Bağça uşaqları ağacların kəsilməsinin qarşısını alırlar

“İndigo” Nərimanov uşaq bağçasında ətraf mühiti qorumaq məqsədi ilə aksiya təşkil olunub. Aksiya çərçivəsində uşaqlar istifadə olunmuş kağızları toplayaraq, ASAN xidmətə təhvil verəcəklər. İkinci dəfə istehsal  ilə yeni kağızlar yaradılacaq. Daha sonra bu kağızları ASAN xidmət işçiləri istifadə edəcək. Beləliklə, bağça uşaqları ağacların kəsilməsinin qarşısını alırlar.

Mövzu ilə bağlı “İndigo” Nərimanov Uşaq Bağçasının meneceri Cəmilə Kərimova öz fikirlərini bölüşüb.

Menecer bildirir ki, uşaqların məktəbə hazırlıqlı olması onların inkişafından, ətraf mühiti necə görməyindən, eşitməyindən və qəbul etməyindən asılıdır. Bütün  bunlar onların mənitiqi təfəkkürünə təsir edir: “Bunun üçün müxtəlif metodlardan istifadə olunur: müşahidələr, təcrübələr, eksperimentlər. Müşahidədən sonra uşaqlara gördükləri obyektləri çəkmək tapşırılır. Burada yaddaş mühüm rol oynayır. Müşahidə uşaqlarda böyük maraq doğurur. Onlar suallara cavab tapmağa çalışırlar: “Ağacların tumurcuqları nə rəngdədir?, Nəyə görə biz ağac əkməliyik?, Ağaclar ekologiya ilə necə bağlıdır?”

maklatura

Bundan sonra uşaqlarda boyalarla çəkmək bacarığı inkişaf edir. Bütün bunlar uşaqlarda çalışqanlığı, məsuliyyəti formalaşdırır və məktəbə hazırlıq prosesi başlayır. Təbiəti müşahidə etmək üçün bizim bağçamızda ekoloji məkan yaradılıb. Burada uşaqlara təbiət sevgisi aşılanır, bayramlar keçirilir, müxtəlif  teatr tamaşaları səhnələşdirilir. Məsələn, teatr tamaşalarına Novruz bayramını misal gətirmək olar. Uşaqlar səmənini, isti ölkələrdən uçub gələn qaranquşları, yerə şüalarını saçan günəşi çəkirdilər. Onlara canlı olaraq qarışqa yuvalarını, həşərətları, ağaclardakı yuvaları göstərirdilər. Bütün bunlar uşaqlarla heyvanlar arasında yaxınlıq yaradır”.

Cəmilə xanım bildirir ki, bağçadakı təbiət guşələrində daha çox bitkilərə yer ayrılır: “Uşaqlar bağçadakı təbiət guşələrində  güllərə qulluq edirlər. Onlar hansı gülün kölgə yaxud işıq sevdiyini müşahidə edirlər. Qruplar arasında bitki əkmək üzrə eksperimentlər aparılır. Uşaqlarla birlikdə bitkilər əkirlər, toxum basdırırlar. Yuxarı qrupdakı uşaqlar təbiət haqqında biliklərə yiyələniblər və artıq məktəbdə keçirilən təbiətşünaslıq dərsinə hazırdılar”.

Övladınız sizin haqqınızda belə düşünür

Övladının yanlış seçim edəcəyindən narahat olan valideynlər əksər hallarda onların həyatına həddindən çox qarışır, uşaqların gələcəyini öz istəklərinə uyğun yönləndirməyə çalışırlar. Özlərinə haqq qazandırmaq üçün isə “Hər şeyi onun yaxşılığı üçün edirəm” deyirlər. Əziz valideynlər, bəs bu zaman övladınızın sizin haqqınızda nə düşündüyünü, onun gözündə necə obraz yaratdığınızı bilirsinizmi?

Belə etdiyiniz zaman övladınızın sizin haqqınızda nə fikirləşdiyini bilmək istəyirsinizsə, aşağıda yazılanları diqqətlə oxuyun.

