“Günorta yuxusu uşağın zehnini rahatlaşdırır”

img-20161006-wa0009Sağlam yuxu rejimi böyüklər üçün vacib olduğu qədər uşaqlar üçün də əhəmiyyətlidir. Kiçik yaşlardan başlayaraq, düzgün yuxu rejiminə öyrəşmək, gələcəkdə yaranacaq problemlərin qarşısını ala bilir.

Uşaqların yuxu rejimi barədə Bagcam.az-a müsahibə verən “İndigo” uşaq bağçasının tərbiyəçisi Labidə Nazıyeva bildirib ki, uşaqlar üçün hər yaş qrupuna uyğun yuxu saatları müəyyən olunmalıdır:

“Gün ərzində 1-2 aylıq körpələr 18 saat, 3-4 aylıq körpələr 17 saat, 5-6 aylıq körpələr 16 saat, 7-9 aylıqlar isə 15 saat yatmalıdır. 0-3 yaşlı uşaqlarda günorta yuxusu fiziki ehtiyacdır. Uşaq həmin dönəmdə yatır ki, fiziki cəhətdən inkişaf etsin. 3 Yaşdan 6 yaşa qədər isə yuxu emosional ehtiyacdır. 3 Yaşdan 6 yaşa qədər olan uşaqlar üçün yuxu rejimi gündüz vaxtı 2-3 saat müəyyən edilir. Uşaqlar 3 yaşdan sonra çox aktiv olurlar. O aktivlik uşağı psixoloji olaraq yorur. Xüsusən də, hiperaktiv uşaqlar həddindən artıq çox hərəkətdə olurlar və beyin yüklənir. Günorta yuxusu zamanı beyin günortaya qədər aldığı informasiyanı analiz edir, dincəlir. Saat 3-də yuxudan oyanandan sonra isə beyin rahatlaşır və uşaq sakitləşir. Bu şərtləri nəzərə almaqla hər bağçanın öz qaydası, rejimi var. Həmin rejimə əsasən, bağça uşaqlarının yuxu saatı təyin edilir, həmçinin hər yaş qrupunun öz yuxu saatları var. “İndigo” bağçasında saat 13:00-dan 15:00-a qədər uşaqlar üçün yuxu vaxtı olur”.

Labidə xanım onu da qeyd edib ki, uşaqların düzgün yuxu rejimi üçün qidalanmaya, təmizliyə və təmiz hava qəbuluna da fikir verilməlidir:

“Uşaqların müəyyən olunan vaxtdan az yatması ziyandır və yuxu rejimi qidalanma ilə sıx bağlıdır. Uşaqlar yatmazdan 30 dəqiqə və ya 1 saat əvvəl qidalanmalıdırlar. Günorta yeməyində ilk olaraq, şorba olmalıdır, şorbadan əlavə isə ikinci yemək də olmalıdır ki, uşaq rahat yatsın. Onları ağır yeməklərdən uzaq tutmaq lazımdır, meyvə və meyvə şirəsi qəbuluna üstünlük verilməlidir. Uşağın qidalanması normal olarsa, yuxu rejimi də normal olar. Əgər yatma prosesi normal getməsə, böyüdükdə də o problem qalacaq. Ona görə də, valideynlərə məsləhət görərdim ki, uşaqları kiçik yaşlarından yuxu rejiminə uyğunlaşdırsınlar”.