Körpələrdə doğulduğu andan əmmə, ağzı ilə axtarma, tutma, addımlama kimi şərti reflekslər olur. Əmmə refleksi uşaq anadan olandan 1 yaşın sonuna qədər davam edir. Uşaqlar həmin vaxt psixoloji olaraq oral mərhələdə olduqlarına görə əmmə refleksini açıq-aydın görmək mümkündür. Xüsusən də 6-cı ayına qədər körpələrdə əmmə refleksi çox aktiv olur. Hətta körpənin yanağına, dodaqlarının kənarlarına toxunduqda o gülümsəyir, yaxud dodaqlarını tərpədir.
Uşağın təbii və güclü olan bu əmmək arzusunu ilk növbədə ana döşü təmin edir. Ancaq südü olmayan, işləyən, balasını vaxtlı-vaxtında əmizdirə bilməyən, yaxud dayə, nənə yanında qalan uşaqlar əmmək üçün başqa vasitələr axtarmağa başlayırlar. Barmağını, əlini, ayağını, paltarlarını əmirlər. Bu halda anaların köməyinə əmzik çatır. Əmziklər uşaqları sakitləşdirir, yuxuya getməsinə kömək edir. Ancaq bu faydasından daha çox ziyanlı tərəfləri var əmziyin. Bagcam.az Ailem.az-a istinadən uşaqlara əmzik verilməsinin faydalı və ziyanlı tərəflərinə, necə tərgitmək lazım olduğuna dair mütəxəssis fikirlərini təqdim edir.
Pediatr Günay Rəsulova açıqlamasında əmzikdən istifadənin faydalı və zərərli tərəflərindən bəhs edib. O deyib ki, yeni doğulan uşaqlara əmziyin verilməsi ana südündən imtina etmək kimi təhlükəli vəziyyət yarada bilər. Bu, həm yalançı əmzik, həm də şüşələrdə olan süni qida istifadəsinə meylilik yaratmamış olur. Ona görə də körpələrə əmzik verilməsi yox, tez-tez ananın döşünə tutması məsləhətdir.
G. Rəsulova əmziyi ilk növbədə gigiyenik baxımdan məsləhət görmür. Əmzik vərdişi gələcəkdə uşaqların nitq və danışıq problemlərinin yaranmasına da gətirib çıxara bilər: “Uşaq əmzikdən asılı kimi vəziyyətlə üz-üzə qalır. Əmzik istər-istəməz uşağın ağzından yerə və başqa yerlərə düşür, götürüb yenidən ağıza qoyduqda gigiyenik təhlükə yaradır. Uşaq yeriyən zaman ağzından əmzik düşəndə isə artıq özü götürüb yenidən əmir. Bu zaman da o, çox sayda mikroba yoluxa bilər. Əmzikdən istifadə uşaqlarda çənə aparatının inkişafına da mənfi təsir edir. Çənədə müxtəlif deformasiyalar əmələ gəlir”.
Pediatr əmziyin faydalı tərəfinə də toxunub. Bir çox əsəbi və narahat uşaqlarda qısa müddətə sakitləşmək üçün əmzik istifadə edilə bilər. Bundan başqa, bəzən yarımçıq doğulmuş körpələrdə əmmə vərdişinin formalaşması üçün əmzik köməyə çatır. Lakin bu müddəti uzatmaq məsləhət deyil: “Əmzikdən uzun zaman istifadə etdikdə uşağın ətrafla ünsiyyəti azalmış olur. Belə olan hallarda nitq qabiliyyəti də zəifləyir. Əgər uşaq əmzik əmirsə, yeriməyə başlayana qədər bu vərdişi tərgitmək lazımdır. Əmziyi tərgitmək üçün ilk növbədə onu evdən itirməlisiniz. Uşaq əmziyi axtarıb tapa bilməsin. Uzaq başı ağlaya bilər, sonra isə unudacaq. Əgər valideyn bu vərdişi tərgitdirə bilməsə, psixoloq köməyinə ehtiyac var. Bəzən əmziyi tərgitmək üçün analar müxtəlif üsullara əl atırlar. Məsələn, əmziyin üstünə istiot tökürlər. Bu, kobud şəkildə uşağın psixologiyasına təsir göstərir. Bu cür kəskin üsullardan istifadə etmək olmaz. Amma əmziyin ucunu kəsmək işə yaraya bilər. Əmziyin ucunu kəsdikdə uşaq o zövqü almayacaq və əmzikdən yayınacaq”.
Psixoloq Aydan Talıbova da yeni anadan olan uşağın sorma tələbatının formalaşması üçün əmziyin yararlı olduğunu deyir. Lakin bu, heç də o demək deyil ki, körpə hər ağladıqda, harasısa ağrıdıqda, narahat olduqda ona əmzik verilməlidir. Çünki bu zaman artıq problemlər ortaya çıxa bilər: “Uşaq doğulduqda damağı qövsvari olur. O, rahat və normal şəkildə əmziyi sora bilir. Amma yaş artdıqca damaq artıq kümbəzvari olmur. Nitq formalaşsın deyə damaq da formasını dəyişir. Nitqin formalaşdığı dövrdə, dişlər çıxandan sonra əmzik yavaş-yavaş tərgidilməlidir. Əks halda uşağın dişləri qabağa gələ, damaq problemi yaşana, nitq və səs qüsurları yarana bilər. Nəticədə uşağın fikrini heç kəs anlaya bilməz”.
Uzunmüddətli əmzik istifadəsi uşağın psixologiyasında da mənfi təsirlər yarada bilər. Bunlardan biri də asılılıqdır. Məlumdur ki, valideynlər çox zaman uşağı yatırtmaq üçün əmziyin köməyinə ehtiyac duyurlar. Bu mövzuda da mütəxəssisin fikri birmənalı deyil: “Əgər uşaq ağlayırsa və həmin vaxt ona əmzik verilirsə, artıq uşaqda bağlılıq yaranır. Məsələn, çox rastlaşmışıq, uşaqlar hansısa əşyaya bağlanırlar. Bunlardan biri də əmzik ola bilər. Hər hansı narahatlıq durumlarında, uşaq gərgin olanda, bir yeri ağrıyanda və ya valideyn öz rahatlığı üçün uşaq ağlamasın deyə “əmziyi verim, rahat olum” demək olmaz, bu, qəti qadağandır. Uşaq günün əksər saatında, uzun müddət əmzik əmməməlidir. Çox zaman əmzik verərək uşağı yatızdırılar və yatandan sonra əmziyi onun ağzından çıxarılar. Bu da doğru deyil. Çünki uşaq yatır, əmziyi onun ağzından çıxardıqda istər-istəməz o, diksinə, oyana, yuxulu ola bilər. Əmziyi dartıb çıxaranda uşağa travma yaşatmış olursunuz. Mütləq şəkildə uşaq əmzik əmməlidir və ya qəti əmməməlidir deyə bir qayda yoxdur. Sadəcə olaraq əgər körpəyə əmzik verilmirsə, mütləq ana südü verilməlidir”.
Mütəxəssis deyir ki, bir yaşdan sonra əmzikli qablardan istifadə uşağın artikulyasiyasına zədə yetirir. Ona görə də bir yaşı olduqdan sonra əmzikdən qəti şəkildə imtina etmək lazımdır: “Bir yaşından, yəni dişi çıxdıqdan sonra uşağa əzmə yeməklər veririk. Sonra yavaş-yavaş, getdikcə möhkəm yeməklərə keçirik. Möhkəm yeməklərə keçdikdə də əmzikdə verdiyiniz suyu və ya başqa mayeni hər hansı bir qabda, nəlbəkidə, stəkanda verə bilərsiniz, yeməyi çəngəllə, qaşıqla yeyə bilər. Amma artıq əmzikli qablara üstünlük vermək məsləhət deyil. Hansısa püreni və ya mayeni əmzikli qabda verib uşağın artikulyasiyasını zədə yetirmək olmaz. İmkan vermək lazımdır ki, uşaqda çeynəmə qabiliyyəti formalaşsın. Ona görə də artıq diş çıxandan sonra əmziyi yavaş-yavaş tərgitmək lazımdır. Onu başqa şeylərlə əvəz etmək olar. Məsələn, uşağın dişi çıxanda rezin oyuncaqlarla başını qatmaq olar. Çünki çənə aparatı formalaşan vaxtı uşaq əmzik əmirsə, çənə aparatı düzgün formalaşmır. Nəticədə uşaqda nitq qüsurları ortaya çıxır”.
Mütəxəssis əmziyin tərgidilməsi məsələsinə də toxunub. O, bu baxımdan valideynləri diqqətli olmağa çağırır: “Bir yaşına qədər onsuz da uşağın təfəkkürü qırıq olur. Ona hansısa bir vərdişi unutdurmaq çox asandır. Uşaq əmziyin arxasınca maksimum iki dəqiqə ağlaya bilər. Amma təbii ki, əmziyi ondan alıb oturub gözləməyin ki, ağlayıb sakitləşəcək. Sadəcə olaraq uşağın diqqətini başqa istiqamətə yönləndirin. Hansısa bir oyuncaqla onun fikrini dağıda bilərsiniz ki, əmziyi unutsun. Əmziyi tərgitmək üçün ana südü də verilə bilər. Əmziyi uşağa tam şəkildə göstərməyin. Üç yaşında uşağa hansısa əşyanı göstərib, sonra onu gizlətdikdə onun yadında qalır və onu axtarır. Amma bir yaşında uşağın yadında qalmır”.