Atalar üçün psixoloji seminar

Fevral ayının 28-i uşaq bağçasında atalar üçün psixoloji seminar təşkil olunub. Seminarı həyata keçirən həkim-psixiatr Orxan Fərəcli atalara uşaq psixologiyası, atanın uşaqla münasibəti, yaxşı ata necə olmalıdır  və digər mövzularda dəyərli məsləhətlər verib.

Uşaq bağçasının direktoru Samirə Muxtarova seminarla bağlı fikirlərini GSR.fm-lə bölüşüb.

“Bu daha çox uşağın həyatında atanın rolundan bəhs edən seminar idi. Bu seminarı keçirtməkdə əsas məqsədimiz o idi ki, bağça ilə daha çox təmasda olan analar olur. Uşaqları gətirərkən, bağçadan götürərkən tez-tez müəllimlərə sual verirlər. Analar üçün müxtəlif seminarlar, tədbirlər təşkil olunur. İndi elə bir dövrdə yaşayırıq ki, ailənin bütün gücü atanın üstündə olur. İşlərinin çoxluğundan uşaqlarına çox vaxt ayıra bilmirlər. Bunun uşaqlar üçün mənfi təsir yaradacağını düşünərək bağça olaraq belə bir seminar keçirdik.”

Həkim-psixiatr Orxan Fərəcli seminarın faydalarından danışıb.

Adətən biz öyrəşmişik ki, analar ilə bağlı tədbirlər keçirilir. Amma atalar ilə bağlı mənə təklif gələndə özüm üçün də maraqlı oldu. Ümumiyyətlə, ataların atalıq anlayışı necədir, bu anlayışa necə baxırlar? Özlərini necə ata kimi görürlər? Ən azından onların fikirlərini eşitmək, düşüncələrini bilmək mənim üçün də maraqlı idi. Və düşünürəm ki, bu seminar vaxtı da verdiyimiz məsləhətlər onların gələcək həyatlarında, uşaqlarla davranışında öz müsbət təsirini göstərəcək.

Seminarda iştirak edən ata Namiq Aslanov seminardan razı qaldığını bildirib.

“Bağçada belə tədbirlər tez-tez olsa daha yaxşı olar. Bugün həftə sonu iş günüm olmasına baxmayaraq burada iştirak etmək üçün onu təxirə saldım. Çox xoşuma gəldi. Bura gəlməkdə əsas məqsədim, uşaqlarımıza qarşı etdiyimiz şeylərdə boşluqları öyrənmək idi.”

“Baby Star” Uşaq Bağçası “İdeal Ailə” axtarır

Məktəbəqədər təhsil kurikulumuna və uşaq inkişafı nəzəriyyələrinə əsasən təlimin planlaşdırılmasında, tərbiyə prosesində ailələrlə əməkdaşlıq mühüm rol oynayır, pozitiv dəyişikliklərə təkan verir.

Müasir dövrdə valideynlərin demək olar ki, əksəriyyəti həftənin 5 gününü işləyir. Şənbə və bazar günləri isə dincəlmək istəyirlər. Ona görə uşaqlar onlara yaxınlaşan kimi telefon, planşet və s. verib onları susdururlar. Bu isə uşağa həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir göstərir.

Buna görə də “Baby Star” uşaq bağçası “İdeal ailə” adlı müsabiqə keçirmək qərarına gəlib. Müsabiqənin keçirilməsində məqsəd valideynləri uşaqlarına vaxt sərf etməyə çağırmaq və onların bağça ilə əməkdaşlığını təkmilləşdirməkdir. Zeynəbin anası Dinara Mustafayeva müsabiqə ilə bağlı öz təəssüratlarını bölüşüb:

“Tədbir çox yaxşı keçdi. İstəyirəm ki, belə tədbirlər tez-tez təşkil olunsun, çünki uşaqlar çox inkişaf edirlər. Biz işləyirik. Ona görə də uşaqlarımıza çox vaxt ayıra bilmirik, onlarla vaxt keçirə bilmirik. Bağça tərəfindən belə addımların atılması bizi çox sevindirir. Ən azından istirahət günlərində bağça bizi bir araya gətirir, nəticədə uşaqlarımızla maraqlı, dəyərli vaxt keçiririk. Bağçaya uğurlar arzulayıram”.

