Xoşbəxt uşaq böyütməyin yolları

Valideynlərin əsas məqsədlərindən biri də övladlarını xoşbəxt fərd kimi böyüdə bilməkdir.

Ümumiyyətlə, xoşbəxt uşaq dedikdə əsasən heç problem çıxarmayan, ailənin hər istədiyini yerinə yetirən, sakit və qaydalara düzgün əməl edən uşaqlar ağıla gəlir. Halbuki, uşaqlar daim böyüyür və inkişaf edir. Bu inkişaf prosesində düşüncələri, maraqları, təcrübələri də dəyişir.

Xoşbəxt uşaq böyütməksə, çətin prosesdir. Hər bir uşağın fərdi ehtiyaclarına uyğun olaraq onları xoşbəxt edən nüanslar fərqlənə bilir. Buna görə də, ilk olaraq övladınızı tanımalı, müşahidə etməli, istəklərinə fokuslanmalısınız. Yəni öz gözləntilərinizi deyil, övladınızın gözləntilərini düşünməlisiniz.

Bəs xoşbəxt uşaq böyütmək üçün nələrə nəzər yetirməliyik?

 

  1. Güvən formalaşdırın

Övladınıza hər mövzuda etibar etməli, seçimlərinə hörmətlə yanaşmalısınız. Onu olduğu formada qəbul edib və qeyd-şərtsiz sevgi göstərməlisiniz. Güvənilən, qərarlarına hörmət edilən, sevildiyini bilən uşaq özünə inamı yüksək və xoşbəxt fərd kimi formalaşır.

 

  1. Suallar verin

Ona cavablar deyil, suallar verin. Siz suallar vasitəsilə övladlarınızın bəzi mövzulardaki fikrini, mövqeyini və istəklərini öyrənə bilərsiniz. İstəmədiyiniz və ya xoş olmayan cavablar alsanız, mühakimə etməyin. Səbəblərini soruşun və qarşılıqlı fikirlərinizi bölüşün. Belə söhbətlərlə övladlarınız fikirlərinə önəm verildiyini anlayacaqdır.

 

  1. Seçimlər verin

Fürsətlər yaradın. Onlara həyatın uzun olduğunu, hədəflərinin olacağını öyrədin. Ancaq hədəflərini seçərkən övladınıza istedadını, xarakterini, bəyəndiyi və bəyənmədiyi cəhətlərini düşünməsinə kömək edin. Yəni, onları birbaşa istiqamətləndirməməlisiniz. Bunun əvəzinə alternativlər arasından seçim etməyə təşviq edin. Özünü tanımaq imkanı olan uşaq uğurlu və xoşbəxt bir həyatın açarını qazanır.

 

  1. Məsuliyyəti öyrədin

Uşaqların sosial həyatdakı aktivliyini təmin etmək üçün məsuliyyət düşüncəsini aşılamalısınız. Çox kiçik yaşlardan ona məsuliyyət tələb edən tapşırıq verməli, verilən tapşırıqlara isə müdaxilə etməməlisiniz. Oyuncaqlarını onun yerinə yığmaq, ev tapşırıqlarını onun yerinə etmək kimi davranışlardan uzaq olmalı, məsuliyyətini dərk etməsinə kömək etməlisiniz.

 

Unutmayın ki, ailənin verdiyi sevgi, təsdiq və diqqət övladlarınızı daim xoşbəxt fərd edir. Bu səbəbdən valideyn olaraq nə qədər müsbət təsirlər yaratsanız, övladınız da sizdən həmin müsbət vərdişləri öyrənir.  Xoşbəxt ailədə böyüyən hər uşaq xoşbəxtdir.