Tortlarla xəyali dünyalar yaradan şef

İtaliyan şef Matteo Stucchinin hazırladığı tortlar sadəcə ləzzətli görünməyilə kifayətlənmir, eyni zamanda fantastik miniatür dünyalar yaradaraq tort ləzzətini iki qatına çıxarır. 26 yaşndakı gənc şefin əyləncəli tort dizaynlarındakı kiçik obrazlar bəzən torpaqla, bəzən də tikinti işiylə məşğul olur, bəzən də dənizdə olur.

İnstagramda 200 000-dən çox izləyicisi olan şef Stucchi, hər həftə sonsuz xəyal gücünü və təsiredici tort hazırlama bacarıqlarını nümayiş etdiyi yeni işlərini izləyicilər ilə paylaşır. Stucchinin bəzi işlərini sizinlə bölüşürük:

[maxgallery id=”8524″]

Mənbə: egitimpedia.com

Körpələrin artıq çəkili doğulması nədən xəbər verir?

“Uşaqların artıq çəki ilə dünyaya gəlməsi daha çox irsi ola bilər”.

Bagcam.az-ın Medicina.az-a istinadən xəbərinə görə, bunu pediatr və endokrinoloq, Azərbaycan Tibb Universitetinin əməkdaşı Gündüz Əhmədov deyib.

Onun sözlərinə görə, ata, ana, yaxud yaxın qohumlarda çəki problemi varsa, uşaq da artıq çəki ilə dünyaya gələ bilər. Bundan başqa, hamiləliyin uzun çəkməsi, yəni dölün 42 həftədən çox ana bətnində qalması, şəkərli diabet, hipotireoz xəstəliklərindən əziyyət çəkən anadan doğulan uşaqlar artıq çəki problemi ilə dünyaya gəlir. Eyni zamanda, uşaq genetik patologiya ilə doğulduqda bəzi irsi xəstəliklər də çəki probleminə səbəb ola bilər.

Ginekoloq Rəşad Sultan isə körpələrin artıq çəki ilə dünyaya gəlməsini ananın çox yeməsi və artıq kalori qəbul etməsi ilə əlaqələndirir: “Günümüzün bəlası çox yemək, kalorili yeməklər, şirniyyatlar, qidalanma rejiminin yanlışlığıdır. Bu, artıq zərərli vərdiş hesab olunmalıdır. Günümüzü yemək stolu arxasında yox, təbiətdə gəzməklə, idmanla keçirməliyik. Yemək menyuları hamilələr üçün daha da önəmlidir. Hamilə qadın gündə 5-6 dəfə qidalanmalı, tez-tez, az-az yeməlidir.

Çörək, düyü və xəmir xörəklərindən az istifadə etmək məsləhətdir. Gündə ən azı 3 litr su içmək, tərəvəz, göyərti, ət, toyuq və balıq yeməkləri lazımdır. Hamiləlikdə şəkərli diabet və qalxanabənzər vəzi çatışmazlığı müvafiq analizlərlə araşdırılmalı, varsa, müalicə almalıdır. Hər hamilə qadın dietoloq nəzarətində olmalıdır. Dölün çəkisinin çox olmasının qarşısını alsaq, qeysəriyyə əməliyyatlarının da sayını azalda bilərik”.

Danışa bilməyən uşağın ağlamasının 6 səbəbi

Kiçik yaşlı, hələ danışıb, fikrini çatdıra bilməyən uşaqlar ətrafdakılara fikrini, problemini çatdırmaq üçün təbii olaraq ağlamaqdan istifadə edəcək.

1-2 yaşlı uşaqlar kədərli olanda, darıxanda, tək qalanda, diqqət istəyəndə, acanda, susuyanda, narahat olanda, istidə, soyuqda ağlayırlar.

Uşağın qarnı, başı, dişi, qulağı ağrıyanda da şiddətli ağlayır.

Bagcam.az Medicina.az-a istinadən hələ danışa bilməyən uşaqların ağlamağının 6 səbəbini və bu zaman ananın hansı addımlar atmalı olduğunu təqdim edir.

1.Uşaq ananın diqqətini istəyir

Uşaqlar özlərini anası ilə kontakt, bədən toxunuşu zamanı təhlükəsizlikdə hiss edir. Südəmər körpə tək qalmaqdan qorxur, bu ərəfədə uşağa təhlükəsizlik hissi hava-su kimi lazımdır.

