“Uşaq yaşlarında şahmat əyləncəli xarakter daşıyır”

“Uşaq yaşlarında şahmat əyləncəli xarakter daşıyır”Bağçalarda şahmat məşğələlərinin tədrisi ilə bağlı fikirlərini “Baby Star” uşaq bağçasının birinci dərəcəli məşqçi müəllimi Nigar Hüseynova bölüşüb.

“Uşaqların şahmatı daha rahat qavraması üçün hansı üsullardan istifadə olunur?”

  • Ümumiyyətlə, şahmatı 3 yaşından tədris etmək mümkündür. Sadəcə olaraq bu uşağın daxili imkanlarından asılıdır. Buna baxmayaraq tədrisin öz metodları var. Bu metodlar təbii ki, yaş quruplarından asılıdır.Yəni böyük yaş quruplarında bu sırf şahmat haqqında, taxta haqqında anlayışlar, lövhə üzərində fiqurların yerləşməsi, onların gedişləri öyrənilir. Amma kiçik yaş qurupunda bu əyləncəli xarakter daşıyır. Məsələn müxtəlif fiqurların şəkillərin çəkilməsi, müxtəlif rəngləmə prosesləri və.s. Biz kiçik yaş quruplarında uşaqların iştirakı ilə müxtəlif rəngli kağızlardan şahmat taxtası hazırlayırıq.  Müəyyən müddətdən sonra uşaqlar artıq buna ciddi bir idman növü kimi yanaşırlar.

Şahmat məşğələlərinin uşağın inkişafında hansı rolu var?

  • Şahmat özü nəyinki uşaqda, hətta böyüklərdə də, hər iki yarımkürənin eyni vaxtda işləməsinə təsir göstərir. Bu həm diqqəti formalaşdırır, həm foto yaddaşı gücləndirir, həm də eyni vaxtda sol və sağ yarımkürə vəhdət təşkil edir. Təbii ki, bu da həm məntiqi təfəkkürü formalaşdırır, həm də ki, uşağın daha yaradıcı qabiliyyətə malik olmasını yaradır.

Azyaşlı uşaqlar şahmatı necə qavrayırlar?

  • Azyaşlı uşaqlarda dərs müddətinin vaxtı da uzun deyil. Çünki azyaşlı uşaq 15 və 20 dəqiqədən artıq informasiya qəbul edə bilmir. Bəzən özləri fiqur yerində iştirak edirlər. Biz onlara müxtəlif fiqur geyimləri geyindiririk, iştirak edirlər, yavaş yavaş onu mənimsəyirlər.

Uşaqlar bağçada günün hansı vaxtlarında şahmatla məşğul olurlar?

  • Mən tərəftarıyam günün 1-ci yarısında məşğul olsunlar. Çünki uşaq daha ayıq olur. Yenə də fərq etməz. Uşaq dincələrkən, yatıb durandan sonra məşğul olmaq olar. Bu, qrupun xüsusiyyətlərindən asılıdır.

Bağçalararası şahmat yarışı keçirilirmi?

  • Hər 2-3 aydan bir, yekun tədbirlər keçiririk. Uşaqların cavablarını, test yazılarını qiymətləndiririk. Məsələn, uşaq fiqurların gedişlərini başa düşməyibsə, ona uyğun məsələlər hazırlayırıq. Onlar müəyyən müddət ərzində onu həll edirlər. Yekun olaraq uşaqlar bir- birinin arasında yarışırlar. Amma daha böyük qruplar artıq gedişləri bilirlər, professional səviyyədə şahmat oynamağı bacarırlar.Onlar arasında da, yarışlar keçiririk. Mükafatlanma, dərəcə vermə də buna daxildir.

Uşağın şahmatı yaxşı öyrənməsində valideynlərin rolu nə dərəcədədir?

  • Müəllim və valideyn birgə işləməlidirlər. Biz nəyi tədris ediriksə, ona uyğun ev tapşırıqları da veririk. Valideyn övladı ilə maraqlanmalıdır. Ona şahmat taxtası almalıdır ki, uşaq da evdə düzsün. Yarım saat- 40 dəqiqə dərs müddətində uşaqların hamısı birdən iştirak edir. Onlardan hər hansı biri mənim tədris etdiyim materialı başa düşməyə bilər. Onda valideyn bizə müraciət edir, biz də həmin uşaqla əlavə məşğul oluduq.