1. Mənə güvənmir, buna görə də həddindən artıq qorumağa çalışır.
2. Onların qaydaları ilə yaşamağımızı istəyir, düşüncələrimizə sərhəd qoyurlar.
3. Bizi gələcəyimizlə bağlı vacib seçimlər edərkən də azad buraxmrılar.
4. Müəyyən müddətdən sonra dedikləri və etdikləri bir- birinə uyğun gəlmir. Etmə deyir, amma özü edir.
5. Keşmişdə arzulayıb edə bilmədiklərini bizim etməyimizi istəyirlər.
6. Əgər atasız ailənin tək oğlan uşağıyamsa, anam məni kiçik həyat yoldaşı olaraq görür, buna görə də o qədər məsuliyyətli olmağımı tələb edir.
7. Hər şeyi bizim adımızdan düşünüb, hazır həll yolunu qarşımıza qoyaraq bizi heç nə etməyə qoymurlar.
8. Bizə balıq tutmağı öyrətmək əvəzinə qarşımıza hazır balıq qoyurlar.
9. Sadəcə maddi ehtiyaclarımızı qarşılayaraq ana-atalıq vəzifələrini yerinə yetirdikərini düşünürlər.
10. Özləri valideynlərinin onları kifayət qədər əzizləmədiyini, qayğı göstərmədiyini deyirlər, amma bizə də kifayət qədər diqqət göstərmirlər.

Bu qədər, əziz valideynlər, əgər övladınızın sizin haqqınızda yuxarıda sadalananları düşünməyini istəmirsinizsə, ona rahat şəkildə öz fikirlərini ifadə edə biləcəyi şərait yaradın, danışdığı hər sözün sizin üçün əhəmiyyətli olduğunu hiss etdirin.

Azərbaycanda valideynlər üçün yeni jurnal çap olundu

Azərbaycanda valideynlər üçün yeni jurnal çap olundu“Education Management Network” şirkətinin təsisçiliyi, təhsil mütəxəssisi Rasif Dünyamalıyev və  uşaq bağçasının rəhbəri Samirə Muxtarovanın təşəbbüsü ilə, “Bağçam”  jurnalının ilk sayı işıq üzü görüb.

Azərbaycan dilində nəşr olunan və 44 səhifədən ibarət olan jurnalın baş redaktoru Samirə Muxtarova jurnalın əsas məqsədindən danışıb. Onun sözlərinə görə, jurnal valideynlərin maarifləndirilməsi və onlara məktəbəqədər təhsil müəssisələri ilə bağlı məlumatları çatdırmaq məqsədi ilə nəşr olunub.

“Bildiyiniz kimi, bagcam.az  saytımız var, və biz düşündük ki, “Bağçam” adında jurnal da nəşr edək. Biz maarifləndirmə təbliğatını əsas hədəf kimi götürmüşük. Məqsədimiz də odur ki, bu təbliğatı hər tərəfli- həm sayt, həm də bağçalar daxil olmaqla aparaq. Valideynlərlə mütəmadi görüşməkdən, uşaqları təhsilləndirməkdən əlavə, bunun bir jurnalı da olsun istədik”.

Valideynlər üçün nəzərdə tutulan bu jurnalda  “Sənət və Ailə”, “Təhsil”, “Məsləhət”, “İş və Ailə”, “Bilməli”, “Sağlam qida”, “Maraqlı”, “Sağlamlıq” və “Gülə-gülə” bölmələri yer alır. Eyni zamanda hər bölməyə aid uşaq inkişafı üzrə mütəxəssilər mütəmadi olaraq jurnalda öz rəyləri və məsləhətləri ilə çıxış edəcəklər. Jurnalın yazarları da, məhz uşaq inkişafı üzrə mütəxəssislər, psixoloqlar, psixoterapevtlər olacaq.

Samirə xanım deyir ki, əgər valideynləri narahat edən suallar varsa, jurnalın mütəxəssislərinə ünvanlaya bilərlər:

“Jurnalda davamlı olaraq mütəxəssislərin uşaq tərbiyəsi, təhsili ilə bağlı rəylərini də yerləşdirəcəyik. Uşaq sağlamlığında, qidalanmasında ən önəmli şeylər nədir, yəni daha çox bunları diqqətimizdə saxlıyacağıq. Hətta jurnalda valideynləri narahat edən suallarla mütəxəssislərə müraciət edə bilmələri üçün yer ayırmışıq. O bölmələrdə, mütəxəssislər onları cavablandıracaqlar. Bununla yanaşı, jurnalı daha da maraqlı etmək üçün müsahibələr yerləşdirməyə qərar vermişik. Bu müsahibələr “Sənət və Ailə” bölməsində yer alacaq. Müsahiblər isə, işində kifayət qədər uğur qazanmış insanlar olacaq. Onlar iş və ailənin bir arada necə idarə edilməsindən  danışacaqlar”.  