Həm də ananın övladı mimikalar vasitəsilə ünsiyyəti, baxışı, danışması uşağın görmə, eşitmə və nitqinin formalaşması üçün vacibdir. Nə qədər çətin olsa da, uşağı təklikdə ağlamaqla baş-başa qoymayın, 3 yaşından sonra o, bu qədər sizə bağlanmayacaq.

2.Fizioloji tələbatlar

Aclıq, susuzluq, tualetə getmək istəyi, yuxu, isti, soyuq… Amma uşaq daha çox ac olanda bərk ağlayır.

Əgər sovet dövründə pediatrlar körpəni ciddi rejimlə, saatla əmizdirib yedirməyi tövsiyə edirdilərsə, müasir pediatrlar uşağın şəxsi tələbatına görə yedizdirməyi deyir. Uşaq artıq yeməyəcək, doyan kimi çəkilir. Saata əməl etməklə uşaq yedirtmək 40 ildir qabaqcıl ölkələrdə tətbiq olunmur. Çünki bu rejim uşağın normal fizioloji inkişafına mane olur, həzm sistemi üçün zərərlidir.

Əgər uşağa çox istidirsə, o? əl-ayaqlarını kəskin kənara hərəkət etdirir, dərisi, üzü qızarır, dərisində xırda səpkilər yaranır.

3.Bağırsaq kolikləri, sancılar

Daha çox oğlan uşaqlarını ilk 6 ayında çox narahat edir. Koliklər uşağa rahatlanamağa, yatmağa, şən olmağa imkan vermir. Bu yaşda uşaqların fermentativ sistemi hələ inkişaf etmədiyindən, həzm pozuntuları çox olur və bağırsaqlarda qazlar çox yığılır. Bu, çox ağrılıdır.

Uşağın qarnı gərgin olur, ayaqlarını qarnına yığır, sonra qəfil açır, yumruqlarını bükür.
Bu zaman uşağı qarnı üstə qurbağa pozasında qoymaq, qarnını isti ovuclarla dairəvi masaj etmək, köp əleyhinə dərman və ya çay verilir, qaz yaradan qidaları azaldır, süd, alma, armud və s. az verilir.

4.Xəstəlik, ağrı

Bu, ən ciddi səbəbdir. Başqa səbəblərlə qarışdırıldığından, vaxtında həkimə aparılmır.

Əgər uşaq kəskin işığa, səsə ağlayırsa, gözünü yumursa, heç bir köməkdən sonra sakitləşmirsə, yeməklər arasında fasilə olmasına baxmayaraq acmırsa və az yeyirsə, deməli, xəstəlik var. Daha çox infeksion viruslara yoluxurlar. Həmçinin uşaqlarda da kor bağırsaq, yırtıq, xaya və yumurtalıq burulması, bir sıra ağır xəstəliklər zamanı şiddətli ağrı olur

5.Dişlər

Diş çıxarma prosesi 3 ayından başlayıb (bəzilərində tez-gec) 1 yaşına kimi davam edir. Ağrı və hərarətsiz keçmir. Bu narahatlıq uşağı ağladır. Damaqda ilk diş çıxanda daha şiddətli ağlayır.

Əgər diş dibi açıla bilmirsə, diş ətində iltihab varsa, həkimlə məsləhətləşib, uşağa kömək edin. Bunun üçün xüsusi diş halqası apteklərdə satılır.
Bu ağrıları azaltmaq üçün uşağa sərin əmzik, bərk banan və ya xiyar vermək olar. Qabıqlarını soyun.

Belə uşaqları tez-tez vannada ilıq suda çimdirmək də effektivdir.

6.Allergiya

XXI əsrin bəlası olan allergiya qidalar, ekologiya, GMO, genetik dəyişikliklər səbəbindən ildən-ilə artır.
Körpələrdə olan atopik dermatit, həzm pozğunluqları, qaşınma, səpki gecələr uşağın ağlamasına səbəb ola bilər.

Süni qidalar qəbul edən körpələrdə daha çox rast gəlinsə də, ana südü ilə qidalanan körpələrdə ananın allergik qidalar yeməsi səbəbindən südlə allergiyanın keçməsindən baş verir.

Ana qırmızı rəngdə olan meyvələr, istiot, şokolad, portağal, şirniyyat, inək südü, yumurta yeməməlidir.

Uşaq ağlayanda ana nə etməlidir?

