Uşaqlıq travmasını yaradan səbəblər nələrdir?

“Uşaqlarda travma nədir?” sualını düşündükdə ilk olaraq, uşaqların təhlükəsizliyini, həyat nizamını, təməl həyati hüquqlarını təhdid edən, psixoloji və fiziki bütünlüyünü zədələyən hadisələr ağlımıza gəlir. Həmçinin erkən yaş dövründə gözlənilmədən baş verən mənfi təcrübələr, stressə səbəb olacaq həyat şərtləri də uşaqlarda travma yarada biləcək səbəblərdənir.

Bu barədə geniş məlumat almaq üçün “Bağçam” Uşaq Bağçaları şəbəkəsinin tərəfdaşı psixoterapevt Aynur Hüseynli ilə söhbətləşdik. 

Aynur xanım bildirir ki, uşaqların həyatına ciddi təsir edən: cinsi zorakılıq, avtomobil qəzası, təbii fəlakətlər, uşaqlıqda cərrahi əməliyyat, sevilən bir insanı itirmək və s. kimi hadisələr onlarda tramvaya səbəb olur. Hətta uşaqların bu təcrübələrə şahid olması belə kifayət edir:

“Erkən yaş dövrü –  0-6 yaş aralığı uşaqların həyat bacarıqlarına yiyələndiyi və sinir sisteminin inkişafının sürətli getdiyi vacib dövrdür. Bu zaman aralığında baş verən mənfi hadisələr uşağın inkişafında iz buraxır. Travmanın şiddətindən asılı olaraq bu izlər fərqlidir və irəliləyən yaş dövründə uşaqlarda dərin təsirlərə səbəb olur. Bura emosional inkişafda geriləmə, qavramada problem, sosial bacarıqlarda zəiflik kimi ünsürlər aid olunur. Bu dəyişikliklər həm uşağın yaxınları, həm də bağça/məktəb mühitində müşahidə olunur”.

Müsahibimiz qeyd edir ki, travma erkən yaş dövründə uşaqların həm psixi, həm fiziki, həm də emosional sağlamlığı üçün ciddi təhlükə yaradır və bəzi əlamətlərlə müşahidə olunur:

Tramvanın formasına görə uşaqlarda müxtəlif simptomlar müşahidə olunur. Bura, yuxu və qidalanmada pozuntu, təmizlik vərdişlərində fərqlilik və reqressiya (geriyə getmə), çox hərəkətlilik, narahatlıq, tək qalma istəyi və ya təklikdən qorxma, hər fürsətdə ağlama, uyğunlaşmada çətinlik, özünü günahlandırma, diqqət və bağlanma problemləri kimi hadisələr qeyd edə bilərəm. Yaş artdıqca həmin simptomlarda dəyişkənliklər də müşahidə olunur”.

Psixoterapevt əlavə edir ki, uşaqlıq travmaları onun təsirində qalan insanların sağlamlığını təhdid edir. Bu vəziyyət depressiya, travma sonrası stress pozuntusu, yuxu pozuntusu, yemə pozuntusu, maddə asılılığına səbəb ola bilər:

“Ümumiyyətlə travmatik hadisənin şiddəti, davam etmə müddəti, uşaqlarda fərqli travmatik təsirlər yaradır. Bu dəyişkənliklər uşaqların daim yanında olan şəxslər tərəfindən hiss oluna bilir. Əksər hallarda valideyn uşağa kömək məqsədi ilə yanlış yanaşma göstərir. Bu da vəziyyəti daha da gərginləşdirir. Bu müddətdə ilkin olaraq bir mütəxəssislə əlaqə saxlamaq lazımdır. Günümüzdə uşaq psixoterapiyasında həm uşaq, həm də ailə mərkəzli yanaşmalardan geniş istifadə olunur”.

Sonda, Aynur xanım uşaqlıq travmasının qarşısını almaq və ya təsirlərini azaltmaq üçün edilməli olan lazımi təlimatları sadalayır:

  1. Uşağın təhlükəsizliyi formalaşdırmaq
  2. Uşaqların emosiyalarını ifadə edə bilməsi üçün mühit yaratmaq və buna təşviq etmək
  3. Bəzən uşaqların özünü günahlandırması müşahidə oluna bilər. Bu müddətdə onun günahı olmadığını aydın və uyğun şəkildə izah etmək
  4. Terapiya müddəti uşaqdan – uşağa dəyişir. Bu müddətdə səbrli və sakit davranmaq və prosesin düzgün irəliləməsinə kömək etmək
  5. Professional yardım almaq
  6. Bu müddətdə uşaqların rutinin formalaşdırmaq və eyni qayda üzrə davam etmək
  7. Müvəqqəti olaraq ana – atanın yanında yatmasına icazə vermək
  8. Şiddət tərkibli oyun, proqramdan uzaq tutmaq, ekran və ya qəzet/ jurnalda məzmunlarına diqqət etmək.
  9. Daha çox valideynləri ilə birlikdə vaxt keçirməsini təmin etmək, oyun oynamaq, kitab oxumaq, gəzintiyə çıxmaq kimi fəaliyyətlər yerinə yetirmək
  10. Bağça mühitində fəaliyyətlərə qoşulmaq istəmədikdə buna məcbur etməmək. Zamanla sosiallaşmasını təşviq etmək.