Uşağa yemək yedirərkən diqqətli olun

usaq_yemekQida borusuna yad cisim, qida və ya su düşən zaman böyüklər də boğula bilirlər. Qida borusuna yad cism düşdükdə reflekslər hərəkətə keçir və öskürərək yad cismi xaric etməyə çalışır.

Bu, çox çətin bir prosesdir və əziyyətli olur. Uşaqlar bu işi yerinə yetirə bilmədiklərinə görə, onlarda hadisə faciə ilə sona yetir. Bu zaman uşaqların köməyinə böyüklər çatmalıdırlar. Uşaqlarda boğulma baş verdikdə aşağıdakı əlamətlər meydana çıxır:

* uşaqlar ağlaya bilmirlər, nəfəsalma çətinləşir
* uşaqlar qışqırırlar, amma, səsləri çıxmır
* uşaqların gözləri bərəlir, onların gözlərində qorxu hissi olur
* uşaqların ağzı açılır və şirə ifraz olunur
* dəri qızarır, sonra göyərir
* uşaq əllərini boğazlarına doğru uzadırlar
* bəzən uşaqların huşu itir

Bu vəziyyətdə nə etmək lazımdır?

1. Uşağın əllərini yuxarı qaldırmaq lazımdır. Bu zaman onların nəfəs boruları genişlənir.
2. Uşağı üzü aşağı şəkildə yerə uzadıb, kürək nahiyəsindən 5 dəfə təzyiq edərək basmaq lazımdır.
3. Uşağın qida borusuna xırda əşya və ya qida düşübsə, o zaman onun ayaqlarından tutub sallamaq və dilinin kökünü barmaqla basmaq lazımdır.

Uşağın nəfəs borusunu rahatlaşdırmaq üçün nə etməli?

1. Uşağı bir əllə arxadan qucaqlayıb, digər əllə onun mədə nahiyəsini sıxmaq lazımdır.
2. Uşağı üzü aşağı şəkildə saxlamaq və kürək nahiyəsindən vurmaq lzımdır.
3. Nəfəs borusuna ağır əşya, konfet və s. düşübsə, o zaman uşağın ayağından tutub başı aşağı tutmaq və silkələmək lazımdır.

Əgər nəfəs borusuna yad cism düşən uşağı bir yaşı bitibsə, o zaman valideyin uşağa daha diqqətlə yanaşmalıdır. Çünki ananın təşvişini uşaq hiss edəcək, daha da həyəcanlanacaq.

Mənbə: immunitet.az

Bağçalararası II Teatr Festivalı keçiriləcək

May ayının 30-da Rus Dram teatrında məktəbəqədər təhsil müəssisələri arasında II Teatr Festivalı keçirələcək. Budəfəki festivalda balacalar Antuan de Sant Ekzüperinin “Balaca Şahzadə” əsəri əsasında qurulmuş tamaşanı səhnələşdirəcək.  Tamaşanın quruluşçu rejissoru Rafiz Mehdizadə və Əli Əlizadədir.

Rafiz Mehdizadə Bagcam.az-a tamaşa haqqında müsahibə verib. O bildirib ki, tamaşada 128 bağça yaşlı uşaq iştirak edəcək:

“Tamaşada üç əsas obraz var. Bunlardan biri “Balaca Şahzadə”ni canlandıran Müslüm adında uşaqdır. Onun beş yaşı var. Bir saat 20 dəqiqə səhnədə olacaq və heç bir sözü yadından çıxartmır, özünü səhnədə böyük aktyorlar kimi aparır. İkinci obrazımız “Tülkü”nü canlandıran Dəniz adlı balacamızdır ki, o da “Balaca şahzadə”yə dostluğun nə olduğunu izah edir. Üçüncü əsas obraz isə “Qızılgül”ü oynayan Damladır. O isə lovğalığı izah edir. Tamaşanın məşqləri üç aydır davam edir, son bir ayda Əli Əlizadə ilə birgə davamlı məşqlərə start vermişik”.

“Bu festival sayca üçüncü böyük işimizdir” deyən rejissor builki festivalın daha böyük səhnədə nümayiş olunacağını bildirib:

“2014-cü ildə həyata keçirdiyimiz “Karnaval” festivalında doqquz nağılı bir “qatara” birləşdirmişdik. O vaxt hər bağça istədiyi nağılı səhnələşdirmişdi və bu, nisbətən rahat idi. İndi isə hamı bir tamaşa üçün bir araya toplanıb və daha yaxşı olması üçün çalışırlar. Məşqlərdən də gördüyüm qədərilə uşaqlar bunu bacırırlar”.

Qeyd edək ki, festivalda Education Menecment Network-ə daxil olan “Sehrli dayə”, “İndigo”, “Peter Pan”, “Baby Star” bağçalarının uşaqları iştirak edəcək.

[maxgallery id=”5524″]

Şahmat üzrə bağçalararası yarış keçirilib

May ayının 25-də “İndigo” uşaq bağçasında şahmat üzrə bağçalararası yarış keçirilib.