  • İlk öncə qucağa götürüb, uşağı sinəyə sıxmaq, qurbağa pozası vermək, bu, ilk səbəbi tapmaq üçündür
  • Ağlamağa davam etsə, acdır, susuzdur, yuxusu var
  • Yedikdən sonra da ağlasa onu narahat edən kənar təsirləri tapmaq, ya geyimi boşaltmaq, ya soyuqdursa, əlavə geyindirmək, dişi, qarnı, qulağı və s. diqqət yetirmək
  • Əgər ana uşağı sakitləşdirərkən, nevrostik vəziyyətdə olarsa, uşaq əksinə sakitləşməyəcək
  • Əgər heç bir şey kömək etmirsə, həkimə göstərin.

Uşaq, küçədə rastlaşdığı yad insanlarla necə davranmalıdır?

Uşaq bilməlidir ki, yad insan, onun tanımadığı istənilən insandır. Uşağın bu insanlarla rastlaşdığı zaman bilməli və etməli olduğu addımlar var. Onların bir neçəsini  bu yazıda qeyd edirik.

Uşağın etməməli olduğu addımlar:

  • Əgər uşağın valideynləri yanında deyilsə, küçədə yad insanla tanış olmaq;
  • Tanımadığı insana şəxsi məlumatları vermək (telefon, ünvan və s.);
  • Potensial təhlükəli yerlərdə gəzmək;
  • Valideyn və yaxın insanlar olmadan evdən uzaqlaşmaq;
  • Yad insanla bağçanı və ya məktəbi tərk etmək – Yad insan uşağa deyə bilər ki, bu, onun valideynlərinin xahişidir. Amma ana və ata bu haqda bağça və ya məktəbi məlumatlandırmayıbsa, yad insana inanmaq olmaz. Bu halda həmişə valideynlərlə əlaqə saxlamaq və dəqiqləşdirmək lazımdır;
  • Yad insanın maşınına minmək;
  • Tanış olmayan insandan hədiyyə qəbul etmək və onunla harasa getməyə razılıq vermək;
  • Qaranlığa qədər küçədə qalmaq.

Standart olmayan vəziyyətlərdə uşaq özünü necə aparmalıdır:

  • Əgər səndən yolu göstərməyi soruşurlarsa, sadəcə istiqaməti göstər.
  • Səndən bala pişiyə baxmağı, yeni oyun oynamağı və ya pul müqabilində əşyaları harasa aparmağı təklif edirlərsə – “Yox” de.
  • Filmə və ya verilişə çəkilməyi, yarışmada iştirak etməyi səndən xahiş edirlərsə, dərhal razılaşma. Ondan soruş ki, valideynlərinlə birgə həmin studiyaya necə gedə bilərsən, əlaqə nömrəsini al.
  • Çirkab yerlərdən, tikinti sahələrindən, zirzəmilərin olduğu yerlərdən uzaq gəzməyə çalış. Kömək istəyə bilmədiyin yerlərə getmə.
  • Əgər evə gec saatlarda gəlirsənsə, çalış avtobus dayanacaqlarının olduğu, yaxşı işıqlandırılmış tərəflərlə hərəkət edəsən.
  • Yolunun üstündə sərxoş, səs-küylü, şübhəli insanlar varsa, yolunu dəyişmək daha yaxşı olar.
  • Mobil telefon həmişə yanında olsun ki, valideynlərin, yaxınlarınla həmişə əlaqədə olasan.

Mənbə: ya-roditel.ru

 

Uşaqlı ailə pişik saxlayarsa nələrə diqqət etməlidir?

Əgər siz pişik sevmirsinizsə, övladınız üçün onu almağa dəyməz. Çünki valideynlərdən ən azından biri gərək, məsuliyyəti üzərinə götürərərək heyvanın qayğısına qalmalıdır. Bu yükü siz uşağa yükləməməlisiniz. Uşaq yeni “oyuncağ”ına çox tez öyrəşə bilər. Əks halda isə digər fəaliyyətlərə marağı yaranan uşaq bir müddətdən sonra yeni dostunu, onu yemləməyi, qayğısına qalmağı unudacaq. Həmçinin heç bir halda valideynlərin icazəsi olmadan tanışlarınızın uşaqlarına hədiyyə olaraq pişik bağışlamayın.

Uşaqlar bəzən məlumatsız olduqlarından pişiklə necə düzgün davranmaq lazım olduğunu bilmirlər. Məsələn, pişiyi davamlı olaraq sığallamaq, əldə tutub sıxmaq olmaz. Uşaqlara izah etmək lazımdır ki, özlərinə rəva görmədikləri davranışı balaca dostlarına tətbiq etməsinlər. Xüsusilə, ailələrində kobud, qəddar münasibət görən uşaqlar heyvanlara qarşı pis rəftar göstərməklə seçilirlər.

