Etdiyiniz nəsihətlərin, dediyiniz sözlərin övladlarınıza necə təsir etdiyini düşünmüsünüzmü? Verdiyiniz nəsihətlərin onlarda xoş təsir buraxmasını istəyirsinizsə, qeyd etdiyimiz məsləhətlərdən faydalana bilərsiniz:
1. Zərurət miqdarı ilə kifayətlənin. Ard-arda olunan nəsihət övladların tərsliyinə səbəb olur və onlarda nadürüst, bəyənilməyən rəftarın möhkəmlənməsinə gətirib çıxarır. Diqqətinizdə saxlayın ki, hətta yetkin yaşlı insanlar da nəsihəti çətinliklə qəbul edirlər.
2. Nəsihətlərinizə əvvəlcə özünüz əməl edin və daha sonra övladlarınıza tövsiyə edin.
3. Nəsihətin təsirli olması üçün özünüzlə övladlarınız arasında hissi və emosional rabitə qurmalısınız. Övladın qəlbi yalnız valideyninin onunla ünsiyyət qurduğu, ona munis olduğu zaman meyl edir. Qəlb əlaqəsinə mane olan amillər sanki dəmirin üzərini örtən pasa bənzəyir. Belə ki, bu paslıq dəmirin parlaqlığının qarşısını alır.
4. Nəsihət verərkən üzünüz gülsün. Üzü turşutmaq nəsihətin təsir dərəcəsini aşağı salır.
5. Danışarkən yumşaq səslə danışın. Sözləri, xatırlatmanı aram şəkildə başa salın.
6. Sizin gənclərə etdiyiniz nəsihət və məsləhət gizli olmalıdır. Diqqət etmək lazımdır ki, adətən yeniyetmələr müəyyən xüsiyyətlərinə görə camaat arasında olunan nəsihəti eşitmirlər.
7. Nəsihət və tövsiyələrdə bunun övladın mənfəət və məsləhəti üçün olduğuna diqqət yetirin. Daha öz mənfəət və çıxarlarınız naminə nəsihət etməyin. Əgər övladlarınız etdiyiniz nəsihətlərin sizin mənafeyinizə uyğun olduğunu hiss etsə, bu nəsihət onda elə də təsir buraxmayacaqdır.
Mənbə: qadin.net