“Musiqi uşaqların inkişafına da təsir edir”

“Musiqi uşaqların inkişafına da təsir edir”“Estetik tərbiyənin ən təsirli vasitələrindən biri də musiqidir. Musiqi uşaqlarda müxtəlif hisslər oyadır. Bu hisslər sevinc də olur, qəm -qüssə də.  Musiqinin uşaqlara  tək mənəvi yox, həm də fiziki təsiri olur.”

Bu sözləri  uşaq bağçasının  musiqi rəhbəri Abdullayeva Esmira musiqinin uşağa təsirindən  danışarkən  deyib.

O bildirir ki, uşaqlar mahnı oxuyarkən nəfəs alması normallaşır: “Həm də nəfəs alma imkanları genişlənir, səs telləri möhkəmlənir.  Sonra məsələn, marş sədaları altında uşaqlar yeriyir , bu zaman biz onların mütləq qamətinə fikir veririk. Uşaqların qaməti dəyişir, onlar daha düz gəzə bilirlər.”

Esmira xanım “İnci” uşaq bağçasındakı musiqi dərslərindən də məlumat verir:

“Musiqi proqramında hər yaş qrupuna aid  musiqi materialımız var. 2-3 yaşından başlayaraq 5-6 yaşa qədər.  Musiqinin köməyi ilə uşaqların ətraf mühitə də  münasibəti dəyişir. Vətənə, insanlara məhəbbət hissi daha da artır.  Dinləmə zamanı müxtəlif musiqilər səsləndiririk.  Çalışırıq ki, uşaqlara dünya musiqilərini dinlədək və onlarda bəstəkarlar haqqında təsəvvür formalaşdıraq.

Uşaqlara musiqini səhər dinlədirik. Hər gün bizdə mütləq 9-un yarısı  canlı musiqi sədaları altında səhər idmanı olur.  Uşaqlar himni oxuyur, ardınca isə səhər idmanı edirik. Yeməkdən sonra isə  musiqi məşğələləri başlayır.”

Musiqi rəhbəri uşaqların musiqiyə marağından da söhbət açır:

“Ümumiyyətlə uşaqların musiqiyə marağı tamam başqadır. Biz də çalışırıq ki, onlar dincəlsinlər. Həm zövq alsınlar, həm də dincəlsinlər. Müxtəlif oyunlar keçiririk. Uşaqlar hərəkətli oyunları çox sevirlər. Dərsin sonunda mütləq hərəkətli oyunlar olur. Uşaqlar çox böyük zövq alır.”

“Tərbiyəçi təkmilləşdirmə” proqramının icrasına başlanılıb

sekil1Məktəbəqədər təhsil müəssisələrində keyfiyyətin artırılmasının əsas faktorlarından biri də pedaqoji heyətin bacarıq və səriştəsinin artırılmasıdır. Müasir məktəbəqədər təhsil standartlarına əsasən pedaqoji heyət daha çox uşaq inkişaf mütəxəssisi bacarıqlarına sahib olmalıdır. Bu onların uşaqların ehtiyaclarını doğru şəkildə qiymətləndirmələrinə və bu ehtiyacların təmin olunması üçün valideyn, bağça və uşaq tandeminin yaradılması vasitəsilə həll olunmasını planlaşdırır.

“Education Management Network” Şirkəti məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərdə uşaq inkişafı mütəxəssisi bacarıqlarının formalaşdırılması məqsədilə “Tərbiyəçi təkmilləşdirmə” Proqramının icrasına başlayıb. Proqram çərçivəsində şirkətin Uşaq İnkişafı üzrə mütəxəssisi Anar Xələfov tərəfindən Uşaq İnkişafı üzrə təlimlər həyata keçirilir. Proqram hazırda “İnci” uşaq bağçası, “İndigo” Nərimanov uşaq bağçası və “BabyStar” uşaq bağçasının pedaqoji heyəti üçün tətbiq edilir. Təlimlər ilə bağlı şirkətin mütəxəssisi Anar Xələfovun verdiyi məlumata görə, təlim məktəbəqədər yaşlı, tipik və Xüsusi Təhsilə ehtiyacı olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olan, bağçaların işçi heyəti üçün təşkil olunub. Həmçinin övladının ehtiyaclarını dərk etmək və ehtiyaclarını təmin etmək istəyən valideynlər də iştirak edə bilər.

