“Pedaqoji laqeydlik uşağın inkişafına təsir göstərir”

kamileAilədə uşaqlar yalnız məişət problemləri ilə əhatələndikdə, onlara qayğı göstərilmədikdə,  ibtidai biliklər ötürülmədikdə, kitablar oxunmayıb, nağıllar danışılmadıqda, saymaq, şeir, mahnı öyrədilmədikdə və diqqətdən kənar qalanda onlarda pedaqoji laqeydlik yaranır. Nəticə, onlar doğulduqları gündən tanış olduqları məişət söhbətlərini daha tez yadda saxlayır, bu günə qədər yad olan ibtidai bilikləri və davranış qaydalarını isə çox çətinliklə öyrənə bilirlər.

Pedaqoji  laqeydliyik haqqında “Baby Star” uşaq bağçasının meneceri pedaqoq Kamilə Baloğlanova öz fikirlərini bölüşüb:

“Uşaqlarda pedaqoji laqeydliyi  bəzən  psixi  xəstəliklərə də  bənzədirlər. Bunun əmələ  gəlmə səbəblərindən ən başlıcası ailə daxilində konfliktlərin olmasıdır. Belə hallar daha çox ata və ana arasında qarşılıqlı hörmətin olmaması, disharmonik  (özlərinə qapalı) mühitin olması, uşaqlara qarşı ailə daxilində diqqətin olmaması və s. bu kimi hallar təsir edir.

Valideynlər uşaqları  maddi  cəhətdən tam təmin etmək üçün daha çox çalışırlar. Ona görə də uşaqlara göstərdikləri mənəvi  dəstək  yetərsiz olur. Bu  tip valideynlər uşaqların  maddi  cəhətdən tam  təmin olunmasını əsas prioritet qədul edir və bununla da problemi belə həll etmiş olurlar. Valideynlər unutmamalıdırlar ki, uşaq özbaşına böyüyə bilməz. Uşağa  qayğı, məhəbbət, sevgi, diqqət  göstərilməlidir. Bu məsələləri valideyn öz üzərinə götürməlidir.

Təəssüf ki, pedaqoji  laqeydlik uşağın  bütün sahələrdə inkişafına  təsir  göstərir. Uşağın  əsas  inkişaf sahələrindən biri  sosial-emosional inkişafdır. Pedaqoji  laqeydlikdə ilk növbədə zərər çəkən məhz  sosial-emosional  inkişaf olur. Uşaq öz yaşıdları və özündən böyüklərlə ünsiyyət qurmağı bacarmır. Ünsiyyət  qura bilmədiyinə  görə də məktəbəqədər dövrün əsas öyrənmə  vasitəsi olan oyuna qoşula bilmir. İkinci zərərçəkən sahə isə  idrakın inkişafıdır. Bəzən  uşaqlar  sadə cümlələr belə qura bilmirlər, məşğələlərdə fəallıq  göstərmirlər.

Pedaqoq və psixoloqlar  tərəfindən belə uşaqlara ciddi  nəzarət olunmalıdır. Onlarla  müntəzəm intensiv iş aparmaqla  həmin uşaqları digərlərinin inkişaf  səviyyəsinə çatdırmaq olar”.