“Texnologiyanın ümidinə uşaq buraxmaq olmaz”

 

rasif-d

“Sağlam uşaq böyütmək və tərbiyyə etmək istəyiriksə, mütləq onlara vaxt ayırmalıyıq. Telefonun, texnologiyanın ümidinə  uşaq buraxmaq olmaz”

Bu sözləri bagcam.az-a uşaqların texnologiyaya marağı barədə müsahibə verən EDU.co şirkətinin direktoru Rasif Dünyamalıyev deyib:

“Biz də uşaq olmuşuq, baxdığımız televizor olub. Yarım saat ona baxa bilirdik, qalan vaxtı isə həyətdə keçirirdik. Həyətdə də müxtəlif oyunlar vardı və hər bir uşaq bu oyunları bilirdi, bilməyən uşaqlara isə bilənlər öyrədirdilər. Hazırda da həmin oyunlar var və demək olar ki, hər bir valideyn bu oyunları bilir. Həmin oyunları öz uşaqlarına öyrətməlidirlər və uşaqları ilə oyunları oynamalıdılar. Telefon asandır, valideynlər asana qaçırlar. Amma uşağa nəsə öyrətmək istəyiriksə, uşaqla bir yerdə oynamalıyıq. Uşaqları sosiallaşdırmaq lazımdır. Texniki vasitələr uşaqları sosiallaşmadan qoparır. Sağlam uşaq böyütmək və tərbiyyə etmək istəyiriksə, mütləq onlara vaxt ayırmalıyıq. Telefonun, texnologiyanın ümidinə  uşaq buraxmaq olmaz. Skandinaviya ölkələrində,  Amerikada bunun nümunələrini görürük ki, individuallaşmış cəmiyyətdə artıq problemlər yaşanır. İndivuduallaşmış cəmiyyətlər çalışır ki, artıq daha çox sosiallaşsın. Bunun üçün qrup terapiyaları təşkil edir, kilsələrin rolunu artırır, həftə sonu pikniklər təşkil edir və sair ki, insanlar bir araya gəlsinlər. Biz isə bu gün çalışırıq ki, daha çox individual olaq. Bunun mənfi tərəfləri müsbət tərəflərindən daha  çoxdur”.