Hər bir uşaq onu əhatə edən mühitin təsirinə məruz qalır. Bu cəhətdən cizgi filmlərinin təsiri inkar edilməzdir. Ancaq bu cizgi filmləri həmişə uşağa müsbət təsir edir? Bütün uşaqlar nağıllar və cizgi filmlərini çox sevirlər. Çünki onlar oradakı məlumatları obrazlar şəklində xəyalında canlandırır və bununla bir dünya qururlar. Bu xəyallar vasitəsilə xeyir və şər, ana və ata, cəmiyyətdə davranış kimi anlayışlar formalaşır. Bu isə onun həyatının bütün sahələrinə təsir edir.
Son zamanlar cizgi filmlərində baş qəhrəmanların kobud hərəkətlərini, hörmətsizlik, fiziki zorakılıq, pis vərdişlər, özbaşına davranış, səliqəsizlik kimi pis xüsusiyyətlərə çox rast gəlirik. Bu hərəkətlər nəinki sözlərdə, həm də jestlərdə də müşahidə olunur. Xarici cizgi filmlərində tez-tez müşahidə olunur ki, baş qəhrəman digər qəhrəmanı döyərək ondan həzz alır, bu hərəkətdən məmnun olub gülür. Bu hərəkətlərin hamısı həmin cizgi filminə baxan uşaq tərəfindən mənimsənilir.
Cizgi filmi seçimində nəyə diqqət etməli? İlk növbədə uşağın yaşı nəzərə alınmalıdır. Bir yaşa qədər uşaqlara ümumiyyətlə cizgi filmlərinə baxmaq məsləhət görülmür. Sonra 3 yaşa qədər uşaqlara 5-7 dəqiqədən artıq olmamaqla baxmağa icazə vermək olar. Uşağın fərdi inkişafını nəzərə alaraq 4-6 yaş arası bu vaxt 20 dəqiqəyə qədər artırıla bilər. Bu vaxtı səhər və axşam olmaqla iki hissəyə bölə bilərsiniz.
İkinci diqqət edəcəyimiz məqam cizgi filminin hansı yaş üçün nəzərdə tutulmasıdır. Bu məsələdə bir çox məqamlar var. Məsələ burasındadır ki, uşaqlara baxmağa icazə verdiyimiz cizgi filmlərinin bir çoxu heç uşaqlar üçün nəzərdə tutulmur. Seçdiyiniz cizgi filminin öyrədici, maarifləndirici, xoş niyyətli baş qəhrəmanı olmalı, uşaqlara əsas anlayış və dəyərləri öyrətməli, dünyaya xoş niyyətli münasibət formalaşdırmalıdır. Cizgi filminin keyfiyyətinə diqqət edin. Yaxşı olar ki, qəhrəmanlar real həyatda mövcud olan qəhrəmanlar olsun. Çalışın rənglər çox parlaq və göz yorucu olmasın.
Uşağın İnternetdən sərbəst şəkildə cizgi filmlərinə baxmasına icazə verməyin. Bu, uşaq üçün çox təhlükəlidir. Internetdəki nəzarətsiz informasiya axınının uşağa təsirini nəzərə alın. Cizgi filmlərinə övladınızla birlikdə baxın. (təəssüf bu həmişə alınmır) Oradakı qəhrəmanların hərəkətlərini və hadisələrin gedişini onunla müzakirə edin. Bununla cizgi filmi övladınıza daha maraqlı və faydalı olacaq.