“Education Management Network”un (EMN) təşkilatçılığı ilə baş tutan yarışda “Baby Star” “İndigo” Əhmədli və “İndigo” Nərimanov uşaq bağçalarının balacaları mübarizə aparıb.

Ümumilikdə 58 uşağın iştirakı ilə keçirilən yarış haqqında Bagcam.az-a EMN-in şahmat üzrə məşqçi-müəllimi Pərviz Həsənov məlumat verib:

“Yarış iki mərhələdən ibarət idi. İlk mərhələ uşaq bağçalarının özlərində olub. Keçirilən yarışlardan ikinci  mərhələyə ən güclü uşaqlar seçilib. Qızlar 4 və 6 yaş, oğlanlar isə 5 və 6 yaş kateqoriyasında kubok, medallar uğrunda mübarizə aparıblar. I yerin sahibi qızıl, II yerin sahibi gümüş, III yerin sahibi isə bürünc medallarla təltif edilib”.

İlk mərhələdən uğurla keçən uşaqlar bu dəfə yarımfinal və final mərhələsi üçün yarışıblar. Finala 12  uşaq vəsiqə qazanıb.

Belə ki, 5 yaş kateqoriyasında III yeri “Baby Star” uşaq bağçasından Ağalar Quluzadə,  II yeri uşaq bağçasından Rəvan Əkbərli, I yeri “İndigo” uşaq bağçasından Rəcəb Əsədli qazanıb.

6 yaş kateqoriyasında isə qaliblər belə sıralanıb: III yer uşaq bağçasından Teymur Hacıyev, II yer “Baby Star” uşaq bağçasından Amal Əsədov, I yer “Baby Star” uşaq bağçasından Əsgər Nemətli.

Qızlar arasında keçirilən yarışlarda da gərgin mübarizə gedib.

Belə ki, uşaq bağçasından Nailə Məlikova III, Nigar Mövlanlı II, Dəniz Əkbərli isə I yerdə qərarlaşıb.

Yarışda, həmçinin komandalar da medal və kuboklarla təltif edilib. Medalların sayına görə  uşaq bağçası I, “Baby Star” uşaq bağçası II, “İndigo” uşaq bağçası isə III yerə layiq görülüb.

Sonda isə bütün iştirakçılara xatirə diplomları təqdim edilib.

Yarışdan fotoları təqdim edirik:

[maxgallery id=”5484″]

“Seçim zamanı iştirakçının təcrübəsinə xüsusi diqqət yetirilməlidir”

Hər valideyn övladının özünü xoşbəxt və sağlam hiss edəcəyi bağçaya getməsini arzulayır. Bunun üçün isə bağçanın savadlı və uşaqlarla işləməyi bacaran peşəkar kollektivinin olması əsas şərtlərdəndir.

Bəs bağçalara işçi heyəti necə seçilməlidir? Bu haqda Bagcam.az saytına “Education Management Network”-un İnsan Resursları üzrə meneceri Sevda Babanlı müsahibə verib. O, bildirib ki, işçi heyəti seçilərkən ilk növbədə həmin şəxsin bu sahədə aldığı təhsillə yanaşı, təcrübəsinə də xüsusi diqqət yetirilməlidir.

“Bağça elə bir müəssisədir ki, burada işçilər birbaşa uşaqlarla işləyirlər və onların təcrübəli olmağı çox önəmlidir. Müəllimin savadı ilə maksimum gülərüz və mehriban olmağı eyni dərəcədə olmalıdır”.

“Education Management Network”-ə daxil olan bağçalara işçi seçimlərində birbaşa iştirak edən Sevda xanım, seçimin üç mərhələdən ibarət olduğunu vurğulayıb:

“Birinci, görüşümüz olur. Orada biz insanın ixtisasının uyğun olmağına fikir veririk, psixoloji durumunu qiymətləndiririk. İkinci seçimdə isə bizim bağçanın psixoloqu iştirak edir və iştirakçıların psixoloji testini keçiririk. Üçüncü – sonda isə iştirakçılara açıq dərslər verilir”.

Bütün mərhələlərdən uğurla keçən iştirakçılar sonda şəbəkəyə daxil olan bağçalardan birində işləmək haqqı qazanır.

“İşçi heyətinin inkişafı çox önəmlidir” deyən menecer, bunun üçün “Education Management Network”-un bir sıra layihələr həyata keçirdiyini qeyd edib:

“Hazırda davam edən  “Master Tərbiyəçi Proqram”ıdır. Hansı ki, bu, 3 aylıq kursdur və burada tərbiyəçiyə lazım olan bütün  praktik və əyani biliklər verilir. Yeni layihəmiz var – “Master Pre school”. Bu isə gələcəkdə menecer işləmək istəyənlər üçün kursdur”. 

Həmçinin “İndigo” Nərimanov uşaq bağçasının meneceri vəzifəsində çalışan Sevda Babanlı  öz işçilərinin inkişafı üçün davamlı olaraq kiçik layihələr həyata keçirdiklərini bildirir:

“Bağça olaraq biz bir neçə dənə kitab almışıq.  İşçilər o kitabı oxuyur. İki işçi bir kitabı oxuduqdan sonra onu digər işçilərə təqdimatını edir. Bununla yanaşı uşaqlarla düzgün ünsiyyət, davranış qurmaqla bağlı təlimlər və seminarlar keçirilir”.

