“Sərt qayda-qanunlar uşaqda özünəinam hissini azaldır”

bagca_Uşaq inkişaf mərhələlərini fərqli psixoloqlar, uşaq inkişafı üzrə mütəxəssislər fərqli mərhələlərə  bölürlər.

Uşaq inkişafının yaş dövrünə görə mərhələləri haqqında öz fikirlərini Bagcam.az-la Education Management Network şirkətinin uşaq inkişafı üzrə mütəxəssisi Samirə Əliyeva bölüşüb.

Həmin mərhələlər belədir:

 

1-18 ay dövrü

Bu mərhələ əsasən güvən duyğusunun formalaşması dövrü hesab olunur. Buna görə də bu mərhələdə validəynlərlə, xüsusilə də ana ilə körpənin emosional bağlılığı çox önəmlidir.

İlk iki ayda uşağın bütün ehtiyacları həmin an ödənilməlidir. Bu sonrakı yaşlarda onda güvən hissinin yaranmasında önəmli rol oynayır.

 

2-3 yaş dövrü

Bu yaş dövrü erkən uşaqlıq dönəminin ən həssas, kritik mərhələsi –  “Mən” mərhələsidir. Eyni zamanda buna “Xeyr” mərhələsi də deyirlər. Bu dövr uşağın çoxlu suallar verib öyrənən dövrüdür.

Uşaq tərbiyəsi və inkişafı baxımından bu mərhələdə sərt qaydalar qoymaq, düzgün deyil. Çünki  bu yaş mərhələsində sərt qayda-qanunlar uşaqda özünəinam hissini azaltmış olar, amma uşağı heç bir sərhəd qoymadan da böyütmək onda gələcəkdə eqoizm formalaşdıra bilər.

 

3-4 yaş dövrü

Bu, “mən də” mərhələsidir. Bu dövrlərdə uşaq hər fəaliyyətdə yer almaq istəyir.

Uşaqlar artıq bu mərhələdə bir çox sahələrdə formalaşır. Bir çox özünəqulluq bacarıqları sərbəst şəkildə yerinə yetirir, özünü ifadə edir, xəyali oyunlar oynayır.

 

4-5 yaş dövrü

Bu yaş dövründə uşaqlar  yeni bir mərhələyə girirlər. Artıq başqalarının fikirlərinə hörmət etməyi, onların fikirlərini qəbul etməyi öyrənirlər. İctimai qaydalara riayət ətməyə başlayırlar. Bu yaşdan etibarən onlara bəzi qadağalar, sərhədlər qoymağa başlamaq lazımdır. Eyni zamanda da valideynlər uşaqlarından sevgi və qayğını əskik etməməlidir.

Uşağınız bu yaşda “yalan” danışmağa daha çox meyilli olur. Bir çox uşağın xəyali dostu olur. Bu hal bu yaş üçün normaldır, amma  sonrakı yaşlarda bu keçməsə narahat olmağa dəyər.

 

5-6 yaş dövrü

Uşaq artıq hər tərəfli formalaşıb, məktəbə gətməyə tam hazırdır. Sosial, fiziki, əqli, nitq sahəsində inkişaf ediblər. Onların sualları daha məntiqli, daha qarışıq olur.

Lakin hər bir uşağın yaşına görə inkişaf xüsusiyyətləri fərqli olur. Bir uşaqda nitqin formalaşması 3 yaşına doğru bitə bilir, digərində isə ya daha tez ya bir qədər sonra baş verə bilər. Hər uşağın fərdi psixoloji xarakterstikası, temperamenti, ailə mühiti  var. Bütün bu səbəbləri nəzərə alıb hər  uşağa fərdi yanaşmaq lazımdır.

Uşaq inkişafı sahəsində “Davranış nəzəriyyə”sinin əvəzsiz rolu var. Bu sahədə istənilən davranış problemi, inkişaf uyğunsuzluğu olan uşaqlarla effektiv işlər görülə bilər.

Bu sahədəki seminarlar daha çox müəllimlərə (dayələrə və s.) ikinci növbədə isə valideynlərə yönlənib. Bu səbəbdən də ayda 2 dəfə bağçaların müəllim heyəti ilə müxtəlif mövzularda seminarların keçirilir. Bunda əlavə, hər həftə mütəmadi olaraq işçi heyəti ilə görüşlər keçirilir, uşaq inkişafı mövzusunda müzakirələr aparılır.