Mütəxəssis eyni zamanda iştirakçıların təlimin sonunda hansı bilik və bacarıqlara yiyələnəciklərindən də danışıb:

“Təlim hər biri 3 saat əhatə etməklə 15 sessiyadan ibarətdir. Təlim sessiyaları 4 moduldan ibarətdir

Modul 1.  Uşağın İnkişafını və buna təsir edən amillərin müəyyənləşdirilməsi.

Modul 2.  Uşağın inkişafını dəstəkləyici mühitin yaradılması

Modul 3.  Uşağın gün rejiminin, gündəlik işlərin və keçidlərin planlaşdırılması

Modul 4.  Məşğələlərin planlaşdırılmasında uşağın inkişafının nəzərə alınması.

Uşağın inkişafına təsir edən amillərin müəyyən edilməsi və bu amillərin uşağın fərdiyyətinə təsirin dərk edilməsi.

Uşaqların (əlilliyi olan uşaqlarda daxil olmaqla) fərdi xüsusiyyətlərinin müəyənləşdirilməsi;

Uşaqların dörd istiqamətdə (sosial, emosional, koqnitiv və fiziki) inkişaflarının planlaşdırılması və planın icra edilməsi.

Uşaqların inkişafının planlaşdırılmasında və onlarla qarşılıqlı münasibətdə uşaq inkişafı prinsiplərinə riayət edilməsi;

Uşaqların inkişafının üçün planlaşdırılan strategiyanın effektivliyinin yoxlanması və inkişaf edilməsi

Valideyinlərin uşaqların inkişafı prosesində ən mühüm yer tutduqları üçün onların öz uşaqlarının inkişafı ilə evdə məşğul olmaları üçün himayədarlarla paylanan bilik və bacarıqlar.”

Təlimin əsas məqsədindən danışan Anar Xələfov sonda – “Müasir bağçalardan tələb sadəcə uşaqların keyfiyyətli qida ilə təmin edilməsi və rahat, isti otaqlarda saxlanması ilə yekunlaşmır. Məktəbəqədər yaşlı uşaqlarla işləyən pedaqoji kollektivdən uşaqların temperamenti, inkişaf özəllikləri kimi fərdi xüsusiyyətləri, onların ətraf mühiti barəsində ətraflı məlumatı öyrənmək, təhlil etmək və onların inkişafını planlaşdırma bacarıqları valideynlərin və bağça müdiriyyətinin əsas gözləntiləridir. Bu səbəbdən dövrün tələblərinə cavab vermək istəyən bağçalar və inkişaf mərkəzləri öz pedaqoji kollektivinin bacarıqlarının artırılması istiqamətində işlər aparır.” – sözlərini də əlavə edib.

“Uşaqların təhlükəsizliyi hər şeydən önəmlidir”

rasif_dunyamaliyev“Uşaqların təhlükəsiz qidalanması hər bir təhsil müəssisəsinin rəhbərinin və işçilərinin əsas vəzifələrindən ən öndə duranıdır. “

Bu sözləri, bağçalarda uşaqların təhlükəsiz qidalanması ilə bağlı öz fikirlərini bildirən “Baby Star” Uşaq Bağçası və “İndigo” Nərimanov Uşaq Bağçasının layihə rəhbəri və “Education Management Network” Şirkətinin direktoru Rasif Dünyamalıyev deyib.

O, eyni zamanda bu məsələ ilə bağlı dövlətin nəzarət funksiyasının vacibliyinin də önəmli olduğunu qeyd edib: “Bu gün dövlətimizin inkişafı nəticəsində müxtəlif sahələr üzrə standartlar hazırlanmış və icra orqanları tərəfindən həyata keçirilməkdədir. Bu standartlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilətəsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat ilə bağlı normativlər”dir. Nazirlər kabinetinin bu normativlərinin “Qidalanmanın təşkilinə dair tələblər” bölməsində qidalanmanın təşkili, hazırlanması, verilməsi, qidalanma standartları aydın şəkildə göstərilmişdir. Bu normativin 2.4.5 maddəsinə əsasən aşağıdakılar qadağandır:

  • çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd;
  • termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama;
  • təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq;
  • ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək
  • balığından farşmak, üzərinə şirə tökülmüş yeməklər (ət və balıqdan);
  • termiki emala məruz qalmayan içkilər və morslar, kvas;
  • göbələklər;
  • kremli pirojnalar və tortlar;
  • çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər;
  • xəmiri acıdan naməlum tərkibli tozlar.

