam.az-la bölüşüb:

“Bu bayramı nənə və babalarımızla birlikdə qeyd etmək daha xoş oldu. Tədbiri əsasən, uşaqlara bayram haqqında geniş məlumat vermək, nənə və babalarına sevgi və hörmətlərini ifadə etmək üçün təşkil etdik. Tədbirdə həm uşaqlar öz bilik və bacarıqlarını nümayiş etdirdi, həm də nənə və babalarımız nəvələrinə vaxt ayırmış oldular. Onlarla birlikdə əyləncəli vaxt keçirdilər. Bütün bunlarla yanaşı bu gün bir daha valideyn-bağça əməkdaşlığı təkmilləşdirilmiş oldu”.

Tədbirdə iştirakçıları nəvələri ilə birgə əyləndiklərini, xoş və yadda qalan bir gün keçirdiklərini dedilər:

Fazil Hüseynov:

“Çox gözəl tədbir idi. Bağça tərəfindən də çox gözəl təşkil edilmişdi. Elə bil ki, biz də bu gün onlara qoşulduq. Ahıllar günündə biz də uşaq olduq. Mən çox şadam ki, mənim nəvəm bu bağçada oxuyur”.

Təhminə Hüseynova:

“Mən də bir nənə kimi bağçada hazırlanan bu tədbirə görə bağça rəhbərliyinə, müəllim kollektivinə bizə belə bir diqqət yetirdiyinə görə təşəkkür edirəm”.

Bağçanın balacalarından biri Xalidə də nənə və babalarına öz təbrikini çatdırdı:

“Bu gün oktyabrın 1-dir. Nənələr və babalar günüdür. Mənim çox xoşuma gələn, ən yadda qalan rəqslərimiz oldu. Bu gün münasibətilə nənə və babalarımızı təbrik edirəm”.