3-6 yaşlı uşaqların əlinə pişiyi verməzdən əvvəl uşaq pişiyi yerə salmasın deyə oturtmaq lazımdır. Əks halda, əldə çırpınan pişik uşağı cırmaqlaya, dişləyə bilər.

Hələ gəzməyə başlamamış uşaqlarla pişiklər arasında bəzi narahatlıqlar yarana bilər. Buna görə də uşaq pişiklə oynayan zaman yanında həmişə böyüklərdən kimsə olmalıdır, çünki uşaq pişiyin quyruğunu darta, tüklərini yola və ya təsadüfən pişiyin üstünə çıxa bilər. Bu halda isə pişiyin reaksiyası hücumla nəticələnər.

Bundan əlavə, pişik bəzi xəstəliklərin (heyvandan insana keçə bilən) daşıyıcısı ola bilər ki, bunun da ilk zərərçəkənləri uşaqlar olur, çünki onların, əllərini, müxtəlif əşyaları ağızlarına götürmək vərdişləri var.

Pişik və uşağın bir-birlərinin yeməyinə müdaxilə etmək ehtimalını aradan qaldırmaq lazımdır. Pişiklə oynayandan sonra uşaq mütləq əllərini yumalı, yuma prosesinə qədər heç bir halda əlini ağzına aparmamalıdır. Körpənizin qumla oynadığı meydançanı həmişə bağlı saxlamalısınız ki, pişik ora daxil olmasın. Əks halda pişik həmin ərazini tualet kimi istifadə edə bilər. Xüsusən uşağın olduğu, oynadığı yerlərdə pişik nəcisi görsəniz, onu dərhal təmizləməlisiniz.

Mənbə: deti.by

 

Uşağa necə “yox” deməli?

“Uşağa sevgisiz yemək vermək olar, lakin tərbiyə sevgi və insani münasibətlə qurulmayıbsa, onunla müstəqil insan yetişdirmək mümkün deyil”.

Donald Vuds Vinnikot

Bir çox anaları uşağa qadağan etmək mövzusu narahat edir. Hər bir ana uşağın ətraf aləmi tanımaq istəyi ilə onun təhlükəsizliyi üçün edilən qadağa arasında qızıl ortanı tapmağa, balansı qorumağa cəhd göstərir. Bu mövzunu məşhur Britaniya pediatrı və psixoanalitik D.V.Vinnikot “Valideynlərlə söhbət” kitabında ətraflı şəkildə açıqlamışdır. O, qeyd edir ki, bu məsələdə uşağın yaşını nəzərə almaq lazımdır. Belə ki, 11 aylıq uşağa sözlə izah etmək o qədər də mümkün deyil. Lakin 2 yaşında uşağa isə izah etmək olduqca asandır. Danışmaqla “yox” sözünün nəticəsini görmək mümkündür. Ümumilikdə, 3 mərhələ qeyd olunur: Birinci mərhələyə daxil olan uşaqlara 24 saat ərzində tamamilə valideynlər məsuliyyət daşıyırlar. İkinci mərhələdə “yox, olmaz” sözünü işlətmək olar. Bu dövrdə uşaqlar sizin dediyinizi anlayır və o, valideynlərin ona nəyi icazə verib-vermədiyini ayırd edə bilir.

Ümumiyyətlə, uşağa hər şeyi “pis və yaxşı”ya aid etmək yox, ona təhlükəli olub-olmadığını və sizin onu qorumaq istədiyinizi bildirmək daha doğrudur. Valideynlərin “olmaz”ları real həyata uyğun gəlməli, əsl təhlükəyə əsaslanmalıdır. Əgər uşaq isti bir şeyə toxunubsa, ona sadəcə “isti” demək kifayətdir. Bu zaman onda “isti” sözü ilə ona ağrı verən bir şey arasında assosasiya yaranır.