Gördüyümüz kimi normativlərdə istifadəsi qadağan olunmasına baxmayaraq hazırda istənilən bufetdə bunları tapmaq mümkündür. Düşünürəm ki, təhsil müəssisələrində qidalanmanın səviyyəsini və təhlükəsizliyini təmin etmək üçün, bu sahəni özəl müəssisələrə tapşırmaq və nəzarəti (ictimai və dövlət) artırmaq lazımdır. Bu sahədə özəl müəssisələrin seçilməsi zamanı isə əsas tələblərdən biri həmin müəssisənin ştatında sağlam qidalanma mütəxəssisinin, mətbəx nəzarəti kordinatorunun, qida mühəndisinin və pediatrın olmasıdır.

Sonda isə Amerika Pediatrlar Akademiyasının açıqladığı uşaqlar üçün təhlükəli qidaları da sizə təqdim edirəm:

  1. Sosiska və kolbasa
  2. Fıstıq
  3. Göyərti
  4. Kofe
  5. Göbələk
  6. Kartof qızartması
  7. Qamburqer
  8. Spirtli içkilər
  9. Üzüm
  10. Şokolad
  11. Çips
  12. Dondurma
  13. Qazlı içkilər
  14. Xəmir xörəkləri
  15. Dondurulmuş qidalar
  16. Hazır suplar və yeməklər
  17. Yağlı pendir
  18. Mayonezli qidalar
  19. Makaron
  20. Tort
  21. Popkorn
  22. Rəngli şirnilər
  23. Çiy yumurta

Uşaqlarımızın Təhlükəsizliyi Hər Şeydən Önəmlidir! “

Tədrisdə məşğələlər və mövzular arasında inteqrasiya: LapBook

Tədrisdə məşğələlər və mövzular arasında inteqrasiya LapBookTədrisdə məşğələlər və mövzular arasında inteqrasiya: LapBook

Uşaqların sevimli “oyuncaq”larından biri də kitablardır. LapBook isə uşaqlar tərəfindən yaradılan kitabdır. Uşaqları ətraf aləmlə tanış etmək, onlara ilkin bilikləri ötürmək üçün elə uşaqların özlərinin iştirakı ilə kitab hazırlanır. Bunun üçün rəngli kağızlar, rəngli qələmlər, müxtəlif şəkillər və yaradıcılıq lazımdır. Məsələn, Siz övladınıza fəsilləri öyrətmək istəyirsinizsə, fəsillərin adını rəngli kağıza, rəngli qələmlərlə yaza bilərsiz. Sonra adların yanına hər fəsilə uyğun hava şəraiti haqqında şəkil yapışdıra, bu fəslin xüsusiyyətləri barədə bir neçə cümlə əlavə edə bilərsiniz.

“İndigo” Nərimanov Uşaq Bağçasının meneceri Cəmilə Kərimova LB haqqında daha ətraflı məlumat verib.

LB (LapBook) harada və nə üçün yaradılıb?

  • LB assosiativ yaddaş və düşüncənin – intelektual xəritənin (mind maping) inkişafı üçün yaradılıb. İntelektual inkişaf sahəsində ilk LB sxemini amerikalı alim Toni Byuzen təqdim edib. Assosiativ düşüncə tərzi uşağa öz beynində dünyanı xırda fraqmentlərlə deyil, bütöv canladırmağa imkan yaradır. LB-nin sayəsində uşağın söz ehtiyatı zənginləşir və onu əhatə edən dünya haqqında daha çox məlumatlı olur.

LB üzrə dərslərə hansı yaşdan başlamaq lazımdır?

  • LB üzrə dərslərə 2,5-3 yaşından başlamaq olar. Əvvəlcə uşağa aydın və asan başa düşülən mövzular keçilməlidir, məsələn, yeməklər, meyvələr, oyuncaqlar, bədən hissələri və s. Tədricən LB mövzularını bir qədər çətinləşdirmək olar. Əgər 2,5-3 yaşında bədən hissələrinin adları öyrədilirdisə, artıq yuxarı yaşlarda orqanların funksiyası haqqında mövzular tərtib etmək olar.

