Menu

Necə edək ki, uşağa özümüzü sevdirək!?

Bölmə: Xəbərlər | Tarix: Yanvar 14, 2016

usaq-esas2Müasir dövrün əsas problemlərindən biri uşaqların sevgisini qazanmaqdır. Bəzən insanlar düşünürlər ki, uşaqlar sevginin nə olduğunu bilmir. Əslində bu səhv fikirdir. Çünki əksər hallarda uşaqlar sevdikləri insanı özlərinə ideal bilir, özünü ona bənzətməyə çalışır, onun fikirlərini dinləyir və əməl edir. Bu günkü cəmiyyətdə belə hallara da rast gəlinir ki, valideyn uşağı idarə edə bilmir. Yəni sadə dildə desək “uşaq valideyni eşitmir”. Hətta bu proses təkcə valideyn – uşaq deyil, müəllim – uşaq, uşaqlararası münasibətlərdə də özünü biruzə verir.

Məlumdur ki, hər bir valideyndə uşağına qarşı böyük sevgi var. Amma bəzən valideynlər bu sevgini uşağa hiss etdirə bilmirlər. Valideyn övladına olan sevgisini ancaq uşağa zaman və diqqət ayırmaqla göstərə bilər.  Uşağa olan sevgini təkcə ona hədiyyə almaq və ya gəzməyə aparmaqla bildirməməliyik. Uşağın bütün suallarına səbrlə cavab vermək, onun danışdıqlarını dinləmək, onun düzəltdiyi, çəkdiyi və.s əşyaları yüksək qiymətləndirmək və rəğbətləndirmək lazımdır. Bu zaman uşaq həvəslənir, həm də valideynin ona qarşı olan sevgisini duyur. Bunun da qarşılığında valideyninə tərbiyəli övlad olur.

Müəllimə – uşaq münasibətlərində də yenə sevgi amili üstünlük təşkil edir. Biz deyə bilərik ki, müəllimənin qrupda olan 15 uşağı sevməsi real deyil. Amma bunu  reallığa çevirən müəllimələr mövcuddur. İşini sevən müəllimə hər bir uşaqda sevilə biləcək faktoru axtarıb tapmalıdır. Bəzisini gözəlliyinə, bəzisini şirin nitqinə, bəzisini dəcəlliyinə və.s görə sevməlidir. Bu zaman uşaq sevgini duyur və müəllimə onun idealına çevrilir. Müəllimə – uşaq münasibətlərində artıq bir doğmalıq yaranır. Uşaq müəllimənin baxışından belə nə demək istədiyini bilir.

Əziz valideynlər və müəllimələr gəlin uşaqları sevək, onlara diqqət, qayğı  göstərək və ən əsası zaman ayıraq. Çünki onlar bizim gələcəyimizdir!