Bəzən təhlükəli vəziyyətlər ağrı ilə müşayiət olunmur. Belə vəziyyətlərdə sadəcə ciddi tələbkarlıqla “olmaz” deyin. Üçüncü mərhələdə uşağınız artıq sizi başa düşür və siz ona “olmaz” və onun səbəbini izah edə bilərsiniz. “Yox” sözünü “mən dedim deməli “yox” şəklində qətiyyən demək olmaz. Uşağın bu qadağaların səbəbini bilməsi vacibdir. Bütün analar uşağa hər şeyi izah edə bildikləri mərhələnin gəlməsi ilə rahat olurlar. Çünki o, artıq sizi eşidəcək və əməl edəcəkdir.

Mənbə: analar.az

Uşaq evə başqalarının əşyalarını gətirirsə, nə etməli?

Əgər uşaq, başqa birinin oyuncağını bağçadan evə gətiribsə, narahat olmağa və övladınıza “oğurçu” donu geyindirməyə tələsməyin. Adətən, uşaqlar qəddar və pis olduqları üçün oğurluq etmirlər. Bunun səbəbini ailə münasibətlərində axtarmaq lazımdır. Bu səbəbləri budəfəki yazıda aydınlaşdırmağa və həll yollarını göstərməyə çalışacağıq.

5 yaşlı uşağın yad əşyaları evinə gətirməsi normal qarşılanmalıdır. Bu yaşda olan uşaqlar öz davranışlarını və istəklərini idarə etmək qabiliyyətində olmurlar. Onların iradəsi hələ formalaşmayıb. Lakin bu, o demək deyil ki, belə hala dırnaqarası yanaşmaq lazımdır. Bu cür davranışın səbəbini araşdırmaq lazımdır ki, uşağa kömək edə biləsiz.

Uşağın oğurluq etməsinin bir neçə səbəbi ola bilər:

  1. Davranış modeli ailədən gəlir. Oğurluğun yolverilməz olduğu haqqında danışmaq, “mənim-özgənin” anlayışlarının uşaqda formalaşması üçün valideynlər bunu öz həyatlarında tətbiq etməlidirlər.
  2. Uşağın şəxsi əşyaları yoxdursa. Tez-tez baş verən hadisələrdən biri odur ki, məsələn, əşyalar uşağa məxsus olsa da, ana onun otağına gəlib otaqda səliqə-səhman yaratmağa çalışır. Burda uşaq onu anlayır ki, deməli, burda olan hər şey valideynin nəzarəti altındadır yaxud da bu əşyalar ümumidir və həm də qardaşıma, bacıma məxsusdur. Belə halda “mənim-özgənin” anlayışı ortadan qalxır. Uşağın şəxsi əşyalarının olması mütləqdir ki, onlarla istədiyini edə bilsin: tullasın, hədiyyə versin, təmizləsin və s. Evdə uşağın əşyaları ilə, evin digər üzvlərinin əşyaları ayrı-ayrı yerlərdə olmalıdır.
  3. Özünütəsdiq. Bəzən olur ki, valideynlər övladlarını başqaları ilə müqayisə edir, danlayır və uşağın zəif tərəflərini davamlı özünə təkrarlayırlar. Bu halda da uşaq özünütəsdiq üçün başqalarının oyuncağını evə gətirir.
  4. Diqqətin kompensasiyası. Bəzən iş həyatı ilə başları qarışıq olan valideynlər övladlarına sevgi və qayğını oyuncaqlar hədiyyə edərək təlafi etməyə çalışırlar. Belə davranışla onlar günahdan özlərini azad etdiklərini düşünürlər. Uşaq onsuz da özünə qarşı valideynlərindən az diqqət görür. Uşağı əşyalara “bağlamaq” düzgün addım deyil. Yoxsa, bir tərəfdən onun yad əşyalara marağı yaranacaq, digər tərəfdən isə düşünəcək ki, “oğurluq etsəm, o zaman valideynlərimin diqqətini özümə cəlb edə bilərəm”.

Beləliklə, uşağın oğurluq etməməsi üçün səbəblər yaratmamalısınız. Əlbəttə ki, bəzən individual səbəblərdən də uşaq nəsə oğurlaya bilir. Bu, artıq psixoterapiyada aşkar olunur.

Əgər belə hal artıq baş veribsə, uşaqla təkbətək söhbət etmək lazımdır. Yaxşı olar ki, bu söhbəti evdə – başqa insanların, digər ailə üzvlərinin olmadığı yerdə edəsiniz. Söhbət əsnasında belə bu halın ailə üçün yolverilməz olduğunu uşağa bildirin. Həm uşaq, həm də valideyn bu söhbəti aparan zaman sakit olmalıdırlar.