Qeyd edək ki, “Education Management Network”-ə daxil olan “Peter Pan”, “İndigo”, “Baby Star” uşaq bağçalarının menecerləri də işçi heyətlərinin təkmilləşməsi üçün təlimlər təşkil edir.

Əmziyin körpələrə faydaları və ziyanları

emzikKörpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər olur. Əmmə refleksi uşaq anadan olandan 1 yaşın sonuna qədər davam edir. Uşaqlar həmin vaxt psixoloji olaraq oral mərhələdə olduqlarına görə əmmə refleksini açıq-aydın görmək mümkündür. Xüsusən də 6-cı ayına qədər körpələrdə əmmə refleksi çox aktiv olur. Hətta körpənin yanağına, dodaqlarının kənarlarına toxunduqda o gülümsəyir, yaxud dodaqlarını tərpədir.

Uşağın təbii və güclü olan bu əmmək arzusunu ilk növbədə ana döşü təmin edir. Ancaq südü olmayan, işləyən, balasını vaxtlı-vaxtında əmizdirə bilməyən, yaxud dayə, nənə yanında qalan uşaqlar əmmək üçün başqa vasitələr axtarmağa başlayırlar. Barmağını, əlini, ayağını, paltarlarını əmirlər. Bu halda anaların köməyinə əmzik çatır. Əmziklər uşaqları sakitləşdirir, yuxuya getməsinə kömək edir. Ancaq bu faydasından daha çox ziyanlı tərəfləri var əmziyin. Bagcam.az Ailem.az-a istinadən  uşaqlara əmzik verilməsinin faydalı və ziyanlı tərəflərinə, necə tərgitmək lazım olduğuna dair mütəxəssis fikirlərini təqdim edir.

Pediatr Günay Rəsulova açıqlamasında əmzikdən istifadənin faydalı və zərərli tərəflərindən bəhs edib. O deyib ki, yeni doğulan uşaqlara əmziyin verilməsi ana südündən imtina etmək kimi təhlükəli vəziyyət yarada bilər. Bu, həm yalançı əmzik, həm də şüşələrdə olan süni qida istifadəsinə meylilik yaratmamış olur. Ona görə də körpələrə əmzik verilməsi yox, tez-tez ananın döşünə tutması məsləhətdir.

G. Rəsulova əmziyi ilk növbədə gigiyenik baxımdan məsləhət görmür. Əmzik vərdişi gələcəkdə uşaqların nitq və danışıq problemlərinin yaranmasına da gətirib çıxara bilər: “Uşaq əmzikdən asılı kimi vəziyyətlə üz-üzə qalır. Əmzik istər-istəməz uşağın ağzından yerə və başqa yerlərə düşür, götürüb yenidən ağıza qoyduqda gigiyenik təhlükə yaradır. Uşaq yeriyən zaman ağzından əmzik düşəndə isə artıq özü götürüb yenidən əmir. Bu zaman da o, çox sayda mikroba yoluxa bilər. Əmzikdən istifadə uşaqlarda çənə aparatının inkişafına da mənfi təsir edir. Çənədə müxtəlif deformasiyalar əmələ gəlir”.

Pediatr əmziyin faydalı tərəfinə də toxunub. Bir çox əsəbi və narahat uşaqlarda qısa müddətə sakitləşmək üçün əmzik istifadə edilə bilər. Bundan başqa, bəzən yarımçıq doğulmuş körpələrdə əmmə vərdişinin formalaşması üçün əmzik köməyə çatır. Lakin bu müddəti uzatmaq məsləhət deyil: “Əmzikdən uzun zaman istifadə etdikdə uşağın ətrafla ünsiyyəti azalmış olur. Belə olan hallarda nitq qabiliyyəti də zəifləyir. Əgər uşaq əmzik əmirsə, yeriməyə başlayana qədər bu vərdişi tərgitmək lazımdır. Əmziyi tərgitmək üçün ilk növbədə onu evdən itirməlisiniz. Uşaq əmziyi axtarıb tapa bilməsin. Uzaq başı ağlaya bilər, sonra isə unudacaq. Əgər valideyn bu vərdişi tərgitdirə bilməsə, psixoloq köməyinə ehtiyac var. Bəzən əmziyi tərgitmək üçün analar müxtəlif üsullara əl atırlar. Məsələn, əmziyin üstünə istiot tökürlər. Bu, kobud şəkildə uşağın psixologiyasına təsir göstərir. Bu cür kəskin üsullardan istifadə etmək olmaz. Amma əmziyin ucunu kəsmək işə yaraya bilər. Əmziyin ucunu kəsdikdə uşaq o zövqü almayacaq və əmzikdən yayınacaq”.

