Uşaqlı ailə pişik saxlayarsa nələrə diqqət etməlidir?

Əgər siz pişik sevmirsinizsə, övladınız üçün onu almağa dəyməz. Çünki valideynlərdən ən azından biri gərək, məsuliyyəti üzərinə götürərərək heyvanın qayğısına qalmalıdır. Bu yükü siz uşağa yükləməməlisiniz. Uşaq yeni “oyuncağ”ına çox tez öyrəşə bilər. Əks halda isə digər fəaliyyətlərə marağı yaranan uşaq bir müddətdən sonra yeni dostunu, onu yemləməyi, qayğısına qalmağı unudacaq. Həmçinin heç bir halda valideynlərin icazəsi olmadan tanışlarınızın uşaqlarına hədiyyə olaraq pişik bağışlamayın.

Uşaqlar bəzən məlumatsız olduqlarından pişiklə necə düzgün davranmaq lazım olduğunu bilmirlər. Məsələn, pişiyi davamlı olaraq sığallamaq, əldə tutub sıxmaq olmaz. Uşaqlara izah etmək lazımdır ki, özlərinə rəva görmədikləri davranışı balaca dostlarına tətbiq etməsinlər. Xüsusilə, ailələrində kobud, qəddar münasibət görən uşaqlar heyvanlara qarşı pis rəftar göstərməklə seçilirlər.

3-6 yaşlı uşaqların əlinə pişiyi verməzdən əvvəl uşaq pişiyi yerə salmasın deyə oturtmaq lazımdır. Əks halda, əldə çırpınan pişik uşağı cırmaqlaya, dişləyə bilər.

Hələ gəzməyə başlamamış uşaqlarla pişiklər arasında bəzi narahatlıqlar yarana bilər. Buna görə də uşaq pişiklə oynayan zaman yanında həmişə böyüklərdən kimsə olmalıdır, çünki uşaq pişiyin quyruğunu darta, tüklərini yola və ya təsadüfən pişiyin üstünə çıxa bilər. Bu halda isə pişiyin reaksiyası hücumla nəticələnər.

Bundan əlavə, pişik bəzi xəstəliklərin (heyvandan insana keçə bilən) daşıyıcısı ola bilər ki, bunun da ilk zərərçəkənləri uşaqlar olur, çünki onların, əllərini, müxtəlif əşyaları ağızlarına götürmək vərdişləri var.

Pişik və uşağın bir-birlərinin yeməyinə müdaxilə etmək ehtimalını aradan qaldırmaq lazımdır. Pişiklə oynayandan sonra uşaq mütləq əllərini yumalı, yuma prosesinə qədər heç bir halda əlini ağzına aparmamalıdır. Körpənizin qumla oynadığı meydançanı həmişə bağlı saxlamalısınız ki, pişik ora daxil olmasın. Əks halda pişik həmin ərazini tualet kimi istifadə edə bilər. Xüsusən uşağın olduğu, oynadığı yerlərdə pişik nəcisi görsəniz, onu dərhal təmizləməlisiniz.

Mənbə: deti.by