Redaktorun sözlərinə görə,  jurnalın nəşrində valideynlərin əməyi danılmazdır. Elə jurnalın ilk sayında valideynlərin maraqlı məqalələri  “Ana gündəliyi” rubrikasında dərc olunub. Eyni zamanda uşaqların da rolundan danışan Samirə xanım jurnalda yerləşdirilən şəkillərin “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarına aid olacağını xüsusilə vurğuladı:

“Bağçam” jurnalında heç bir internet şəklindən istifadə olunmayacaq. Elə öz bağçalarımızdakı uşaqların gözəl üzünü çəkib yerləşdirmək fikrindəyik. Həmçinin uşaqların danışdığı  maraqlı hadisələri gündəlik qeyd edib yerləşdirəcəyik. Bir də, ilk sayımızda iki valideynin məqaləsi də var. Uşağı ilə bağlı maraqlı fikirləri olan valideynlər müəyyən şeyləri paylaşmaq istəyirsə, onlar da yaza bilərlər”.

Jurnal sayəsində valideynlərin övladlarına qarşı daha da diqqətli olacağına, onlarla düzgün davranış qaydalarını öyrənəcəyinə inanan Samirə xanım hər kəsin bu jurnalı əldə edəcəyinə ümid edir. Çünki gələcəyi müsbət istiqamətdə dəyişmək arzusunda olan redaktor bunun məhz valideynlərin sayəsində mümkün olacağına inanır:

“Əslində gözləntim odur ki, ən azı bunun adını eşidən hər hansı bağça, valideyn və ya məktəb və məktəbəqədər uşağın anası jurnalı əldə etmək istəyəcək. Belə deyək, son dövrlər ölkəmizdə valideynlər o qədər telefona meyillənirlər ki, uşağın belə sualına cavab verməyə ərinirlər. Yaxud uşağın qarşısında  bir planşet açır deyir ki, bax başını qarışdır. Ümid edirəm ki, jurnal bu ölkəmizin analarını kitab oxumağa meyilləndirəcək. Eyni zamanda   inanıram ki, mənim oxucularım yenilikçi olacaq. Məhz onlar mənim kimi gələcəyi müsbət istiqamətdə dəyismək arzusunda insanlar olacaq. Bu arzu ancaq maariflənmə və təhsillə ola bilər. Yəni təhsilli olmaq üçün gərək ana, ata maariflənsin”.

Eyni zamanda Samirə xanım gələcək layihələrdən də söz açdı:

“Valideynlər klubu yaratmağı düşünürük. Belə ki, öz bağçamızın körpə uşaqları olub, onları böyüdən valideynləri narahat edən məsələlər ətrafında birləşən klub yaratmaq istəyirik. Başqa layihəmiz də var. Onu indi acıqlamağın tərəfdarı deyiləm, amma qarşıda çox maraqlı layihəmiz var”.

Onu da qeyd edək ki, “Bağçam” jurnalının satışı hələlik “İndigo” Nərimanov, “Baby Star” uşaq bağçalarının valideynləri üçün nəzərdə tutulub. Ancaq layihə çərçivəsində jurnalın bir hissəsi uşaq inkişafı ilə maraqlanan yerlərə paylanılacaq.

Uşaqların ingilis dilindən illik hesabatı

Aprel ayının 10-u  uşaq bağçasında ingilis dili həftəsinin yekun tədbiri keçirilib. Tədbirin məqsədi illik hesabat olaraq valideynlər qarşısında çıxış etmək idi.

Uşaqlar valideynlərin qarşısında ingilis dilində bacarıqlarını nümayiş etdiriblər. Tədbir zamanı onlar bir-birindən fərqli səhnəciklər göstərib, ingilis dilində şeirlər deyiblər. Valideynlər də öz növbəsində uşaqlarının bilik və bacarıqlarını izləyiblər.