Belə tədbirlərin keçirilməsinin başqa müsbət tərəfi də odur ki, uşaqlar valideynlərindən dəstək aldıqları üçün çox sevinir və xoşbəxt olurlar. Bu isə onların sonrakı mərhələdə təlim-tərbiyə prosesinə müsbət təsir edir. Murad və Nərminin anası Aytən Əliyeva düşünür ki, belə müsabiqələrin keçirilməsi uşaqları valideynlərə daha da yaxınlaşdırır:

“Uşaqlarımızla birgə maraqlı anlar keçirdik, istirahət etdik. Tədbirin adı “İdeal ailə” idi. Hesab edirəm ki, uşaqlarımıza vaxt ayırıb onlara gözəl təəssüratlar yaşada bildiksə, biz həqiqətən də ideal ailəyik. Təbii ki, münasibətlərimizin daha sıx, ideal olmasında “Baby Star” bağçasının da rolu böyükdür. Buna görə də bağçamıza dərin minnətdarlığımı bildirirəm”.

Xalidə və Mədinənin atası Tural Əsgər də tez-tez bu cür müsabiqələrin keçirilməsinin tərəfdarıdır:

“Uşaqlardan çox bizə maraqlı oldu. Yəqin ki, müntəzəm olaraq belə tədbirlər keçiriləcəkdir. Biz də vaxt tapıb iştirak etməyə hazırıq. İstənilən halda biz çalışırıq ki, uşaqlarımıza vaxt ayıraq. Bağça tərəfindən belə tədbirlərin təşkil olunması uşaqlarımızla münasibətlərimizə müsbət təsir göstərir. Bəlkə də bağça belə maraqlı tədbirlər təşkil etməsə uşaqlarımızla daha az vaxt keçirərdik. Buna görə də “Baby Star” bağçasının kollektivinə təşəkkürlərimizi bildiririk”.

Qeyd edək ki, müsabiqə fevral ayı ərzində şənbə günlərində mərhələlərlə keçiriləcək. 28 fevral tarixində final görüşündə “İdeal Ailə” müəyyən olunacaq. Finalda qalib gələn ailələr növbəti ayın təhsil haqqı ödənişində müəyyən faiz güzəştlər qazanacaqlar.

 

“Təhsil Müəssisələrində İctimaiyyətlə Əlaqələrin Qurulması” mövzusunda seminar keçirilib

“Education Management Network” şirkəti, Azərbaycan Təhsil Cəmiyyəti və www.bagcam.az təhsil portalının təşkilatçılığı ilə  təhsil müəssisələri üçün silsilə seminarlar keçirilməsinə başlanılmışdır. Növbəti seminar 25 fevral 2015-ci il tarixində “Fabrika Coworking Center”də PreMark Şirkətinin Direktoru Azər Nəzərovun təqdimatında “Təhsil Müəssisələrində İctimaiyyətlə Əlaqələrin Qurulması” mövzusunda olmuşdur.

Seminardan fotoları sizə təqdim edirik:

Bağçada bilik yarışması keçirilib

Fevral ayının 16-sı  uşaq bağçasında “Breyn ring” adlı bilik yarışması keçirilib. Oyun kimi təşkil olunan yarışmada  uşaqlar  valideynləri  ilə birgə komanda şəklində iştirak edib. Məntiqi suallara həvəslə cavab verən balacalar yarışda öz məharətlərini göstəriblər.

Bağçanın direktoru Vəfa Şirinova keçirilən bilik yarışmasının məqsədi haqqında məlumat verib:

“İlk növbədə uşaqlar komanda şəklində oynamağı öyrənirlər. İkinci, onlar dinləməyi öyrənirlər. Bu, bir intellektual oyundur, oyuna tez cavab verməkdir. Üçüncü, uşaqlar sualı beyinlərində qavramaq, onun cavabını tapmaq, cavabı tapdıqdan sonra tez reaksiya verərək onu düzgün və diqqətini tam toplayaraq cavab verməyi öyrənirlər. Bu, hal-hazırda bağçamızın ilk addımlarıdır. Amma bu tipli layihələr gələcəkdə uşaqlarda komanda ruhunun formalaşmasında kömək olacaq.”