Xüsusilə, bağça yaşında olan uşaqdan “bunu niyə etmisən” sualını soruşmaq olmaz. Bu yaşda olan uşaqlar “niyə” sualına cavab verə bilmirlər.

Qısa suallar vermək və uşağın keçirtdiyi hisslərlə maraqlanmaq lazımdır: Sən nə etmisən, bunu hansı uşaqdan götürmüsən? və s.

Uşağa izah etmək lazımdır ki, götürdüyü əşyanı sahibinə qaytarmaq və ondan üzr istəmək lazımdır. Əşyanın sahibinə qaytarılması prosesində çalışmaq lazımdır ki, övladınız və oyuncağın sahibi təklikdə olsunlar. Təcrübə göstərir ki, uşaq başqa insanların yanında kimdənsə üzr istəyəndə bu zaman o, özünü alçaldılmış kimi hiss edir və bu, müsbət nəticə vermir. Çünki bundan sonra uşaq oğurluq etsə də, düşünəcək ki, üzr istəmək, oğurluqdan da pis və ağrılı prosesdir.

Əgər sizin ailənizdə belə bir epizod yaşanıb və bitibsə, bunu dəfələrə uşaqla danışmaq, onun yadına salmaq lazım deyil, çünki əgər siz onunla dolğun söhbət etmisinizsə, uşaq özü üçün nəticə çıxarıb.

Oğurluq təkrarlanırsa, bu zaman psixoloqa müraciət etmək lazımdır, çünki bunun yuxarıda sadalananlardan daha dərin səbəbləri ola bilər. Adətən valideynlər psixoloqa müraciət etməkdən çəkinirlər. Bunun səbəbi odur ki, onlara ünvanlanan tənqidləri eşitməkdən qorxurlar, çünki uşaqda olan hansısa natamamlıqda özlərini günahkar hesab edirlər. Lakin unutmamalıyıq ki, yaxşı psixoloqlar məqsədyönlü işləyərək, valideyni danlamaq əvəzinə kömək etməyə çalışırlar.

Ruhdan düşməyə dəyməz. Uşağın tərbiyəsi sizdən asılıdır. Hərəkətə keçmək lazımdır.

Mənbə: mel.fm

 

Uşaq əşyaları bilə-bilə sındırırsa, nə etməli?

Bəzən olur ki, uşaq meydançasında uşaq əşyaları qırır, tullayır, qumdan hazırlanan qalaları dağıdır. Belə halda digər uşaqların valideynləri bu vəziyyətdən narazı olurlar və tələb edirlər ki, bu cür uşaqlar bir də bu meydançaya gəlməsinlər. Bu vəziyyətdə 4 yaşlı uşağa səhv etdiyini necə izah etmək olar?

  1. Uşaq kiməsə zərər verməyənə qədər mübahisəyə qarışmayın. O, gərək məsələni həll etməyi öyrənsin.
  2. Uşağı nədəsə günahlandırmaqdan, danlamaqdansa, onun nə hiss etdiyini soruşun. “Səni nə belə qəzəbləndirdi?”, “Bax sən başqa qız/oğlanın hazırladığı əl işini dağıtdın, səni nəsə narahat etdi?” və s. Bu kimi sualları verməklə nə baş verdiyini öyrənə bilərsiniz. Elə ola bilər ki, uşaq bunu sizə izah edəcək, ancaq bəzən də bunun səbəbini bilməyə bilər. Əgər o, sizə nəyisə izah etsə, ona dəstək olun: “Səni başa düşürəm, bu, məni də narahat etdi. Gəl fikirləşək görək, nəyi dəyişə bilərik?” İstənilən halda daxildə yaranan aqressiv enerjini müxtəlif yaradıcı üsullarla zərərsizləşdirə bilərsiniz: çubuqla yeri döyəcləmək, ayaqları yerə vurmaq və s. Əsas odur ki, ətraf aləm ziyan görməsin.
  3. Heç bir halda uşağı başqalarının yanında danlamaq, onu utandırmaq və təhqir etmək olmaz. Əks halda o, özünə qapanan olacaq və özünü anlaşılmaz və köməksiz hiss edəcək, məsələnin həllini isə tapmayacaq. Əgər o, kiməsə və ya nəyəsə zərər verirsə, bu halda heç bir qiymətləndirmə etmədən onu dayandırmalı və deməlisiz: “İstəmirəm ki, sən kimisə və nəyisə incidəsən, oyuncağı sındırasan. Nə səni belə qəzəbləndirib?” Əgər övladınız başqasının oyuncağını sındırıbsa, onunla birlikdə oyuncaq mağazasına gedib sınan əşyanın əvəzinə başqa birini ala və onu həmin oyuncağı sındırılmış uşağa hədiyyə edə bilərsiniz. Uşağın bunu özünün etməsi çox vacibdir. Belə təcrübəni yaşayan uşaq öyrənir ki, əgər kiminsə oyuncağını sındırıramsa, bu ziyanın əvəzini verməliyəm ki, sonra oyuna yenidən davam edə bilim.

