Uşağın bağçaya getməyə hazır olub-olmadığını bilmək çox vacibdir. Siz bir neçə əlaməti müşahidə edərək bunu öyrənə bilərsiniz.
- Uşağın müstəqil bacarıqları. Bura sərbəst şəkildə çəngəl-qaşıqdan istifadə edərək qida qəbul etmək, stəkandan su-çay içə bilmək, paltarlarını geyinib-soyunmaq, ayaqyoluna sərbəst getmək, ehtiyac olan halda böyüklərdən nəsə istəmək, həmçinin yaşıdları ilə müəyyən vaxt daxilində oyun oynamaq daxildir.
- Uşağın psixoloji hazırlığı. Psixoloji hazırlığı təkcə yaşa görə müəyyən etmək olmur. Adətən uşaqların psixoloji böhranları elə onların bağçaya aparıldıqları yaşla (2-3) üst-üstə düşür. Buna görə də bağçaya ya böhrandan əvvəl, ya da sonra getmək lazımdır. Məsələn, siz övladınızda şıltaqlıq əlamətlərini görürsünüzsə, tələsməyin, gözləyin. Bu yaşda onlar özlərinin “mən”lərini dərk eləməyə və sərbəst şəkildə hərəkət etməyə çalışırlar. Ona görə də onunla əvvəlki kimi ünsiyyət qurmaq çətinləşir. Xüsusən də, belə halda bağçaya getmək stresslə nəticələnə bilər.
- Uşağın anasız qala bilməsi. Övladınızı bir müddət nənə və ya babasının yanında qoyun və onun reaksiyalarına diqqət edin. İlk vaxtlar uşağın ağalayacağından, anasını axtaracağından qorxmayın. Bu hadisədən sonra onun nə vaxt sakitləşdiyinə baxın. Əgər qısa vaxtdan sonra onun başı başqa fəaliyyətə qarışırsa, onu bağçaya apara bilərsiniz.
- Başqa uşaqlar və böyüklərlə dil tapmaq bacarığı. Evinizə uşaqlar dəvət edin və ya övladınızı oyun meydançasına aparın. Onun uşaqlarla davranışını, ünsiyyətini, böyüklər olmadan həmin mühitdə qala biləcəyini müşahidə edin. Həm uşağın həm də özünüzün bağçaya uyğunlaşmasını asanlaşdırmaq üçün uşaqda bağçaya qarşı müsbət münasibət formalaşdırın. Uşağa bağçada maraqlı gələ biləcək şeylərdən danışın: başqa uşaqlardan, birlikdə oynaya biləcəkləri oyunlardan və s. Sonra isə gün rejimi, qidalanma saatları haqqında ona məlumat verin. Övladınızla “uşaq bağçası” oyununu oynamağa çalışın – guya o, tərbiyəçidir, oyuncaqları isə uşaqlardır. Bağçayla bağlı cizgi filmlərinə baxın və uşağın evdəki rejimini də bağçanın rejiminə uyğunlaşdırın.
Mənbə: mel.fm