Bağça tərəfindən belə yarışmaların təşkilinin uşaqlara psixoloji təsirindən bəhs edən direktor oyunlar zamanı balacalarda üzə çıxan keyfiyyətlərdən də danışıb:

“Çox möhtəşəm təsir göstərir. Onlar hər dəfə qalib gəldikdə, sualı düzgün cavablandırdıqda həvəslənirdilər, bəzən emosiyalarını gizlədə bilmirdilər, yerdən durub cavab verirdilər. Ən gözəli o idi ki, valideynlər bu qədər həyəcanlı idilər. Yəni onlar öz uşaqlarına baxdıqca həm fəxr edirdilər, həm də həvəslənirdilər. Belə oyunlar zamanı birinci, onlarda diqqət toplanır, ikinci, verilmiş sualı qavramaq, onun analizi və sintezi yaranır. Onlar bir yerdə müzakirə etməyi öyrənirlər, komanda kimi çıxış etməyi öyrənirlər, bir-birini dinləməyi öyrənirlər, səhv olduğu zaman yoldaşına kömək etməyi öyrənirlər. Bütün bu cəhətlər uşağın inkişafında çox vacib cəhətlərdir.”

Yarışda uşaqları ilə bərabər çıxış edən valideynlər oyun haqda öz fikirlərini bildiriblər:

Könül Mustafayeva: “Tədbir çox gözəl keçdi. Uşaqlar aktiv iştirak etdilər, yaxşı cavab verdilər. Hər iki qrup çox güclü idi. Hətta valideynlər arasında da oyun keçirildi. Mən çox razı qaldım. Vəfa xanıma, müəllimlərə təşəkkürümü bildirirəm, uşaqlar üzərində çox əziyyətlər çəkiblər. Mən çox şadam ki, uşağım  bağçada oxuyur, bu dərəcədə inkişaf etməyinə çox sevinirəm.”

Lalə Əliyeva : “Çox gözəl keçdi, bağçamız həmişə fəaliyyətinə görə başqa bağçalardan seçilir. Breyn ring oyunundan çox razı qaldım.”

Qeyd edək ki, bağçada tez-tez belə yarışmalar təşkil olunacaq.

“Təhsil Müəssisələrində Maliyyə İdarəedilməsi” mövzusunda seminar keçirilib

“Education Management Network” şirkəti, Azərbaycan Təhsil Cəmiyyəti və www.bagcam.az təhsil portalının təşkilatçılığı ilə  təhsil müəssisələri üçün silsilə seminarlar keçirilməsinə başlanılmışdır. Növbəti seminar 21 fevral 2015-ci il tarixində “Fabrika Coworking Center”də  Great Solution Şirkətinin Təsisçisi Orxan Əmrahovun təqdimatında “Təhsil Müəssisələrində Maliyyə İdarəedilməsi” mövzusunda olmuşdur.

Seminardan fotoları sizə təqdim edirik:

 

“Müasir Xidmət Anlayışı” mövzusunda seminar keçirilib

“Education Management Network” şirkəti, Azərbaycan Təhsil Cəmiyyəti və www.bagcam.az təhsil portalının təşkilatçılığı ilə  təhsil müəssisələri üçün silsilə seminarlar keçirilməsinə başlanılmışdır. İlk seminar 11 fevral 2015-ci il tarixində “Fabrika Coworking Center”də  “EXUS” Consulting Şirkətinin Direktoru Ənvər Yavəroğlu təqdimatında “Müasir Xidmət Anlayışı” mövzusunda olmuşdur.

Layihə “Education Menecment Network” şirkətinin təşəbbüsüdür və sosial korporativ məsuliyyət proqramı çərçivəsində ödənişsiz həyata keçirilir. Əsas məqsəd isə iştirakçıların biznes sahəsindəki biliklərini artırmaqdır.

Seminardan fotoları təqdim edirik:

Valideynlər bir günlük müəllim oldular

Uşaq bağçası yanvar ayında “Açıq qapı” adlı maraqlı layihə həyata keçirib.