LB ilə necə məşğul olmaq lazımdır?

  • Dərhal LB-ni doldurmağa çalışmaq lazım deyil. Uşaqla məşğuliyyəti ona darıxdırıcı olmağa başlamadan bir neçə dəqiqə əvvəl bitirmək lazımdır. Hətta siz 5 dəqiqə məşğul olsanız da – bu artıq çoxdur. Az olsun amma əsas odur ki, uşağa maraqlı olsun. Əsəs odur ki, o dəqiqələr uşaqda xoş təəssüratlar buraxsın. Onda uşaq səhəri gün yenə məşğul olmaq istəyəcək. Ümumiyyətlə, bütün bunlar uşağın beynində sevinclə həkk olunmalıdır, onda uşaqlıq illəri də şirin keçəcək. Uşaqla şəkillər vasitəsilə məşğul olun. Yeni hekaylər yaradın, heyvanların yaxud başqa personajların adından danışın. Bütün bunlar LB-yə aid olan mövzuların işıqlandırılması üçün olmalıdır. Fantaziyanızı işlədin! Hər şeyi zövqlə edin!

LB-ni necə düzəltmək olar?

  • Qovluq üçün istənilən mövzunu seçmək olar. Elə onun çətinliyini də. Öz təcrübəmə əsasən deyə bilərəm ki, ən yaxşı lapbook (LB) ümumi yox, xüsusi mövzulardan alınır. Məsələn, “Həşəratlar” mövzusuna ümumi LB yarada bilərsiniz. Amma çətin ki, siz onu tam əhatə edə biləsiniz. Sizin kitabçanız sadəcə hamıya məlum olan faktlarla dolu olacaq. Bu lap kiçik uşaqlar üçün daha çox uyğun gəlir. Çünki hətta bu faktlar da onlar üçün yenidir. Ancaq böyük yaşda uşaqlar üçün (əslində elə tam LB ilə məşğul olmaq 5 yaşından mümkündür) bu faktlar faydalı olmayacaq. Ancaq əgər hər hansısa konkret bir həşərat haqqında lepbukda ətraflı məlumat versəniz bu daha faydalı olacaq.

Mövzuları seçdikdən sonra kağız və qələm götürüb planı yazmaq lazımdır. Axı LB-sadəcə şəkilli kitab deyil. Eyni zamanda tədris vəsaitidir. Ona görə də siz bilməlisiniz ki, mövzunu tam açmaq üçün nələri daxil etmək lazımdır. Bunun üçün də sizə plan lazımdır.

Məsələn, bu mənim “Göbələklər” haqqında LB üçün olan planımdır:

  1. Göbələk nədir?
  2. Göbələyə harada rast gəlmək olar?
  3. Göbələyi harada və necə istifadə etmək lazımdır?
  4. Göbələk çəkməyi öyrənmək.
  5. Göbələkləri toplayıb və çıxmaq olar (riyaziyyat).
  6. Göbələk sözündə 3 sait və 4 samit səs var. 3 hecalıdır (fonetika).
  7. Nitqin inkişafı üçün – atalar sözləri.
  8. Göbələkləri kim yığır?
  9. Göbələklərin quruluşu.
  10. Göbələklər və xarici dildə əsas anlayışlar (ingilis dili)

LB-by-SD

Maket

Növbəti mərhələ ən maraqlısıdır. İndi fikirləşmək lazımdır ki, LB-də planın hər maddəsi necə təqdim olunsun. Yəni maketi çəkməkdən söhbət gedir. Burada fantaziya üçün sərhəd yoxdur: təqdimatlar istənilən cür ola bilər. Ən sadədən (mətn) tutmuş, oyunlara və digər tapşırıqlara kimi. Və bütün bunları müxtəlif elementlərdə yerləşdirmək: cibdə, dəftərçədə, kitabçada, qeyd kağızında, qarmon kimi kitabçada, müxtəlif formalı vərəqlərdə və s. Sonra bütün bunları mən A4 vərəqində çəkirəm. Çünki  bu elementləri yerləşdirmək üçün rahat üsuldur.