Uşaqlarla  isə aparılan fəaliyyətlər müxtəlif yönümlü olur. Həm qrup məşğələləri zamanı onlar müşahidə olunur, qrupda sosiallaşma bacarığına, emosional vəziyyətləri izlənilir. Bundan əlavə ehtiyac duyularsa fərdi şəkildə də uşaqlarla məşğələlər keçirilir. Ehtiyacları daha dərindən öyrənilir.

Uşaq inkişafı üçün nələrə diqqət yetirməlidirlər?

Valideynlər uşaqların sağlam, sevgi dolu böyüməsi üçün aşağıdakı məsləhətlərə riayət etməlidirlər:

 

0-6 yaş

  • Onunla söhbət edin
  • Üz ifadələrini və qığıltılarını təkrar edin. Göz təması, onun səslərinə, mırıldanmaqlarına qarşılıq verin və gülümsəyin.
  • Onu adı ilə səsləyin
  • “Ci-ci” oyunu oynayın
  • İlıq vanna qəbul etdikdən sonra onu 5-10 dəqiqə masaj edin
  • Oyanıq olduğu zaman ən azı 30 dəqiqədən bir olduğu vəziyyəti dəyişin
  • Laylalar, yanıltmaclar deyin. Onlar təkrar səsləri sevirlər
  • Gəzintiyə çıxın və gördüyünüz hər şey haqqında onunla danışın

 

6-12 ay

  • Onunla söhbət etməyi artırın, bədən dilinizlə və işarətlərinizlə söhbətlərinizi eyniləşdirin
  • Qucaqlamağı və sevgi dolu sözlər deməyi unutmayın
  • Oyuncaqlarla böyük-kiçik, alt-üst, arxa-qabaq və s. qavramlarını öyrədin
  • Səbəb-nəticə əlaqəsini öyrədin
  • Layla və yanıltmaclar deyin, musiqi dinlətdirin
  • Digər yaşıdları ilə çoxlu zaman keçirməsinə şərait yaradın
  • Top atmaq-tutmaq və almaq-vermək oyunları oynayın
  • Evdə gördüyünüz işlər barəsində söhbət edin (nə etdiyinizi və niyə etdiyinizi danışın)

 

12-24 ay

  • Kitab oxuyun və bol-bol söhbət edin
  • Sözlərinə və suallarına cavab verin
  • Sərbəst şəkildə yemək yeməyi öyrədin
  • Tək uzun müddətli TV baxmasına icazə verməyin
  • Bərabər mahnı oxuyun və musiqi dinləyin
  • Rəng və rəqəmləri yavaş-yavaş öyrətməyə başlayın
  • Yaşıdları ilə daha çox zaman keçirməsinə imkan yaradın
  • Funksional və sadə oyuncaqlar alın və ya birlikdə düzəldin

 

24-36 ay

  • Mümkündürsə yarım günlük bağçaya qoyun
  • Digər uşaqlarla bol zaman keçirməsinə şərait yaradın
  • Boya qələmləri və dəftərlər alın, bərabər boyayın rəsmləri
  • Hekayələr, nağıllar danışıb sonra sadə suallar verib diqqətini cəmləməsinə dəstək olun
  • TV və kompüterdə qətiyyən tək başına zaman keçirməsinə imkan verməyin
  • Sosial mühitlərdə daha çox zaman keçirin
  • Xəyali oyunlar oynayın (evcik-evcik və s.)
  • Sərbəst yeyib, içməyinə dəstək olun

 

36-48 ay

  • Övladınızın xəyal gücünü və yaradıcılığını dəstəkləyən oyuncaqlara üstünlük verin
  • Bərabər nağıl, hekayə oxuyun
  • Bərabər gəzintiyə gedin (muzey, kitabxana, zoopark və s.)
  • Musiqi dinləyin
  • Hesablı oyunlar oynayın
  • Övladınızın qurduğu xəyali oyunların qəhrəmanları olun
  • Zaman, uzunluq, ağırlıq və s. kimi qavramları öyrədin
  • Yaşı, ev ünvanı, telefon nömrəsini, boyu, çəkisi və s. haqqında məlumat verin

Ən sonda isə yaşından aslı olmayaraq hər bir uşağa bol-bol sevgi verin, qucaqlayın.