Psixoloq Aydan Talıbova da yeni anadan olan uşağın sorma tələbatının formalaşması üçün əmziyin yararlı olduğunu deyir. Lakin bu, heç də o demək deyil ki, körpə hər ağladıqda, harasısa ağrıdıqda, narahat olduqda ona əmzik verilməlidir. Çünki bu zaman artıq problemlər ortaya çıxa bilər: “Uşaq doğulduqda damağı qövsvari olur. O, rahat və normal şəkildə əmziyi sora bilir. Amma yaş artdıqca damaq artıq kümbəzvari olmur. Nitq  formalaşsın deyə damaq da formasını dəyişir. Nitqin formalaşdığı dövrdə, dişlər çıxandan sonra əmzik yavaş-yavaş tərgidilməlidir. Əks halda uşağın dişləri qabağa gələ, damaq problemi yaşana, nitq və səs qüsurları yarana bilər. Nəticədə uşağın fikrini heç kəs anlaya bilməz”.

Uzunmüddətli əmzik istifadəsi uşağın psixologiyasında da mənfi təsirlər yarada bilər. Bunlardan biri də asılılıqdır. Məlumdur ki, valideynlər çox zaman uşağı yatırtmaq üçün əmziyin köməyinə ehtiyac duyurlar. Bu mövzuda da mütəxəssisin fikri birmənalı deyil: “Əgər uşaq ağlayırsa və həmin vaxt ona əmzik verilirsə, artıq uşaqda bağlılıq yaranır. Məsələn, çox rastlaşmışıq, uşaqlar hansısa əşyaya bağlanırlar. Bunlardan biri də əmzik ola bilər. Hər hansı narahatlıq durumlarında, uşaq gərgin olanda, bir yeri ağrıyanda və ya valideyn öz rahatlığı üçün uşaq ağlamasın deyə “əmziyi verim, rahat olum” demək olmaz, bu, qəti qadağandır. Uşaq günün əksər saatında, uzun müddət əmzik əmməməlidir. Çox zaman əmzik verərək uşağı yatızdırılar və yatandan sonra əmziyi onun ağzından çıxarılar. Bu da doğru deyil. Çünki uşaq yatır, əmziyi onun ağzından çıxardıqda istər-istəməz o, diksinə, oyana, yuxulu ola bilər. Əmziyi dartıb çıxaranda uşağa travma yaşatmış olursunuz. Mütləq şəkildə uşaq əmzik əmməlidir və ya qəti əmməməlidir deyə bir qayda yoxdur. Sadəcə olaraq əgər körpəyə əmzik verilmirsə, mütləq ana südü verilməlidir”.

Mütəxəssis deyir ki, bir yaşdan sonra əmzikli qablardan istifadə uşağın artikulyasiyasına zədə yetirir. Ona görə də bir yaşı olduqdan sonra əmzikdən qəti şəkildə imtina etmək lazımdır: “Bir yaşından, yəni dişi çıxdıqdan sonra uşağa əzmə yeməklər veririk. Sonra yavaş-yavaş, getdikcə möhkəm yeməklərə keçirik. Möhkəm yeməklərə keçdikdə də əmzikdə verdiyiniz suyu və ya başqa mayeni hər hansı bir qabda, nəlbəkidə, stəkanda verə bilərsiniz, yeməyi çəngəllə, qaşıqla yeyə bilər. Amma artıq əmzikli qablara üstünlük vermək məsləhət deyil. Hansısa püreni və ya mayeni əmzikli qabda verib uşağın artikulyasiyasını zədə yetirmək olmaz. İmkan vermək lazımdır ki, uşaqda çeynəmə qabiliyyəti formalaşsın. Ona görə də artıq diş çıxandan sonra əmziyi yavaş-yavaş tərgitmək lazımdır. Onu başqa şeylərlə əvəz etmək olar. Məsələn, uşağın dişi çıxanda rezin oyuncaqlarla başını qatmaq olar. Çünki çənə aparatı formalaşan vaxtı uşaq əmzik əmirsə, çənə aparatı düzgün formalaşmır. Nəticədə uşaqda nitq qüsurları ortaya çıxır”.

Mütəxəssis əmziyin tərgidilməsi məsələsinə də toxunub. O, bu baxımdan valideynləri diqqətli olmağa çağırır: “Bir yaşına qədər onsuz da uşağın təfəkkürü qırıq olur. Ona hansısa bir vərdişi unutdurmaq çox asandır. Uşaq əmziyin arxasınca maksimum iki dəqiqə ağlaya bilər. Amma təbii ki, əmziyi ondan alıb oturub gözləməyin ki, ağlayıb sakitləşəcək. Sadəcə olaraq uşağın diqqətini başqa istiqamətə yönləndirin. Hansısa bir oyuncaqla onun fikrini dağıda bilərsiniz ki, əmziyi unutsun. Əmziyi tərgitmək üçün ana südü də verilə bilər. Əmziyi uşağa tam şəkildə göstərməyin. Üç yaşında uşağa hansısa əşyanı göstərib, sonra onu gizlətdikdə onun yadında qalır və onu axtarır. Amma bir yaşında uşağın yadında qalmır”.