Övladınıza həmişə dəstək olun. Onun bu dəstəyə çox ehtiyacı var. Çünki, uşaq özünü köməksiz, tək hiss edir. Beləliklə siz taktikanızı dəyişdirsəniz, uşaq da dəyişə bilər.

Mənbə: mel.fm

Uşaqlar üçün cizgi filmi seçimi

Hər bir uşaq onu əhatə edən mühitin təsirinə məruz qalır. Bu cəhətdən cizgi filmlərinin təsiri inkar edilməzdir. Ancaq bu cizgi filmləri həmişə uşağa müsbət təsir edir? Bütün uşaqlar nağıllar və cizgi filmlərini çox sevirlər. Çünki onlar oradakı məlumatları obrazlar şəklində xəyalında canlandırır və bununla bir dünya qururlar. Bu xəyallar vasitəsilə xeyir və şər, ana və ata, cəmiyyətdə davranış kimi anlayışlar formalaşır. Bu isə onun həyatının bütün sahələrinə təsir edir.

Son zamanlar cizgi filmlərində baş qəhrəmanların kobud hərəkətlərini, hörmətsizlik, fiziki zorakılıq, pis vərdişlər, özbaşına davranış, səliqəsizlik kimi pis xüsusiyyətlərə çox rast gəlirik. Bu hərəkətlər nəinki sözlərdə, həm də jestlərdə də müşahidə olunur. Xarici cizgi filmlərində tez-tez müşahidə olunur ki, baş qəhrəman digər qəhrəmanı döyərək ondan həzz alır, bu hərəkətdən məmnun olub gülür. Bu hərəkətlərin hamısı həmin cizgi filminə baxan uşaq tərəfindən mənimsənilir.

Cizgi filmi seçimində nəyə diqqət etməli? İlk növbədə uşağın yaşı nəzərə alınmalıdır. Bir yaşa qədər uşaqlara ümumiyyətlə cizgi filmlərinə baxmaq məsləhət görülmür. Sonra 3 yaşa qədər uşaqlara 5-7 dəqiqədən artıq olmamaqla baxmağa icazə vermək olar. Uşağın fərdi inkişafını nəzərə alaraq 4-6 yaş arası bu vaxt 20 dəqiqəyə qədər artırıla bilər. Bu vaxtı səhər və axşam olmaqla iki hissəyə bölə bilərsiniz.

İkinci diqqət edəcəyimiz məqam cizgi filminin hansı yaş üçün nəzərdə tutulmasıdır. Bu məsələdə bir çox məqamlar var. Məsələ burasındadır ki, uşaqlara baxmağa icazə verdiyimiz cizgi filmlərinin bir çoxu heç uşaqlar üçün nəzərdə tutulmur. Seçdiyiniz cizgi filminin öyrədici, maarifləndirici, xoş niyyətli baş qəhrəmanı olmalı, uşaqlara əsas anlayış və dəyərləri öyrətməli, dünyaya xoş niyyətli münasibət formalaşdırmalıdır. Cizgi filminin keyfiyyətinə diqqət edin. Yaxşı olar ki, qəhrəmanlar real həyatda mövcud olan qəhrəmanlar olsun. Çalışın rənglər çox parlaq və göz yorucu olmasın.

Uşağın İnternetdən sərbəst şəkildə cizgi filmlərinə baxmasına icazə verməyin. Bu, uşaq üçün çox təhlükəlidir. Internetdəki nəzarətsiz informasiya axınının uşağa təsirini nəzərə alın. Cizgi filmlərinə övladınızla birlikdə baxın. (təəssüf bu həmişə alınmır) Oradakı qəhrəmanların hərəkətlərini və hadisələrin gedişini onunla müzakirə edin. Bununla cizgi filmi övladınıza daha maraqlı və faydalı olacaq.

Uşaq üçün yataq dəsti necə seçilməlidir?

