Analar bunu mütləq oxusun

unnamed_-sehirli-dayeAnemiya – qanda eritrositlərin və hemoqlobinin azalması ilə gedən  klinik və hematolojik sindromlar qrupuna aid edilir. Orqanizmdə baş verən müxtəlif patoloji proseslər zamanı anemiya aparıcı simptomlarından biri kimi nəzərə çarpır.

Bu barədə “İndigo” Nərimanov bağçasının həkimi Əsədova Firuzə  bildirir ki, anemiya əsasən 3 səbəbdən baş verə bilər: “Qan itirilməsi, eritrositlərin seyrəkləşməsi və parçalanması. Əmələ gəlmə mexanizminə görə anemiyalar bir neçə qrupa bölünür. Onların içərisində ən geniş yayılmış  dəmir defisitli anemiya bütün anemiyaların 80%-ni təşkil edir.

Dəmir defisitli anemiya – orqanizmdə dəmirin çatışmazlığı nəticəsində yaranır. Uşaqların yaşından asılı olaraq hemoqlobinin səviyyəsi:

 

1 — 2 yaş 105 -145
3 — 6 yaş 110 -150
7-12 yaş 115 -150
13 — 15 yaş 115- 155
16 -18 yaş 120 — 160

Dəmir defisitli anemiya – müxtəlif patoloji (fizioloji) proseslərin fonunda inkişaf edən  dəmirin çatışmazlığı nəticəsində hemoqlobinin sintezinin pozulmasını xarakterizə edən hematolojik sindromdur. Dəmir – insan orqanizminin əsas mikroelementlərindən biridir.

Dəmirin sovrulması əsasən, onikibarmaq bağırsaqda və yoğun bağırsaqda baş verir. Adətən, gündəlik qida rasionunun tərkibi 5-20 mg dəmirdən ibarət olur, sutkada isə yalnız 1-2 mg dəmir həzm olunur. Dəmirin orqanizmə sovrulması qida qəbulundan və mədə-bağırsaq traktının vəziyyətindən də asılıdır.

Ət məhsulları qəbulu zamanı dəmirin sovrulması  – 9-22% asanlaşır. Ana südü dəmirin sovrulmasını fəallaşdırır. Ana südündə dəmirin bio çatımlılığı  60%-dir. Uşaq orqanizminin dəmirə olan gündəlik ehtiyacı sutkada 0,5-1,2 mg-dır. Uşaqlarda erkən yaşlardan sürətli böyümə və inkişafla əlaqədar olaraq dəmirə ehtiyac daha da artır. Bu dövrdə  anadan (hamiləlik dövründə) gələn dəmir ehtiyatı sürətlə tükənir: yarımçıq doğulan uşaqlarda 3-cü aya qədər, tam doğulan uşaqlarda 5-6-cı aya qədər. Uşağın düzgün inkişafı üçün körpə vaxtında qida rasionunun tərkibində 1,5 mg, 1-3 yaşlarında isə 10 mg-dan az olmamaq şərtilə dəmir olmalıdır.”

Uşaqlarda dəmir çatışmazlığının tənəffüs yolları və mədə-bağırsaq sistemində yoluxucu xəstəliklərin yaranmasına  səbəb olduğunu vurğulayan həkim dəmir çatışmazlığının yaranma səbəblərindən də danışır:  “Körpələrdə dəmir defisitli anemiyanın əsas səbəbi hamiləlik dövründə anada dəmir çatışmazlığının olmasıdır. İlk növbədə isə ananın qida rassionunda, tərkibində kifayət qədər dəmir olmayan qidaların qəbul etməsidir. Bu halda ən çox körpələr əziyyət çəkir və süni südlə qidalanırlar. Dəmir defisitli anemiyanın digər səbəbi orqanizmin dəmirə olan ehtiyacının həddindən artıq olmasıdır: fizioloji çox olan dəmirin itirilməsi; mədə-bağırsaq xəstəliyi; anadangəlmə dəmir ehtiyatının çatışmazlığı; anadangəlmə bağırsaq anomaliyaları; dəmirin orqanizmə sovrulmasını ləngidən qidaların qəbulu. Uşaqları ilk yaşında dəmir çatışmazlığına gətirib çıxardan səbəblər qidalanmanın balanslaşdırılmaması,  ancaq südlə qidalanma, vegeterianlıq, kifayət qədər ət məhsulları qəbul etməməkdir. Həmçinin bağırsaq disbakteriozu normal həzmə mane olur və beləliklə də, orqanizmin dəmiri sorma qabiliyyəti aşağı düşür. Hər bir halda dəmir defisitli anemiyanın səbəbini öyrənmək son dərəcə əhəmiyyətlidir.”

