Uşaqlarda aqressiya halları

Uşaqlar böyüdükcə, onların beyinləri inkişaf edir, ətrafda baş verənlərə reaksiyaları artır. Bu reaksiyaların içində bəzən uşaqlarda aqressiya da formalaşır. Uşaqların bu aqressivliyi valideynlər üçün ən çətin sınaqlardan biri olur.

Bəs görəsən bunun səbəbi nədir? Bu situasiyada valideynlər nə etməlidirlər? Bu kimi suallarımıza cavab tapmaq üçün İndigo support-un layihə kordinatoru, psixoloq Aysel xanımla həmsöhbət olduq.

Uşaqlarda aqressivliyə səbəb olan amillər nələrdir?

Uşaqlarda aqressiyanın səbəbi müxtəlifdir. Öncəliklə uşağın yaşına və fiziki-əqli inkişafına diqqət etməliyik. Məsələn, aqressiv davranışlar uşağın 2-3 yaşında müşahidə edilirsə, bu 2 yaş və ya 3 yaş sendromunun göstəricisi ola bilər. Fiziki və yaxud əqli inkişafında geriliklər varsa, xüsusilə də nitq geriliyi kimi özünü göstərən gerilik varsa, bu zaman uşaqda aqressiv davranışlar müşahidə edə bilərik.

Əgər yuxarıda sadaladığımız hallardan heç biri deyilsə, bu zaman ailə daxili münasibətlərdə aqressiv davranışların olması və ya ətrafında (bağçada, məhəllədə, TV-də və ya telefonda) aqressiv davranışlara məruz qalma və bunu rol model alma halı ola bilər.

Aqressiv uşaqla necə davranmaq lazımdır?

Ümumiyyətlə, uşağın davranışda istənilən xoşagəlməz hərəkət gördükdə, söz eşitdikdə ilk olaraq edəcəyimiz şey bu davranışa reaksiya verməməkdir. Çünkü, uşaqlar çox yaxşı müşahidə etmə qabiliyyətinə malikdirlər və istər bilərəkdən, istərsə də bilmədən etdikləri hər davranışın  nəticəsinə uyğun olaraq hərəkət edirlər. Bir dəfə edəndə diqqət cəlb etdiklərini görüb bunu dəfələrlə təkrarlaya bilərlər.

Aqressiyanın qarşısını necə almaq olar?

Belə ki, əgər biz aqressiv davranışların yaranma amilini dəqiqləşdirmişiksə, buradan istiqamət götürərək, ona müdaxilə etməliyik. Məsələn: 2 və ya 3 yaş sendromudursa, diqqət cəlb etmək üçün etdiyini nəzərə almalı, soyuqqanlı və qətiyyətli olmalıyıq. Nitqinə görədirsə, söz ehtiyatını yaşına uyğunlaşdırmalıyıq. Bunu ya tək ya da xüsusi mütəxəssislərin (psixoloq, loqoped, psixo pedaqoq) dəstəyi ilə etməliyik.

Əgər rol model götürdüyü kimlərsə varsa, bu səbəbi aradan qaldırmağa çalışmalıyıq.

Uşaqlarda aqressiv davranışları müəyyən etməyin hansı yolları var?

Bunun xüsusi bir yolu yoxdur. Burada əsas edəcəyimiz şey övladımızı müşahidə etməkdir. Hansısa istəyini, tələbatını həyata keçirtmək üçün aqressiv davranırmı və bunu tez-tez təkrarlayırmı kimi məqamlara diqqət etməliyik.

Mütəxəssislə məsləhətləşmək, məlumat alıb ona uyğun hərəkət etməliyik.

Uşaq həkiminə nə zaman müraciət etmək lazımdır?

Əgər aqressiv davranışlar övladımızın gündəlik həyat fəaliyyətinə mane olursa, eyni zamanda özünə və ya başqasına qarşı təhlükə yaradırsa, heç bir şəkildə qarşını ala bilmiriksə, bu zaman həkimə müraciət edib müayinə olunmalı və həkimin təyin etdiyi müalicə üsuluna uyğun davranmalıyıq.