“Valideynlər evdə bağça rejimini davam etdirməlidirlər”

1«Qeyri-sabit hava şəraiti, temperaturun kəskin dəyişməsi uşaqların tez-tez tərləməsi və soyuqlama hallarının artması ilə nəticələnir. Eyni zamanda uşaqların mövsümü meyvə-tərəvəzlərlə az qidalanması da immun sisteminin zəifləməsinə gətirib çıxarır».

Bu barədə Bagcam.az saytına uşaq bağçasının meneceri, pediatr Şəlalə Orucova müsahibə verib.

Valideyn necə əmin ola bilər ki, övladının immun sistemi normaya uyğundur?

– Əvvəlcə qeyd edim ki, il ərzində uşaq 8-12 dəfə xəstələnə bilər. Əgər ağırlaşma olmursa, bu, normaldır. Əksinə, il ərzində bir neçə dəfə ardıcıl olaraq ağır xəstəliklər məsələn, pnevmaniya (ağciyər iltihabı), otit (qulaq iltihabı) və s. keçirən uşaqlar immun sistemi zəif olan hesab edilə bilər.

Bağçada tez-tez xəstələnən uşaqlar 2-3 yaşlı qrup olur ki, bu da çox normaldır. O yaşda olan uşaqlarda immunitetin formalaşması prosesi gedir, bu da ancaq infeksiya ilə qarşılaşma zamanı yaranır. Əgər uşaq bağçaya getmədən birbaşa məktəbə gedirsə, bu proses məktəbdə baş verir. Bu zaman uşaq dərslərdən geri qalır və zəif nəticələr göstərir. Hər bir prosesin öz vaxtı var.

Uşaqlar havalar istiləşdikcə daha çox dondurma, sərinləşdirici soyuq içkilər istəyirlər. Belə olan halda uşaqların soyuq qida ehtiyacını necə qarşılamaq lazımdır ki, onlar xəstələnməsin?

– Bəzən valideynlər immun sistemi gücləndirmək üçün immunmodulyatorlardan istifadə edirlər. Ən gözəl immunmodulyator elə dondurmadır. Uşaq dondurmanı ağzında 10 saniyə saxlayıb udduqdan sonra heç nə olmayacaq. O cümlədən də soyuq içkilər – bir neçə saniyə uşaq ağzında saxlayıb içərsə, heç bir ziyan olmaz. Bunu da tədricən, uşağı öyrəşdirərək etmək lazımdır. Yəni heç dondurma yemiyən uşağa ilk gün 1 dəfə yarım çay qaşığı, ikinci gün 2 dəfə yarım çay qaşığı, üçüncü gün 3 dəfə yarım çay qaşığı dondurma verilir. Sonra yarım çay qaşığı tam, 2 və 3 qaşıqla əvəz olunur. Dondurmanın miqdarını   gün ərzində 60 qr qədər çatdırmaq mümkündür. Ən gözəli isə evdə hazırlanan dondurmalardır. Bu proseduru yaz-yay mövsümlərindən başlayıb qış aylarında da davam etdirmək olar.

Yaz-yay fəslində uşaqların immuniteti necə gücləndirilməlidir?

– Ən adi görünən soyuqlama belə, böyük fəsadlar verə bilər. Həkim göstərişi olmadan hər hansı dərman vasitəsinin qəbulu yol verilməzdir. Bəzən zərərsiz gələn bir dərman gələcəkdə uşağın daha tez və ağır xəstələnməsinə gətirib çıxara bilər. İmmunitetin qorunması üçün  isə uşaqlara bol-bol mövsümü meyvə-tərəvəz verməli, bolluca su qəbulu və su prosedurlarına əməl edilməlidir. Uşaqların burunları  NaCl (Natrium Xlorid)  məhlulu ilə yuyulmalıdır.

Uşaqların sağlamlığına diqqət etmək üçün  valideynlərin və bağçanın üzərinə düşən öhdəliklər nələrdir?

– Biz uşaq bağçası olaraq gün rejiminə əməl etməkdən əlavə, uşaqlara fərdi yanaşırıq. Onların bütün fərdi xüsusiyyətlərini nəzərə alırıq. Uşaqlara meyvə-tərəvəzi sevdirir, tərləmədən, soyuqlamadan və s. qoruyuruq. Uşaq inkişafı üçün ən vacib olan gecə yuxusu, bol su qəbulu və hava gəzintisidir. Uşaq saat 21:00-dan gec olmayaraq yatmalıdır. Bu isə valideynlərdən asılıdır. Valideynlər bağça rejimini davam etdirməlidirlər. Uşaqlar bazar günləri də həftə içi olduğu kimi bağçanın rejiminə uyğun yemək yeməli və hava qəbul etməlidirlər.