Layihəyə əsasən valideynlər bir ay boyunca uşaqlara müəllim rolunda ayrı-ayrı fənləri tədris ediblər. Seçdikləri mövzu əsasında cürbəcür nümunələr göstərən “müəllimləri” dərsin sonunda balacaları hədiyyələrlə sevindiriblər. Dərsdə aktiv çıxış edən uşaqlar bu dəyişikliyi maraqla qarşılayıblar.

Layihədə iştirak edən valideynlərdən biri də Sinanın anası Gülanə Hüseynovadır. Uşaqlara bir günlük riyaziyyat fənnini tədris edən “müəllimə” məşğələdən sonra təəssüratlarını bizimlə bölüşüb.

“İlk öncə bağçanın direktoru Samirə xanıma təşəkkür edirik ki, belə bir məşğələ təşkil edilib. Biz valideynlər uşaqlarımızla birlikdə onların nə öyrəndiklərinin, necə öyrəndiklərinin şahidi olduq. Bu gün müəllimə qismində riyaziyyat fənnindən dərs keçdim. Həmçinin mən Şəfiqə müəlliməyə təşəkkür edirəm. Riyaziyyat çətin fənndir , onu tədris etmək də asan deyilmiş. Amma əmin oldum ki, uşaqlar həqiqətən də nə isə öyrəniblər, bu da bir valideyn olaraq çox qürurverici bir hissdir. İnşallah uşaqlarımızın daha böyük uğurlarının şahidi olarıq”.

Nağıyev Alimin valideyni Kamilə xanım isə uşaqlara təbiət mövzusunda müxtəlif maraqlı nümunələr göstərib. Müsahibimizin sözlərinə görə, balacalar belə məşğələlərə olduqca maraq göstərirlər.

“Bilirsiz, bu yaşda uşaqlar min dənə sual verirlər, “Bulud necə yaranır?”,  “Niyə otlar yaşıl rəngdədir?”. Mən də qərara gəldim ki, uşaqlara sadə nümunələr göstərim, onlar da başa düşsünlər nə necə yaranır. Görünür, uşaqların xoşuna gəldi, maraqlandılar, razı qaldılar. Mövzuya aid suallar verdilər. Dərs yaxşı keçdi. Düşünürəm ki, yenə belə məşğələlər təşkil olunacaq”.

Uşaq bağçasının direktoru Samirə Muxtarova da layihə haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, “Açıq qapı” təşkil etməkdə bağçanın əsas məqsədi valideynləri bağçanın iş prinsipi ilə yaxından tanış etmək, eyni zamanda uşaqlarla işləməyin çətinliklərini göstərməkdir.

“Bağça olaraq uşaqların təlim-tərbiyəsindən əlavə valideynlərlə işləməyi çox sevirik. Çünki uşaqların təlim tərbiyə prosesində valideynlər çox böyük rol oynayır. Yəni hər uşaq haqqında ilkin məlumatı biz ata analar vasitəsilə alırıq. Buna görə də biz birgə işləyərkən daha yaxşı nəticə əldə edirik. İndiyə kimi valideynlər “Açıq qapı” günlərində, açıq dərs məşğələlərində, tədbirlərdə iştirak ediblər . Bu ay “Açıq qapı” münasibətilə biz valideynləri dəvət etdik ki, onlar müəllim qismində uşaqların qarşısında çıxış etsinlər, uşaqlarla vaxt keçirsinlər. Biz uşaqlarla işləməkdən çox böyük zövq alırıq, istədik ki, bu zövqü onlar da yaşasınlar. Həm də belə məşğələlər uşaqlara yaxşı təsir göstərir. Bundan çox böyük qürur duyurlar. Bu, onlara çox böyük özgüvən gətirir”.

Samirə xanımdan bu cür layihələrin valideyn-uşaq münasibətlərinə təsiri haqqında soruşuruq. Direktor bildirir ki, belə maraqlı məşğələlərin təşkili valideynlə uşaq arasındakı emosional bağı gücləndirir.

“ Valideyn-uşaq münasibətlərinə o təsiri göstərir ki, uşaqlar vaxtlarının çoxunu bağçada keçirirlər (8:00-dan 18:00-a kimi). Valideynlər də normal olaraq işdə olurlar, uşaqlara saat 19:00-dan sonra vaxt ayıra bilirlər və bunun nəticəsində balacaların günlərini necə keçirdiklərini, dostları ilə necə oynadıqlarını görə bilmirlər. Bu məşğələlər vasitəsilə ana-ata ilə övladları arasında emosional bağ qüvvətlənir. Nəticədə uşaq valideyninə bir addım daha da yaxınlaşır”.