Bağçada ingilis dilini tədris edən Arzu müəllimə uşaqların ingilis dilini maraqla öyrəndiklərini deyir:

«İngilis dili indiki zamanda vacib dillərdən biridir. Ümumiyyətlə hər kəs istəyər ingilis dili olsun, istər digər dillər olsun, bilməlidir. Uşaqlar ingilis dilini çox sevə-sevə dinləyir, öyrənirlər. Oyunlarda çox aktiv iştirak edirlər. Mən də əlimdən gələni etməyə çalışıram ki, uşaqların bu həvəsini daha da artırım ki, uşaqlar bu gündən sabaha daha da inkişaf eləsinlər”.

 

Bakıda uşaqlar kosmonavt oldu

Aprel ayının 10-da uşaq bağçasında “12 Aprel – Kosmonavtika Günü” ilə bağlı tədbir keçirilib. Tədbirdə uşaqlara qalaktikada neçə planetin olması, ilk dəfə kosmosa kimin uçması haqqında məlumat verilib. Daha sonra isə tədbirdə uşaqlar səhnəciklərlə çıxış ediblər. Çıxış edəcəkləri səhnələri özləri seçən uşaqlar, ilk olaraq “Sehirli xalat” filmini canlandırıblar. Digər qrup isə Yuri Qaqarinin Yerə qayıtması ilə bağlı olan səhnəcik ilə çıxış ediblər. Bu tədbir balacalarda kosmos, Yuri Qaqarinin kosmosa səyahəti, kosmosdakı həyatla bağlı təsəvvürlərin formalaşmasına kömək edib.

Həmin tədbirdən fotoları təqdim edir.

“Sehirli Xalat” filmindən səhnəciklər fotolarda:

1

Piyanerlər gələcəkdəki həmyaşıdları ilə görüşürlər.

2

Rəşid və Zərifə gələcəkdəki həmyaşıdlarından maraqlı kitab alırlar.

3

Gələcəkdəki uşaqlar onlara kitabın sirrini öyrədirlər.

4

Uşaqlar Rəşidin savadını elektron imtahançı ilə yoxlayırlar. aydın olur ki, o, Kimya və Fizikadan pis qiymət alıb.

5

Elektron imtahançının düz yoxsa səhv işlədiyini yoxlamaq üçün öz uşaqlarından birini əyləşdirirlər və onun düz işlədiyini sübut edirlər.

6

Daha sonra uşaqlar Kosmonavtika günü haqqında biliklərini bölüşürlər.

7Yuri Qaqarinin kosmosa səyahət edən ilk insan olduğunu da qeyd edirlər.

Yuri Qaqarinin Yer kürəsinə qayıtma səhnəciyi fotolarda:

9

Yer kürəsinə geri qayıdan kosmonavtlar birlikdə olduqlarını göstərirlər.

10

Onlar Yer kürəsində yaşayan dostlarını salamlayırlar.

12

Dostları kosmonavtlara kosmos, orada baş verənlər haqqında maraqlı suallar verirlər.

15

Kosmonavtlar kosmodakı həyatdan danışırlar.

16

Onlar kosmosda necə vaxt keçirtdiklərini dostları ilə bölüşürlər.

18

Kosmosda necə qidalandıqlarını göstərirlər.

14 Kosmosda baş verənləri onlarla bölüşdükləri üçün, dostları kosmonavtlara təşəkkür edirlər.

20 Gənc kosmonavtların sağollaşması ilə səhnəcik başa çatır.

Rusiyalı aktyorlar bağçada çıxış ediblər

Aprel ayının 6-sı uşaq bağçasında “Ежики” teatrının aktyorları çıxış ediblər. Tamaşanı bir çox beynəlxalq və Rusiya daxili teatr festivallarının diplomantları və laureatları, Rusiya Federasiyasının xalq artistləri  Yaroslav Yuzenyuk və Danil Morozov həyata keçiriblər.

