Uşaqlar biz böyüklərə nisbətən kiçik şeylərlə daha çox xoşbəxt olurlar. Bəzən bir “puzzle” parçası tapmaq, topu qapıya düz göndərmək onların sevincinə və həyəcanına səbəb olur. Çünki onların xəyal dünyası çox genişdir və yeni şeylər öyrənməyə çox həvəslidirlər. İstanbul Aydın Universitetinin psixoloqu Özlem Kelle, uşaqların şəxsiyyətinin formalaşdığı bir dövrdə yetkinlərin dəstəyinə və idarə etmələrinə ehtiyac duyduqlarını bildirib.
Valideynlər, ancaq uşaqlarını keçirdikləri keyfiyyətli vaxt sayəsində müşahidə edə, ehtiyaclarını öyrənə bilərlər. Psixoloq Kelle söhbətcil uşaqlar böyütmək üçün valideynlərə bir neçə tövsiyələr verib.
“Uşaqla birlikdə həqiqətən həzz alaraq keçirdiyiniz zamanın onun zehni, fiziki, emosional və sosial inkişaf sahələrinə lazımlı olduğunu unutmayın. Birlikdə keçirəcəyiniz keyfiyyətli zaman və görəcəyiniz fəaliyyətlər üçün bəzi təklifləri bu şəkildə sıralaya bilərsiniz:
Onu kəşfiyyata istiqamətləndir
Oyun hər yaş uşaq üçün özünü ifadə etmək, kəşf etmək və öyrənmə vasitəsidir. Uşağın oynadığı oyunlara qatılmaq, öyrənmə və kəşf etmə prosesinə kömək etmək deməkdir. Məsələn; Bahalı oyuncaq almaq əvəzinə, uşaqla bərabər balacaboy materiallarla öz oyuncağını yaratmasına kömək etmək, onun maraq hissi və kəşf etmək ehtiyacını qarşılayarkən birlikdə bir məhsul ortaya qoymaq isə sizlə olan əlaqəsini gücləndirəcəkdir.
Şəkilli kitablardan başlayın
Kitablar uşağın zehni inkişafını dəstəkləyən ən mühüm mənbələrdəndir. Uşağınıza kiçik yaşda şəkilli kitablarla başlayıb yaşı irəlilədikcə tutumuna uyğun kitabların olduğu bir şərait yaradın. Sizi rol model olaraq görən uşağınıza kitab oxuma vərdişi qazandırmaq üçün ailəvi kitab oxuma saatları təşkil edin.
Mümkündürsə, 2 yaşına qədər texnologiya ilə tanış olmasın
Uşağınız iki yaşına gələnə qədər onu texnologiyalar vasitəsilə ünsiyyət yaradacağı mühitlərdən uzaq tutun. Texnologiya zehni inkişafa mənfi təsir etdiyi üçün yaşca böyük uşaqlara da istifadə üçün limit qoymaq lazımdır. Uşağınızın bu texnologiyalarla keçirdiyi müddət mövzusunda dəqiq bir sərhəd çəkin. Bu müddətin gündə 1 saatı keçməməsinə diqqət yetirin və sərhədləriniz məsələsində iradəli olun.
Təbiət, idman, musiqi həyatınızda daim olsun
Uşağınıza alternativ fəaliyyətlər tapmaq məsələsində dəstək olun. Məsələn, planşet oyununa məhdudiyyət qoyulan uşaq özünü boşluqda hiss edə bilər. Həzz aldığı başqa bir şey tapmadıqda planşeti geri almaq üçün sizə müqavimət göstərə bilər. Planşet oyunu əvəzinə üzgüçülük, velosipedə minmə, alətdə ifa etmə, təbiət kəşfinə çıxma kimi alternativlərlə həm uşağınızı dəstəkləmiş, həm də öz sərhədlərinizi təminata almış olarsınız. Həmçinin idmanın uşağın fiziki inkişafına töhfələri olduğu kimi zehni, emosional və sosial inkişafını da dəstəklədiyini unutmayın.
Mənbə: qadin.net