“Qışda uşaqların qidalanmasına xüsusi diqqət lazımdır”

kamileUşaq bağçalarında qış  menyusuna keçidlə bağlı öz fikirlərini GSR.fm-lə “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bölüşüb:

“Uşağı bağçaya təhvil verərkən valideyni narahat edən məsələlərdən biri qidalanma olur. Uşaq üçün də uyğunlaşma dövründə bağça menyusunda olan yeməkləri qəbul etmək çətinlik törədir. Çünki bağçada ona duzlu, istiotlu, qızardılmış yeməklər, qamburger və. s verilmir. Uşaq tədricən bağça menyusundakı yeməklərə uyğunlaşır.

Uşağın hər bir yaş dövrü üçün təsdiqlənmiş qidalanma normaları var. O gün ərzində lazım olan miqdarda ərzaqlar qəbul etməlidir. Bağçaya daxil olan hər bir ərzaq üçün sertifikat tələb olunur. Hər bir bağçada yeməyin keyfiyyətinə nəzarət jurnalı olur. Hər gün yeməklər həkim tərəfindən yoxlanılır, sonra uşaqlara verilir. Mətbəxdə hazırlanmış yeməklərdən bir pay sutka ərzində saxlanılır.

Məktəbəqədər müəssisələrdə menyu fəsillərə uyğun olaraq dəyişir. Fəsildən asılı olaraq uşaqların qidalanmasında müəyyən ərzaqları artırmaq lazımdır. Yayda uşaqlara meyvə çox verilirsə, payız və qış aylarında daha çox göyərti və sarımsaqdan istifadə olunur. Qışda uşaqlarda immunitet azalır, viruslar artır, uşaqlar açıq havada az olur və uşaq orqanizmi daha çox kalori sərf edir. Bu dövrdə uşağın qidalanması onun sağlamlığında mühüm rol oynayır. Uşaqlar üçün qida hazırlanarkən  xeyirli olması ilə yanaşı  onun dadı və görünüşünə də  diqqət yetirilməlidir. Məsələn, uşağa kəsmik yemək vacibdirsə, bunu ancaq kəsmik formasında deyil, kəsmikli piroq, vatruşka və.s formalarda vermək olar.

Uşaq lazım olan kalorinin çox hissəsini nahar yeməyində alır. Nahar yeməyində adətən uşaqlara  salatlar, sonra bulyonda hazırlanmış isti şorbalar, ikinci yemək kimi ət (toyuq, balıq, mal) və müxtəlif makaron, dənli bitkilər, sonda içki verilir. İçki kisel, şirə, meyvə, giləmeyvə və quru meyvələrdən hazırlanmış kompot ola bilər. Giləmeyvələr yay aylarından dondurucuda saxlanılır ki, qışda istifadə olunsun. Uşaqlara verilən meyvələr də adətən mövsümə uyğun seçilir.

Qeyd edim ki, uşağın qidalanma prosesində valideynlər də bağça ilə əməkdaşlıq etməlidir. Şənbə və bazar günlərində uşağın qida rasionu pozulmamalıdır”.