Bağçanın pantomima müəllimi Rafiz Mehdizadə tamaşa haqqında təssüratlarını bölüşüb:

“Tamaşa Azərbaycan teatr tamaşası deyildi. Xarici teatr tamaşasıydı və köhnə rus-SSRİ estetikası varıydı. Və bizim özümüz də indi çalışırıq ki, uşaqlara o halı  köçürə bilək ki, o dövrün tamaşası çox teatral və daha çox kövrək idi. Bugünkü kukla tamaşası da o cür idi və uşaqlar müsbət enerji keçirirdi və daha çox şeylər öyrədirdi. Çalışırıq ki, bundan sonra daha çox belə tamaşalar görsünlər çünki indiki zamanda bu cür ənənəvi tamaşalar çox azdır. Ona görə bu cür tamaşanın bağça dövründən uşaqlara göstərəndə böyüdükdən sonra özü öz yerini tutur və onların xatirəsində çox gözəl qalır. Və bu cür tamaşalar uşaqları daha çox  formalaşdırır. Hiss baxımından, enerji baxımından, dünya görüşü baxımından ki, olar daha çox inkişaf edirlər və daha çox təxəyyülləri artır.”

Balacaların Novruz şənliyi

Gəlişi ilə daha çox uşaqları sevindirən bayramlardan biri də Novruzdur. Bu bayramda həyata keçirilən maraqlı adətlər uşaqların sevincinə səbəb olur. Məhz buna görə hər zaman balacaları əyləndirməyə, onların dünya görüşünü artırmağa çalışan  uşaq bağçası valideynlərin iştirakı ilə martın 19-u Novruz şənliyi təşkil edib.

 

Novruzun sevimli qəhrəmanları olan Keçəl, Kosa və Bahar qızını balacalar böyük məharətlə canlandıraraq müxtəlif səhnəciklər göstərdilər. Eyni zamanda uşaqlar rəqs bacarıqlarını da nümayiş etdirdilər. Novruzun maraqlı adətlərindən olan papaq atmaq və yumurta döyüşdürmək uşaqların bayram əhvalını  daha da artırdı. Hər qrup müəlliməsi ilə birgə hazırladığı maraqlı xonçaları nümayiş etdirərək yarış keçirtdilər. Ən yaxşı xonçanı seçmək isə valideynlərə həvalə olundu. Birinciliyi “Zayçik” qrupunun xonçası qazandı. Şənlikdən sonra valideynlər xoş təəssüratlarını bölüşdülər.

Uşaq bağçasında Novruz ab-havası

Uşaqların sərbrsizliklə gözlədiyi bayramlardan biri də Novruzdur. Məhz bu bayramda icra  olunan maraqlı adətlər uşaqların sevincinə və əylənməsinə səbəb olur.

Buna görə də hər zaman uşaqları sevindirməyə, onların asudə vaxtlarını səmərəli keçirtməyə çalışan uşaq bağçası martın 17-si Novruzun son çərşənbəsində bayram şənliyi təşkil edib. Milli adət-ənənələr əsasında təşkil olunan bayramda balacalar həm rəqs edib, həm də müxtəlif səhnələr göstəriblər. Onlar bayrama qonaq gələn Bahar qızına bacarıqlarını, Novruzla bağlı biliklərini göstərməyə tələsirdilər. Kosa və Keçəli canlandıran balacalar isə tədbirə əsl bayram abu-havası qatdılar. Bu bayramda uşaqlar şənlənməklə yanaşı Novruz adətləri ilə yaxından tanış oldular. Eyni zamanda onlar Novruzda ən sevdikləri bayram adətlərini – papaq atmağı, tonqaldan tullanmağı da unutmadılar. Balacalar bağçanın aşbazı Leyla xanıma Novruzun əvəzolunmaz şirniyyatları olan şəkərbura və paxlavanı bişirməkdə kömək etdilər.

“Təhsil Müəssisələrində Uşaq İnkişafının qiymətləndirilməsi” mövzusunda seminar keçirilib

“Education Management Network” şirkəti, Azərbaycan Təhsil Cəmiyyəti və www.bagcam.az təhsil portalının təşkilatçılığı ilə  təhsil müəssisələri üçün silsilə seminarlar keçirilməsinə başlanılmışdır. Növbəti seminar 04 mart 2015-ci il tarixində “Fabrika Coworking Center”də Uşaq İnkişafı Mütəxəssisi Anar Xələfovun təqdimatında “Təhsil Müəssisələrində Uşaq İnkişafının qiymətləndirilməsi” mövzusunda olmuşdur.

Seminardan fotoları sizə təqdim edirik: