“Uşaqlar dünyanı fantaziya və oyun vasitəsilə mənimsəyir” – Arzu Rzayeva

Təxəyyül və təsəvvür zehni prosesdir, təfəkkür və yaddaşla ayrılmaz şəkildə bağlıdır. Bu, insanın təcrübə əsasında yeni obrazlar təqdim etmək bacarığıdır. Təxəyyülün inkişafı beyni aktivləşdirir, məntiqi bilikləri artırır. Buna görə də uşaqları bu prosesdə stimullaşdırmaq vacibdir.

Mövzu haqqında ətraflı məlumat üçün “Bağçam” şəbəkəsinin uşaq inkişafı üzrə koordinatoru Arzu Rzayevanın fikirlərini öyrəndik.

Arzu xanım bildirir ki, uşaqlarda təxəyyül təlim və tərbiyənin həlledici təsirləri altında inkişaf edir. Təxəyyülün inkişafı üçün müvafiq təcrübə toplamaq, ətrafdakı reallıq haqqında fikirləri genişləndirmək lazımdır:

Bu təcrübələri uşaqlar şəxsi müşahidələri, ətrafdakı obyekt və hadisələr haqqındakı bilikləri, həmçinin yaradıcılıq təcrübələrini ötürən böyüklər vasitəsilə əldə edirlər. Məktəbəqədər yaş dövründə uşaqların təcrübələri genişlənir, maraqları inkişaf edir və etdikləri fəaliyyətlər mürəkkəbləşir. Beləliklə, onların təxəyyülü daha da inkişaf edir. Emosional inkişafa da öz təsirini göstərən təxəyyül, şəxsin emosional tonunu artırır, əhval-ruhiyyəsini yaxşılaşdırır. Uğurlu pedaqoji fəaliyyət üçün təxəyyülün bu funksiyası da böyük əhəmiyyət kəsb edir”.

Təxəyyülün inkişafı üçün edilməli olan faəliyyətləri qeyd edən Arzu xanım, uşaqlarda bədii tərbiyənin bu istiqamətdə mühüm rol oynayıdığını söyləyir:

“Təsəvvür etmək üçün uşaqlar hər hansı fəaliyyət yerinə yetirməlidir. Bura oynamaq, rəsm çəkmək, quruculuq işi aparmaq və ya ən sadəsi kommunikasiya aid edilə bilər. Uşaqların təxəyyülü onun məhsuldarlığına uyğun nəzərə alınmalıdır. Yəni, yalnız sərbəst fantaziya prosesi kimi deyil, uşağın özü tərəfindən hansısa məhsul yaratmağa yönəlmiş xüsusi fəaliyyət forması  rəsm, nağıl, oyunun süjeti və s. ola bilər.

Bədii yaradıcılığa meylliyi olan, emosional və həssas uşaqlara daha çox oyun və rəsm lazımdır. Rasional, analitik, mücərrəd təfəkkürə meylli uşaqlarda isə intellektual və rasional fəaliyyətlərin, şahmatın payı artır. Nağılları və bədii hekayələri dinləmək, tamaşalarda iştirak etmək, onun üçün əlçatan olan rəsm və heykəltəraşlıq əsərlərinə baxmaqla uşaq təsvir olunan hadisələri təsəvvür etməyi öyrənir, təxəyyülü inkişaf edir.

xəyyülün inkişafı əsasən aktiv fəaliyyətlərlə bağlı olduğu üçün telefon, texnologiyalardan istifadə, təxəyyülün inkişafına heç bir təsiri olmur ”.

Arzu xanım digər önəmli məqama da toxunur. O söyləyir ki, təxəyyül öz-özünə inkişaf etmir, müəyyən şərtləri və hər şeydən əvvəl düzgün tərbiyə işinin təşkilini tələb edir. Düzgün pedaqoji rəhbərlik olmadıqda, təxəyyülün inkişafı ləngiyir və ya arzuolunmaz istiqamətə getməyə başlayır. Böyüklərin vəzifəsi də uşaqların hər cür qabiliyyətini inkişaf etdirməkdir:

“Uşaqların təxəyyülünü inkişafına dəstək olarkən onun həyatla bağlı olmasını, reallığımızın yaradıcı əksi olmasını təmin etmək lazımdır.

Uşağın yaradıcılıq fəaliyyətinin stimullaşdırılması üçün böyüklərə tövsiyələrim belədir:

-Uşağınıza yaradıcılıqda maksimum müstəqillik verin. Ona birbaşa göstəriş verməyin, müstəqil hərəkət etməsinə kömək edin.

– Uşağınıza xoş niyyət göstərin, onu tənqid etməyin.

-Uşaqların təşəbbüslərinə əhəmiyyət verin və onların özbaşına edə biləcəklərini onların əvəzinə etməyin, yalnız bir az kömək ola bilərsiniz.

-Yaradıcı problemlərin həllində şəxsi nümunə göstərin və uşaqları yaradıcılıqla problemləri həll etməyə təşviq edin. Müxtəlif variantları sınayın.

-Uşaqlara fəal şəkildə sual soruşmaq imkanı verin”.

Sonda mütəxəssis təxəyyülün məktəbəqədər uşaqların intellektual inkişafına təsirini də vurğulayır:

“Təsəvvür məktəbəqədər uşağın intellektual inkişafına birbaşa təsir göstərir. İntellektual inkişaf məktəbəqədər uşaqlarda müəyyən bilik səviyyəsinin, elementar idrak bacarıqlarının məsələn, müqayisə və ümumiləşdirmə qabiliyyəti və idrak motivlərinin, maraqlarının inkişafına yönəldilib. Sonrakı yaş dövrlərinə nisbətən daha yüksək intellektual inkişaf templəri müşahidə olunur. Təxəyyül  qavrayış prosesi ilə qarşılıqlı əlaqədədir, qavrayışa daxil olur, dərk edilir.

Təsəvvür sayəsində məktəbəqədər uşağın idrak qabiliyyətləri əhəmiyyətli dərəcədə genişlənir. Təxəyyülün köməyi ilə uşaqlar insan hərəkətlərinin sxemlərini və mənalarını yaradıcı şəkildə mənimsəyə, hər hansı bir hadisə və ya hadisənin vahid obrazını qura bilərlər. Təsəvvür zehni konsentrasiyanı təşviq edir, diqqətin intensivliyini artırır”.

Unutmayaq ki, hər bir uşağın özünəməxsus xüsusiyyətləri var. Valideynlərin vəzifəsi bu qabiliyyət və meylləri görərək inkişaf etdirməkdir. Bu prosesdə böyüklər uşağa kömək etməli, yaradıcı fəaliyyətini dəstəkləməlidirlər.