Sonda isə Samirə xanım layihədə iştirak edən bütün valideynlərə öz təşəkkürünü bildirir.

”Ümumiyyətlə, uşaqlar müəllimlərini çox sevirlər, çünki müəllim onlara nə isə öyrədir. Müəllimlərinin yerində valideynlərini gördükdə isə qürur duyurlar. Bütün bunları nəzərə alaraq bu ay “Açıq qapı” elan etdik və çox maraqlı rəngarəng oldu. Bütün valideynlər bu işə məsuliyyətlə yanaşdılar, nəinki öz uşaqlarının digər uşaqların da diqqətini cəlb etmək üçün cürbəcür oyunlar hədiyyələr fikirləşmişdilər. Düşünürəm ki, onların köməkliyi ilə bu layihə bağçamıza rəngarənglik qatdı. Bütün valideynlərə minnətdarlığımı bildirirəm.”

“Növbətçilik cədvəlinin təşkili uşaqları müstəqilliyə öyrədir”

“Növbətçilik cədvəlinin təşkili uşaqları müstəqilliyə öyrədir”“Baby star” uşaq bağçası uşaqlarda əməyə sevgi yaratmaq məqsədilə növbətçilik sistemi hazırlayıb. Uşaq bağçasının müəlliməsi Həbibova Mehriban məlumat verib. Mehriban xanım növbətçilik sisteminin yaş qruplarına əsasən təşkil olunduğunu deyir:

“Uşaq bağçasında növbətçilik  kiçik yaş qrupunun ikinci yarım ilindən başlayaraq təşkil olunur. Bunun üçün növbətçilik cədvəli hazırlanır və divardan asılır.

Uşaq bağçalarında növbətçilik cədvəlinin təşkili ilk növbədə uşaqları müstəqilliyə öyrədir, onların tərbiyə olunmasında mühüm rol oynayır. Uşaqlara müxtəlif tapşırıqlar verilir. Yaş qrupundan asılı olaraq tapşırıqlar mürəkkəbləşdirilir.

Üç növ növbətçilik var:

1.Mətbəxdə növbətçilik;

2.Qrup otağında növbətçilik;

3.Təbiət guşəsində növbətçilik”.

Mehriban xanım növbətçilik sistemində uşaqlarla şəxsiyyət kimi davranmağın vacib olduğunu bildirir:

“Adətən növbətçiliyin hər növü 2 uşağa tapşırılır. Növbətçilər gündəlik dəyişilir. Onlar üçün önlüklər hazırlanır. Tərbiyəçi çalışmalıdır ki, növbətçilik formal olmasın. Uşaqlar onların əməyinin kollektiv üçün faydasını dərk etsinlər. Tərbiyəçi uşaqlara öz köməkçiləri  kimi müraciət edir. Onları həvəsləndirir. Məsələn: Məşğələyə başlamazdan əvvəl “Afərin, növbətçilər artıq vəsaitləri düzüblər. Sağ olsunlar. Başlaya bilərik” kimi sözlərlə uşaqları ruhlandırır. Belə rəğbətləndirmələr uşaqların əməyə münasibətini yüksəldir”.

Müəllimə bildirir ki, növbətçilik sistemi ilin əvvəlindən hazırlanır:

“İlin əvvəlində tərbiyəçi 2 növbətçi arasında işləri bölüşdürür. Məsələn: Lalə karandaşları, Azər albomları paylayacaq. İlin ikinci yarısında isə uşaqlar  artıq tərbiyəçinin “vəsaitləri paylayın” tapşırığı ilə nə iş görəcəklərini bilirlər. Bununla da tərbiyəçi  uşaqlara birlikdə işləmək, tapşırıqları yoldaşları ilə bölüşdürmək kimi müsbət keyfiyyətlər aşılayır .

Adətən növbətçiləri seçərkən uşaqlardan biri çevik, cəld, digəri isə zəif uşaq olmasına diqqət yetirilir. Bu zaman tərbiyəçi nəzarət etməlidir ki , tapşırığın bütün hissəsini eyni uşaq yerinə yetirməsin. Növbətçilik uşaqlara işi paylaşma bacarığını, heyvanlara , bitkilərə , həmçinin dostlarına  qayğı göstərməyi öyrədir”.

Analar bunu mütləq oxusun

unnamed_-sehirli-dayeAnemiya – qanda eritrositlərin və hemoqlobinin azalması ilə gedən  klinik və hematolojik sindromlar qrupuna aid edilir. Orqanizmdə baş verən müxtəlif patoloji proseslər zamanı anemiya aparıcı simptomlarından biri kimi nəzərə çarpır.

Bu barədə “İndigo” Nərimanov bağçasının həkimi Əsədova Firuzə  bildirir ki, anemiya əsasən 3 səbəbdən baş verə bilər: “Qan itirilməsi, eritrositlərin seyrəkləşməsi və parçalanması. Əmələ gəlmə mexanizminə görə anemiyalar bir neçə qrupa bölünür. Onların içərisində ən geniş yayılmış  dəmir defisitli anemiya bütün anemiyaların 80%-ni təşkil edir.

Dəmir defisitli anemiya – orqanizmdə dəmirin çatışmazlığı nəticəsində yaranır. Uşaqların yaşından asılı olaraq hemoqlobinin səviyyəsi:

 

1 — 2 yaş 105 -145
3 — 6 yaş 110 -150
7-12 yaş 115 -150
13 — 15 yaş 115- 155
16 -18 yaş 120 — 160

Dəmir defisitli anemiya – müxtəlif patoloji (fizioloji) proseslərin fonunda inkişaf edən  dəmirin çatışmazlığı nəticəsində hemoqlobinin sintezinin pozulmasını xarakterizə edən hematolojik sindromdur. Dəmir – insan orqanizminin əsas mikroelementlərindən biridir.

Dəmirin sovrulması əsasən, onikibarmaq bağırsaqda və yoğun bağırsaqda baş verir. Adətən, gündəlik qida rasionunun tərkibi 5-20 mg dəmirdən ibarət olur, sutkada isə yalnız 1-2 mg dəmir həzm olunur. Dəmirin orqanizmə sovrulması qida qəbulundan və mədə-bağırsaq traktının vəziyyətindən də asılıdır.

Ət məhsulları qəbulu zamanı dəmirin sovrulması  – 9-22% asanlaşır. Ana südü dəmirin sovrulmasını fəallaşdırır. Ana südündə dəmirin bio çatımlılığı  60%-dir. Uşaq orqanizminin dəmirə olan gündəlik ehtiyacı sutkada 0,5-1,2 mg-dır. Uşaqlarda erkən yaşlardan sürətli böyümə və inkişafla əlaqədar olaraq dəmirə ehtiyac daha da artır. Bu dövrdə  anadan (hamiləlik dövründə) gələn dəmir ehtiyatı sürətlə tükənir: yarımçıq doğulan uşaqlarda 3-cü aya qədər, tam doğulan uşaqlarda 5-6-cı aya qədər. Uşağın düzgün inkişafı üçün körpə vaxtında qida rasionunun tərkibində 1,5 mg, 1-3 yaşlarında isə 10 mg-dan az olmamaq şərtilə dəmir olmalıdır.”

Uşaqlarda dəmir çatışmazlığının tənəffüs yolları və mədə-bağırsaq sistemində yoluxucu xəstəliklərin yaranmasına  səbəb olduğunu vurğulayan həkim dəmir çatışmazlığının yaranma səbəblərindən də danışır:  “Körpələrdə dəmir defisitli anemiyanın əsas səbəbi hamiləlik dövründə anada dəmir çatışmazlığının olmasıdır. İlk növbədə isə ananın qida rassionunda, tərkibində kifayət qədər dəmir olmayan qidaların qəbul etməsidir. Bu halda ən çox körpələr əziyyət çəkir və süni südlə qidalanırlar. Dəmir defisitli anemiyanın digər səbəbi orqanizmin dəmirə olan ehtiyacının həddindən artıq olmasıdır: fizioloji çox olan dəmirin itirilməsi; mədə-bağırsaq xəstəliyi; anadangəlmə dəmir ehtiyatının çatışmazlığı; anadangəlmə bağırsaq anomaliyaları; dəmirin orqanizmə sovrulmasını ləngidən qidaların qəbulu. Uşaqları ilk yaşında dəmir çatışmazlığına gətirib çıxardan səbəblər qidalanmanın balanslaşdırılmaması,  ancaq südlə qidalanma, vegeterianlıq, kifayət qədər ət məhsulları qəbul etməməkdir. Həmçinin bağırsaq disbakteriozu normal həzmə mane olur və beləliklə də, orqanizmin dəmiri sorma qabiliyyəti aşağı düşür. Hər bir halda dəmir defisitli anemiyanın səbəbini öyrənmək son dərəcə əhəmiyyətlidir.”

Firuzə xanım dəmir defisitli anemiyanın əlamətlərindən də söhbət açır: “Anemiya eyni əlamətlərlə özünü göstərir. Ən əsas əlamətlərindən biri dəri və selikli qişaların solğun olması, başgicəllənmə, göz önündə qaraltıdır. Uşağın kaprizləri çoxalır, əzgin olur, arterial təzyiqi aşağı olur, çox tərləyir, iştahası olmur. Yuxusuzluq, qidalanmadan sonra qaytarma, görmə qabiliyyətinin aşağı düşməsi kimi hallar baş verir. Əzələ sistemində dəyişikliklər olur: uşaq fiziki güc tələb edən işləri çox çətinliklə dəf edir, zəifləyir, yorğun olur. Uşağın dərisi quru və cod olur. Anqulyar stomatit (ağzın kənarlarında yara) əmələ gəlir. Mədə-bağırsaq sistemində distrofik və atrofik proseslər gedir. Saçların ucları haçalanır və tökülür. Dırnaqlar sınır. Dişlər çürüyür. Uşaq fiziki və psixi inkişafdan geri qalır.

Xəstəliyin ağırlığından asılı olaraq orqan və sistemlərdə gedən dəyişiklər də özünü göstərir: ürək-damar sistemi – taxikardiya(ürək döyüntüsünün dəqiqədə 180-240 zərbə vurması ilə müşahidə olunur) – ürək xəstəliyi deyil, ürək xəstəliyini simptomu kimi qəbul edilir; sinir sistemi – baş ağrıları, başgicəllənmə, huşun itməsi. Ola bilsin ki, qaraciyər və dalağın ölçüsü də artsın. Mədə-bağırsaq sisteminə baxanda isə qidanı udmaq çətinləşir, köp olur, diareya (ishal) və qəbzlik halları baş verir, iştah dəyişilir – təbaşir, torpaq, kömür yemək istəyi yaranır.

Dəmir çatışmazlığının qarşısını almaq üçün ən mühüm amil balanslaşdırılmış qidalanmadır.

Dəmir sovrulmasının qarşısını atanninlər (çayın tərkibində olur), karbonatlar, oskalat, fosfat və digər turşular alır. Askorbin, limon, kəhrəba və alma turşusu, fruktoza, sistein, sorbital dəmirin sovrulmasını artırır.

Açıq havada gəzmək, yuxu rejiminin qaydaya salınması, əlverişli psixoloji iqlim, fiziki güc tələb edən işlərin azaldılması da əsas amillərdəndir. Uşağın qidalanmasında dəmirin çox olduğu məhsullardan istifadə mühümdür.

Ancaq bu tədbirlər kifayət deyil və dəmir defisitli anemiyanı sağaltmır. Ona görə dəmir prepartlarının qəbulu vacibdir.”

Firuzə xanım bu xəstəliklə bağlı “İndigo” Nərimanov bağçasında yaradılan şəraitdən də məlumat verir: “Biz də öz növbəmizdə bağçamızda düzgün tərtib olunmuş qida menyusu ilə dəmir defisitli anemiyanın qarşısını almağa çalışırıq. Bunun üçün də biz mütəmadi olaraq menyumuza ət və ət məhsulları(dəmirlə zəngin olan malın qaraciyərindən hazırlanan paştet), qarabaşaq yarması, qoyun əti, yumurta və süd məhsullarından hazırlanan yeməklər, vitaminlə zəngin olan tərəvəzlər, müxtəlif meyvələr eyni zamanda sitrus meyvələri ( naringi, feyxua və s.), həmçinin onlardan hazırlanan kompotlar daxil edirik. Bu meyvələr C vitamini ilə zəngindir. C vitamini olmadan dəmir sovrula bilməz. Həftədə bir neçə dəfə menyuya kompotlar daxil edirik.”

 

“Bağçada uşaqlara pantomima öyrədilir”

Teatr uşaqların dünya görüşünün formalaşmasında mühüm rol oynayır. Bakı şəhərində yerləşən  uşaq bağçasında bu amil nəzərə alınaraq uşaqlar üçün maraqlı pantomim tamaşalar təşkil edilir. Bağçanın pantomima müəllimi Rafiz Mehdizadə müsahibəsində deyir ki, uşaqlar belə tamaşalarda həvəslə çıxış edirlər. O, hazırlanan tamaşaların mövzusu barədə də məlumat verir:

“Mövzular müxtəlif olur, məsələn, bu yaxınlarda nənələr və babalar günü oldu və biz uşaqların nənə və babalarına münasibətləri haqqında nömrələr hazırladıq. Uşaqların bağça xatirəsindən də pantomima qurmuşduq. Uşaqların öz kövrəkliyi var, 5-6 yaşlı uşaqlardır və dərk edirlər ki, bağçadan gedirlər. Elə pantomimada da bu həzinlik əks olunmuşdu.”

Müəllim deyir ki, teatr uşaqların psixologiyasına müsbət təsir göstərir. Onun sözlərinə görə, hər bir uşağın oynadığı rola öz münasibəti, yanaşması olur. Pantomimaya üstünlük verilməsinin səbəbini belə açıqlayır:

“Biz onlara pantomima ilə yanaşı tamaşalar, video materiallar da göstərmişik. Amma pantomimanın onlardan fərqi budur ki, sözlə aldatmaq mümkündür, amma hərəkətlə yox. Məsələn,  əgər biz yalan danışırıqsa bu bizim bədənimizdə üzə çıxır. Azyaşlı uşaqların bədənlə ifadəsi daha rahatdır. Çünki onların çox söz ehtiyatları yoxdur. Pantomima vasitəsilə uşaq özünü ifadə edə bilir.”

Pantomimada ifadə vasitəsi söz yox, hərəkət olduğu üçün Rafiz müəllimdən uşaqların tamaşalarda çətinlik çəkib-çəkmədiklərini soruşuruq. Müəllim qeyd edir ki, obraz uşaqlara necə təqdim olunursa, onlar da rolu o dərəcədə mənimsəyir:

“Çətinlik çəkirlər, çünki məsələn, uşaq baba rolunu oynayırsa baba kimi gəzməli oturmalı, durmalı, baxmalıdır. Pantomima göstərmə sənətidir. Çünki biz onu sözlə ifadə etmirik, bunu bədənimizin plastikasında tapırıq. Uşaqlarla bir baxımdan çətin olur, bir baxımdan rahat. Çünki uşaqdan soruşduqda baba necə gəzir? Uşaqlar oynamağa həvəsli olduğuna görə rolu ifa edir və mən də onların baba xarakterindən çıxış edərək başlayıram o səhnəni qurmağa. Daha çox uşağı yükləməklə deyil, məhz uşaqdan çıxış edərək uşağı yönəldirik.”

Rafiz müəllim deyir ki, gələcəkdə yaxşı nəticə əldə etmək üçün uşaqlar üç-dörd yaşlarından pantomimlə məşğul olmalıdırlar.

“Daha çox 4-5 yaşlı uşaqlar daha yaxşı qavrayır. Amma bağçamızda 3-4 yaşlı uşaqlar vardır ki, onlarla sırf bu cür ağır proqlamlarla işləmirik. Onlara pantomimlə yemək yeməyi, harasa baxmağı, kiməsə salam verməyi öyrədirik. Onlara indidən bu cür gündəlik hərəkətləri öyrədirik ki, artıq 4-5 yaşlarında onlardan pantomim bir pyes üzrə işləyə bilək onlarla.”