Sonda onu qeyd etmək lazımdır ki, bu alət tədrisin inteqrasiyası üçün əvəzolunmazdır. Kurrikulumun əsas problemlərindən bir kimi müəllimlərimizi narahat edən inteqrasiyanı LB vasitəsilə asanlıqla həll etmək mümkündür. Bu alət “İndigo” Nərimanov Uşaq Bağçasında bu ildən tətbiq edilən Zəka İnkişaf Proqramının tərkib hissəsidir. Belə ki, bu alət uşaqların mövzulara müxtəlif zəka istiqamətləri üzrə yanaşmasını təmin edir.

 

 

“Uşaqlar arasında rəqabəti bəzən valideynlər yaradır”

Sibling-Rivalry“Ailədə böyüklərin, əsasən də valideynlərin münasibətləri uşaqların xarakterlərinin və dünyagörüşlərinin formalaşmasında  əsas yerlərdən birini tutur. Ailə daxili psixoloji mühit – uşağa təsir edən əsas emosional faktordur. Bu mühit uşağın ətraf aləmdə mövqeyini, onun müsbət və mənfi xüsusiyyətlərini müəyyən edir. Uşaqlar ailə daxili münasibətlərini ən çox öz çəkdikləri və ya gördükləri şəkillərdə və oyunlarında təzahür etdirirlər”.

Bu fikirləri uşaq bağçasının meneceri, uşaq psixiatrı Vəfa Şirinova bildirib.

Menecer qeyd edib ki, bəzən valideynlər uşaqlarından onların öz xəyallarını gerçəkləşdirməsini istəyirlər: “Məsələn: Mənim oğlum gərək hər kəsə nümunə olsun, qızım  müəllim və ya həkim olmalıdır və s. Bununla da valideynlər uşaqlarının çiyinlərinə  daha çox məsuliyyət qoymuş olurlar. Uşaqların və valideynlərin münasibətlərini S.Nyuberq maraqlı tədqiqat apararaq bir neçə növ yanaşma müəyyən edib:

  1. Eqoistik yanaşma. Valideyn bütün istəklərini övladı vasitəsilə həyata keçirir.
  2. Şərti yanaşma. Adət – ənənələri qoruyaraq uşağa yanaşma tərzi. Böyüklərin yanında “uşağım” deyərkən üzr istəmək, nənə, baba istəklərini önə çəkmək. Uşağa sərbəst düşünməyə deyil, ancaq məsləhətlə addımlamağa icazə vermək.
  3. Subyektiv-individual yanaşma. Valideyn uşağını unikal görür. Valideyn uşağının istəklərini ön plana çəkərək, yerinə yetirmək üçün özünü çətinliklərə salır.
  4. Qarşılıqlı yanaşma. Valideyn öz və uşaqların istəklərinə qarşılıqlı yanaşaraq hər iki tərəfin mövqeyini  tarazlıqda saxlaya bilir.

Digər maraqlı tədqiqatı D.Baumrind apararaq müəyyən etdi ki, valideynlərin ailədə münasibətlərindən asılı olaraq uşaqların xarakterləri formalaşır. Məsələn: Avtoritar münasibətli valideynlərin uşaqları  özünə güvəni zəif, az ünsiyyətcil, digərlərinə inamsızlığı ilə seçilən xarakterli olurlar. Hər şeyə göz yuman valideynlərin passiv, səbrsiz və pessimistik baxışlı, demokratik yanaşma tərzi saxlayan valideynlərin sərbəst, özgüvənli, təmkinli övladları olur”.

Vəfa xanım bildirib ki, ailə münasibətlərinin düzgün formalaşmasında uşağı vacib tutaraq hər zaman onunla müzakirələr aparmaq, fikirlərinin sərbəst bölüşməsinə zəmin yaratmaq lazımdır: “Uşaq şəkil çəkmişsə dərhal “nə gözəldir, əzizim” deyib yola salmaq əvəzinə” nə maraqlı rənglərdir, niyə bunları seçdin, və s. kimi suallarla daxilini, maraqlarını eşidin. Ailədə uşaqların əlaqələri haqqında, onlar ən yaxşı dost və əbədi rəqiblərdir deməklə, yanılmadığımı düşünürəm. Bütün valideynlər arzu edirlər ki, uşaqları heç zaman savaşmasınlar və bir-birinə həyatda  dəstək olsunlar. Bütün uşaqlar öz növbəsində qardaşı və ya bacısı onunla həmrəy və ən sadiq dost olmasını istəyir.  Lakin, ailə daxilində mübahisələrin olması, valideynlərin bəzən ayrı seçkiliyi, qısqanclıq, onların arasında rəqabətə zəmin verir. Bütün uşaqlar – mahir “manipulyatorlar”dır. Təbii müşahidə nəticəsində onlar tez öz məqsədləri üçün (valideynin sevgisini qazanmaq) doğru məlumatlardan istifadəyə  başlayırlar. Bu mənada böyük uşağın daha sərfəli şərtlərləri var. Çünki, o valideynləri ilə “tanışlıq” üçün daha çox zamanı olub. İkinci körpə üçün vəziyyət daha mürəkkəbdir. Və eyni bir senari əsasında öz valideynlərinin sevgisini qazanmaq üçün böyük övladın etdiklərini təkrar edir və “kölgə”si olur. Bu zaman rəqabət, dava-dalaş, hətta, açıq düşmənçilik qaçılmazdır. Bəzən  uşaqlar (bir çox hallarda kiçiklər) mübarizədən  çəkinirlər. Bu zaman başqalarının  onlara  dəyər vermələrini  və sevgi hissi qazanmaq istəyindən imtina edir və ya özlərinə inamsızlıq yaranır. Belə bir vəziyyətdə valideynlər üçün onların şəxsiyyət təzahürlərinə diqqətlə və böyük anlayışla yanaşımaları çox vacibdir. Əgər böyük uşaq məktəbdə, musiqidə, rəqsdə müvəffəqiyyət qazanmışsa, bu digər uşaq üçün bir nümunə kimi hər zaman deyilməməlidir. Məsələn, eyni dərnəklərə uşaqları yazdırarkən düşünülməlidir. Uşaqların məşğulluğunu fərqli etmək daha yaxşıdır. Sonra onlar müxtəlif sahələrdə uğurlar əldə edərək, hər biri öz nailiyyətləri ilə valideynlərinə öyünə bilərlər .

Uşaqlar arasında əlaqələrin inkişafı  onların arasında yaş fərqindən  də asılıdır. Psixoloqlar belə bir model ortaya qoyublar “az  il, çox rəqabət”. Bir yaşlı uşaq artıq yaş  fərqi 4 il və ya daha çox, olan bir uşaq üçün rəqib deyil. Onda onların rəqabəti minimuma azaldıla bilər.  Maraqlıdır ki, böyük qardaş və ya bacı bəzən valideynlərdən daha “avtoritar” mövqedə olur. Bu təəccüblü deyil, axı, bəzən valideynlər bəzi məsələlərdə daha səriştəsizdirlər (cizgi filmi qəhrəmanı adları, kompüter oyunu) və ya tez-tez uşaqlarını qorumaq naminə qadağalar qoyurlar.  Maraqlıdır ki, rəqabət əlaqələri tez-tez valideynlər  tərəfindən dəstəklənir. Kimi ilk baxışda sadə hesabatlarla başlayıb (bacın səndən daha gözəl oxudu, qardaşın səndən daha tez topladı) uşaqlar arasında müqayisələr edərək özləri həyatı boyu övladlarının rəqabətli böyümələrinə səbəb olurlar. Bəzən valideynlər özlərinin rahatlığı səbəbilə (zaman, məsafə, dərslərlə məşğulluq baxımından) onları eyni dərnəklərdən daha böyük səhv edərək, yaşları arasında fərq olsa da eyni sinifə qoyurlar. Bu nəticə etibarilə, uşaqlardan birinin sadəcə digərinin “kölgəsi“ndə qalmaq riskini artırır, onun şəxsiyyət kimi təsdiqini natamam edir”.

“Hər uşaq bir incidir”

“Hər Uşaq Bir-İncidir” - ReportajMəktəbəqədər təhsil həyatın təməlidir. Bu dövrdə öyrənmə sürəti çox yüksəkdir. Hər yaş qrupunun ümumi inkişaf xüsusiyyətləri o yaş qrupundakı bütün uşaqlar üçün ortaqdır; ancaq hər uşağın özünəməxsus xüsusiyyətlərinin olduğu da unudulmamalıdır. Ətraf, uşağın inkişafına və öyrənmə motivasiyasına dərindən təsir edir. Uşağın nə qədər kəşf edə bilməsi, nələr öyrənməsi və hansı sürətlə öyrənməsi uşağın ətrafının nə qədər dəstəkləyici olması və ona nə kimi imkanlar yaradılması ilə düz mütənasibdir.

Uşağın sağlam bir beyin inkişafına sahib ola bilməsi üçün məktəbəqədər dövr boyunca sağlam qidalanması, məlumatlı bir mühit içərisində olması və uşağa yeni öyrənmə imkanlarının təqdim edilməsi lazımdır.

Uşaq bağçasında fəaliyyət uşaqlar üçün düzgün mühit yaradılması əsasında qurulmuşdur. Bağça standartlara uyğun olaraq işıqlı, havalandırma sistemli, sanitar-gigiyenik tələblərə uyğun tədris, yataq və  oyun otaqları ilə təchiz olunub. Müəllim faktoru məktəbəqədər təhsilin və uşağın inkişafına təsir edən ən əsas faktorlardan biridir. Bağçada çalışan müəllimlər də ali təhsilli və təcrübəli mütəxəsislərdir.

Uşaqlar yalnız sevgi və hörmət gördükləri, fikirlərinə önəm verilən və özlərini etibarda hiss etdikləri dəstəkləyici mühitlərdə kəşf edə və öyrənə bilirlər. Bu dəstəkləyici mühitin ən əhəmiyyətli komponenti isə müəllim ilə uşaq arasında qurulan ardıcıl və etibarlı əlaqədir. Müəllim, hər uşağın fərqli inkişaf və fərdi xüsusiyyətləri olduğunu və fərqli bacarıqlara sahib olduğunu daim ağılında tutmalıdır. O, uşağın var olan bacarıqlarını inkişaf etdirməli və yeni bacarıqlar qazanmasına dəstək olmalı, uşağa yaxşı bir nümunə olmalıdır.

Uşaq bağçasında tədris proqramı Hovard Gardnerin “Çoxlu Zəka” (Multiple Intelligences) nəzəriyyəsi əsasında Azərbaycan Respublikası Məktəbəqədər Tədris Proqramı istifadə edilərək hazırlanıb. Bu proqram, uşaqların zəngin öyrənmə təcrübələri vasitəsilə sağlam böyümələrini; motor, sosial və emosional, dil, nitq inkişafı,  məntiq, riyaziyyat, şəxsiyyət formalaşması, musiqi-ritm kimi sahələrdə inkişaflarının ən üst səviyyəyə çatmasını, özünə qulluq bacarıqlarını qazanmaları nəzərdə tutur.

Uşaq bağçasının digər bağçalardan fərqi ondan ibarətdir ki: Bağçanın kollektivi uşağın ehtiyaclarına və fərdi fərqliliklərinə uyğun olmağa çalışır. Onlar, uşağın motor, sosial, emosional, dil və idrak inkişafını dəstəkləyirik, özünə qulluq bacarıqlarını qazandırırıq və onu  məktəbə hazırlayır. Uşaqların ehtiyaclarını qarşılamaq məqsədilə təhsil anlayışına uyğun öyrənmə mühiti hazırlanır.Tədbirlər təşkil edərkən isə uşaqların maraq və ehtiyaclarını nəzərə alınır. Uşaq bağçası, təhsil müddətində uşağın nitqinin doğru və gözəl olmasına əhəmiyyət verir və bu səbəblə əlavə loqoped xidməti cəlb edir. Uşaqlarda sevgi, hörmət,  məsuliyyət, yardımlaşma, həmrəylik və paylaşma kimi duyğu və davranışları inkişaf etdirir.

Uşağa özünə hörmət və güvən hissi aşılanır, bütün tədbirləri isə oyun əsaslı təşkil edilir. Eyni zamanda uşaqların inkişafı və məktəbəqədər təhsili proqramını nizamlı olaraq qiymətləndirilir, qiymətləndirmə nəticələrini uşaqların, müəllimlərin və tədris proqramının təkmilləşdirilməsi məqsədilə istifadə edilir. Və ən önəmli məsələ isə uşaq bağçası Uşaqları Sevdiyi üçün Bu işi görür.

Bağçanın gələcək planlarının təməlində doğruluğuna əmin olduğu bu yanaşmanın, tədris metodikasının, inkişaf modelinin davamlılığına çalışmaq, komandanın gücləndirilməsi və təkmilləşdirilməsi, bağçanın maddi-texniki imkanlarının daha da artırılması, dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsidir.