Yay aylarında temperaturun artması ilə yanaşı baş verəcək problemlərdən xilas olmaq üçün uşaqların düzgün və sağlam qidalanmasını təmin etməliyik.
Uşaqlar yemək vərdişlərini valideynlərindən örnək aldıqlarından valideynlərin də masa arxasında yedikləri qidalara diqqət yetirmələri, sağlam qidalara üstünlük vermələri olduqca vacibdir.
İlk növbədə uşağınızın yemək yeməsində çox israr etməyin. Çünki isti hava onların iştahasını istər-istəməz azaldır. Mümkün qədər zeytun yağı və yüngül tərəvəz yeməklərinə üstünlük verin, qızardılmış yeməklər bişirməyin.
- Yay fəsli ailə ilə birgə açıq havada vaxt keçirib, xoş xatirələrlə zəngin olan bir zamandır. Övladlarınızla birgə piknik edərək, əyləncəli süfrə aça bilərsiniz. Bu yolla siz həm də uşaqların sevəcəyi yay qidalarını hazırlamaq imkanınız olacaq. Mövsümi qidalardan sayılan dondurma, meyvə səbəti buna misal ola bilər.
- Uşaqların qidalanmasında yetərli kalsiumun olması önəmlidir. Süd, pendir, yoqurt ən önəmli kalsium mənbələrindəndir. Amerikan Pediatr Akademiyasının hesabatına əsasən kalsium ehtiyacını qarşılamaq üçün təklif olunan bu siyahıda dondurma da yer alır. Yay aylarında uşaqları kalsiumla təmin etmək üçün evdə təbii üsulla dondurmalar hazırlamaq balacalar üçün əyləncəli ola bilər. Misal olaraq giləmeyvə və ya meyvələri əzib südlə qarışdırın, tərkibinə bal, müxtəlif çərəzlər də əlavə edə bilərsiniz. Daha sonra əldə etdiyiniz məhlulu şirniyyat qəliblərinə dolduraraq soyuducuya qoyun. Beləliklə, övladınız üçün südlü, vitaminli, meyvəli ləziz dondurma hazırlamış olursunuz.
- Süfrəyə qoyduğunuz sağlam qidaların, meyvə və tərəvəzlərin sağlamlığa faydalı olduğunu övladlarınıza başa salın, onunla səmimi ünsiyyət qurmaq və əyləncəli söhbət etmək sizə olan inamını daha da artıracaqdır.
- Meyvələr uşaqların pəhrizində və sağlam qidalanmasında vacib rol oynayır. Hər bir meyvə müxtəlif vitamin və minerallardan ibarətdir. Bundan əlavə, alma, albalı, ərik, şaftalı, banan, qarpız və s. kimi meyvələrdə olan vitaminlər immun sitemini gücləndirdiyi üçün uşaqlara verilməsi xüsusi tövsiyə olunur.
- Qızmar yay günlərində uşaqların qida rasionundan şəkərli və qazlı içkilər yer almamalıdır. Ev şəraitində hazırlanmış təbii kompot, ayran və ya dovğa içmək daha məqsədə uyğundur.
- Ev şəraitində uşaqlarınızla birgə kalorisi və şirini az olan müxtəlif heyvan fiqurlu qurabiyələr hazırlaya bilərsiniz. Hətta övladınızın sevmədiyi meyvələri onunla birgə əylənərək reseptə əlavə edə bilərsiniz.
- Unutmayın ki, mövsümi qidalar istehlak etmək həm sizin həm də övladınızın sağlamlığı üçün vacibdir.