Firuzə xanım dəmir defisitli anemiyanın əlamətlərindən də söhbət açır: “Anemiya eyni əlamətlərlə özünü göstərir. Ən əsas əlamətlərindən biri dəri və selikli qişaların solğun olması, başgicəllənmə, göz önündə qaraltıdır. Uşağın kaprizləri çoxalır, əzgin olur, arterial təzyiqi aşağı olur, çox tərləyir, iştahası olmur. Yuxusuzluq, qidalanmadan sonra qaytarma, görmə qabiliyyətinin aşağı düşməsi kimi hallar baş verir. Əzələ sistemində dəyişikliklər olur: uşaq fiziki güc tələb edən işləri çox çətinliklə dəf edir, zəifləyir, yorğun olur. Uşağın dərisi quru və cod olur. Anqulyar stomatit (ağzın kənarlarında yara) əmələ gəlir. Mədə-bağırsaq sistemində distrofik və atrofik proseslər gedir. Saçların ucları haçalanır və tökülür. Dırnaqlar sınır. Dişlər çürüyür. Uşaq fiziki və psixi inkişafdan geri qalır.

Xəstəliyin ağırlığından asılı olaraq orqan və sistemlərdə gedən dəyişiklər də özünü göstərir: ürək-damar sistemi – taxikardiya(ürək döyüntüsünün dəqiqədə 180-240 zərbə vurması ilə müşahidə olunur) – ürək xəstəliyi deyil, ürək xəstəliyini simptomu kimi qəbul edilir; sinir sistemi – baş ağrıları, başgicəllənmə, huşun itməsi. Ola bilsin ki, qaraciyər və dalağın ölçüsü də artsın. Mədə-bağırsaq sisteminə baxanda isə qidanı udmaq çətinləşir, köp olur, diareya (ishal) və qəbzlik halları baş verir, iştah dəyişilir – təbaşir, torpaq, kömür yemək istəyi yaranır.

Dəmir çatışmazlığının qarşısını almaq üçün ən mühüm amil balanslaşdırılmış qidalanmadır.

Dəmir sovrulmasının qarşısını atanninlər (çayın tərkibində olur), karbonatlar, oskalat, fosfat və digər turşular alır. Askorbin, limon, kəhrəba və alma turşusu, fruktoza, sistein, sorbital dəmirin sovrulmasını artırır.

Açıq havada gəzmək, yuxu rejiminin qaydaya salınması, əlverişli psixoloji iqlim, fiziki güc tələb edən işlərin azaldılması da əsas amillərdəndir. Uşağın qidalanmasında dəmirin çox olduğu məhsullardan istifadə mühümdür.

Ancaq bu tədbirlər kifayət deyil və dəmir defisitli anemiyanı sağaltmır. Ona görə dəmir prepartlarının qəbulu vacibdir.”

Firuzə xanım bu xəstəliklə bağlı “İndigo” Nərimanov bağçasında yaradılan şəraitdən də məlumat verir: “Biz də öz növbəmizdə bağçamızda düzgün tərtib olunmuş qida menyusu ilə dəmir defisitli anemiyanın qarşısını almağa çalışırıq. Bunun üçün də biz mütəmadi olaraq menyumuza ət və ət məhsulları(dəmirlə zəngin olan malın qaraciyərindən hazırlanan paştet), qarabaşaq yarması, qoyun əti, yumurta və süd məhsullarından hazırlanan yeməklər, vitaminlə zəngin olan tərəvəzlər, müxtəlif meyvələr eyni zamanda sitrus meyvələri ( naringi, feyxua və s.), həmçinin onlardan hazırlanan kompotlar daxil edirik. Bu meyvələr C vitamini ilə zəngindir. C vitamini olmadan dəmir sovrula bilməz. Həftədə bir neçə dəfə menyuya kompotlar daxil edirik.”