Uşaq üçün yataq dəsti necə seçilməlidir?

Uşağın fiziki və emosional inkişafının vacib şərtlərindən biri rahat yataqda şirin yuxudur. Sizə elə gələ bilər ki, uşağı sevindirən rəngbərəng yataq örtükləri seçməyə nə var ki? Ancaq məlum olur ki, bu, belə deyil. Hər uşaq fərddir və özünəməxsus xüsusiyyətləri vardır; kimi isə özünü böyük kimi hiss etmək istəyir, digəri isə sakitçilik istəyir, başqa birisi özünü nağıl qəhrəmanı kimi görür. Hər bir halda uşaq yatağı fərdi seçilməlidir.

İlk növbədə yataq örtüklərinin hazırlandığı parça vacib şərtdir. Bütün valideynlər öz övladlarını təhlükəsiz əşyalarla əhatə etmək istəyir. Həyatının ilk bir ili ərzində uşaq yataqda çox vaxt keçirir. Bununla onun incə dərisi yatağa bilavastə toxunur. Bəzən olur ki, uşaq yatarkən tərləyir. Uşaq dərisinin bu vəziyyətdə keyfiyyətsiz bir parça ilə təması düzgün deyil. Ümumiyyətlə hava buraxmayan parçaları körpənin yatarkən tərləməsinə səbəb olur. Ona görə də yataq heç bir mənfi təsirə malik olmalı deyil. Öz təbiiliyinə və gigiyenikliyinə görə uşaq yatağının hazırlanmasında pambıq parçalara üstünlük verilir. Bez, sətin, çit, flanel (seyrək xovlu və ya xovsuz iplik və ya yun parça). Onlar uşaq rahatlığını təmin etmək üçün bütün xüsusiyyətlərə malikdirlər: yumşaq, təbii, gigyenikdirlər, suyu yaxşı hopdurur və isti saxlayırlar. Unutmayın ki, körpə uşaqların yataq örtükləri tez-tez yuyulur. Ona görə də onlar möhkəm və dözümlü olmalıdır.

Dözümlü məhz ona görə ki, uşaq yataq dəsti çox tez-tez yuyulmalı olur. Bu halda sətin parça seçilməsi düzgün olar. O, bezdən möhkəm və yumşaqdır. Ancaq sətin bir qədər bahadır. Onun yerinə rahatlıqla bez istifadə etmək olar. Bundan başqa satışda superkoton adlı parça da var ki, o da dözümlü və incədir. Bundan başqa yataq üçün döşək və balıncın da nədən hazırlanması vacib məsələsir. Sintetik materiallı döşəklər təbii materialdan olan döşəklərdən heç nədə geri qalmır. Bir də uşaq nə qədər azyaşlıdırsa, döşək o qədər sərt olmalıdır.

Vaxtaşırı uşaq döşəyini çevirin və qurudun, bunu etmək vacibdir. Çünki bu zaman döşəkdə daha az toz toplanır və lazımi qədər hava keçməsini təmin edir. Yuyulması prosesondə isə çalışın ki, sintetik yuyucu tozdan istifadə etməyəsiz. Bu cür yuyucu tozlar parçadan pis yaxalanıb axır. Bu isə allergiyaya səbəb ola bilər. Çalışın həmişə uşaq yuyucu tozlarından istifadə edəsiniz. Parça seçimindən başqa yataq örtüklərinin dizaynı da vacib şərtdir. Uşağı əhatə edən ətraf mühitin rəngləri onun inkişafında mühüm rol oynayır. Əgər sizin övladınız tez həyacanlanandırsa, ona parlaq və aqressiv tonlarda olan yataq ortüyü seçməyin. Bura qırmızı və parlaq sarı rənglər aiddir. Yaxşı olar ki, onu qıcıqlandırmayan sakit rənglərə üstünlük verəsiniz. Əgər uşaq çox sakitdirsə, onun fantaziyaziyasını inkişaf etdirmək üçün parlaq və qırmızı rənglərə üstünlük verin. Yatağı yuyarkən rəng buraxıb-buraxmamasını müşahidə edin.

Ümumiyyətlə yataq seçərkən həm yatağın tikiş yerlərinə diqqət edin. Bir qədər böyük uşaqlara isə sevimli qəhrəmanın şəkli olan yataq örtüyü seçmək olar. Bu halda o özünü daha müdafiə olunmuş hiss edəcəkdir. Bütün deyilənləri ümumiləşdirsək, uşaq yatağının seçimində yatağın materialı, dözümlülüyü və dizaynı vacib amillərdir.

Mənbə: analar.az