Uşaqların sağlam böyüməsi üçün mühüm addım

“Sağlam Ailə” Tibb Mərkəzi ilə “Education Management Network” Təhsil İdarəetmə Şəbəkəsi arasında imzalanan əməkdaşlıq çərçivəsində “İndigo” Nərimanov uşaq bağçasında uşaqların tibbi müayinəsi baş tutub.

“Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Nigar Rüstəmli əməkdaşlıq barədə ətraflı məlumat verib:

“İndigo” Nərimanovda olan uşaqlar stomatoloq, pediatr, lor və oftalmoloq həkimlərinin müayinələrindən keçdilər. Heç bir problem aşkarlanmadı və biz sevinirik ki, bu gün bu bağçada olan uşaqlarımız sağlam şəkildə bağçaya gəlib-gedirlər. Burada bizim əməkdaşlıq çərçivəsində hər hansı bir havaların dəyişkənliyində, mövsüm dəyişkənliyi ilə bağlı ola bilən problemlərdə, uşaqlarda hər hansısa bir xəstəliklər olarsa belə, burun-boğaz ağrıları, zökəm, qrip, bilirsizsiniz ki, bunlar mövsümlə əlaqəli xəstəliklərdir, ona görə də “Sağlam Ailə” Tibb Mərkəzi “Education Management Network”da olan bütün körpələri endirimli qiymətlərlə “Sağlam Ailə” Tibb Mərkəzinə qəbul etməyə hazırdır”.

Tibbi müayinənin aparılmasında iştirak edən “Sağlam Ailə” Tibb Mərkəzinin oftalmoloqu Aynur Quliyeva deyib ki, uşaqlarda ciddi problem aşkarlanmadı:

“Uşaqlarda görməni, göz dibini, konyuktivanı, kirpik dibini yoxladıq. Uşaqlarda elə bir ciddi problem aşkarlanmadı. Sadəcə bir-iki uşaqda görmə zəifliyi aşkarlandı. Bu uşaqların “Sağlam ailə”nin və “Education Management Network” şirkətinin  köməyi ilə gələcəkdə endirimlərdən istifadə edərək “Sağlam ailə”də daha dəqiq müayinələrdən keçmə şansları var və lazım gələrsə bu uşaqlara eynək təyin olunacaq”.

Stomatoloq Aydan Niyazova müayinələrin uğurla başa çatdığını deyib.  

“Stomatoloq olaraq biz körpələrin ağız boşluğunu, dişlərini, selikli qişalarını və dişləmlərini müayinə etdik. Uşaqlar azyaşlı olduqlarında o qədər də ciddi problemlərə rastlanmadı. Hətta uşaqlar artıq diş həkimində olublar. Bu çox müsbət haldır”.

“Sağlam Ailə” Tibb Mərkəzinin pediatrı Xanım Əhmədova deyib ki, bu yaxınlarda valideynlərlə də görüşlərin keçirilməsi gözlənilir:

“Mən “Sağlam ailənin” pediatrı olaraq bu gün “İndigo” Nərimanov uşaq bağçasında uşaqları müayinədən keçirdim. Bəzi uşaqlarda allergik olan prosesləri gördük. Yaxınlarda bizim valideynlərlə bir görüşümüz olacaq. Həmin uşaqlara dair olan tövsiyələrimizi valideynlərə çatdırmağı  planlaşdırırıq”.

Qeyd edək ki, tezliklə “Sağlam Ailə” Tibb Mərkəzinin həkimləri  “Education Management Network” Təhsil İdarəetmə şəbəkəsinə daxil olan digər uşaq bağçalarında da tibbi müayinələr aparacaq. Bundan əlavə, əməkdaşlıq çərçivəsində Tibb Mərkəzi ehtiyac yarandığı zaman şəbəkəyə daxil olan bütün uşaq bağçalarını təcili tibbi yardım ilə təmin edəcək. Bağçaların illik qida menyusuna “Sağlam Ailə” Tibb Mərkəzinin həkim-dietoloqları tərəfindən nəzarət ediləcək.  Həmçinin bağçaya qəbul zamanı tələb olunan müayinələrin və sağlamlıq haqqında arayışın təqdim edilməsi də Tibb Mərkəzi tərəfindən həyata keçiriləcək.