Uşağın fiziki və emosional inkişafının vacib şərtlərindən biri rahat yataqda şirin yuxudur. Sizə elə gələ bilər ki, uşağı sevindirən rəngbərəng yataq örtükləri seçməyə nə var ki? Ancaq məlum olur ki, bu, belə deyil. Hər uşaq fərddir və özünəməxsus xüsusiyyətləri vardır; kimi isə özünü böyük kimi hiss etmək istəyir, digəri isə sakitçilik istəyir, başqa birisi özünü nağıl qəhrəmanı kimi görür. Hər bir halda uşaq yatağı fərdi seçilməlidir.

İlk növbədə yataq örtüklərinin hazırlandığı parça vacib şərtdir. Bütün valideynlər öz övladlarını təhlükəsiz əşyalarla əhatə etmək istəyir. Həyatının ilk bir ili ərzində uşaq yataqda çox vaxt keçirir. Bununla onun incə dərisi yatağa bilavastə toxunur. Bəzən olur ki, uşaq yatarkən tərləyir. Uşaq dərisinin bu vəziyyətdə keyfiyyətsiz bir parça ilə təması düzgün deyil. Ümumiyyətlə hava buraxmayan parçaları körpənin yatarkən tərləməsinə səbəb olur. Ona görə də yataq heç bir mənfi təsirə malik olmalı deyil. Öz təbiiliyinə və gigiyenikliyinə görə uşaq yatağının hazırlanmasında pambıq parçalara üstünlük verilir. Bez, sətin, çit, flanel (seyrək xovlu və ya xovsuz iplik və ya yun parça). Onlar uşaq rahatlığını təmin etmək üçün bütün xüsusiyyətlərə malikdirlər: yumşaq, təbii, gigyenikdirlər, suyu yaxşı hopdurur və isti saxlayırlar. Unutmayın ki, körpə uşaqların yataq örtükləri tez-tez yuyulur. Ona görə də onlar möhkəm və dözümlü olmalıdır.

Dözümlü məhz ona görə ki, uşaq yataq dəsti çox tez-tez yuyulmalı olur. Bu halda sətin parça seçilməsi düzgün olar. O, bezdən möhkəm və yumşaqdır. Ancaq sətin bir qədər bahadır. Onun yerinə rahatlıqla bez istifadə etmək olar. Bundan başqa satışda superkoton adlı parça da var ki, o da dözümlü və incədir. Bundan başqa yataq üçün döşək və balıncın da nədən hazırlanması vacib məsələsir. Sintetik materiallı döşəklər təbii materialdan olan döşəklərdən heç nədə geri qalmır. Bir də uşaq nə qədər azyaşlıdırsa, döşək o qədər sərt olmalıdır.

Vaxtaşırı uşaq döşəyini çevirin və qurudun, bunu etmək vacibdir. Çünki bu zaman döşəkdə daha az toz toplanır və lazımi qədər hava keçməsini təmin edir. Yuyulması prosesondə isə çalışın ki, sintetik yuyucu tozdan istifadə etməyəsiz. Bu cür yuyucu tozlar parçadan pis yaxalanıb axır. Bu isə allergiyaya səbəb ola bilər. Çalışın həmişə uşaq yuyucu tozlarından istifadə edəsiniz. Parça seçimindən başqa yataq örtüklərinin dizaynı da vacib şərtdir. Uşağı əhatə edən ətraf mühitin rəngləri onun inkişafında mühüm rol oynayır. Əgər sizin övladınız tez həyacanlanandırsa, ona parlaq və aqressiv tonlarda olan yataq ortüyü seçməyin. Bura qırmızı və parlaq sarı rənglər aiddir. Yaxşı olar ki, onu qıcıqlandırmayan sakit rənglərə üstünlük verəsiniz. Əgər uşaq çox sakitdirsə, onun fantaziyaziyasını inkişaf etdirmək üçün parlaq və qırmızı rənglərə üstünlük verin. Yatağı yuyarkən rəng buraxıb-buraxmamasını müşahidə edin.

Ümumiyyətlə yataq seçərkən həm yatağın tikiş yerlərinə diqqət edin. Bir qədər böyük uşaqlara isə sevimli qəhrəmanın şəkli olan yataq örtüyü seçmək olar. Bu halda o özünü daha müdafiə olunmuş hiss edəcəkdir. Bütün deyilənləri ümumiləşdirsək, uşaq yatağının seçimində yatağın materialı, dözümlülüyü və dizaynı vacib amillərdir.

Mənbə: analar.az