Menu

“Uşaqların 3-4 yaşından etibarən psixoloqa müraciət edilməlidir”

Bölmə: Məqalələr | Tarix: Dekabr 7, 2016

psixoloqUşaqların hərtərəfli sağlam böyüməsi hər valideynin arzusudur. Lakin bəzi valideynlər uşaqların psixoloji cəhətdən sağlamlığına kifayət qədər diqqət yetirmirlər.

“İndigo” uşaq bağçasının psixoloqu Leyla Əbduləzimova Bagcam.az-a bildirir ki, valideynlər övladlarının psixoloji sağlamlığı üçün 3-4 yaşından etibarən psixoloqa müraciət etməlidirlər:

“Yaxşı olar ki, valideynlər heç olmasa, ildə bir dəfə psixoloqa müraciət etsinlər. Çünki bəzən elə faktorlar yarana bilər ki, valideynlər üçün bunu müşahidə etmək çətin olar. Psixoloq müayinə prosesində uşağın psixoloji vəziyyətinin normaya uyğun olub-olmadığını, ailədaxili problemlərin uşağa necə təsir etdiyini valideynlərə göstərə bilər”.

Leyla xanımın sözlərinə görə, psixoloji pozuntuları olan uşaqlarda aqressiya, davranış və ünsiyyət problemlərinə rast gəlinir. Psixoloq, bu problemlərin yaranmasına səbəb kimi valideynlərin uşaqlara az diqqət ayırmasını göstərir:

“Mənim müşahidələrimə görə, hazırda əksər uşaqlarda ünsiyyət problemi var. Bu da uşaqların texnologiyadan çox istifadə etməsi nəticəsində yaranır.  Valideynlər bir az tənbəl və az informasiyalıdır. Elə bilirlər ki, uşaq İnternetdə ingilis dilində mahnılar dinləyib öyrənirsə, rəngləri öyrənirsə, bu, onların inkişafı deməkdir. Əslində isə uşaqlar sadəcə əzbərləyirlər və məntiqləri geriləməyə başlayır. Uşaqlar ən azı danışana qədər kompüter, planşet və televizordan uzaq durmalıdır. Danışa bilən uşaqlar isə gündə yarım saatdan çox olmamaq şərtilə, 15 dəqiqə fasilə verərək televizora baxa bilərlər”.

Leyla Əbdulazimova qeyd edir ki, müalicə dövründə psixoloq daha çox valideynlərlə ünsiyyətdə olmalıdır. Onun sözlərinə görə,  müalicə yalnız uşağın ətrafındakı bütün insanlar psixoloqun sözlərinə əməl etdiyi halda yaxşı nəticələnir. Uşağın yaşının az olması da bu məsələdə böyük rol oynayır.

Leyla xanım deyir ki,  “Education Management Network” şirkətinə daxil olan “İndigo” uşaq bağçasında uşaqların psixoloji sağlamlığı ilk gündən diqqətdə saxlanılır. Uşaqlarda psixoloji cəhətdən problem olub-olmadığını yoxlamaq üçün isə hər 3 aydan bir müvafiq qiymətləndirmələrin aparıldığını bildirir:

“Bağçada uşaqların əlavə psixoloji köməyə ehtiyacı olarsa, onlar üçün saatlar ayrılır, psixoloqlar uşaqlarla işləyirlər. Bütün qruplarda uşaqlara psixoloji məşğələlər keçirilir. Onların diqqət və yaddaşını inkişaf etdirmək üçün tapşırıqlar yerinə yetirilir. Bundan əlavə, ildə 3 dəfə uşaqların psixoloji və mator bacarıqlarını (gəzmək, qaməti saxlamaq, qaça bilmək) yoxlamaq üçün qiymətləndirmələr aparılır. Hər hansı çatışmazlıq olarsa, gələn qiymətləndirməyə qədər valideynlər, müəllimlər, psixoloqlar həmin problemlərin üzərində işləyirlər”.

Psixoloq uşaqların sağlam psixologiyaya sahib olması üçün valideynlərin diqqət etməli olduğu əsas məqamlara da toxunur:

“Uşaqları tərbiyə etmək valideyn olmağa qərar verildiyi andan başlamalıdır. İşləyən valideynlər, yorulsalar belə, uşaqlara vaxt ayırmalı və bu vaxtdan səmərəli istifadə etməlidirlər. Uşağa sərf olunan vaxtda isə daim o uşaqla ünsiyyətdə olmaq lazımdır. Uşaqlar bilməlidirlər ki, ətrafda nə olursa olsun, valideynlər onların arxasındadır”.