 

“Məktəbli Klubu” uşaqlar üçün yay düşərgəsi təşkil edir

leman-huseynli“Məktəbli Klubu” 5-11 yaş arası uşaqların tətili səmərəli keçirməsi üçün “Məktəbli Yay Düşərgəsi” təşkil edir. “Əylənirik, Öyrənirik,  Dincəlirik” şüarını əsas tutan düşərgə Mərdəkan qəsəbəsində yerləşir.

Düşərgə haqqında Bagcam.az-a “Məktəbli Klubu”nun rəhbəri Ləman Hüseynli müsahibə verib. O, bildirib ki, düşərgədə uşaqlar həm istirahət edəcək, həm də müəllimlərinin onlara öyrədəcəyi bilik və bacarıqlara yiyələnəcəklər:

“Düşərgəmiz 3 ay – iyun, iyul, avqust ayları ərzində, həftədə 5 gün,  səhər saat 09:00-dan axşam saat 18:00-a qədər fəaliyyət göstərəcək. Hər səhər uşaqlar nəqliyyat xidmətimiz vasitəsilə düşərgəyə gətiriləcək, axşam isə ailələrinə təhvil veriləcək. Yay düşərgəsi xüsusi təhlükəsizlik xidməti tərəfindən mühafizə olunacaq və düşərgədə xüsusi tibbi personal fəaliyyət göstərəcək. Uşaqların xüsusi yemək və yuxu rejimi olacaq”.

Düşərgədə uşaqların faydalı vaxt keçirməsi üçün bir neçə əlavə xidmət də göstəriləcək:

“Uşaqların bacarıqlarını inkişaf etdirmək üçün düşərgədə rəqs, gimnastika, teatr, art studio, kapoeyra, üzgüçülük dərsləri təşkil ediləcək. Bunlardan əlavə isə conversation klub, master klass festival, müsabiqə, əyləncəli yarışlar, zəka oyunları da keçiriləcək. Bütün kollektiv olaraq maksimum dərəcədə uşaqlara bildiklərimizi və bacardıqlarımızı aşılamağa çalışacağıq”.

Artıq düşərgəyə uşaq qəbulunun başladığını bildirən Leyla xanım uşaqların düşərgə müddətində rahat vaxt keçirə bilmələri üçün onları müxtəlif kateqoriyalar üzrə qruplara bölünəcəklərini deyib:

“Uşaqların yaş standartlarını nəzərə alaraq qruplar müəyyənləşdirmişik, həmçinin qruplar  Azərbaycan və rus bölmələri üzrə də bölünəcək. Hər qrup üçün isə ayrıca proqramlar təşkil ediləcək. Qrupdan və bölgüdən asılı olmayaraq uşaqlar hər səhər düşərgənin adını daşıyan himn oxuyacaq, səhər yeməklərini yeyəcək və gündəlik ayrılmış proqramları keçəcəklər. Günorta yeməyini yedikdən sonra, musiqi dinləyərək və ya düşərgənin həyətində əyləncəli oyunlar oynayaraq dincələcəklər”.

Düşərgənin uşaqlara ümumi komanda ruhu və yeni dostlar qazandıracağını söyləyən klub rəhbəri, onların hər yay bu düşərgəyə qoşulacaqlarına əmin olduğunu söyləyib.

Əziz valideynlər, əgər siz də övladınızın yay tətilini təhlükəsiz və rahat mühitdə əylənərək, həm də öyrənərək keçirməsini istəyirsinizsə, “Məktəbli Yay Düşərgəsi”nə  müraciət  edə bilərsiniz.

Əlaqə nömrəsi: (+994) 70 264 50 12

 

Övladınız mükafat almadıqda…

mukafatMəzuniyyət və mükafat təqdimetmə mərasiminin yaxınlaşdığı bir vaxtda, uşağınız  mükafat əldə etmədikdə necə  reaksiya verəcəyinizi düşünməyiniz  yaxşı olar.

Ən balaca uşağım məktəbdə çox xoşbəxt bir il keçirmişdi. Məktəbi o qədər çox sevirdi ki, həftə sonlarında və tətillərdə məktəbə gedə bilmədiyi üçün ağlayırdı. Yuxu kimi bir il idi, ta ki müxtəlif mövzularda mükafatların verildiyi məktəbin son gününə qədər. Oğlum heç bir mükafat ala bilməmişdi, amma ən yaxşı yoldaşı qazanmışdı.

Oğlum mükafat ala bilmədiyi üçün çox kədərləndi. Əvvəl xəyal qırıqlığı yaşadı, sonra yoldaşının o mükafata layiq olmadığını söylədi, sonra müəllimlərinin haqsızlıq etdiyinə qərar verdi. Qorxunc bir il keçirdiyini, sonda isə  məktəbinin bərbad bir yer olduğu qərarına gəldi.

Gülməlidir, amma səhərisi  gün, müəllim işlədiyim  məktəbin məzuniyyət mərasimində mən bir uşağa mükafat verdim. Mükafatı alan şagirdi bir neçə həftə düşünüb seçmişdim.  Ancaq mükafatı ala bilməyən başqa bir şagirdim həqiqətən böyük bir xəyal qırıqlığı yaşadı və həm o, həm də ailəsi nə qədər kədərli olduqlarını mənə hiss etdirmək üçün əllərindən gələni etdilər.

Bu iki təcrübə mənə xəyal qırıqlığıyla başa çıxmağın çox əhəmiyyətli və xoşbəxt həyat üçün çox lazımlı olduğunu göstərdi. Buna görə, valideynlər bu mövzuda model olmalı və uşaqlarına xəyal qırıqlığıyla başa çıxmağı öyrətməlidirlər .

İllər ərzində həm mükafat verdiyim, həm də mükafat ala bilməyən şagirdlərimin daha sonra yanlarında olduğum üçün, bu müddətdə işə yaradığını düşündüyüm bir neçə şey öyrəndim. Bunlar həm valideynlər, həm də şagirdlər üçün keçərlidir.

Məqsədlərinizi sorğulayın. Təəssüf ki bir çox şagird və valideynlər, edilən şeyləri başqalarının verdiyi nişanlarla qiymətləndirir. Etdiyimiz şeylərdən sırf öz dəyərlərinə görə zövq almağa çalışmalıyıq. Bunun yerinə, ümumiyyətlə ən yaxşısı olmağa və bunu sübut etməyə çalışırıq. Mükafat və tərifnamə yığan şagirdlər gördüm. Qazandıqları müvəffəqiyyətdən zövq almırlar, amma təqdir görmədikləri zaman böyük çöküntü yaşayırdılar. Özünüzə bəzi təməl suallar verin: Bu mükafat, həqiqətən, bu qədər əhəmiyyətlidir mi? Yoxsa yalnız ən yaxşısı olmaq və ətrafdan təqdir görmək üçün duyulan bir istəkdir bu? Uşağınız qırıldığı üçün mi kədərlənir, yoxsa başqası qazandığı üçün mü?

Gələcəyi nəzərə alın. Nobel və ya Pulitzeri saymasaq, əksər mükafatların insan həyatında uzunmüddətli təsiri  yoxdur. Mükafatların alındıqdan sonra “rəf ömürlər”i var, sonra isə öz əhəmiyyətlərini itirirlər. Neçə yetişkin şəxs uşaqlıqda aldığı mükafatın onun  həyatını dəyişdirdiyini deyə bilər?

Duyğularımızın bizə seçimlər təqdim etdiyini qəbul edin. Oğlum hirslənərkən ona duyğularımızın canlılara bənzədiyini, hansını bəsləyərsək onun böyüdüyünü izah etmişdim. Oğlum bir seçimi  olduğunu anladı: Öz məyusluğuna fokuslana ya da yoldaşı adına xoşbəxt ola bilərdi. O da yoldaşı adına xoşbəxt olmağı seçdi və pis duyğuları tez silindi.

Başqa insanların uğuruna sevinməyi öyrənin. Xəyal qırıqlığı əslində insana başqa insanın müvəffəqiyyətinə sevinmə fürsəti verir. Bu asan deyil, zamanla öyrənilir, amma bir başqasının yaxşılığına sevinmək emosional baxımdan yetkinliyin bir hissəsidir.

Əlaqələrə və gözəl xatirələrə fokuslanın. Oğlum, yoldaşı üçün xoşbəxt olmağı seçərək xəyal qırıqlığıyla başa çıxmağı bacardı. Bu doğru bir seçimdi, çünki yoldaşlıqları, mükafatla əlaqədar xatirələrindən çox daha uzun müddət davam etdi. Oğlum ən məhsuldar duyğusal yatırımı etmişdi əslində. Digər tərəfdən, mükafat ala bilməyən şagirdimlə əlaqədar xatirəm illər sonra belə hələ də məni incidir. Bu mükafat məsələsindən əvvəl şagirdim və ailəsiylə yaxın bir əlaqəmiz vardı. Belə pis sonlanması çox acıydı. Şagirdimin mükafatdan əvvəlki illərinin yaxşı xatirələrlə dolu olması əsl faciəni təşkil edir. Bütün o inkişaf, təcrübə və uğurlar bir anlıq xəyal qırıqlığıyla heçə sayıldı.

Övladınız mükafat almasa bir anlıq dayanın. Gerçək xəyal qırıqlığını hiss edin, sonra uşağınızı və lazımdırsa özünüzü yenidən yönləndirin. Tək bir xəyal qırıqlığının bütün yaxşı xatirələri silməsini ya da əlaqələri zədələməsinə icazə verməyin. Bunu edərək uşağınızın, özü üçün ən qiymətli şey nədirsə, ona fokuslanmasını, emosional yetkinlik qazanmasını (özünüzün də) təmin etmiş olarsınız.

Mənbə: egitimpedia.com

 

“Bağçam Valideynlik Forumu”nda ailələr görüşdü

May ayının 14-ü “Məktəbli Düşərgə”sində “Bağçam Valideynlik Forumu”nun beşinci mövsümü keçirilib. “Education Management Network” və “Edu.Co”nun təşkilatçılığı ilə keçirilən tədbir bu dəfə “Ailə günü”nə həsr edilib.

50-yə yaxın ailənin iştirakı ilə baş tutan tədbirdə valideynlər və uşaqlar üçün əyləncəli proqram tərtib olunub. Belə ki, atalar üçün “playstation time”, analar üçün “mini karaoke”, balacalar üçün isə “face art”, “kukla teatrı”, “art studio” təşkil edilib.

“Məktəbli Klubu”nun rəhbər  Ləman Hüseynli Bagcam.az-a müsahibəsində tədbirin keçirilmə məqsədinin valideynləri bir araya toplamaq, onların övladları ilə birlikdə xoş anlar keçirməsinə şərait yaratmaq olduğunu söyləyib:

“Ailələr övladlarıyla bir yerdə olmaqla öz övladlarının həyatında bir iz qoyurlar. Övladlar bir müddət sonra ailələrinin dəyərini anlayırlar. Övladın həyatında ata-ananın rolu böyükdür. Ona görə də onları bir yerə toplamışıq ki, övladlarının həyatında bir iz qoysunlar”.

Tədbirdə həmçinin, müxtəlif yarışlar, müsabiqələr keçirilib. Bu yarışlarda valideynlərin iştirakı isə tədbiri daha da maraqlı edib.

“İndigo” Nərimanov uşaq bağçasına gedən Fərhad və Fuadın anası Gülnaz Məmmədzadə ilk dəfədir belə tədbirə qatıldığını və çox bəyəndiyini deyib:

“Çox xoşuma gəldi. İstərdim təmiz havada belə tədbirlər tez-tez keçirilsin. Həm uşaqlar bir-biriləri ilə ünsiyyət qursunlar, həm valideynlər bir-birilərini tanısınlar”.

“İndigo” Nərimanov uşaq bağçasında təhsil alan Zeynəbin atası Asif Qəhrəmanov isə bu kimi tədbirlərin valideynlər üçün faydalı olduğunu söyləyib:

“Ətrafda sevincək qaçan uşaqları görəndə doğrudan da çox sevinirik. Yəni belə gözəl təşkilatçılıq var. Mənə elə gəlir ki, belə tədbirlər keçirilsə, əla olar.  Həm valideynlər bir-biriylə tanış olar, həm əylənər, həm də valideynlər öz aralarında uşağın tərbiyəsində və digər şeylərdə təcrübə mübadiləsi apara bilərlər”.

“İndigo” uşaq bağçasının balacası İncinin anası Nəzakət İsmayılova isə bugünkü tədbirin uşaqların inkişafında əvəzsiz rolu olduğunu bildirib:

“Belə tədbirlərin uşaqlar üçün daha çox şey öyrənməsinin müstəsna rolları var. Belə açıq havada oyunlar keçirilir məsələn, bu, onları daha çox bir-birinə bağlayır”.

Tədbirin sonunda yarışlarda ən çox iştirak etmiş valideynlərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Education Management Network” və “Edu.Co” mütəmədi olaraq valideynlərin iştirakı ilə müxtəlif forumlar və tədbirlər təşkil edir.

Körpənin saçı ilk dəfə necə kəsilməlidir?

sacKörpələrinin saçlarının kəsilməsi məsələsində təcrübəsi olmayan valideynlər saçları nə vaxt kəsmə lazım olduğunu bilmirlər. Mütəxəssislər körpələrin saçlarının kəsilməsi üçün təqribən 2 yaşında olmasını ən düzgün vaxt hesab edirlər.

Bagcam.az Ailem.az-a istinadən körpələrin saçlarının ilk dəfə necə kəsilməsi ilə bağlı məlumatı təqdim edir.

1. Körpənin saçlarının kəsilməsinə prioritet kimi diqqət edilməlidir. Məsələn, uşaqların özlərini xoşbəxt hiss etdikləri vaxtları müəyyən etmək lazımdır.

2. Körpənizin özlərini yad hiss etmədiyi bir yerdə saçlarının kəsilməsi, bərbərin işini asanlaşdıracaq.

3. Körpənizin saçlarını kəsdirmədən əvvəl saçların düzümünə, necəliyinə və uzunluğunun nə qədər olacağına qərar verin.

4. Körpənizin saçını kəsdirəndə istifadə etdiyiniz qayçı peşəkar olmalıdır.

5. Qeyri-peşəkar qayçılar saçların kəsilməsi vaxtı saçı çəkə bilər və bununla da körpənizə əziyyət verə bilər.

6. Kiçik hissələr üslubunda saçları kəsdirin.

7. Saç kəsdirəndə uşağınız hövsələsizlik etsə, fasilə verin. Körpənizin saçlarını pis kəsdirməkdənsə, qısa bir müddət keçəndən sonra yenidən sınamaq daha yaxşıdır.

Uşağın müsbət keyfiyyətlərini önə çıxaran fərdi yanaşma metodu

Fərdi yanaşma metodu əsasən uşağın müsbət keyfiyyətlərinin önə çıxması və mənfi faktorların aradan qaldırılmasına xidmət edir. Bu metodun əsas məqsədi uşaqların fərdi bacarıqlarını aşkarlamaq, həmin bacarıqları aktivləşdirmək və eyni zamanda aşkar olunmayan bacarıqları üzə çıxarmaqdır.

Bu barədə “Education Management Network”un psixoloqu Günel Məhərrəmli Bagcam.az-a müsahibə verib. Psixoloq bildirib ki, uşaqların şəxsiyyət kimi formalaşması üçün fərdi yanaşma çox mühümdür, çünki hər uşaq bir şəxsiyyətdir və onun şəxsiyyətinə hörmət etmək, ehtiyaclarını nəzərə almaq lazımdır:

“Fərdi yanaşma deyəndə mütləq uşağın öz hisslərini nəzərə alırıq. Uşağın şəxsi seçimi də olmalıdır. Məsələn uşaq “bağçaya bu gün bu paltarımı geyinmək istəyirəm” deyə bilər. Təbii ki, uşağın daha yaxşı inkişafı üçün valideynlər bəzi müdaxilələr edir. Məsələn, uşaq hansısa yeməyi yemək istəmir, amma bu lazımdır, vitaminlidir. Bu zaman da təbii ki, məcbur etmək düzgün deyil. Uşağı  nəyəsə məcbur ediriksə, həmin şeyə qarşı uşaqda ikrah hissi oyadırıq. Bu zaman isə ona təkliflər edə bilərik.  Yəni, uşaqlara həm  sərbəstlik verilməli, eyni zamanda da ona müəyyən  qaydalar yaratmaq və həmin qaydaları yerinə yetirməsi üçün ona dəstək olmaq lazımdır”.

“Education Management Network”ə daxil olan “Peter Pan” uşaq bağçasının meneceri Xalidə Rzayeva isə bildirir ki, uşaqlar bağçaya daxil olmamışdan öncə valideynlərlə ünsiyyətdə olmaq və uşaqlar haqqında məlumat toplamaq lazımdır:

“Bağçada yazılı formada bir sıra anket formaları var ki, valideynlərə təqdim olunur. Həmin anketlərdə uşağın həm idrakı, həm sosial emosional mühiti ilə bağlı müxtəlif suallar təqdim olunur. Həmin suallar vasitəsilə biz uşağı hərtərəfli tanıma imkanı əldə edirik. Bütün bu informasiyaları əldə etdikdən sonra komanda şəklində artıq uşağa yanaşma metodunu rahat şəkildə seçə bilirik”.

Uşaq inkişafı meyarlarına əsasən bağçaya daxil olan hər bir uşağın böyük və kiçik mator, sosial-emosional, mədəni-estetik idrak sahəsi üzrə qiymətləndirilməsi  aparılır. Fərdi planda uşağın köməkliklə yerinə yetirə bildiyi və ya heç bacara bilmədiyi bəndlər qeyd olunur. Fərdi planın psixoloq tərəfindən tərtib olunduğunu qeyd edən, psixoloq Günel Məhərrəmli bu zaman bir sıra xüsusiyyətlərin nəzərə alındığını da  deyir:

“Qiymətləndirilmə aparılarkən uşağın yuxulu olmamağı, yaxşı əhval-ruhiyyədə olmağı, məsələn böyük mator bacarıqları yoxlanılırsa, daha rahat ayaqqabıda olmağı, sosial emosianal inkişafı yoxlanılırsa, uşağın bağçaya gəlmə müddəti, adaptasiyası nəzərə alınmalıdır. Çünki uşaq bağçaya yeni gəlibsə, onun təbii ki, hələ qrup uşaqlarıyla oynamağı, birlikdə qarşılıqlı fəaliyyət göstərməyi nisbətən zəif olacaq. Fərdi planımızda qeyd olnan hər punkt bizim üçün sanki bir istiqamətdir və bu istiqamət üzrə çalışmağı qarşımıza məqsəd qoyuruq”.

Bağçada uşaqların fəaliyyətləri ilə bağlı valideynlərə bir sıra hesabatlar təqdim olunur. Xalidə xanım deyir ki, bu, gündəlik, həftəlik, aylıq, rüblük və illik formatda hesabatlardır:

“Gündəlik hesabatlarımıza uşaqların gün ərzində məşğul olduqları fəaliyyətlər öz əksini tapır. Həftəlik hesabatlarda uşaqların portfoliosu ailəyə təqdim olunur. Portfolioda həftə ərzində keçirilən məşğələlər öz əksini tapıb. Aylıq hesabatlarda isə ay ərzində olan nəticələr valideynlərə təqdim olunur. Rüblük hesabatlarda da rüb ərzində uşaq inkişaf standartları üzrə aparılan qiymətləndirmənin nəticələri, əldə olunan müsbət keyfiyyətlər valideynlərə təqdim olunur.  İllik hesabatımızda isə uşağın  öz yaş kateqoriyasında əldə etdiyi bacarıqları öz əksini tapır”.

Qeyd edək ki, uşaqların inkişafına, ehtiyaclarına fərdi yanaşma “Peter Pan” uşaq bağçasıyla yanaşı, “Education Management Network” – ə daxil olan “Baby Star”, “İndigo” Nərimanov, “İndigo” Əhmədli uşaq bağçalarında da tətbiq olunur.